Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4794/2024 30.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı dövlət qeydiyyat nişanının təhkim edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi hesabına Asan Ödəniş portalı vasitəsi ilə adından ödənmiş 1500 (bir min beş yüz) manat dövlət rüsumuna əsasən, yəni dövlət qeydiyyat nişanlarının verilməsinə görə, seriya eyni hərflərdən ibarət olduqda dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üzrə ödənişə görə hazırda sərfiyyatda olan seriya üzrə yuxarıda qeyd olunan dövlət qeydiyyat nömrələrindən hər hansı birinin adına dövlət qeydiyyatının aparılmasının cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının vətəndaşı olaraq vətəndaşlıq hüququndan istifadə edərək xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN Baş X2 İdarəsinə elektron Asan Ödəniş portalı vasitəsi ilə onun adından dövlətin büdcəsinə ödənmiş fövlət qeydiyyat nişanlarının verilməsinə görə: seriyası eyni hərflərdən ibarət olduqda dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üzrə ödənişə görə dövlət qeydiyyatının aparılmasını xahiş etmişdir. Belə ki, 24 təqvim günündən sonra xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN Baş X2 İdarəsinin rəis müavini Kamran Əliyevin imzası ilə arzu etdiyi dövlət qeydiyyat nişanlarının hazırda sərfiyyatda olmadığından xahişinin istəyinə uyğun həlli mümkün olmamışdır deyə heç bir hüquqa uyğun olmayan qanuna zidd cavab verilmişdir. Dünyada baş verən sürətli elektron inkişafa uyğun olaraq şəffaflığın təmin edilməsi və vətəndaşların hüquqların qorunması məqdəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən “ASAN xidmət" mərkəzləri yaradılmışdır. Daha sonra 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə "ASAN ödəniş" sistemi yaradılmışdır və hər bir Azərbaycan Respublikası vətəndaşının şəxsi kabinet yaradaraq bu sistemdən istifadə edərək ödəniş etmək qanuni olaraq hüququ vardır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayədəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “X1” Azərbaycan Respublikasının Qanunu Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı İ. Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. … İV-İ. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 1) nəqliyyat vasitəsinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının alınması ilə bağlı internet vasitəsilə elektron formada müraciət etmə imkanı və həmin şəxsin növbəsi barədə (tarix və vaxt göstərilməklə) eyni qaydada məlumatın verilməsi; 2) nəqliyyat vasitəsinin dövlət qeydiyyatını və daimi uçota alınmasını, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsi ilə bağlı həmin fəaliyyəti həyata keçirən dövlət orqanında “bir pəncərə” prinsipinin təşkili; 3) nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, habelə nəqliyyat vasitəsinin müayinəsi və texniki baxışı ilə bağlı hərəkətlərin fasiləsiz olaraq həyata keçirilməsi; … 6) növbələrin yaranmasını istisna edən, sənədlərin qəbulu və verilməsinin, dövlət qeydiyyat nişanlarının verilməsinin elektron idarəetmə sistemi; 7) dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəm və ya hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması, habelə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyalarını xüsusi terminallar vasitəsilə, o cümlədən internet vasitəsi ilə sərbəst seçmək və sifariş etmək, həmçinin dövlət rüsumunu ödəmək imkanının yaradılması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 dekabr 2013-cü il tarixli 345 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası”
3. Rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsi üçün müraciət edilməsi 3.1. Avtonəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün müraciət edən şəxs qeydiyyat imtahan məntəqəsində yerləşdirilmiş xüsusi elektron terminal vasitəsilə dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir və terminalın avtomatik olaraq çap edib verdiyi seçilmiş rəqəm və hərf kombinasiyasını, ödənilmiş dövlət rüsumunun məbləğini və aparılmış əməliyyatın nömrəsini, həmçinin şəxsiyyət vəsiqəsinin nömrəsini əks etdirən qəbzi nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərə əlavə edir. … 3.3. Avtonəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün qeydiyyat imtahan məntəqəsinə və ya internet vasitəsilə müraciət edə bilər. 3.4. Qeydiyyat-imtahan məntəqəsinə daxil olan şəxs xüsusi elektron terminala yaxınlaşaraq, şəxsiyyət vəsiqəsinin nömrəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin nömrəsini daxil edir və dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu, habelə yeni qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu elə həmin terminal vasitəsilə ödəyir. Bundan sonra elektron terminal avtomatik olaraq qəbz çap edir. Qəbzdə seçilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin kombinasiyası, ödənilmiş dövlət rüsumları, aparılmış əməliyyatın nömrəsi və şəxsin növbəsi əks olunur. 3.5. Şəxsin qəbzdə göstərilmiş növbəsi çatdıqda, o sənədləri qəbul edən pəncərəyə yaxınlaşaraq, şəxsiyyət vəsiqəsini, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və qəbzi təqdim edir. Qəbzdə göstərilmiş əməliyyatın qeydiyyat nömrəsi əsasında sənədləri qəbul edən şəxs elektron idarəetmə sistemi vasitəsilə təqdim edilmiş sənədlərin və əks edilmiş məlumatların düzgünlüyünü yoxlayır və sistem vasitəsilə avtomatik generasiya edilən ərizəni çap edir və imzalanması üçün şəxsə təqdim edir. Ərizədə şəxsin adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinin nömrəsi, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin nömrəsi, mühərrik, ban və şassi nömrələri, habelə rəngi, dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin seçilmiş kombinasiyası, ödənilmiş dövlət rüsumları barədə məlumatlar əks olunur. 3.6. Ərizə imzalandıqdan və qəbul edildikdən, habelə şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdən sonra nəqliyyat vasitəsi mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinəyə təqdim edilir. Müayinədən keçən nəqliyyat vasitəsinə 30 (otuz) dəqiqə ərzində yeni dövlət qeydiyyat nişanı və yeni qeydiyyat şəhadətnaməsi verilir. 3.7. Avtonəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün internet vasitəsilə müraciət etdikdə, internet səhifəsində şəxsiyyət vəsiqəsinin nömrəsini, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin nömrəsini, elektron poçt ünvanını daxil edir və dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçərək, onun üçün müəyyən edilmiş dövlət rüsumunu, habelə yeni qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu həmin səhifədə ödəyir. Bundan sonra internet səhifəsində avtomatik olaraq ərizə generasiya olunaraq şəxsin elektron poçt ünvanına göndərilir və bilavasitə internet səhifəsindən çap edilməsi imkanı təmin olunur. Ərizədə şəxsin adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinin nömrəsi, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsinin nömrəsi, mühərrik, ban və şassi nömrələri, habelə rəngi, dövlət qeydiyyat nişanının rəqəm və hərflərinin seçilmiş kombinasiyası, ödənilmiş dövlət rüsumları, həmçinin qeydiyyat-imtahan məntəqəsinə gəlmə tarixi və vaxtı barədə məlumatlar əks olunur. 3.8. Şəxs həmin ərizədə göstərilən tarixdə və vaxtda qeydiyyat-imtahan məntəqəsinə gələrək, şəxsiyyət vəsiqəsini, nəqliyyat vasitəsinin dövlət qeydiyyatı şəhadətnaməsini və imzalanmış ərizəni sənədləri qəbul edən pəncərəyə təqdim edir. Sənədləri qəbul edən əməkdaş onların uyğunluğunu yoxlayır. Şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdən sonra müayinədən keçən nəqliyyat vasitəsinə 30 (otuz) dəqiqə ərzində yeni dövlət qeydiyyat nişanı və yeni dövlət qeydiyyatı şəhadətnaməsi verilir. … İnzibati Prosessual Məcəllənin 12-ci maddəsində təsbit olunmuş işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olduğu işin məhkəmə tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı özünə məxsus nəqliyyat vasitəsinə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 olan, seriyası müxtəlif və ya eyni hərflərdən ibarət olan dövlət qeydiyyat nişanlarının verilməsini tələb edir, cavabdeh isə imtinasını iddiaçının arzu etdiyi dövlət qeydiyyat nişanlarının hazırda sərfiyyatda olmaması ilə əsaslandırır. Bununla bağlı, məhkəmə xüsusi olaraq qeyd edir ki, istənilən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, adından da bəlli olduğu kimi şəxsin xüsusi mülkiyyətində deyil, dövlət mülkiyyətində olan əşyadır. Həmçinin bununla əlaqədar olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin nə əşya, nə də əmlak hüquqlarına həsr olunmuş maddələrində avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının həmin anlayışlara (yəni, əşya və əmlak hüququ anlayışlarına) daxil olmaması da, müəyyən edilir. Hazırkı işin hallarından göründüyü kimi, iddiaçı ona məxsus olmayan, dövlət mülkiyyətində olan əşyanı (dövlət qeydiyyat nişanını) tələb etməkdə subyektiv hüququnun mövcudluğunu əsaslandıra bilməmişdir. Bundan başqa, hazırkı qərardadda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edilməlidir ki, dövlət mülkiyyətində olan dövlət qeydiyyat nişanın verilməsi qaydalarında şəxsin istəyinə uyğun olaraq konkretləşdirdiyi dövlət qeydiyyat nişanın verilməsi nəzərdə tutulmamışdır. Belə ki, “X1” Qanunun 29-cu maddəsinə görə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində müəyyən edilmiş yerlərdə bərkidilmiş fərdi qeydiyyat nişanıdır. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərindən və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. Nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə uçota alındıqda bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı verilir. Dövlət qeydiyyat nişanında hazırda iki rəqəm (region kodu), iki hərf və üç rəqəm formatından istifadə olunur. Rəqəm və hərf qrupları defislə bölünür. İlk iki rəqəm avtomobilin qeydiyyat rayonunu bildirir. Hazırda qüvvədə olan normalara əsasən şəxs rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanının alınması hüququna malikdir. Buna müvafiq olaraq, dövlət qeydiyyat nişanının təyinatı baxımından cavabdehin müraciət edən şəxsin nəqliyyat vasitəsini yalnız dövriyyədə olan qeydiyyat nişanı ilə təchiz etmək öhdəliyi vardır. Qeyd olunan həmin öhdəlik şəxsin arzu etdiyi istənilən rəqəm və hərf kombinasiyasından ibarət qeydiyyat nişanın verilməsi anlamında təfsir oluna bilməz. Başqa sözlə, dövlət qeydiyyat nişanının rəqəm və hərf kombinasiyasını sərbəst seçmək imkanı dövriyyəyə buraxılmış qeydiyyat nişanları ilə məhdudlaşır. Başqa cür yanaşma, müxtəlif şəxslər tərəfindən eyni rəqəm və hərf kombinasiyaların seçildiyi təqdirdə çıxılmaz və həlli mümkün olmayan halların yaranmasını şərtləndirərdi. Bu baxımdan şəxs dövriyyəyə buraxılmamış arzuladığı rəqəm və hərf kombinasiyasından ibarət qeydiyyat nişanını tələb hüququna istinad etməkdə haqlı sayıla bilməz. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1341/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında sərgilənmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Hakim Aygün Abdullayeva