Məhkəmə qərarları › İş №2-1(112)-4780/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4780/2020

28.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4780/2020 28.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «soyadının dəyişdirilərək yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) şifahi məhkəmə baxışı keçirilmədən baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı soyadının “Musayev”dən “Qaraqurbanlı” soyadına dəyişdirilməsi barədə doğum haqqında akt qeydində düzəliş olunmasının və soyadının dəyişdirilməsi ilə bağlı yeni doğum haqqında şəhadətnamə verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəmə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı soyadının “Musayev”dən “Qaraqurbanlı” soyadına dəyişdirilməklə İddiaçı yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icratına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim olunaraq, ondan iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Bakı şəhəri Cavabdehndən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli məktubda iddiaya etiraz edilmədiyi və mübahisənin həllinin məhkəmənin mülahizəsinə buraxıldığı bildirilmişdir. İddiaçı iddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı soyadının “Musayev”dən “Qaraqurbanlı”ya dəyişdirilməsi ilə bağlı Cavabdehnə müraciət etmişdir. Müraciətinə cavab olaraq, Cavabdeh 13 may 2020-ci il tarixli, 05Q-07/55 saylı cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayon Polis idarəsinin xx.xx.2020-ci il tarixli rəyinə əsasən barəsində təqsirləndirici məlumat aşkar edildiyindən soyadının dəyişdirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 saylı Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. İddiaçının isə 68 yaşı var. Buna görə də o, istəyir ki, soyadını “Musayev”dən “Qaraqurbanlı”ya dəyişdirsin. İmtinanın əsası kimi iddiaçının barəsində təqsirləndirici məlumat aşkar edildiyi üçün soyadını dəyişdirə bilməyəcəyi bildirilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.5-ci bəndinə əsasən ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. İddiaçının isə qeyd olunan məsələ ilə bağlı heç bir bağlılığı yoxdur. O, nə cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilmiş, nə də, üzərindən götürülməmiş və ya ödənilməmiş məhkumluğu vardır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Bakı şəhəri Cavabdehndən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2020-ci il tarixli məktubda iddiaya etiraz edilmədiyi və mübahisənin həllinin məhkəmənin mülahizəsinə buraxıldığı bildirilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2020-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, COVİD-19 pandemiyası ilə əlaqədar olaraq inzibati işə onun iştirakı olmadan baxıb qərar qəbul edilməsi xahiş etmişdir. “Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli məlumatında, həmçinin, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilməsi inzibati məhkəmələrə tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərilmiş hüquqi tövsiyəsi, tərəflərin yazılı razılığı nəzərə alınaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 16.2-ci maddəsinə əsaslanaraq, şifahi dinləmələr keçirilmədən müvafiq məhkəmə qərarının qəbul edilməsi mümkün hesab edilmişdir Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2004-cü il tarixdə Bakı şəhəri Binəqədi RPİ tərəfindən verilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, 05/Q2006/13 saylı məktuba əlavə edilərək məhkəməyə təqdim edilmiş İddiaçı adına tərtib olunmuş xx.xx.2020-ci il tarixli, 18 saylı doğum haqqında bərpa akt qeydinin təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı xx.xx.1952-ci il tarixdə Ermənistan SSR, Kalinin rayonu, Qızıl-Şəfəq kəndində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş AZ-İV seriyalı, 408565 saylı bərpa doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı xx.xx.1952-ci il tarixdə Ermənistan SSR, Kalinin rayonu, Qızıl-Şəfəq kəndində doğulmuşdur. X2, anası X1r. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 05/Q-0/55 saylı, xx.xx.2020-ci il tarixli məktubdan müəyyən edilir ki, Cavabdehnə soyadının "Musayev”dən “Qaraqurbanlı"ya dəyişdirilməsi barədə xx.xx.2020ci il tarixdə daxil olmuş müraciətə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları”nın 6.15-ci bəndinə əsasən, ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də, adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir. Həmin Qaydaların 6.16-cı bəndinə görə, rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır. Belə ki, Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 13. 03.2020-ci il tarixli rəyinə əsasən barəsində təqsirləndirici məlumat aşkar edildiyindən soyadının dəyişdirilməsi məqsədə müvafiq hesab edilməmişdir. Qaydaların 6.18-ci maddəsinə görə adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Göstərilənlərlə əlaqədar müraciətin təmin edilməsi mümkün deyildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26-cı maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.5ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.5-ci bəndinin işin faktiki hallarına tətbiqi baxımından qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin müraciəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixli, 012- 16356-1220 saylı məktubuna əlavə edilərək məhkəməyə təqdim olunmuş İddiaçı aid cinayət məsuliyyətinə cəlb etmə və məhkumluq barədə məlumatlarda göstərilmişdir ki, İddiaçı xx.xx.2013-cü il tarixdə cinayət məsuliyyətinə cəlb olunmuş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli (materialın nömrəsi: 1********) ittiham hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci bəndində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, hökm xx.xx.2015-ci ildə icra edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Məhkəmə xüsusi olaraq göstərməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci bəndində nəzərdə tutulmuş cinayət əməli (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) həmin Məcəllənin 15.3-cü maddəsinin tələbləri baxımından az ağır cinayət hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3-cü və 83.3.2-ci maddələrinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49-cu maddəsində təsbit edilmiş islah işləri cəza növü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələbləri baxımından azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növü hesab edilir. İş materiallarından isə müəyyən edilir ki, İddiaçı barəsində çıxarılmış Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli ittiham hökmü xx.xx.2015-ci il tarixdə icra edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda şərh edilmiş maddələrinin tələbləri baxımından onun məhkumluğu ödənilmişdir. Məhkəmə, həmçinin, onu da göstərir ki, iş materiallarından İddiaçı soyadının dəyişdirilməsi ilə əlaqədar Bakı şəhəri Cavabdehnə müraciət etdiyi tarixdə cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, habelə, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olması kimi hallar müəyyən edilmir. İş materiallarından məlum olur ki, iddiaçı soyadının dəyişdirilməsi ilə əlaqədar Bakı şəhəri Cavabdehnə müraciət etdiyi tarixdə artıq 18 yaşı tamam olmuş yetkinlik yaşına çatmış şəxsdir. Beləliklə, iş materiallarından və işin faktiki hallarından İddiaçı soyadının “Musayev”dən “Qaraqurbanlı” dəyişdirilməsinə dair müraciətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın tələblərinə əsasən təmin edilməməsi üçün əsaslar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh orqanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın dəyişdirilməsi Qaydaları»nın 6.15-ci, 6.16-cı və 6.18-ci maddələrinə istinadən iddiaçının soyadının dəyişdirilməsindən imtinası qanuni sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İİİ hissəsinə əsasən dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı soyadının “Musayev”dən “Qaraqurbanlı” soyadına dəyişdirilməklə ona yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 16.2, 23.1, 58.7, 62, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı soyadının “Musayev”dən “Qaraqurbanlı” soyadına dəyişdirilməklə ona yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar