Məhkəmə qərarları › İş №2-1(112)-4776/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4776/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4776/2025 15.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndələri X3 və X5 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı “hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı ilə bağlı təsdiqedici sənədin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının 14 oktyabr 2024-cü il və 15 noyabr 2024-cü il tarixli ərizələri üzrə X4 almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnolojı avadanlıqların və qurğuların idxalı ilə bağlı təsdiqedici sənədin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının hüquqi şəxsi olmaqla, dövlət qeydiyyatına alınmış və kənd təsərrüfatı məhsullarının emalı və ixracı sahəsində fəaliyyət göstərməkdədir. Cavabdeh tərəfindən 29 sentyabr 2017-ci il tarixli İN\İTS-121\2017 nömrəli X4 verilmişdir. 24 iyun 2024-cü il tarixdə iddiaçı ilə Çin Xalq Respublikasının hüquqi şəxsi olan “XİAN MONO TEXNOLOGYCO.LTD” şirkəti arasında BAL-24-LD-AC001 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən Müqavilənin əlavəsində öz əksini tapmış avadanlıqların alqı-satqısı aparılmış və elə həmin tarixdə satıcı “XİAN MONO TEXNOLOGYCO.LTD” şirkəti tərəfindən ümumi dəyəri 211647,94 ABŞ dollar təşkil edən ödəniş tapşırığı verilmişdir. Malların dəyəri iddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Alqı-satqı müqaviləsinin əlavəsində müqavilənin predmetini təşkil edən avadanlıqlar Azərbaycan Respublikasına idxal olunmuş və müvafiq Gömrük Bəyannamələri ilə rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən 14 oktyabr 2024-cü il tarixdə X4 almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı ilə bağlı təsdiqedici sənədin alınmasına dair ərizə ilə cavabdehə müraciət olunmuşdur. Bu müraciətə qanunvericiliklə müəyyən olunmuş müddətdə cavabdeh tərəfindən cavab verilməmişdir. İddiaçı tərəfindən 15 noyabr 2024-cü il tarixdə X4 almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı ilə bağlı təsdiqedici sənədin alınmasına dair ərizə ilə yenidən cavabdehə müraciət olunmuşdur. Cavabdehin 20 noyabr 2024-cü il tarixli 3- 21/2- 10422/2024 nömrəli məktubu ilə ərizə təmin olunmamış, təsdiqedici sənədin verilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya verilmiş X4 üzrə tətbiq olunan güzəşt və azad olmaların qüvvədə olma müddəti bitmişdir. Həmin imtina qanunvericiliyin tələblərinə cavab vermir. Belə ki, ərizədə öz əksini tapmış avadanlıqlar cavabdeh tərəfindən 29 sentyabr 2017-ci il tarixli, İN/İTS-121/2017 nömrəli X1 müddəti ərzində sifariş olunmuş, lakin idxalı müəyyən səbəblərdən gecikmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı X1 alınması ilə bağlı xx.xx.2017-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Müraciətə qanunvericiliyin tələblərinə uyğun baxılaraq, iddiaçıya “Müxtəlif meyvə məhsullarının qurudulması və qablaşdırılması” adlı layihə üzrə xx.xx.2017-ci il tarixli, İN/İTS-121/2017 nömrəli X4 verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə texnika, texnoloji avadanlıq və qurğuların idxalı ilə bağlı təsdiqedici sənədin alınmasına dair cavabdehə ərizə ilə müraciət etmişdir. İşçi qaydada ərizəçi ilə əlaqə saxlanılaraq, qanunvericiliyin tələbləri izah edilmiş və ona X4 üzrə güzəşt müddətinin xx.xx.2024-cü il tarixdə bitdiyinə dair məlumat təqdim olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsi ilə xx.xx.2024-cü il tarixli müraciətin icrasının dayandırılmasını xahiş etmişdir. Ərizəyə əsasən sənədin icrası xx.xx.2024-cü il tarixdə dayandırılmışdır. Növbəti dəfə iddiaçı texnika, texnoloji avadanlıq və qurğuların idxalı ilə bağlı təsdiqedici sənədin alınmasına dair cavabdehə xx.xx.2024-cü il tarixli ərizə yenidən müraciət etmiş və müraciət xx.xx.2024-cü il tarixli məktubla cavablandırılmışdır. İddia ərizəsinə əlavə edilmiş gömrük bəyannamələrindən aydın olur ki, iddiaçı tərəfindən Çin Xalq Respublikasından texnika və texnoloji avadanlıqlar xx.xx.2024-cü il tarixdə idxal edilmişdir. Göründüyü kimi İddiaçı MMC tərəfindən malların idxalı faktı X4 üzrə müəyyən edilmiş güzəşt müddəti (xx.xx.2024-cü il) bitdikdən sonra baş verdiyindən müəssisəyə təsdiqedici sənədin verilməsi qanunvericiliklə mümkün deyil. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdilər. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 20 noyabr 2024-cü il tarixli 3- 21/2-10422/2024 nömrəli məktubunda göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi tərəfindən "Balxurma” MMC-yə “Müxtəlif meyvə məhsullarının qurudulması və qablaşdırılması” adlı layihə üzrə xx.xx.2017-ci il tarixli, lN/İTS-121/2017 nömrəli X4 verilmişdir. X4 Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq investisiya fəaliyyətini həyata keçirən hüquqi şəxsləri və fərdi sahibkarları 7 il müddətinə əldə olunan mənfəət və ya gəlirin 50 faizindən, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən və gömrük rüsumundan, investisiya vəsaiti hesabına əldə edilmiş (alınmış, gətirilmiş, istehsal edilmiş, tikilmiş və ya quraşdırılmış) əmlaka görə əmlak vergisindən, mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə torpaq vergisindən azad edir. Qanunvericiliyin tələblərinə əsasən X4ni almış hüquqi şəxslərə və fərdi sahibkarlara verilən vergi və gömrük güzəştləri X1 alındığı tarixdən 7 il müddətinə tətbiq edilir. “Balxurma" MMC-yə verilmiş X4 üzrə tətbiq olunan güzəşt və azadolmaların qüvvədə olma müddəti bitmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən iddiaçıya verilmiş 29 sentyabr 2017-ci il tarixli, İN/İTS-121/2017 saylı X2 göstərilmişdir ki, bu sənəd “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanına uyğun olaraq verilir və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.23-cü, 106.1.17-ci, 164.1.26-cı, 199.11-ci və 207.5-ci maddələrində (Vergi Məcəlləsinin 67-2-ci maddəsi nəzərə alınmaqla) və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.17-ci maddəsində müəyyən edilmiş güzəştləri əldə etməyə hüquq verir. xx.xx.2024-cü il tarixli, **********9462 nömrəli, xx.xx.2024-cü il tarixli, **********9441 nömrəli gömrük bəyannamələrinin surətindən görünür ki, iddiaçı tərəfindən həmin tarixlərdə “XİAN MONO TEXNOLOGYCO.LTD” şirkəti ilə bağlanmış müqaviləyə əsasən müxtəlif adda mallar üzrə ölkəyə gətirilmişdir. 24 iyun 2024-cü il tarixdə iddiaçı ilə Çin Xalq Respublikasının hüquqi şəxsi olan “XİAN MONO TEXNOLOGYCO.LTD” şirkəti arasında bağlanmış BAL-24-LD-AC001 nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin şirkət tərəfindən iddiaçıya müxtəlif adda məhsulların satılması barədə razılaşma əldə edilmişdir. İddiaçı tərəfindən iş materiallarına 24 iyun 2024-cü il tarixdə iddiaçı ilə Çin Xalq Respublikasının hüquqi şəxsi olan XİAN MONO TEXNOLOGYCO.LTD” şirkəti arasında bağlanmış müqaviləyə əsasən malların satılması, göndərilməsi və dəyərini təsdiq edən kommersiya fakturaları, ixracatçının bəyannamələri və digər sənədlər əlavə edilmişdir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı ilə bağlı təsdiqedici sənədin verilməsini xahiş edir. İddia tələbi mahiyyətcə öhdəliyin icrası ilə bağlıdır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Bu səbəbdən məhkəmə iddianı mümkün hesab etmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanı ilə təstiq edilmiş “X1 verilməsi Qaydası”na əsasən bu Qayda “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən hüquqi şəxslərə və fərdi sahibkarlara (bundan sonra – sahibkar) X1 verilməsi qaydasını müəyyən edir (1.). X4 bu Qaydanın 3-cü və ya 3-1-ci hissələrində göstərilən meyarlara cavab verən investisiya layihələrini təqdim etmiş sahibkarlara verilir. X4 Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. X1 verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur (2.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “X4ni almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”na əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.26-cı maddəsinə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.17-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və X4ni almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin (bundan sonra – təsdiqedici sənəd) verilməsi qaydasını müəyyən edir (1.1.). Təsdiqedici sənəd Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X1 verilməsi Qaydası”na uyğun olaraq X4ni almış hüquqi şəxslərə və fərdi sahibkarlara (bundan sonra – sahibkar) verilir (1.2.). Təsdiqedici sənəd sahibkara Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.26-cı maddəsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.17-ci maddəsində nəzərdə tutulan güzəştlərdən istifadə hüququ verir (1.4.). Təsdiqedici sənədi almaq üçün sahibkar “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (bundan sonra – Nazirlik) ərizə ilə müraciət edir (2.1.). Nazirlik təqdim olunmuş ərizəyə (ona əlavə edilmiş sənədlərlə birlikdə), onun qeydiyyata alındığı tarixdən ən geci 7 iş günü müddətində baxır və bu Qaydanın 2.6-cı bəndinin tələblərinə uyğun olduqda, təsdiqedici sənədi tərtib edərək sahibkara verir. Nazirlik verdiyi təsdiqedici sənəd barədə məlumatı 3 iş günü müddətində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə verir (2.3.). Təsdiqedici sənədin verilməsi barədə ərizəyə baxılarkən idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların bilavasitə istehsalın, işin və xidmətin təşkili ilə bağlı olması və X4ni almaq üçün təqdim edilən investisiya layihəsinə (biznes plana) uyğunluğu araşdırılır (2.6.). “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində göstərilən hallarla yanaşı, təsdiqedici sənəd aşağıdakı hallarda da ləğv olunur: 3.1.1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X1 verilməsi Qaydası”nın 9-cu hissəsinə uyğun olaraq X4 ləğv edildikdə; 3.1.2. təsdiqedici sənəd əsasında idxal olunmuş texnikanın, texnoloji avadanlıqların və qurğuların sahibkar tərəfindən təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edilməsi, investisiya layihəsinin həyata keçiriləcəyi ərazidən kənarlaşdırılması və ya üçüncü şəxsə verilməsi (müəssisənin və ya təsərrüfat obyektinin verilməsi halları istisna olmaqla) haqqında Nazirlik əsaslı məlumat əldə etdikdə və bu pozuntuların aradan qaldırılması mümkün olmadıqda (3.1.). İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya “Müxtəlif meyvə məhsullarının qurudulması və qablaşdırılması” adlı layihə üzrə xx.xx.2017-ci il tarixli, lN/İTS-121/2017 nömrəli X4 verilmişdir. İddiaçı Çin Xalq Respublikasının hüquqi şəxsi olan “XİAN MONO TEXNOLOGYCO.LTD” şirkəti ilə bağlanmış 24 iyun 2024-cü il tarixli müqaviləyə əsasən həmin layihə çərçivəsində məhsulları ölkəyə idxal etmişdir. İddiaçı həmin məhsullarla bağlı “X4ni almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tələbin təminindən imtina etmişdir. İmtinanın əsası ondan ibarət olmuşdur ki, iddiaçı həmin müqavilə üzrə idxal etdiyi məhsulları ölkəyə xx.xx.2024-cü ildə, yəni X4 üzrə güzəştlərin tətbiq edilmə müddəti ötdükdən sonra gətirmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra – Vergi Məcəlləsi) göstərilmişdir ki, X4 - investisiya fəaliyyətini həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq verilən, bu Məcəllənin 102.1.23-cü, 106.1.17-ci, 164.1.26-cı, 199.11-ci və 207.5-ci maddələrində (bu Məcəllənin 67-2-ci maddəsi nəzərə alınmaqla) və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş güzəştlərin əldə edilməsinə əsas verən sənəddir (13.2.58.). X4ni almış şəxs təsərrüfat və digər vergitutma obyektlərini bu Məcəllə ilə müəyyən edilmiş güzəşt müddəti bitənədək təqdim etdikdə, mövcud investisiya layihəsinə uyğun olaraq mal (iş, xidmət) istehsalına başlamağı və ya davam etdirməyi öhdəsinə götürən təsərrüfat və digər vergitutma obyektlərini əldə edən yeni şəxsə vergi güzəştləri həmin müddətin qalan hissəsi ərzində verilir (67-2.1.). X4ni almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı – X1 alındığı tarixdən 7 il müddətinə əlavə dəyər vergisindən azaddır (164.1.26.). Qanunun qeyd edilən müddəalarından görünür ki, X4ni almış hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin sənədin alındığı tarixdən 7 il müddətində idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən (bundan sonra - ƏDV) azaddırlar. İddiaçının əsas dəlili ondan ibarət olmuşdur ki, ona verilmiş X4 xx.xx.2017-ci ildə verilsə də, o Çin Xalq Respublikasının hüquqi şəxsi olan “XİAN MONO TEXNOLOGYCO.LTD” şirkəti ilə malların idxalı ilə bağlı müqaviləni 24 iyun 2024-cü il tarixində, yəni sənəd üzrə güzəşt müddəti bitmədən bağlamışdır. Bu səbəbdən X4 üzrə güzəştlər həmin mallara da şamil edilməlidir. Öncə qeyd edilməlidir ki, qanunvericilikdə X1 verilməsi üçün müddət müəyyən edilməmişdir. Sadəcə həmin sənəd üzrə güzəştlərdən yararlanmaq üçün qanunvericilikdə müddətlər müəyyən edilmişdir. Həmin müddət isə texnika, texnoloji avadanlıqlar və qurğulara görə sənədin alındığı vaxtdan 7 il müəyyən edilmişdir. Eyni zamanda qanunda X4 üzrə təsdiqedici sənədin verilməsi, bundan imtina edilməsi və təsdiqedici sənədin ləğv edilməsi üçün şərtlər müəyyən edilmişdir. Həmin şərtlər arasında isə X4 üzrə güzəşt müddətinin bitməsi göstərilməmişdir. Məhkəmə hesab edir ki, həmin müddət ƏDV-dən azad edilməklə bağlıdır və müddətin bitməsi təsdiqedici sənədin verilməsi üçün əsas deyildir. Həmçinin Vergi Məcəlləsinin 13.2.31-ci maddəsinə əsasən malların idxalı - gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsidir. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunda nəzərdə tutulmuş “malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi” ifadəsinə mülki qanunvericiliyin müddəalarına uyğun qiymət verilməlidir. Belə ki, mülki qanunvericilikdə alqı-satqı müqaviləsinin bir növü kimi göndərmə müqaviləsi təsbit edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda (570.1.). Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür (627.1.). Mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir (630.1.). Mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır (631.1.). Alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur (634.1.). Məhkəmə qeyd edir ki, iddiaçı ilə Çin Xalq Respublikasının hüquqi şəxsi olan “XİAN MONO TEXNOLOGYCO.LTD” şirkəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əslində alqı-satqının bir növü olan göndərmə müqaviləsidir. Belə ki, həmin müqaviləyə kommersiya fakturalarında malların yükləmə yeri Çinin Xian limanı, boşalta limanı isə Bakı göstərilmişdir. Yəni, alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin iradə ifadəsi həmin malların Azərbaycan Respublikasına gətirilməsi olmuşdur. Bu səbəbdən həmin müqavilə üzrə mallar idxal malları hesab edilməlidir. 24 iyun 2024-cü il tarixli müqavilə üzrə alınmış malların ölkə ərazisinə gətirilmə dövründən asılı olmayaraq həmin malların idxal edilməsi üçün müqavilə tərəflərinin iradəsi məhz xx.xx.2024-cü ildə ifadə olunduğu üçün, sonradan mal göndərən tərəfindən malların göndərilməsinin gecikdirilməsi və bunun kimi digər obyektiv səbəblərdən malların ölkəyə gec daxil olması onlara X4 üzrə güzəştlərin tətbiqindən imtina üçün əsas ola bilməz. Yəni, iddiaçıya verilmiş X4 üzrə güzəştlərin qüvvədə olduğu dövrdə (xx.xx.2017-xx.xx.2024) həmin malların ölkəyə idxalı müqavilə tərəfləri arasında razılaşdırılmışdı. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddiaçının 14 oktyabr və 15 noyabr 2024-cü il tarixli ərizələri üzrə X4 almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnolojı avadanlıqların və qurğuların idxalı ilə bağlı təsdiqedici sənədin verilməsi öhdəliyi cavabehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı MMC-nin 14 oktyabr 2024-cü il və 15 noyabr 2024-cü il tarixli ərizələri üzrə X4 almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnolojı avadanlıqların və qurğuların idxalı ilə bağlı təsdiqedici sənədin İddiaçı MMC-yə verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar