Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4777/2022 19.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Elmi-İstehsalat Müəssisəsi) “mənzilin qeydiyyatının ləğv edilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “04 dekabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa dair qeyd və texniki pasportun Bakı şəhəri, Binəqədi rayonu, X5 qəsəbəsi, Mirmahmud Kazımovski küçəsi, bina 54-56, blok “A” ünvanında yerləşən 84 saylı mənzilə nisbətdə ləğv edilməsi və mənzilin iddiaçının mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydin aparılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, X5 qəsəbəsi, Mirmahmud Kazımovski küçəsi, bina 54-56, blok “A” ünvanında yerləşən 84 saylı mənzildə ailə üzvləri ilə birgə yaşayır. Həmin mənzili 02 dekabr 2013-cü il tarixdə “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanmış GZEİM-A-84/2013 saylı müqavilə ilə əldə etmişdir. Həmin müqavilənin “müqavilənin predmeti” adlanan birinci bölməsindən göründüyü kimi, “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona verilmiş 10 iyul 2013-cü il tarixli etibarnamə əsasında "xxxx" Elmi-İstehsalat Müəssisəsi tərəfindən tikilən müvafiq mənzili ona satmışdır. 06 may 2021-ci il tarixdə "xxxx" Elmi- İstehsalat Müəssisəsi onun və ailə üzlərinin Bakı şəhəri, Binəqədi rayonu, X5 qəsəbəsi, Mirmahmud Kazımovski küçəsi, bina 54-56, blok “A” ünvanında yerləşən 84 saylı mənzildən köçürülməsi və mənzilin boşaldılması tələbi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. 20 avqust 2021-ci il tarixdə "xxxx" Elmi-İstehsalat Müəssisəsi iddia həcminin artırılmasına dair ərizə verərək ilkin iddia tələbi ilə bərabər 02 dekabr 2013-cü il tarixdə “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə onun arasında bağlanmış GZEİM-A-84/2013 saylı müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddianın əsası kimi "xxxx" Elmi-İstehsalat Müəssisəsi Bakı şəhəri, Binəqədi rayonu, X5 qəsəbəsi, Mirmahmud Kazımovski küçəsi, bina 54-56 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına tam mülkiyyət hüququ əldə etməyə imkan verən 04 dekabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışı göstərmişdir. Sözügedən çıxarış qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, "xxxx" Elmi-İstehsalat Müəssisəsi qeyd olunan mənzilin “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq müqavilə ilə satılmasından xəbərsiz olduğunu bildirsə də, mübahisə predmeti olan binanın mənzillərinin yarısının “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən satılması, bununla bağlı "xxxx" Elmi- İstehsalat Müəssisəsi ilə “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında müqavilənin və müvafiq etibarnamənin mövcud olmasından bina sakinlərinin əksəriyyətinin məlumatı olmuşdur. Əks halda binaya ümumi nəzarəti həyata keçirən "xxxx" Elmi-İstehsalat Müəssisəsi 8 ildən artıq müddətdə həmin vətəndaşların mənzilləri təmir edib məskunlaşmasına, orada yaşamasına imkan verməzdi. Eyni zamanda, bu sakinlər, eləcə də özü mütəmadi olaraq kommunal ödənişlər etmiş və "xxxx" Elmi-İstehsalat Müəssisəsi həmin mənzildə yaşamalarına dair arayışlar əldə edərək müvafiq orqanlara təqdim etmişdir. "xxxx" Elmi-İstehsalat Müəssisəsi mənzillərin “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən satılmasından xəbərdar olmuş və hərəkətsizlik nümayiş etdirməklə razılığını bildirmişdir. "xxxx" Elmi-İstehsalat Müəssisəsi ona 2013-cü ildə mübahisə predmeti olan mənzilin satılmasına dair müqavilədən xəbərdar olmuş və razılıq vermişdir, əks halda isə həmin vaxt etirazını bildirməklə həmin müqavilənin mövcudluğunu müəyyən edib mübahisələndirməli idi. Bu məsələnin həlli ilə əlaqədar cavabdehə müraciət ünvanlanmışdır. Cavabdeh tərəfindən **********91 saylı, 06 dekabr 2021ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, X5 qəsəbəsi, Mirmahmud Kazımovski küçəsi, bina 54-56, blok “A” ünvanında yerləşən 84 saylı mənzilə dair hüquqlar "xxxx" Elmi-İstehsalat Müəssisəsinin adına qeydiyyata alınmışdır. Həmin mənzilin onun tərəfindən əldə edilməsinə dair notarial qaydada təsdiq edilmiş müqavilə təqdim ediləcəyi təqdirdə qeyd olunan daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. "xxxx" Elmi-İstehsalat Müəssisəsi Bakı şəhəri, Binəqədi rayonu, X5 qəsəbəsi, Mirmahmud Kazımovski küçəsi, bina 54-56, blok “A” ünvanında yerləşən 84 saylı mənzilin 02 dekabr 2013-cü il tarixdə “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanmış GZEİM-A-84/2013 saylı müqavilə ilə ona satılmasına razılıq verməsinə və həmin müqavilədən məlumatlı olmasına baxmayaraq, bunu nəzərə almadan hüquqdan sui-istifadə etməklə alınmış 04 dekabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışla sözügedən çoxmərtəbəli yaşayış binasına tam mülkiyyət hüququ əldə etmiş və əldə olunmuş həmin çıxarışa əsaslanmaqla ona qarşı iddia irəli sürmüşdür. Qeyd olunan çıxarışa dair qeyd və texniki pasport ona 02 dekabr 2013-cü il tarixdə “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanmış GZEİM-A-84/2013 saylı müqavilə ilə satılmış müvafiq mənzilə nisbətdə ləğv edilməli və mənzilin onun mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd aparılmalıdır. Məhkəmənin 03 fevral 2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “04 dekabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa dair qeyd və texniki pasportun Bakı şəhəri, Binəqədi rayonu, X5 qəsəbəsi, Mirmahmud Kazımovski küçəsi, bina 54-56, blok “A” ünvanında yerləşən 48 saylı mənzilə nisbətdə ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilmişdir. Məhkəmənin 19 dekabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri, Binəqədi rayonu, X5 qəsəbəsi, Mirmahmud Kazımovski küçəsi, bina 54-56, blok “A” ünvanında yerləşən 84 saylı mənzilin qeydiyyatının ləğv edilməsi” kimi dəyişdirilmişdir. İddiaçı (sifarişçi) və üçüncü şəxs “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti (icraçı) arasında bağlanmış GZEİM-A-84/2013 saylı, 02 dekabr 2013-cü il tarixli müqavilə və ona əlavələrdən görünür ki, 19 mərtəbəli, 2 bloklu bina, “A” bloku, 18-ci mərtəbə, 84 saylı mənzildə yerləşməklə razılaşma qiyməti və ümumi dəyəri 73 500 manat, ümumi satış sahəsi 102.07 kv.m, 1 ədəd 2 otaqdan ibarət olan mənzil icraçının sifarişçi ilə razılaşdığı yerdir və ümumi məbləğdən 8 000 manat dəyəri ödənilmiş, 65 500 manat isə ödənilməmiş qalmışdır. Müqaviləyə əlavə edilmiş sifarişçinin öhdəliyi adlı 2 saylı əlavədən görünür ki, mənzilin ümumi dəyəri 73500 manat təşkil edir, iddiaçı 8000 manat ödəniş etmişdir, ödənilməmiş məbləğ 65500 manat təşkil etmişdir. Üçüncü şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (sifarişçi) və "xxxx" Elmi-İstehsalat Müəssisəsi (icraçı) arasında bağlanmış 16 fevral 2009-cu il tarixli “Birgə Fəaliyyət” müqaviləsi və ona 1 saylı əlavədən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 159 ünvanında "xxxx" Elmi-İstehsalat Müəssisəsi tərəfindən inşa edilmiş 13 223 kv.m sahəsi olan hündür mərtəbəli binanın dövlət məqsədləri ilə sökülməsi əvəzində "xxxx" Elmi-İstehsalat Müəssisəsinə məxsus, çoxmərtəbəli yaşayış binasının inşasına sərəncamı olan, Bakı şəhəri, Binəqədi rayonu, X5 qəsəbəsində, ATS-in qərbində yerləşən torpaq sahəsinin 1500 kv.m-də yenidən inşa olunan iki bloklu yaşayış binasının sahəsinin Müqavilənin 5.1-ci bəndinə əsasən bölündüyünü, bölgü nəticəsində detalları aşağıda göstərilmiş “A” blokunda 4820.64 kv.m yaşayış və 1556 kv.m qeyri-yaşayış, “B” blokunda isə 3649.52 kv.m yaşayış sahəsi olmaqla ümumilikdə 10 026.16 kv.m daşınmaz əmlak sahəsinə tərəfdaşın Müqavilənin 2.2-ci, 3.1-ci və 4.3-cü bəndlərinə əsasən özünün bütün öhdəliklərini yerinə yetirdikdən sonra mülkiyyət hüququ əldə etdiyini, binanın yerdə qalan sahələrinə isə "xxxx" Elmi-İstehsalat Müəssisəsinin mülkiyyət hüququnu qəbul və təsdiq etmişlər. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya dair yazılı etirazda bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan mənzil daşınmaz əmlakı dövlət reyestrində "xxxx" Elmi-İstehsalat Müəssisəsinin adına qeydiyyata alınmışdır. Bakı şəhəri, Binəqədi rayonu, X5 qəsəbəsi, Mirmahmud Kazımovski küçəsi, bina 54-56, blok “A” ünvanında yerləşən 84 saylı mənzilin iddiaçı tərəfindən əldə edilməsinə dair notarial qaydada təsdiq edilmiş müqavilə təqdim ediləcəyi təqdirdə qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********91 saylı, 06 dekabr 2021-ci il tarixli məktub ünvanlanmışdır. Bakı şəhəri, Binəqədi rayonu, X5 qəsəbəsi, Mirmahmud Kazımovski küçəsi, bina 54-56 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüququ hüquqmüəyyənedici sənədlər əsasında ********** qeydiyyat nömrəsi ilə, 04 dekabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, sözügedən ünvanda inşa edilmiş binada yerləşən 84 saylı mənzil (yeni qaydalarla: AZ 1114, Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi, 56, M18, m4) "xxxx" Elmi- İstehsalat Müəssisəsinin adına ********** qeydiyyat nömrəsi ilə 25 oktyabr 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda onun mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən bildirilmişdir ki, qeyd olunan mənzil daşınmaz əmlakın dövlət reyestrində "xxxx" Elmi-İstehsalat Müəssisəsinin adına qeydiyyata alınmışdır. Bakı şəhəri, Binəqədi rayonu, X5 qəsəbəsi, Mirmahmud Kazımovski küçəsi, bina 54-56, blok “A” ünvanında yerləşən 84 saylı mənzilin tərəfindən əldə edilməsinə dair notarial qaydada təsdiq edilmiş müqavilə təqdim ediləcəyi təqdirdə qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı tələb olunur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 04 dekabr 2018-ci il) Bakı şəhəri, Binəqədi rayonu, X5 qəsəbəsi, Mirmahmud Kazımovski küçəsi, 54-56 "xxxx" Elmi-İstehsalat Müəssisəsinin xüsusi mülkiyyətindədir. Məhkəmənin 03 fevral 2022-ci il tarixli qərardadı ilə “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Elmi-İstehsalat Müəssisəsi inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçı dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək etirazın məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. II. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 474VQ saylı, 30 dekabr 2016-cı il tarixli Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 saylı, 13 avqust 2020-ci il tarixli Qərardadı, 24-cü bənd). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. Hazırki iddia üçüncü şəxsə dair qeydin qismən ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu da öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi İdidaçı Bakı şəhəri, Binəqədi rayonu, X5 qəsəbəsi, Mirmahmud Kazımovski küçəsi, bina 54-56, blok “A” ünvanında yerləşən 84 saylı mənzilə mülkiyyət hüququnun yarandığını əsas gətirərək həmin mənzilə dair üçüncü şəxsin adına reseyetrdə olan qeydiyyatın ləğvini xahiş edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1 -ci maddəsinə əsasən mənzil- tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2013-cü il tarixli GZEİM-A-84/2013 saylı müqavilədə tərəflərin necə adlandırmasından asılı olmayaraq həmin müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Lakin əgər şəxs yeni inşa olunan çoxmənzilli yaşayış binasında mənzil yaxud qeyri-yaşayış sahəsi əldə etmək istəyirsə və bu arzusunu reallaşdırarkən hər hansı səbəbdən MTK ilə MMC-ni fərqləndirə bilmirsə, onun niyyəti kooperativ üzvü kimi hərəkət edərək, yaşayış (qeyri-yaşayış) sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etməkdirsə, bu halda onların bu niyyətinə üstünlük veriməli və yeni inşa edilən çoxmənzilli MMC binalarında yerləşən mənzillərə MTK yaşayış evlərində yerləşən mənzillər kimi yanaşılmalıdır (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). Belə olan halda aydın olur ki, iddiaçının xx.xx.2013-cü il tarixli GZEİM-A-84/2013 saylı müqaviləyə əsasən 84 saylı mənzilə hüququnun yaranması üçün ilk əvvəl onun həmin mənzilə dair pay haqqını tam ödəməsi zəruridir. Lakin işdən görünür ki, iddiaçı 73500 manat ödəniş etməyi öhdəsinə götürdüyü müqavilə üzrə cəmi 8000 manat ödəniş etmişdir. Bundan başqa, işdə olan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli sərəncamından görünür ki, "xxxx" Elmi-İstehsalat Müəssisəsinin xx.xx.2015-ci il tarixli, 13 saylı müraciəti nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 295 saylı sərəncamı ilə ünvan 3 ünvanda "Zaman” Elmi- İstehsalat Müəssisəsinə ayrılmış ərazidə körpü və yeraltı tunelin tikintisi ilə əlaqədar tikintisi nəzərdə tutulan yaşayış binası Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 295 saylı sərəncamına əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsi, 3123-cü məhəllədə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamı ilə həmin müəssisəyə ayrılmış torpaq sahəsində mövcud olan binaların (2 ədəd 1 qirişli) şərq hissəsində inşa olunaraq (1 ədəd 2 qirişli), onun həyətyani ərazisinin yaradılması, kommunal və mühəndisi qurğularının tikintisi məqsədilə əraziyə bitişik torpaq sahəsinin "Zaman” EİM-in icarə əsasında istifadəsinə verilməsi və torpaq sahəsinin ölçülərinin dəqiqləşdirilərək "0,8916 ha” müəyyən edilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli sərəncamına əsasən "xxxx" Elmi- İstehsalat Müəssisəsinin xx.xx.2015-ci il tarixli, 45 saylı müraciəti (BŞİH-nin xx.xx.2015-ci il tarixli, 7-4299/17 saylı qeydiyyatı) və sonradan iş qaydasında təqdim edilmiş tikinti sənədləri nəzərə alınaraq, Bakı şəhəri, ünvan 4 ünvanda "xxxx" Elmi-İstehsalat Müəssisəsinin sifarişi ilə, tikintisi qeydiyyatdan keçirilmədən və tikinti-quraşdırma işlərinin aparılmasına icazə sənədi alınmadan 2008-2011-ci illərdə inşa olunmuş və istismara qəbul edilmədən artıq məskunlaşdırılmış 19 (+mansarda) mərtəbəli 2 girişli yaşayış binasının (1- ci mərtəbəsi qeyriyaşayış sahəsi, zirzəmi mərtəbəsi yeraltı avtodayanacaq) müstəsna hal kimi mövcud vəziyyətdə istismarına icazə verilmiş və «Tikinti obyektinin istismarına icazənin vahid formasının» təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetipin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli qərarına uyğun qaydada müvafiq icazə sənədinin hazırlanması qərara alınmışdır. xx.xx.2015-ci il tarixli 0027 nömrəli tikinti obyektinin istismarına icazə sənədindən görünür ki, sifarişçi "xxxx" Elmi-İstehsalat Müəssisəsinin M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşayış binasının istismarına xx.xx.2015-ci il tarixdən icazə verilmişdir. İşdə olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2018-ci ildə "xxxx" X3 ünvan 5 ünvanında yerləşən 22821 kv.metr sahəsi olan çoxmərtəbəli yaşayış binasın dair mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. İddiaçı hazırda həmin əmlaka "Zaman” EİM-nin mülkiyyət hüququ barədə aparılmış reyestrdə qeydiyyatın 84 saylı mənzilə münasibətdə ləğv edilməsini xahiş edir, bu zaman həmin mənzilin ona məxsus olduğunu iddia edir. Lakin yuxarıda istinad olunanlardan görünür ki, iddiaçı həmin əmlakın dəyərini tam olaraq ödəməmiş, bununla da onun mənzilə mülkiyyət hüququ yaranmamışdır. Digər tərəfdən, xx.xx.2009-cu il tarixli birgə fəaliyyət müqaviləsində "A” blokunda 4820,64 kv.metr yaşayış və 1556 kv.metr qeyri-yaşayış, "B” blokunda isə 3649,52 kv. metr yaşayış sahəsi olmaqla, ümumilikdə 10026,16 kv.metr daşınmaz əmlak sahəsinə "Gilan İnşaat” MMCnin müqavilənin 2.2, 3.1 və 4.3-cü bəndlərinə əsasən özünün bütün öhdəliklərini tam yerinə yetirdikdən sonra "Gilan İnşaat” MMC-nin mülkiyyətini təşkil edəcəyi göstərilsə də, işdən müəyyən olunur ki, həmin əmlaka "Gilan İnşaat” MMC-nin deyil, "Zaman” EİM-in mülkiyyət hüququ qeydə alınmış, "Gilan İnşaat” MMC bu halı mübahisələndirməmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında "Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, "... Qanunun 10.2.1 -ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14- cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1 -ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən, ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50). Beləliklə məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilə hüququnun yaranmasını təsdiq edən sənədi təqdim edə bilmədiyindən, həmçinin mübahisəli mənzilin qeydiyyatının ləğvi üçün əsas olmadığından iddiaçının tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-4777/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4777/2022
19.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver