Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4778/2024 20.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı “Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 65 saylı binanın yanında yerləşən qeyri-yaşayış binasına (qaraj) dair texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçının cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 65 saylı binanın yanında yerləşən qeyri-yaşayış binasına (qaraj) dair texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 65 saylı binanın yanında yerləşən qeyri-yaşayış binasını (qaraj) 31 mart 1998-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X1 12.000.000 (on iki milyon) köhnə manata almışdır. Alqısatqı müqaviləsi Bakı şəhəri 36 saylı dövlət notariat kontorunda bağlanmışdır. Rəna Quliyeva sözügedən qaraja Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti XDS-in qərarı ilə xx.xx.1988-ci il tarixdə 39/5-10 nömrə ilə təsdiq edilmiş prokol və Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 17 mart 1998-ci il tarixdə Qarajların texniki inventarlaşdırma və qiymətləndirilməsinə aid texniki pasport almış və həmin qaraj onun istifadəsində olmuşdur. Qarajın alqı-satqı müqaviləsi əsasında iddiaçı cavabdeh idarəyə adına yeni texniki pasport almaq üçün müraciət etmişdir (qeydiyyat nömrəsi **********). Cavabdeh ona xx.xx.2023-cü il tarixli, **********94 nömrəli imtina məktubu yazaraq qaraja dair yerləşmə cizgisinin təsdiq edilmədiyindən onun faktiki yerləşmə sahəyə aid olmasını müəyyən edilməməsini bildirilmişdir. İddiaçı hesab edir ki, cavabdeh idarənin imtinası qanunsuzdur və onun qeyri-yaşayış binası (qaraj) üzərində mülkiyyət hüquqlarının əldə edilməsinə maneə törədir. Cavabdeh xx.xx.2023-cü il tarixli **********94 nömrəli imtina məktubunda qeyd etmişdir ki, sözügedən qaraja dair yerləşmə cizgisi təqdim edilmədiyindən qarajın faktiki sahəyə aid omasını müəyyənəşdirmək mümkün olmamışdır. Cavabdeh iddia ərizəsinə xx.xx.2024-cü il tarixli etirazında bildirmişdir ki, qeyriyaşayış binasına (qaraj) dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci və ya 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Əlavə olaraq, İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş baxış zamanı məlum olmuşdur ki, sözügedən qeyri-yaşayış binasının (qarajın) sahəsi hüquqmüəyyənedici sənəd üzrə 23.8 kv.m qeyd olunsa da, faktiki sahəsi 18.6 kv.m-dir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh etirazında iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçı etiraza yazıı münasibət təqdim edərək bildirmişdir ki, 23 oktyabr 2023-cü il tarixində edilmiş müraciət əsasında idarənin mütəxəssisləri tərəfindən yalnız qeyri-yaşayış binası (qaraj) üzrə baxış keçirilmiş, qarajın ətraf sahəsi nəzərə alınmamışdır. Halbuki, mütəxəssislərə qaraja dair texniki pasportun mövcud olduğunu bildirərək təqdim edilməsi təklif edilsə də, onlar tərəfindən ehtiyac olmadığı bildirilmişdir. Sözügedən texniki pasportda həm qarajın yerləşdiyi torpaq sahəsinin ölçülərini, həm də ətrafındakı torpaq sahəsini müəyyən etmək olar. Eyni zamanda, idarənin etirazında istinad etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları müəyyən edir. Halbuki, iddia ərizəsində qaraja dair texniki pasportun verilməsi vəzifəsinin cavabdeh idarəyə həvalə edilməsi xahiş olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıdakı sənədlərə istinad edir: Cavabdehin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli **********21 nömrəli məktubunda bildirilmişdir ki, texniki pasportların qeydiyyat bazasına əsasən həmin qarajın qeydiyyatı mövcuddur, lakin sözügedən sənədlər arxivdə aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli 3-16-5/6-11-761/24 nömrəli məktubu ilə təqdim edilmiş Bakı şəhəri 36 saylı dövlət notariat ofisində xx.xx.1998-ci il tarixdə 3M-4-33 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işində olan sənədlərə əsasən: xx.xx.1998-ci il tarixdə X2 və İddiaçı arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən, R.Quliyeva Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti XDS-in qərarı ilə xx.xx.1988ci il tarixdə 39/5-10 nömrəsi ilə təsdiq edilmiş protokola və Bakı şəhəri Tİ və MHQİ-nin 17.03.98-ci il tarixdə tərtib etdiyi texniki pasporta əsasən ona məxsus olan, Bakı şəhəri M.Hadi küçəsindəki 65 nömrəli evin yanında yerləşən, sahəsi 23,8 kv.m olan daş qarajı İddiaçı satmışdır. Qaraja münasibətdə tərtib edilmiş Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən ünvan olaraq M.Hadi küçəsi 65 nömrəli evin yanı kvartal 2942 qeyd edilmişdir. Texniki pasport xx.xx.1998-ci il tarixdə tərtib edilmişdir. Reyestr nömrəsi 30/370, tarixi xx.xx.1998-ci ildir. Torpaq sahəsinin həqiqi ölçüsü 23,8 kv.m, tikinti altı sahə 23,8 kv.m göstərilmişdir. Cavabdeh məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli cavabında Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 2942-ci kvartal, 65 saylı evin yanında yerləşən qeyri-yaşayış sahəsinin texniki vəziyyətini əks etdirən müqayinə aktının təsdiq edilmiş surətini məhkəməyə göndərmişdir. Müayinə aktında göstərilmişdir ki, qaraj sahəsinə baxış keçirildi, yerləşməsinə və cizgisinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməyib, ərizəçinin faktiki vizual göstərişinə uyğun eskiz tərtib olunmuşdur. Hüquqmüəyyənedici sənəd üzrə sahə 23,8 kv.m, faktiki sahə 18,6 kv.m göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qeyd olunan 23,8 kv.m sahəsi olan qaraj notariat qaydada bağlanmış əqd əsasında alqı-satqı yolu ilə əldə edilmişdir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin qanunun 6-cı maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: ... 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi... Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Məhkəmə işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iddiaçı mübahisəli qeyri-yaşayış sahəsini notariat qaydada bağlanmış alğı-satıq yolu ilə əldə etmişdir. Onun cavabdehə müraciəti həmin əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı deyil, yeni texniki pasportun tərtib edilməsi ilə bağlı olmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tikiliyə münasibətdə mövcud texniki pasport köhnə mülkiyyətçinin adınadır, qaraja münasibətdə keçmiş mülkiyyətçi R.Quliyevanın adına texniki pasportun tərtib edilməsi ilə bağlı qeyd mövcuddur. Buna baxmayaraq cavabdeh iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir. Odur ki, iddia təmin edilməli Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 65 saylı binanın yanında yerləşən İddiaçı məxsus olan qeyri-yaşayış binasına (qaraj) dair texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Hazırkı mübahisəyə münasibətdə inzibati praktikanın dəyişdirilməsi iş üzrə materiallardan görünmür. Bu baxımdan cavabdeh iddiaçıya münasibətdə də inzibati praktikaya uyğun davranmağa və onun etimad hüququnun qanunla qorunduğunu nəzərə almağa borcludur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə və inzibati praktikaya zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 65 saylı binanın yanında yerləşən İddiaçı məxsus olan qeyri-yaşayış binasına (qaraj) dair texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X4.
Məhkəmə qərarları › İş №2-1(112)-4778/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4778/2024
20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver