Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4794/2023 07.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sabunçu rayonu Maştağa qəsəbə Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sabunçu rayonu Maştağa qəsəbə Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 07 iyun 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İş üzrə cavabdeh Sabunçu Rayon Maştağa Bələdiyyəsi tərəfindən qəbul edilmiş 21 iyun 2022-ci il tarixli, 15/75 saylı qərar əsasında iddiaçıya 15.000 manat icarə haqqı hesablanmış və tutulması üçün müvafiq icra şöbəsinə göndərilmişdir. İddiaçı cavabdeh Sabunçu rayonu Maştağa qəsəbə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon Maştağa Bələdiyyəsi tərəfindən qəbul edilmiş 21 iyun 2022-ci il tarixli, 15/75 saylı qərarını ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ona torpaq sahəsinin ayrılması barədə qərardan, həmçinin icarə müqaviləsindən və 15.000 manat pul vəsaitinin tutulması barədə qərardan məlumatsız olmuşdur və hal-hazıradək sözügedən torpaq sahəsi iddiaçıya verilməmiş, harada yerləşməsini belə bilmir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, Sabunçu Rayon Maştağa Bələdiyyəsi tərəfindən qəbul edilmiş 21 iyun 2022-ci il tarixli, 15/75 saylı qərar əsasında iddiaçıya 15.000 manat icarə haqqı hesablanmış və tutulması üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Qeyd edilən məbləğ iddiaçı ilə bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsi əsasında hesablanmışdır. Belə ki, 1 kvadrat metri 0,05 manat hesabı ilə 20000 kv.m. torpaq sahəsinin illik icarə haqqı 1000 manat təşkil etmiş, 2007-2021-ci illər üzrə 15.000 manat hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ
1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. ...
3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.
4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. ...
8. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Torpaq icarəsi anlayışı Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə 11. Torpaq icarəsi müqaviləsi İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. ... Maddə 14. İcarə haqqı Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. ...
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 710. Torpaq icarəsi haqqı 710.1. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. 710.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. 710.3. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə bildirir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). İşin faktiki hallarından görünür ki, mübahisə predmeti qərarın qəbul edilməsinin əsasında tərəflər arasında bağlanmış torpaq icarəsi müqaviləsi olmuşdur. Həmin müqavilə ilə tərəflər bərabər hüquqlu subyekti kimi çıxış etdiyi halda, müqavilə üzrə müəyyən edilmiş icarə haqqının tutulması üçün müqavilə tərəfi olan bələdiyyə birtərəfli qaydada inzibati akt qəbul etmişdir. Halbuki müqavilə tərəfi öhdəliklərini icra etmirsə, onun icrasının təmin edilməsi məsələsinə məhkəmə qaydasında baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarında göstərilmişdir ki, Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. (5.2-ci bənd) Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. (6.2-ci bənd) Göründüyü kimi, hazırkı iş üzrə icarə haqqının ödənilməsi ilə mübahisə bilavasitə tərəflər arasında olan müqavilə münasibətlərindən yaranan mülki hüquq xarakterlidir. Belə olan halda aydın olur ki, cavabdehin icarə haqqının ödənilməsi ilə bağlı qəbul etdiyi qərar qanunsuz olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Sabunçu Rayon Maştağa Bələdiyyəsi tərəfindən qəbul edilmiş 21 iyun 2022-ci il tarixli, 15/75 saylı qərar ləğv edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Sabunçu Rayon Maştağa Bələdiyyəsi tərəfindən qəbul edilmiş 21 iyun 2022-ci il tarixli, 15/75 saylı qərar ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov