Məhkəmə qərarları › İş №2-1(112)-4789/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4789/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4789/2025 11.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “daha əvvəlki tarixdən əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “daha əvvəlki tarixdən əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 11 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu- xx.xx.2018-ci il təvəllüdlü X3 diaqnoz üzrə əlilliyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X3 orqanizmin funksiyalarının xx.xx.2023-cü il tarixdən 40 faiz pozulmasının qərara alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğluna əlilliyin təyin olunmasından iki dəfə imtina edilmişdir. İlk imtinada qeyd olunmuşdur ki, “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuş və ekspertiza əhəmiyyətli göstəricilər dəqiqləşdirilsin”. Növbəti imtinada isə qeyd olunmuşdur ki, “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuş və ixtisaslı klinikada əlavə müayinə aparılsın, ağırlaşmalar dəqiqləşdirilsin”. Cavabdeh orqanın verdiyi məktubdan görünür ki, müraciətinə verilmiş cavab əvvəlki imtina məktubları ilə eynilik təşkil edir. Çünki əvvəlki imtina məktublarında göndərişin natamam doldurulması qeyd edilmiş, hazırkı imtinada da həmin hallara istinad edilmiş, halbuki, o göndərişin natamam doldurulmasının məhz nədən ibarət olması halının araşdırılmasını və müvafiq qərarın qəbul olunmasını xahiş etmişdir. Bundan başqa qeyd olunur ki, ekspert komissiyasına müraciət etsin. Dəfələrlə ekspert komissiyasında olmuş, oğlunu da aparmış, təqdim etmiş, canlı müayinə ediblər, lakin nəticədə müraciətinə və sənədlərə qeyri-obyektiv baxılmışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, sonuncu göndəriş əsasında əlilliyin təyin edildiyini bildirmiş, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, X2 əlilliyinin qiymətləndirilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən X2 əyani müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin qərardadına əsasən X2 əyani müayinəsi keçirilmiş xx.xx.2025-ci il tarixli 3-17-4/3-1-8013/2025 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən D00217840PZZ nömrəli göndəriş əsasında X4 barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.4.1.1-ci bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 40% (qırx faiz) pozulması barədə qərar qəbul edilmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ilkin tələbi oğluxx.xx.2018-ci il təvəllüdlü X3 diaqnoz üzrə əlilliyin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi olmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, X2 əlilliyinin qiymətləndirilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən X2 əyani müayinəsinin aparılması üçün cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 30 (otuz) gün müddət təyin edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin qərardadına əsasən X2 əyani müayinəsi keçirilmiş xx.xx.2025-ci il tarixli 3-17-4/3-1-8013/2025 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən D00217840PZZ nömrəli göndəriş əsasında X4 barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.4.1.1-ci bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 40% (qırx faiz) pozulması barədə qərar qəbul edilmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X3 orqanizmin funksiyalarının xx.xx.2023-cü il tarixdən 40 faiz pozulmasının qərara alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının oğlu X3 əlilliyin təyin edilməsi məsələsi həllini tapmışdır. Hazırkı mübahisə predmeti əlilliyin təyin edilməsi tarixi ilə bağlıdır. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən sonuncu xx.xx.2024-cü il tarixli D00217840PZZ nömrəli göndəriş əsasında xx.xx.2024-cü il tarixdən əlillik təyin edilmişdir. İddiaçının tələbi isə xx.xx.2023-cü il tarixli göndəriş əsasında həmin tarixdən əlilliyin təyin edilməsidir. Hansı ki, həmin göndəriş əsasında “Göndərişin natamam doldurulması” qərarı qəbul edilmişdir. Lakin iddiaçı həmin qərarı mübahisələndirməmişdir. Sonuncu xx.xx.2024-cü il tarixli D00217840PZZ nömrəli göndəriş əsasında əlillik təyin edilmədikdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-8-10/2- 824/2024 saylı məktubu ilə təqdim edilmiş, “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” İcmalda göstərilmişdir ki,... “51. Məhkəmə təcrübəsində qeyd olunan məsələ ilə bağlı bir neçə müxtəlif faktiki hallara malik işlərə rast gəlinir. Birinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciətin edildiyi vəziyyətdir. Məhkəmələr imtinanı qanunsuz hesab etdikləri və iddianı təmin etmək üçün digər bütün əsasların mövcudluğunu müəyyən etdikləri halda, cavabdehin üzərinə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul etmək öhdəliyini qoya bilərlər. Bu zaman, cavabdeh “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə uyğun olaraq əlilliyin təyinat tarixini göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir.

52. İkinci hal, göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina olunmasına dair qərar qəbul edildikdən sonra məhkəməyə müraciət edilməməsi, sonradan yeni göndəriş(lər)in verilməsi və həmin göndəriş əsasında sonrakı tarixlərdə əlilliyin müəyyən edilməsi vəziyyətidir. Bu zaman, bir qayda olaraq, göndərişlərin məzmununun eyniliyinə istinadla məhkəmələrdə əlilliyin təyinat tarixinin ilk göndəriş tarixinə uyğun dəyişdirilməsinə dair iddialar qaldırılır. Bununla bağlı olaraq nəzərə alınmalıdır ki, hətta göndərişlərin məzmununun eyniliyi müəyyən olunsa belə, ilkin göndəriş əsasında əlilliyin müəyyən edilməsindən imtina barədə qərar mübahisələndirilmədən əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair iddialar təmin edilə bilməz. Belə ki, inzibati orqanın əvvəlki imtina qərarı “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə inzibati akt kimi özünün hüquqi qüvvəsini saxlayır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

53. Üçüncü hal isə bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdiyi vəziyyətdir. Bununla bağlı olaraq isə nəzərə alınmalıdır ki, əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir.” Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “daha əvvəlki tarixdən əlilliyin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “daha əvvəlki tarixdən əlilliyin təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar