Məhkəmə qərarları › İş №2-1(112)-4783/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4783/2020

07.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4783/2020 07.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına (üçüncü şəxs “xxxxxxxxxxxxxxx” ASC) qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına (üçüncü şəxs “xxxxxxxxxxxxxxx” ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014cü il tarixli kredit müqaviləsi və ona edilmiş xx.xx.2015-ci il tarixli dəyişikliyə əsasən xarici valyutada olan qalıq kredit borcu üzrə 5.743,79 manat kompensasiya məbləğinin hesablanması və həmin məbləğin iddiaçının xeyrinə ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qovulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və “xxxxxxxxxxxxxxx” ASC-nin Azneft filialı ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 14010-0266/444331 saylı kredit müqaviləsi üzrə 5.743,78 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki,İddiaçı ilə cavabdeh "xxxxxxxxxxxxxxx" ASC-nin Azneft filialı arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçıya illik 27% dərəcəsi ilə 36 ay müddətinə 12.750 ABŞ dolları məbləğində kredit verilmiş, xx.xx.2015-ci ıl tarixində iddiaçının kredit öhdəliyi restrukturizasiya edilmiş və qalıq qalmış 10959 ABŞ dollarının ödənilməsi üçün yeni ödəniş cədvəli müəyyən edilmişdir. Azərbaycan Kredit Bürosunun çıxarışından göründüyü kimi istinad olunan kredit üzrə ödənişlər iddiaçı tərəfindən tam icra olunmuşdur. xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərman verilmiş və həmin Fərmanla xarici valyutada olan kreditlərə dair kompensasiya ödənişlərinin və digər məsələlərin tənzimlənməsi qaydası müəyyən edilmişdir. Cavabdeh Bankda olan iddiaçının xarici valyutadakı krediti fərmanın təsiri altına düşür. Kompensiyaya ödəniləcək şəxslərin siyahısında iddiaçının məlumatları əks olunmadığından bu məsələnin araşdırılması üçün həm cavabdeh Banka, həm də Azərbaycan Respublikası Maliyyə X2, sonuncu ləğv ediləndən sonra isə Azərbaycan Respublikası Mərkəzi Bankına iddiaçı tərəfindən müraciət edilmişdir. Kompensasiya məbləğinin hesablanmamasına səbəb iddiaçının şəxsiyyət vəsiqəsi məlumatlarında dəyişiklik olmasından yaranmışdır. Belə ki, İddiaçı hərbi qulluqçudur. Kredit verilən zaman sənədləri iddiaçının şəxsi vəsiqəsi əsasında rəsmiləşdirilmişdir, lakin kompensasiya üçün müraciət edilən zaman yeni şəxsiyyət vəsiqəsi istifadə edilmişdir. Yuxarıda qeyd olunan məsələnin araşdırılması və sözügedən fərmana uyğun olaraq kompensasiya məbləğinin ödənilməsi üçün hazırkı iş üzrə cavabdehə xx.xx.2020-ci ildə müraciət edilsə də, sonuncu tərəfindən heç bir araşdırma aparılmamış və xx.xx.2020-ci il tarixli 26-03761-2020 saylı məktubla ləğv olunmuş Azərbaycan Respublikası Maliyyə X1 xx.xx.2019-cu il tarixli 25673 saylı qərarına istinad etməklə məhdudlaşdırılmışdır. İkinci devalvasiva baş verən zaman, yəni xx.xx.2015-ci il tarixinə cavabdeh bankda olan kredit üzrə qalıq borc məbləği 9572,98 ABŞ dolları təşkil etmişdir. Fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar güzəşt kalkulyatoru ilə hesablanan güzəşt məbləği 5743,79 manat dəyərində müəyyən edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəməyə ünvanlanmış xx xxxx 2020-ci il tarixli 16-03799-2020 saylı məktubda qeyd edilir: “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə “xxxxxxxxxxxxxxx” ASC arasında xx.xx.2014-cü il tarixdə 12.750 ABŞ dolları dəyərində kredit müqaviləsinin bağlanılmasına dair qeydlər üzrə kreditin eyniləşdirmə kombinasiyası bazaya düzgün ötürülmədiyindən vətəndaşın adı Fərmanın təsiri çərçivəsində düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Bununla belə, sözügedən kredit müqaviləsinin həqiqətən də İddiaçı ilə “xxxxxxxxxxxxxxx” ASC arasında bağlanılması məhkəmə tərəfindən təkzibedilməz şəkildə təsdiq olunarsa, o zaman İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona xx.xx.2014cü il tarixli kredit müqaviləsi üzrə 5.743,78 manat məbləğində kompensasiya məbləğinin hesablanmasına etiraz edilmir. İş materiallarında olan “xxxxxxxxxxxxxxx” ASC-nin Azneft filialı ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 14010-0266/444331 saylı kredit müqaviləsindən və kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, “xxxxxxxxxxxxxxx” ASC-nin Azneft filialı tərəfindən İddiaçı 36 ay müddətinə illik 27% hesablanmaqla 12.750 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxx” ASC-nin Azneft filialı ilə İddiaçı ilə bağlanmış 14010-0266/444331 saylı xx xxxxxx 2014-cü il tarixli Kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2015-ci il tarixli Razılaşmadan və əlavə olan ödəniş cədvəlindən görünür ki, qalıq borc 10959 ABŞ dolları (əsas borc 10726,49 ABŞ dolları, faiz borcu 233,30 ABŞ dolları) təşkil edir, kreditin faiz dərəcəsi 24%, müddəti isə xx xxxxxx 2018-ci il tarixə müəyyən edilmişdir. İş materiallarında olan 14010-0266/444331 saylı xx xxxxxx 2014-cü il tarixli Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 1 nömrəli Əlavədən görünür ki, “xxxxxxxxxxxxxxx” ASC-nin Azneft filialı ilə İddiaçı arasında əlavə müqavilə bağlanmışdır. Əlavə müqavilədə bu Əlavənin imzalanması tarixindən sonrakı müddət üçün 14010-0266/444331 saylı xx xxxxxx 2014-cü il tarixli Kredit müqaviləsi üzrə verilmiş kredit üçün müəyyən edilmiş faiz dərəcəsi 24 faiz dərəcəsinə dəyişdirilmiş və kreditin qaytarılması üçün son müddət xx xxxxxx 2018-ci il tarixi müəyyən edilmişdir. Qalan şərtlər mövcud vəziyyətdə qüvvədə qalmışdır. İş materiallarında olan 14010-0266/444331 saylı xx xxxxxx 2014-cü il tarixli Kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 2 nömrəli Əlavədən görünür ki, “xxxxxxxxxxxxxxx” ASC-nin Azneft filialı ilə İddiaçı arasında əlavə müqavilə bağlanmışdır. Bu Əlavənin imzalanması tarixindən sonrakı müddət üçün 14010-0266/444331 saylı xx xxxxxx 2014-cü il tarixli Kredit müqaviləsi üzrə verilmiş kredit üçün müəyyən edilmiş faiz dərəcəsi 8 faiz dərəcəsinə dəyişdirilmiş, bu Əlavənin imzalanması tarixindən etibarən 4010-0266/444331 saylı xx xxxxxx 2014-cü il tarixli Kredit müqaviləsi üzrə nəzərdə tutulmuş ödəniş cədvəli üzrə ödəmə müddətləri keçdikdən sonra faizin vaxtında qaytarılmamasına görə hər gecikdirilmiş gün üçün penyanın hesablanması ləğv edilmiş, 14010-0266/444331 saylı xx xxxxxx 2014-cü il tarixli Kredit müqaviləsində qeyd edilmiş “Ödəmə vaxtı çatmış lakin “Borclanan” tərəfindən ödənilməmiş kredit məbləğinin faizlərinin ikiqat hesablanmasına dair” bəndi aşağıdakı qaydada dəyişdirilmişdir: “Ödəmə vaxtı çatmış lakin “Borclanan” tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 8% üstəqəl 5 % gecikdirmə faizi ilə hesablanmışdır”. Qalan şərtlər mövcud vəziyyətdə qüvvədə qalmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Maliyyə X1 ********** nömrəli xx xxxx 2019-cu il qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edir. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, xarici valyuta ilə bağlanan kredit müqavilələri üzrə borcalanlara, yəni fiziki şəxslərə kompensasia məbləği o zaman təyin olunur ki, onların devalvasiya tarixinədək (xx.xx.2015-ci il və xx.xx.2015-ci il) əsas kredit borcunun qalıq hissəsi 10.000 ABŞ dollarından çox olmasın. Yalnız həmin xüsuslara malik olan fiziki şəxslərə dövlət tərəfindən kompensasiya məbləği ödənilir. İşin hallarından görünür ki, hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və “xxxxxxxxxxxxxxx” ASC-nin Azneft filialı ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 14010-0266/444331 saylı kredit müqaviləsi üzrə 5.743,78 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar