Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-478/2022 09.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binalar arasındakı 360 kv.m torpaq sahəsindən iddiaçıya ayrılmış 200 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq, buna dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbavcan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, Əzizbəyov (indiki “Koroğlu”) metrostansiyasının çıxışında yerləşən qeyri-yaşayış (ticarət) obyektində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın icrası ilə əlaqədar 2007-ci ilin may ayında iddiaçıya məxsus olan həmin ticarət obyekti sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 20 fevral 2009-cu il tarixli, 77 caylı Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-cı illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə bərpa edilməsi üçün Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti Başçısının 27 fevral 2009-cu il tarixli, 93 saylı Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsində vətəndaş İddiaçı, X1 və X2 torpaq sahəsi ayrılaraq ticarət obyektinin tikintisinə icazə verilmişdir. Sərəncam əsasında tərtib edilmiş sxemə və ayrıc aktına əsasən iddiaçıya Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m. torpaq sahəsindən ayrılmış 200 kv.m. torpaq sahəsinin üzərində istifadə hüququna qeydiyyata alınmasına hüququ təsdiq edən çıxarışın verilməsinə dair daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınması üçün cavabdehə yazılı şəkildə poçt vasitəsilə müraciət etmişdir. Müraciətinə cavabdehin 21 oktyabr 2020-cu il tarixli, **********56 saylı məktubu ilə yazılı şəkildə imtina edilmişdir ki, guya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər təqdim edilməmişdir, həmçinin, elektron baza məlumatlarına əsasən verilmiş koordinatlara uyğun olaraq sözügedən torpaq sahəsi yaşayış binalarının qarşısındakı park tipli yaşıllıq ərazisinin bir hissəsidir. Hesab edir ki, cavabdehin imtinası (hərəkətsizliyi) qanunsuz və əsassızdır, məhkəmə tərəfindən həmin torpaq sahəsinə dair plan ölçünün və istifadə hüququnun qeydə alınaraq, buna dair dövlət reyestrindən çıxarışın verilməsi vəzifə cavabdehin üzərinə qoyulmalıdır. Eyni tələblər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə də göstərilmişdir. Hesab edir ki, cavabdeh orqan tərəfindən imtinasını əsaslandırdığı hallar əsassız və qanunsuzdur, qanunvericilikdə nəzərdə tutulan sənədlər təqdim edildiyi halda, müraciətinin təmin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin etirazında bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən ona ayrılmış 200 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq, buna dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 28.07.2020-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi ümumi istifadədə olan avtomobil yolunun kənarında yaşıllıq ərazisində yerləşmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və vətəndaşa **********56 saylı, 21.10.2020ci il tarixli cavab məktubu ünvanlanmışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı səbəblərə görə iddia rədd edilməlidir. İş materiallarında olan: - Cavabdeh tərəfindən 21.10.2020-ci il tarixli **********56 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 25 və 35 saylı binaların arasında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 28.08.2020-ci il tarixli ********** nömrəli ərizənə baxılmışdır. Torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyindən, həmçinin elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi ümumi istifadədə olan avtomobil yolunun kənarında yaşıllıq ərazisində yerləşdiyindən ərizənin icrası mümkün olmamışdır. - Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında” 20.02.2009-cu il tarixli 77 nömrəli sərəncamından məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə bir sıra ünvanlarda, o cümlədən B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasında yenidən bərpa edilməsi üçün Nizami rayon İcra Hakimiyyətinə icazə verilmişdir. - Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının “Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli, 77 saylı sərəncamının icra edilməsi haqqında” 93 nömrəli, 27 fevral 2009-cu il tarixli sərəncamının 5-ci bəndində ünvan və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsində iddiaçıya, U.F.Haqverdiyevaya və Z.M.Abdullayevə ticarət obyektinin tikintisinə icazə verilmişdir. - Sərəncama əlavə edilmiş, torpaq sahəsinin yerləşmə sxemində torpaq sahəsinin ümumi sahəsi 360 kv.m göstərilmişdir. - Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Ə.Həsənovun iddiaçı və digər şəxslərə ünvanladığı 09.04.2009-cu il tarixli 02/154 nömrəli məktubunda təyin edilmiş 360 kv.m torpaq sahəsinin 200 kv.m hissəsi iddiaçı, 45,0 kv.m hissəsi U.F.Haqverdiyevaya və 80,0 kv.m hissəsi M.Z.Abdullayevə, yerdə qalan hissəsinin isə digər mülkiyyət sahiblərinə veriləcəyi barədə məlumat verilmişdir. - Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı torpaq sahəsində tikiləcək iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin eskiz layihəsi Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2020-ci il tarixli 2-1(102)-1324/2020 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-130/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı iddiası təmin edilməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29.08.2017-ci il tarixli 2-1(102)-1376/2017 saylı qərarından görünür ki, üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-942/17 saylı, 29 mart 2017-ci il tarixli qərarı üçüncü şəxsin kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati – İqtisadi Kollegiyasının 25.01.2017-ci il tarixli 2-1(102)-545/2017 saylı qərarından görünür ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati – İqtisadi Kollegiyasının 01 noyabr 2016-cı il tarixli 2-1(103)- 2017/2016 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddia tələbinə görə iddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən ona ayrılmış 200 kv.metr torpaq sahəsi üzərində istifadə hüquqlarının dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının təqdim etdiyi sənədlərdə torpaq sahəsinin onun adına qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsasların hər hansı biri olmadığına istinad edərək hüququn qeydə alınmasından imtina edilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşin araşdırılan hallarına görə Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Əzizbəyov metrosu ətrafında fəaliyyət göstərmiş qeyri-yaşayış sahələrinin digər ərazilərdə yenidən bərpa edilməsi haqqında” 20.02.2009-cu il tarixli 77 nömrəli sərəncamından məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin 1 fevral 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün əlavə Tədbirlər Planı”nın 26 və 27-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə Əzizbəyov metrosu ərazisində yol qovşaqlarının layihələndirilməsi və tikintisi ilə əlaqədar həmin ərazidə fəaliyyət göstərmiş qeyri-yaşayış (ticarət) obyektlərinin əvvəlki ölçülərini saxlamaq şərtilə bir sıra ünvanlarda, o cümlədən B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasında yenidən bərpa edilməsi üçün Nizami rayon İcra Hakimiyyətinə icazə verilmişdir. Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının “Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli, 77 saylı sərəncamının icra edilməsi haqqında” 93 nömrəli, 27 fevral 2009-cu il tarixli sərəncamının 5-ci bəndində ünvan və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsində iddiaçıya, U.F.Haqverdiyevaya və Z.M.Abdullayevə ticarət obyektinin tikintisinə icazə verilmişdir. İddiaçıya aid sənədlərə görə onun tikilisinin sahəsi 360 kv.m daxilində 200 kv.m təşkil edir. İddiaçı ona tikinti üçün ayrılmış 200 kv.m sahəsinə görə torpaq sahəsinə hüququnun qeydə alınmasını arzu etmişdir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunun 10.2.1-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilməlidir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı 200 kv.m torpaq sahəsinə hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsasların hər hansı biri barədə məhkəmələrə sübut təqdim etməmişdir. İddiaçının istinad etdiyi sənədlərdə, o cümlədən “Bakı şəhər İcra Hakimiyyəti başçısının 20.02.2009-cu il tarixli, 77 saylı və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 93 nömrəli, 27 fevral 2009-cu il tarixli sərəncamının 5-ci bəndində iddiaçıya 200 kv.m torpaq sahəsi ayrılmasından bəhs edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fıziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafıq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və ya fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. İddiaçının bəyan etdiyi 200 kv.m torpaq sahəsi ilə bağlı hər hansı qərar, müqavilə və ya əqd mövcud olmamışdır. Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İddiaçı torpaq sahəsinə istifadə hüququnun qeydə alınması üçün torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsi, onların planı və ölçüsünün tərtib edilməsi, torpaq sahələrinin verilməsi barədə müqavilə (qərar) təqdim etməmişdir. Bundan başqa iş materiallarında olan qüvvədə olan məhkəmə aktlarından görünür ki, iddiaçı 5 mart 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən ona ayrılmış 200 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxmış əvvəlki məhkəmə tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasında yerləşən 360 kv.metr torpaq sahəsindən iddiaçıya ayrılmış 200 kv.metr torpaq sahəsinə dair ayrıc aktının müvafiq qaydada təsdiq olunmuş surətinin məhkəmə təqdim olunması məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə və Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə sorğular göndərilmişdir. Qeyd edilən məhkəmə sorğuları ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatının məhkəməyə ünvanlanmış 18.07.2019-cu il tarixli məktubda bildirilmişdir ki, sorğuda sadalanan sənədlər Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin arxivində olduğundan və adıçəkilən İdarə Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 01.08.2018-ci il tarixli, 226 saylı Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildiyindən, aidiyyəti üzrə müraciət edilməsi məqsədəuyğundur. Bundan sonra məhkəmə sorğularında qeyd edilmiş sənədin (torpaq sahəsinə dair ayrıc aktının müvafiq qaydada təsdiq olunmuş surətinin) məhkəməyə təqdim olunması məqsədilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ilə müraciət edilmiş, sonuncunun məhkəməyə ünvanlanmış 22.08.2019-cu il tarixli məktubda cavab olaraq bildirilmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair sənədlər Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin arxivində aşkar edilməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 14 yanvar 2020-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli qərarı ləğv olunmuş, iş üzrə yeni qərar elan olunmaqla iddiaçının Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binaların arasındakı 360 kv.m torpaq sahəsindən ona ayrılmış 200 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2020-ci il tarixli 2-1(102)-1324/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-130/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı iddiası təmin edilməmişdir. Məhkəmə kollegiyası onu da vurğulamışdır ki, Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 2-1(102)-1451/2020 saylı 29 iyul 2020-ci il tarixli qərarında vurğulamışdır ki, iddiaçının 80 kv.m torpaq sahəsinə hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsasların hər hansı biri barədə məhkəmələrə sübut təqdim edilmədiyindən, 80 kv.m sahədə ticarət obyektinin tikintisinə icazə verildiyindən, belə icazə torpaq sahəsinə hüququn qeydə alınması üçün əsas olmadığından iddia əsaslı sayıla bilməz. Buna görə də cavabdeh tərəfindən hüquqların qeydiyyatından imtina barədə hərəkətləri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Belə olan halda isə torpaq sahəsinə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində konkret sadalanmış hüquq müəyyənedici sənədlərdən hər hansı biri iddiaçı tərəfindən təqdim edilmədiyinə görə məhkəmə hesab edir ki, helə bu əsasla da iddia tələbi rədd edilməlidir. Çünki, bu halda, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı müraciət etdiyi hüquq dövlət qeydiyyatına alınmalı olan hüquq kimi qiymətləndirilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən isə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Eyni Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bu Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində 25 və 35 saylı binalar arasındakı 360 kv.m torpaq sahəsindən İddiaçı ayrılmış 200 kv.m torpaq sahəsi üzərində istifadə hüququnun qeydə alınaraq, buna dair dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin Azərbavcan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə Q Ə R A R A A L D İ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-478/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-478/2022
09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver