Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4778/2022 04.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankı və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiyanın hesablanması və ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankı və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona hesablanmış kompensasiyanın dəqiq hesablanması üçün Azərbaycan Respublikası Mərkəzi Bankı qarşısında öhdəlik qoyulması, Fərmana əsasən ona çatası 1497.47 manat kompensasiya məbləğinin Əmanətlərin Sığortalanması Fondundan alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 ərizə təqdim edərək işin ərazi aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etdi. Cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndələri vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə cavabdeh tərəfin iştirakı olmadan iddianın ərazi aidiyyəti məsələsini araşdırmağı mümkün hesab etmişdir Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə 9 iyul 2021-ci il tarixli 365-VİQD nömrəli Qanunla əlavə edilmiş və 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş redaksiyasına əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilmiş 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edir. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 noyabr 2019-cu il tarixli 1616 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Hazırkı iddia üzrə iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən ona hesablanmış kompensasiya məbləği ilə razılaşmır və Mərkəzi Bankın üzərinə kompensasiya məbləğinin düzgün hesablanması öhdəliyinin qoyulmasını mübahisələndirir. Öhdəliyin icrası haqqında iddia növü üzrə cavabdeh qismində qoyulmuş Mərkəzi Bankın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddiaya İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının yaşadığı yerin məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Beləliklə, sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin eyni vaxtda bir neçə yaşayış yerinə sahib olmasını mümkün hesab etsə də onun başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı bir yaşayış yeri üzrə qeydiyyata alınmasını zəruri sayır. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı isə onun şəxsiyyət vəsiqəsində öz əksini tapır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmənin ərazi aidiyyəti məsələsi iddiaçının şəxsiyyət vəsiqəsində göstərilmiş qeydiyyat ünvanı üzrə müəyyən edilməlidir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı yaşayış yeri olan Yevlax rayonu, Yevlax şəhəri, X4 küçəsi, 30 ünvanında qeydiyyatdadır. Məhkəmə onu da nəzərə alır ki, inzibati işə iddiaçının yaşayış yeri üzrə səlahiyyətli inzibati məhkəmədə baxılması həm İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinin tələbindən irəli gəlirsə, həm də iddiaçının bilavasitə məhkəməyə əlçatanlılığının təmin edilməsinə xidmət edir. “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Yevlax rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə hazırkı mübahisə üzrə müvafiq prosessual hərəkətlərin ərazi aidiyyəti üzrə göndərildiyi məhkəmədə edilməli olduğunu nəzərə alaraq hazırkı məhkəmə icraatında iddia ərizəsi üzrə formal xətaların aradan qaldırılmasına zərurət görmür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankı və ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiyanın hesablanması və ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-4778/2022 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4778/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4778/2022
04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver