Məhkəmə qərarları › İş №2-1(112)-4790/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4790/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4790/2022 06.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «qərarın ləğv edilməsi və pensiya kapitalı nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanıb ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması, əvvəlki pensiya məbləğinin bərpa olunması, artıq hesablanmış məbləğin tutulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən çoxuşaqlı ana kimi yaşa görə 20 sentyabr 2019-cu il tarixdən əmək pensiyası təyin edilmişdir. Həmin Qanunun 37.3.1 maddəsinə əsasən hazırda əmək fəaliyyətini davam etdirdiyindən, iddiaçı 7 oktyabr 2021ci il tarixdə növbəti 6 il (2015 – 2021-ci illər) pensiyasının yenidən hesablanması ilə bağlı 4 saylı DOST Mərkəzinə yazılı ərizə ilə müraciət etmişdir. Lakin onun ərizəsindəki qanuni tələbi nəinki təmin olundu, üstəlik pensiya 553,75 manatdan 504,15 manata endirildi. Bununla da, məsələni araşdıran DSMF əməkdaşları «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq onun (iddiaçının) razılığı və məhkəmənin qərarı olmadan formal şəkildə normalara istinad edərək bu ilin dekabr ayında iddiaçının pensiyası özbaşına yuxarıda göstərilən məbləğdə azaltmışlar. Dəfələrlə 142 çağrı mərkəzi ilə müraciət etsə də, ərizənin yazılı cavabını ala bilməmişdir. 14 dekabr 2021-ci il tarixində iddaçının əri 4 saylı DOST Mərkəzinə gedərək 29 noyabr 2021 -ci il tarixli **********2 nömrəli cavab məktubunu almışdır. Həmin məktubda 7 oktyabr 2021-ci il tarixli müraciətə cavab olaraq bildirilir ki, qeyd olunan yarımbəndin tələblərinə əsasən onun (iddiaçının) çoxuşaqlı ana kimi yaşa görə pensiyası 1 oktyabr 2017-ci il tarixdə yenidən hesablandığından, əmək pensiyası növbəti dəfə yenidən hesablanması hüququ əmək fəaliyyəti ilə məşğul olduğu halda 1 oktyabr 2023-cu il tarixdə, əmək fəaliyyəti ilə məşğul olmadığı halda isə əmək müqaviləsinə xitam verildiyi gündən yaranacaqdır. İddiaçıya DOST Mərkəzində qəbul zamanı bildirilmişdir ki, o, 2015-ci ildə ərizə ilə yenidən hesablanma üçün müraciət etməli idi. İddiaçı bildirmildir ki, bu haqda qanun 2017-ci ildə qəbul edilib, 2015-ci ildə müraciət olunması mümkün deyildir. Göründüyü kimi, «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsi qərəzli şəkildə təhrif olunur. Həmin maddədə deyilir “yaşa görə pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin ovunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə yaxud pensiya təyin olunduğu gündən 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablan maşında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablaşmalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir”. DSMF tərəfindən bu müddəaya istinad edilərək ona 20 sentyabr 2009-cu il tarixdə pensiya təyin olunduğu cavab məktubunda qeyd eolunduğu halda, iddiaçının növbəti hüququnun 2023-cü ildə yaranacağının bildirilməsi məntiqsizdir. 4 saylı DOST Mərkəzinin əməkdaşı onun xahişi əsasında 2015 – 2020-ci illərdə pensiya kapitalının 11.133,58 manat olduğunu bildirmiş və əl yazısı ilə sosial arayışın üzərində qeyd etmişdir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə və yığılmış pensiya kapitalına görə növbəti 6 ilə görə hesablamaya əsasən onun pensiyasına təxminən 150 manat əlavə olunmalıdır. Yuxarıda qeyd olunanlara və «Əmək pensiyaları haqqında» Qanunun 37, 39-cu maddələrinə əsaslanaraq, məhkəmədən 2015 – 2021-ci illər üzrə növbəti 6 ilə görə əmək pensiyasının yenidən hesablanaraq pensiyaya əlavə olunması, pensiyanın əvvəlki məbləğinin bərpa edilməsi və həmin artıq hesablanmış məbləğin səhvə yol verən məsul şəxslərin əmək haqlarından tutulmaqla DSMF-nin hesabına bərpa olunması haqqında qərar qəbul edilməsi xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «qərarın ləğv edilməsi və 2015 – 2021-ci illər üzrə toplanmış pensiya kapitalı nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanıb ödənilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 26 iyul 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddia tələbi tam əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçıya 20 sentyabr 2009-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ərizəçi 7 oktyabr 2021-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” Mərkəzinə müraciət edərək təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Onun müraciətinə baxılaraq DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 29 noyabr 2021-ci il tarixli **********2 nömrəli məktubu ilə cavablandırılmışdır. Həmin məktuba əsasən bildirilmişdir ki, ərizəçinin 1 sentyabr 2009-cu il tarixdən 1 iyul 2017-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 11.869,69 manat pensiya kapitalına əsasən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası yenidən hesablanaraq 504,15 manat təyin edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, 7 oktyabr 2021-ci il tarixli müraciətin araşdırılması zamanı 7 oktyabr 2017-ci il tarixdə əmək pensiyasının yenidən hesablanması zamanı fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1 sentyabr 2009-cu il tarixdən nəzərə alınmalı olduğu halda, 1 yanvar 2006-cı il tarixdən hesablanmış və qeyd olunan səbəbdən əmək pensiyasının artıq ödənildiyi aşkarlanmışdır. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü yarımbəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd olunan qanunvericiliyin tələblərinə əsasən ərizəçinin çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası 1 oktyabr 2017-ci il tarixdə yenidən hesablandığından, əmək pensiyasının növbəti dəfə yenidən hesablanması hüququ əmək fəaliyyəti ilə məşğul olduğu halda 1 oktyabr 2023-cü il tarixdə, əmək fəaliyyəti ilə məşğul olmadığı halda isə əmək müqaviləsinə xitam verildiyi gündən yarancaqdır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 1 noyabr 2021-ci il tarixli **********8 saylı qərarı ilə İddiaçı təyin edilmiş əmək pensiyasının məbləği dəyişdirilmiş və 7 oktyabr 2021-ci il tarixli müraciəti zamanı yaşa görə əmək pensiyasının məbləği müvafiq cədvələ uyğun olaraq yenidən hesablanmışdır. Bu səbəbdən 1 oktyabr 2017-ci il tarixdən 31 oktyabr 2021-ci il tarixədək iddiaçıya artıq ödənilmiş 2.038,69 manat artıq ödəmə məbləği müəyyən edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 6.1.8ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar «İnzibati icraat haqqında» Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Göründüyü kimi, Filial tərəfindən qərar qəbul edilərkən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin «Sosial müdafiə sahəsində idarəetmənin Təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Həmin Nizamnamənin 2.1.4-cü bəndinə əsasən əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərinə aid edilmişdir, 3.1.26-cı bəndinə əsasən Fondun fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə «Vətəndaşların müraciətləri haqqında», «İnzibati icraat haqqında» və «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən olunmuş qaydada tədbirlər görmək Fondun vəzifələrinə aid edilmişdir, 3.1.17-ci bəndinə əsasən əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir, 3.1.18-ci bəndinə əsasən əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir, 4.2-ci bəndinə əsasən Fondun idarəetmə orqanı İdarə Heyətidir, 4.5.7-ci bəndinə əsasən, Fondun fəaliyyətinə dair daxili qaydaları (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını), habelə idarə, filial və nümayəndəliklərinin əsasnamələrini, həmçinin təsərrüfat cəmiyyətlərinin nizamnamələrini Nazirliklə razılaşdırmaqla təsdiq etmək İdarə Heyətinin vəzifələrinə aid edilmişdir. X4 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının əsasnaməsi təsdiq olunmuşdur. Həmin əsasnamənin 3.1.3-ci bəndinə əsasən sosial ödənişlərin təyin edilməsi, enidən hesablanması va bir növdan digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin məlumatların) əsalılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək Filialın vəzifələrinə aid edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı inzibati akt qəbul etmək səlahiyyətinə malikdir və inzibati orqan hesab olunduğundan «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən həmin qanun filialın fəaliyyətinə şamil olunur. Beləliklə, Filial əsasnaməsinin 3.1.3-ci bəndinə əsasən tədbirlər görərkən «İnzibati icraat haqqında» Qanuna əsaslanmaqla inzibati akt qəbul etməkdə haqlıdır. Pensiyanın təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ hüquqi aktlarında qeyd olundğu kimi hüquqa və aqq-ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə nüquqi tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxarır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Göstərilənlərə əsaslanaraq, İPM-in 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı iddiasının təmin olunmaması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: (4.1.1) yaşa görə əmək pensiyası; (4.1.2) əlilliyə görə əmək pensiyası; (4.1.3) ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 37.3.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmin maddənin hazırda qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Göründüyü kimi, İddiaçı iddiasında cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 1 noyabr 2021-ci il tarixli **********8 nömrəli qərarını mübahisələndirərək, həmin qərarın ləğv olunmasını və onun pensiya kapitalı nəzərə alınaqla əmək pensiyasının yenidən hesablanmasını tələb edir. İddiaçı mübahisələndirdiyi 1 noyabr 2021-ci il tarixli **********8 nömrəli qərar iki hissədən ibarətdir: - İddiaçı təyin olunmuş əmək pensiyasının məbləğinin dəyişdirilməsi; - 1 oktyabr 2017-ci il tarixdən 31 oktyabr 2021-ci il tarixədək olan dövr üzrə artıq ödənilmiş 2.038,69 manat məbləğin bölünərək iddiaçının aylıq əmək pensiyasından tutulmaqla DSMF-nın hesabına bərpa edilməsi. Məhkəmənin 21 aprel 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə həvalə olunmuşdur: 1) İddiaçı təyin olunmuş əmək pensiyasının məbləği hesablanarkən bütün illər üzrə indeksləşdirmə, pensiyanın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı, o cümlədən 2015 – 2021-ci illər üzrə pensiya kapitalının nəzərə alınıb-alınmadığının müəyyən edilməsi; 2) əgər 2015 – 2021-ci il üzrə pensiya kapitalı nəzərə alınmamışdırsa, həmin kapital məbləği nəzərə alınmaqla əmək pensiyasının məbləğinin müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 28 oktyabr 2022-ci il tarixli məktubu ilə mərkəzin ekspertinin “məhkəmə ekspertzasının aparılmasından imtina edilməsi barədə” məlumatı daxil olmuşdur. Məlumatda imtina belə əsaslandırılmışdır ki, ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə 12 avqust 2022-ci il tarixli vəsatət (DSMF-nin aidiyyəti üzrə mütəxəssisinin tədqiqata cəlb olunması ilə bağlı) göndərilmiş, lakin həmin vəsatət təmin edilməmişdir. Odur ki, məhkəmə işin faktiki halları və işdə olan sübutlar məcmusunda mübahisəyə qiymət verilməsini məğbul bilir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək pensiyasının məbləği hesablanarkən səhvə yol verilməsi, yəni 2017-ci ildə pensiyanın yenidən hesablanması zamanı sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1 sentyabr 2009-cu il tarixdən nəzərə alınmalı olduğu halda (əmək pensiyası 2009-cu ilin sentyabr ayından təyin edilmişdir), sənvən 1 yanvar 2006-cı il tarixdən hesablandığından, bununla bağlı pensiya məbləğinə düzəliş etməkdə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı haqlı olmuşdur. Odur ki, məhkəmə cavabdehin 1 noyabr 2021-ci il tarixli **********8 nömrəli qərarı “əmək pensiyasının məbləğinin dəyişdirilməsi” hissəsində qanunsuz saymır. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Mübahisə predmeti olan 1 noyabr 2021-ci il tarixli **********8 nömrəli qərarın ikinci hissəsinə gəldikdə isə, məhkəmə qərarı həmin hissədə qanun zidd və İddiaçı hüquqlarını pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Bu qənaəti ilə bağlı məhkəmə aşağıdakları diqqətə çəkir: Qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı iş üzrə cavabdehin 1 noyabr 2021-ci il tarixli **********8 nömrəli qərarının ikinci hissəsi “əlverişli inzibati akt”la bağlı olmasa da, “əlverişli faktiki hərəkətlər”lə əlaqədar olduğundan, qərarın həmin hissəsi qəbul olunarkən İddiaçı “ona ödənilmiş pensiya məbləğləri”nə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 1.2 və 67.6-cı maddələrinə müvafiq olaraq etimad hüququnun qorunması nəzərə alınmamışdır. Belə olan halda, cavabdehin 1 noyabr 2021-ci il tarixli **********8 nömrəli qərarının İddiaçı ödənilmiş pensiya məbləğindən “artıq ödəmə” qismində hissənin tutulması barədə ikinci hissəsinin qəbulu «İnzibati icraat haqqında» Qanununun 67.5-ci maddəsinə görə yolverilən deyil. Qeyd olunanlardan əlavə məhkəmə vurğulayır ki, iddiaçıya təyin olunmuş pensiyanın məbləğinin qanunauyğun hesablanmaması sübuta yetirilmiş olsa da, həmin məbləğ cavabdeh inzibati orqanın gətirdiyi dəlil kimi “artıq ödənilmiş əmək pensiyası məbləği” qismində qiymətləndirilə bilməz. İddiaçının ikinci tələbinə gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçının əmək pensiyasının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla 2017-ci ilin oktyabr ayında yenidən hesablandığından, növbəti dəfə pensiya kapitalı nəzərə alınmaqla yenidən hesablanma 6 il sonra (o, işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməzsə), yəni 2023-cü ilin oktyabr ayında aparıla bilər. Odur ki, iddiaçının bu tələbi əsaslı deyil. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 1 noyabr 2021-ci il tarixli **********8 nömrəli qərarı “1 oktyabr 2017-ci il tarixdən 31 oktyabr 2021-ci il tarixədək olan dövr üzrə artıq ödənilmiş 2.038,69 manat məbləğin bölünərək əmək pensiyasından tutulmaqla DSMF-nın hesabına bərpa edilməsi” hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 1 noyabr 2021ci il tarixli **********8 nömrəli qərarı “1 oktyabr 2017-ci il tarixdən 31 oktyabr 2021-ci il tarixədək olan dövr üzrə artıq ödənilmiş 2.038,69 manat məbləğin bölünərək əmək pensiyasından tutulmaqla DSMF-nın hesabına bərpa edilməsi” hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar