Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-479/2021 23.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi, eyni zamanda vəkili Vəkil (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi ev 16b, mənzil 2; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Fərdi qaydada fəaliyyət göstərən vəkil) cavabdehin nümayəndəsi X1 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev 1; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquq şöbəsində böyük məsləhətçi) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə 3-cü şəxs - “xxxx” ASC qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs “xxxx” ASC) xx xxxxxx 2008-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının 574 saylı sərəncamına uyğun olaraq mövcud texniki pasportun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınması barədə və həmin əmlaka hüquqların qeydiyyata alınmasının cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə xx.xx.2020-ci il tarixdə yerində müayinə təyin edilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi hazırda İddiaçı istifadəsindədir. Torpaq sahəsi daş hasara alınmışdır. Fərdi yaşayış evinin və daş hasarın yeni tikili olmadığı, yəni uzun müddət əvvəl tikilməsi müəyyən edilir. Hasara alınmış torpaq sahəsinin yaxınlığında, yəni hasara alınmış torpaq sahəsindən kənarda “xxxx” ASC tərəfindən quraşdırılmış transformator yerləşir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçı adına Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məktəbli küçəsi ünvanda yerləşən 16 nömrəli fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” kimi oxunması qərara alınmışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində göstərilmişdir ki, Bakı şəhəri X2 İcrayə Komitəsinin xx xxxx 1976cı il tarixli, 30/413 saylı Bakı şəhərində vətəndaşlara məxsus evlərin hüquqi qeydiyyatı haqqındakı qərara uyğun olaraq idarələrarası komissiyanın xx xxxxxx 2008-ci il tarixli aktını və İddiaçı ərizəsini nəzərə alaraq, Şağan qəsəbəsi, Məktəbli küçəsi vətəndaş İddiaçı məxsus olan 16 saylı evin ilkin hüquqi qeydiyyata alınması barədə sənədlərə baxaraq komissiya üzvləri qeyd edir ki, mülkün oktyabr ayı 1963-cü il tarixli Texniki Pasportu vardır. Mülk 1933-cü ildə tikilib. A yaşayış evi, 2 yaşayış otağı-29,3 kv.m, köməkçi sahə-32,9 kv.m-dən ibarətdir. Əlavə A yaşayış evinə bitişik mətbəx 23,8 kv.m, hamam-3,4 kv.m, dəhliz-4.4 kv.m. açıq eyvan 65.2 kv.m. tikilmişdir. Torpaq sahəsində saray sökülmüşdür, quyu-2 kv.m, hovuz-24.8 kv.m. mövcuddur. Əlavə yarımçıq tikili 107 kv.m., ayaqyolu 2.9 kv.m. tikilmişdir. Mülkün cəmi torpaq sahəsi 809.8 kv.m-dən ibarətdir. Yuxarıda qeyd olunanların və idarələr arası komissiyanın xx xxxxxx 2008-ci il tarixli aktını nəzərə alaraq Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısı xx xxxxxx 2008-ci il tarixdə Şağan qəsəbəsi Məktəbli küçəsində yerləşən vətəndaş İddiaçı məxsus 16 saylı evin ilkin qeydiyyata alınması haqqında 574 saylı Sərəncamı aşağıdakı şəkildə imzalamışdır. Şağan qəsəbəsi Məktəbli küçəsində yerləşən 2 yaşayış otağı-29,3 kv.m, köməkçi sahə- 64.5 kv.m-dən ibarətdir. Əlavə : „A" yaşayış evi torpaq sahəsində quyu 2 kv.m, bitişik mətbəx 23,8 kv.m, hamam-3,4 kv.m, dəhliz-4.4 kv.m,açıq eyvan 65.2 kv.m. tikilmişdir. Torpaq saahəsində saray sökülmüşdür, hovuz-24.8 kv.m mövcuddur. Əlavə yarımçıq tikili 107 kv.m,ayaqyolu 2.9 kv.m. tikilmişdir. Mülkün cəmi torpaq sahəsi 809.8 kv.m-dən ibarət olan 16 saylı mülk ilkin hüquqi qeydiyyata alınsın. Həmin mülkə vətəndaş İddiaçı adına reyestrdən çıxarışın verilməsi əlavə dəyişikliklərin mülkün texniki pasportunda qeydə alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsindən xahiş edilsin. Lakin uzun müddət keçməsinə baxmayaraq bu gün yaşadığı fərdi yaşıyış evinin hüquqların dövlət qeydiyyatına alınaraq çıxarış verilməsinin istəsə də onun hüquqları məhdudlaşır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Elektron Kadastr baza məlumatlarına əsasən güya mövcud vəziyyətdə 360 kv.m. hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşdüyünü saxta sənədlərlə sübut etməyə çalışırlar ki, mümkünsüzdür. Hesab edir ki, cavabdehin imtinası əsassızıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş 3cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarında olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport”dan görünür ki, Şağan qəsəbəsi, Məktəbli küçəsində yerləşən 16 nömrəli evin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasportu 1963-cü ilin oktyabr ayında tərtib edilmişdir. Həmin Pasporta əsasən yaşayış evi - 1933-cü ildə, saray -1935-ci ildə, daş hasar 1936-cı ildə, quyu – 1933-cü ildə, basseyn – 1950-ci ildə tikilmişdir. İş materiallarından görünür ki, Şağan qəsəbəsi, Məktəbli küçəsində yerləşən 16 nömrəli evdə yaşayan vətəndaşların yazılışından ötrü Ev dəftəri 1967-ci ildən yazılmağa başlanılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Əzizbəyov Rayon icra Hakimiyyəti başçısının “Şağan qəsəbəsi, Məktəbli küçəsində yerləşən vət.İddiaçı məxsus 16 saylı evin ilkin hüquqi qeydiyyata alınması haqqında” xx.xx.2008-ci il tarixli Sərəncamında göstərilmişdir: Şağan qəsəbəsi, Məktəbli küçəsində yerləşən 2 yaşayış otağı-29,3 m2, köməkçi sahə-64,5 m2, açıq eyvan-65,2 m2-dən ibarət «A» yaşayış evi, torpaq sahəsində quyu-2,0 m2 , hovuz-24,8 m2, yarımçıq tikili-107,0 m2, ayaqyolu-2,9 m2 cəmi torpaq sahəsi-809,8m2-dən ibarət olan 16 saylı mülkün ilkin hüquqi qeydiyyata alınsın; həmin mülkə vət. İddiaçı adına reyestrdən çıxarışın verilməsi, əlavə və dəyişikliklərin mülkün texniki pasportunda qeydə alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsindən xahiş edilsin. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir, torpaq sahəsi elektrik şəbəkəsinin mühafizə zonasına düşür. Məhkəmə cavabdeh inzibati orqanın bu mövqeyi ilə bağlı qeyd edir ki, torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli elektrik xəttinin keçməsi daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsindən imtina üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 7-ci bəndinə əsasən, gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. Həmin Qaydaların 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin yuxarıda adı çəkilən qərarından da göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Həmçinin, iş materiallarından görünür ki, “xxxx” ASC məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, Şağan qəsəbəsi, Məktəbli küçəsi, ev 16 ünvanı yaxınlığında yerləşən TM207 nömrəli transformator 1978-ci ildən quraşdırılmışdır. Beləliklə, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, mübahisə predmeti olan daşınmaz əmlak 1933-cü ildə tikilmiş (1963-cü ildə Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid Pasport verilmişdir), həmin evin yaxınlığında yerləşən TM207 nömrəli transformator isə 1978-ci ildən quraşdırılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar göstərilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.9-cu bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxx 2015-ci il tarixli, 02 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsinin 2.0.3-cü bəndinə əsasən Xidmət daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir. Həmin Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. Həmin Əsasnamənin 3.0.24-ci bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrindən biridir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (maddə 12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Şağan qəsəbəsi, Məktəbli küçəsi ünvanda yerləşən 16 nömrəli evin cavabdeh inzibati orqanın imtina üçün əsas gətirdiyi TM207 nömrəli transformatorun quraşdırılmasından əvvəl tikilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, imtina məktubunda göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli 103 nömrəli qərarında elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların xüsusi mülkiyyətdə olmasına dair heç bir qadağa olmadığından, həmçinin Şağan qəsəbəsi, Məktəbli küçəsi ünvanda yerləşən 16 nömrəli evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport mövcud olduğundan, cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı adına Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məktəbli küçəsi ünvanda yerləşən 16 nömrəli fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı adına Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Məktəbli küçəsi ünvanda yerləşən 16 nömrəli fərdi yaşayış evinə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-479/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-479/2021
23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver