Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4793/2021 03.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili-“Əkrəm Həsənov və Partnyorları” vəkil bürosunun vəkili X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1982-ci il tarixdən 23 fevral 1988-ci ilə kimi Ermənistan SSR Sisian rayonu Aqudi kənd kolxozunda tütünçü-fəhlə, 15.02.1989- 01.09.1998-ci il illərdə Sumqayıt şəhərində Azərbaycn Respublikası “Azərikimya” İstehsalat Birliyinin keçmiş “X4” zavodunun xlor və kaustik soda istehsalatının lobaratoriyasında, 10.05.2001-ci ildən Azərbaycan Respublikası “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Politilen” zavodunun yeni buttadien sexində operator vəzifəsində halhazıradək işləməyə davam etdiyinin nəzərə alınaraq, işlədiyi müddətlərin ümumi iş satjı və bu stajın 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahısı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışmağı kimi sosial stajına daxil edilərək, 52 yaşdan, yəni 18.03.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq, birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona 52 yaşı tamam olan tarixdən yəni 18.03.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1966-cı ildə Ermənistan SSR Sisian rayonunun Aqudi kəndində doğulmuşdur.1982-ci il tarixdən- 23 fevral 1988-ci ilə kimi Ermənistan SSR Sisian rayonu Aqudi kənd kolxozunda tütünçü-fəhlə kimi əmək fəaliyyətinə başlayaraq, işləmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli qətnaməsi ilə onun 01.06.1982-ci ildən-23.02.1988-ci ilədək Ermənistan SSR Sisian rayonu Aqudi kənd kolxozunda tütünçü-fəhlə işləməsi faktı müəyyən edilmişdir. 15.02.1989-01.09.1998-ci illərdə Sumqayıt şəhərində əmək fəaliyyətinə başlayaraq, Azərbaycan Respublikası “Azərkimya” İstehsalat Birliyinin keçmiş “X4” zavodunun xlor və kaustik soda istehsalatının lobaratoriyasında işləmişdir. 10.05.2001-ci ildən Azərbaycan Respublikası “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun yeni butaudien sexində operator vəzifəsində işləmişdir və hal-hazırda işləməkdə davam edir. 18.03.2018ci ilə kimi ümumi 33 il əmək stajı vardır. Əmək pensiyası alması ilə əlaqədar Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Lakin Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəziii Filialı ərizəsini təmin etməyərək, bildirmişdir ki, tələb olunan ümumi iş stajı olmadığına görə yaşa görə əmək pensiyası hüququ yoxdur. Hesab edir ki, imtina əsassızdır. Çünki onun əmək kitabçası var, bundan əlavə işləməsini təsdiq edən sənədləri, qanuni qüvvədə olan məhkəmə sənədlərini və sairə rəsmi sənədləri də cavabdehə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 29.03.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi iddiaya dair etirazında (mülahizə) göstərmişdir ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür, yəni 52 yaşı 18.03.2018-ci ildə - Qanuna 01.07.2017- ci ildə edilmiş dəyişikliklərdən sonra tamam olmuşdur. Yaşının tamam olduğu tarixdə qanunvericilikdə güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün üç şərt müəyyənləşmişdi: yaş. staj və pensiya kapitalı. “Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə görə, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, qeyd olunan yaş və staj məsələsində keçmiş qanunvericiliyin tətbiqinə imkan yaratsa da, pensiya kapitalı kimi digər məsələlər üçün belə bir istisna nəzərdə tutulmur. İddiaçı isə pensiya kapitalı ilə bağlı tələbə cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 50000,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 31895,92 manat təşkil edir. Bundan əlavə, iddiaçıya 01.01.2006-cı ilə qədərki qanunvericiliyin tətbiq edilə bilməsi üçün o, həmin tarixə qədər ümumi və güzəştli iş stajını toplamış olmalı idi. İddiaçının isə həmin tarixə qədərki ümumi iş stajı 19 il 9 ay 2 gün təşkil edir. Eyni zamanda, məlum olduğu kimi, güzəştli iş stajının təsdiq edilməsi üçün müvafiq arayışlar təqdim edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1 -ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Həmin qaydaların 3.2-ci bəndində görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS- a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir. Bundan əlavə, məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının digər məhkəmələrinə 28 noyabr 2020-ci il tarixli məktub göndərilmiş, tövsiyə edilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İddiaçı tərəfindən 01.01.2006-cı il tarixinə qədərki, stajı ilə bağlı aşağıdakı dövrlərə dair arayışlar təqdim edilmişdir: 15.02.1989- 31.01.1991; 01.02.1991-01.09.1991; 10.05.2001-30.04.2002; 01.05.2002-31.03.2004; 01.04.2004-31.12.2005 göründüyü kimi, arayışlardakı müddət 10 ilə çatmır. Qeyd olunanları nəzərə alaraq İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında verdiyi izahatında təmsil etdiyi tərəfin iddianı qəbul etmədiyinin və etirazda qeyd olunanların nəzərə alınaraq, iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair iddiasının rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1966-cı ildə Ermənistan, Sisian rayonunda doğulmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. - İT-İ seriyalı ******* №li əmək kitabçasında (notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş surəti) olan məlumatlara əsasən İddiaçı əmək fəaliyyətinə 26.07.1988-ci ildən başlamışdır. 26.07.1988-ci ildə Bakı kamvol kombinatına Əyirmə sexinə əyirmə avadanlığı operatorunun şagirdi vəzifəsinə təyin olunmuşdur (əmr № 122,27.07.88-ci il); 22.12.1988ci ildə işdən azad edilmişdir (əmr № 18, 25.01.1989-cu il); 15.02.1989-cu ildə 2, 5 saylı sexin lobaratoriyasının texniki nəzarət şöbəsinə 3-cü dərəcəli nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir (əmr № 369, 14.02.1989-cu il); 01.09.1998-ci ildə işdən azad edilmişdir (əmr № 1222, 15.09.1998-ci il); 10.05.2001-ci il tarixdə Sumqayıt “Sintez kauçuk” zavoduna TTTC sexinin 63 saylı şöbəsinə 2 aylıq sınaq müddətinə işə qəbul edilmişdir (əmr № 170, 08.05.2001-ci il); 01.05.2002-ci il tarixində Soyuducu və hava təchizatı sexinin İ-63, E-10 şöbəsinə 4-cü dərəcəli kompressor qurğu maşinisti vəzifəsinə keçirilmişdir (əmr № 139, 06.05.2002-ci il); 01.08.2003-cü il tarixdə soyuducu və hava təchizatı sexinin İ-63 və MKT-11- kömpressor qurğusu üzrə 4-cü dərəcəli kompressor quru-maşinisti keçirilmişdir 1 il müddətinə (əmr № 296, 06.08.2003-cü il); 01.04.2004-cü il tarixdə yeni butadein sexinin məşəl qurğusuna 4-cü dərəcəli qazın təmizlənməsi aparatçısı keçirilmişdir (əmr № 77, 01.04.2004-cü il); 28.02.2005-ci ildə yeni betodien sexinin D-4a şöbəsinin məşəl qurğusunda qazın təmizlənməsi üzrə aparatçısı keçirilmişdir (əmr № 124 kş, 28.02.2005-ci il); 10.05.2005-ci il tarixdə 1 il müddətinə Yeni betodien sexinin İİ korpusuna 5-ci dərəcəli qovucu aparatçısı keçirilmişdir (əmr № 244, 10.05.2005ci il); 275 saylı 10.05.2006-cı il tarixli əmrə əsasən əmək müqaviləsinin müddəti Azərbaycan Respublikasının ƏM-nin 45-ci maddəsinin 2-ci bəndilə uzadılmışdır (əmr № 304, 08.06.2005-ci il); 14.02.2007-ci il tarixdə həmin sexin İİ korpusuna 6-cı dərəcəli qovucu aparatçı (kt-2, Kt-56 və üfürmə sistemləri üzrə) keçirilmişdir (əmr № 84, 14.02.2007-ci il); 01.01.2009-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir (əmr № Ş- 01, 05.01.2009-cu il); 01.01.2009-cu il tarixdə əvvəlki işinə bərpa edilmişdir. 29.06.2010-cu il tarixdə 15 saylı Yeni butadien sexinə 3-cü dərəcəli qovma aparatçısı keçirilmişdir (əmr №-944, 29.06.2010-cu il); 02.06.2011-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir (əmr № 805, 02.06.2011-ci il); 02.06.2011-ci il tarixdən işdən azad edilməsi haqqında verilmiş 805 saylı 02.06.2011-ci il tarixli əmri həmin tarixdən ləğv edilmişdir. 01.07.2011-ci il tarixdə 35 nömrəli hava təchizatı və estakada təchizatı sexinə 2-ci dərəcəli aparıcı aparatçı peşəsinə keçirilmişdir (əmr № 950, 30.06.2011-ci il); 20.12.2011-ci il tarixdə həmin sexdə 2-ci dərəcəli hava bölüşdürücüsünün aparatçısı vəzifəsinə keçirilmişdir (əmr № 1697-k, 20.12.2011-ci il) 14.04.20015-ci ildə həmin sahədə 2-ci dərəcəli xammalın hazırlanması və yarım fabrikat hazır məhsulun buraxılması aparatçısı keçirilmişdir (əmr № 117 k, 14.04.2015-ci il); 20.06.2019-cu il tarixində həmin sahədə 03-cü dərəcəli xammalın hazırlanması və yarımfabrikat, hazır məhsulun buraxılması aparatçısı vəzifəsinə keçirilmişdir (əmr № 191-k, 20.06.2019-cu il). Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(060)-9757/2019 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, ərizəçi İddiaçı, onun 01.06.1982-ci ildən 23.02.1988-ci ilədək Ermənistan SSR Sisian rayonu Aqudi kənd kolxozunda tütünçü-fəhlə işləməsi faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmənin 11 dekabr 2019-cu il tarixli 2(060)9757/2019 saylı qətnaməsi ilə ərizə təmin edilərək, İddiaçı 01.06.1982-ci ildən 23.02.1988-ci ilədək Ermənistan SSR Sisian rayonu Aqudi kənd kolxozunda tütünçü-fəhlə işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi apellyasiya şikayəti vermiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9757/2019 saylı 19 fevral 2020-ci il tarixli qərardadı ilə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin məhkəmənin 11.12.2019-cu il tarixli 2(060)-9757/2019 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyun 2020-ci il tarixli 2(015)-1668/2020 saylı qərardadı ilə maraqlı şəxs Azərbaycan Respublikası əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9757/2019 saylı 29 fevral 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti –SOCAR “Etilen Politelin” Zavodu tərəfindən İddiaçı verilmiş; - 09.07.2020-ci il tarixli 75 saylı arayışdan müəyyən olunur ki, sonuncu 15.02.1989cu ildən 31.01.1991-ci ilə kimi tam iş günü “Azərkimya” İstehsalat Brliyinin keçmiş “X4” zavodunun texniki nəzarət şöbəsində diafraqma üsulu ilə xlor və kaustik sadə istehsalatı və karbohidrogenlər və onların birləşdirilməsi üzrə nəzarətçi vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-1754b şifrinə əsasən 2 saylı siyahısında sadalanan xlor, kaustik soda istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - 09.07.2020-ci il tarixli 76 saylı arayışdan müəyyən olunur ki, sonuncu 01.02.1991ci ildən 01.09.1998-ci ilə kimi tam iş günü “Azərkimya” İstehsalat Brliyinin keçmiş “X4” zavodunun diafraqma üsulu ilə xlor və kaustik sadə istehsalatı lobaratoriyasında nəzarətçi vəzifəsində işləmişdir (qeyd 15.02.1989-cu ildən 01.09.1998-ci ilərdə “ŞAM” zavodunda işlədiyi müddətdə aşağıda göstərilən tarixdə ödənişsiz məzuniyyətdə olmuşdur: 09.02.1998-09.08.1998) Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-1754v şifrinə əsasən 2 saylı siyahısında sadalanan xlor, kaustik soda istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - 09.07.2020-ci il tarixli 77 saylı arayışdan müəyyən olunur ki, sonuncu 10.05.2001ci ildən 30.04.2002-ci ilə kimi tam iş günü “Azərkimya” İstehsalat Birliyinin “Etilenpolitelien” zavodunun propan-propilen soyuqluq sexinin soyuducu şöbəsində kompressor qurğu maşinisti vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-1754a şifrinə əsasən 2 saylı siyahısında sadalanan ammonyak, soyuducu bölməsinin işçilərinə istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - 09.07.2020-ci il tarixli 78 saylı arayışdan müəyyən olunur ki, sonuncu 01.05.2002ci ildən 31.03.2004-cü ilə kimi tam iş günü “Azərkimya” İstehsalat Birliyinin “Etilenpolitelien” zavodunun soyuducu və hava təchizatı sexinin soyuducu şöbəsində kompressor qurğu maşinisti vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının X bölməsinin 3-cü bəndinin 2110A030-1754a şifrinə əsasən 2 saylı siyahısında sadalanan ammonyak, soyuducu bölməsinin işçilərinə istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - 09.07.2020-ci il tarixli 79 saylı arayışdan müəyyən olunur ki, sonuncu 01.04.2004cü ildən 31.12.2005-ci ilə kimi tam iş günü “Azərkimya” İstehsalat Birliyinin “Etilenpolitelien” zavodunun yeni butadien sexində aparatçı vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan butadein istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. - 09.07.2020-ci il tarixli 80 saylı arayışdan müəyyən olunur ki, sonuncu 01.01.2006ci ildən 31.12.2006-ci ilə kimi tam iş günü “Azərkimya” İstehsalat Birliyinin “Etilenpolitelien” zavodunun yeni butadien sexində aparatçı vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının 8-ci bölməsinin 8.1.1 bəndinə siyahıda sadalanan butadien istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İddiaçının hazırkı tələblə cavabdeh orqana 13.07.2020-ci il tarixdə etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 24.09.2020-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş “X4” zavodunun 9 iyul 2020-ci il tarixli 76 nömrəli arayışında onun 09.02.1998-09.08.1998ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 9 ay 2 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 50000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 31.895,92 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (22.12.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “z” bəndinə əsasən kolxozlarda, sovxozlarda və digər dövlət aqrar sənaye müəssisələrində bilavasitə kənd təsərrüfatı məhsulları istehsalınla çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışan kişilər – 55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa, qadınlar – 50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Göründüyü kimi, 52 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun isə 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır, lakin əgər istinad edilmiş qanun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər və müddətdən asılı olmayaraq, keçmiş müddət üçün də pensiya məbləğini almalıdırlar. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda bildirmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az təşkil edir. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Cavabdeh inzibati orqan imtinada göstərmişdir ki, müraçiətçi (iddiaçı) 09.02.1998- 09.08.1998-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu üçün onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 9 ay 2 gün) təşkil edir. Məhkəmə cavabdehin imtinasının qeyd olunan əsasları ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin həmin dövrdə qüvvədə olan redaksiyada 111-ci maddəsinə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Həmin Məcəllənin: - 112-ci maddəsinə görə, işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; b) uşağına qulluq etmək üçün qadınların sosial məzuniyyəti; c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ç) ödənişsiz məzuniyyət; - 128-ci maddəsinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır; - 129-cu maddəsinə görə, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər; - 130-cu maddəsinə əsasən, işçilərin xahişi və işəgötürənin razılığı ilə aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: a) həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; b) arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə - 14 təqvim gününədək; c) 16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara – 14 təqvim gününədək; ç) əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə - bir təqvim ayınadək; d) müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə - 14 təqvim gününədək; e) Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət alm ış işçilərə - 14 təqvim gününədək; 3 ə) qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin 16 yaşınadək əlil uşağı olan valideynlərə - 14 təqvim gününədək; f) doktoranturada, aspiranturada təhsil alan işçilərə - 1 təqvim ayınadək; g) ali məktəblərdə qəbul imtahanlarına buraxılan işçilərə -14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə - 7 təqvim günü; ğ) ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə - 14 təqvim gününədək; h) ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə səhiyyə müəssisəsinin rəyi ilə - 14 təqvim gününədək. Eyni Məcəllənin 129-cu maddəsinə 2009-cu ildə edilmiş dəyişikliyə əsasən isə, “... işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.” Məhkəmə hesab edir ki, iddiaçının 09.02.1998-09.08.1998-ci il tarixləri arasındakı dövr ərzində öz hesabına 6 ay müddətində ödənişsiz məzuniyyətdə olması Əmək Məcəlləsinin 112 və 128-ci maddələri anlamında ödənişsiz məzuniyyət hesab olunur. Göründüyü kimi, iddiaçı tərəfindən təqdim olunmuş qanuni qüvvədə olan məhkəmə qətnaməsi də nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək (məhkəmə qətnaməsi ilə müəyyən olunmuş dövr-01.06.1982-ci ildən 23.02.1988 (5 il 8 ay 22 gün); əmək kitabçasında olan qeydlər: 26.07.1988-22.12.1988; 15.02.1989-01.09.1998; 10.05.2001- 01.01.2006 (14 il 7 ay 3 gün) 20 ildən artıq, yəni 20 il 3 ay 25 gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq 08.10.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.01.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçının işlədiyi; - diafraqma üsulu ilə xlor və kaustik sadə istehsalatı və karbohidrogenlər və onların birləşdirilməsi üzrə nəzarətçi; diafraqma üsulu ilə xlor və kaustik sadə istehsalatı lobaratoriyasında nəzarətçi; propan-propilen soyuqluq sexinin soyuducu şöbəsində kompressor qurğu maşinisti; soyuducu və hava təchizatı sexinin soyuducu şöbəsində kompressor qurğu maşinisti; yeni butadien sexində aparatçı peşələri (vəzifə) müvafiq olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nın Kimya İstehsalatı adlanan X bölməsinin 3-cü bəndinin 2110A030-1754b kodunda; 2110A030-1754v kodunda; 2110A030-1754a kodunda; 2110A030-1754a kodunda; “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”nın Kimya İstehsalatı adlanan Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 kodunda; -“Etilen-politelien” zavodunun yeni butadien sexində aparatçı peşəsi (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarının Kimya istehsalatı adlanan 8-ci bölməsinin 8.1.1 bəndində nəzərdə tutulmuşdur. Bundan əlavə iddiaçının 01.06.1982-ci ildən 23.02.1988-ci ilədək tütünçü peşəsində işləməsi zamana görə qüvvədə olmuş qanunvericiliyin tələblərinə görə əmək şəraitinə görə güzəştli pensiya hüququnun yaranması əsaslarından birini təşkil edir. Bu halda yuxarıda istinad edilmiş Qanununun 9.8-ci maddəsi və müvafiq olaraq göndərici norma kimi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13ci maddəsinin “z” bəndinin tələblərinin tətbiq edilməsi zəruridir. Göründüyü kimi, iddiaçı 01.01.2006-cı il tarixədək 20 ildən çox ümumi əmək stajı ilə bərabər 10 ildən çox, yəni 19 il 10 ay 29 gün əmək şəraiti zərərli işlərdə işləmiş (məhkəmə qətnaməsi ilə müəyyən olunmuş dövr-01.06.1982-ci ildən 23.02.1988 (5 il 8 ay 22 gün); işəgötürən tərəfindən verilmiş güzəştli arayışlara əsasən 15.02.1989-31.01.1991; 01.02.1991-01.09.1998; 10.05.2001-30.04.2002; 01.05.2002-31.03.2004; 01.04.2004- 31.12.2005 (14 il 2 ay 7 gün) gün) lakin cavabdeh orqan iddiaçıya əsassız olaraq pensiya təyin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının təyin edilməsi müddətlərindən bəhs edən 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən lakin, bu qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət etdilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyən edilmiş müddətlərə təyin olunur. İddiaçının 01.01.2006-cı il tarixədək xüsusi iş stajı 10 ildən, ümumi iş stajı isə 20 ildən artıq olduğundan onun güzəştli şərtlərlə pensiya hüququ 52 yaşının tamam olduğu gündən yarandığından və iddiaçının 52 yaşı 18.03.2018-ci il tarixdə tamam olduğuna görə, həmin tarixdən ona pensiya təyin edilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 52 yaşdan, yəni 18.03.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 52 yaşdan, yəni 18.03.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4793/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4793/2021
03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver