Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-480/2022 07.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Сavabdehin nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AR DİN-nin Yasamal rayon polis idarəsinin iddiaçının daxili işlər orqanından xidmət etməyinin xaric edilməyinə dair 15 oktyabr 2020-ci il tarixli Ə/84 Ş/h-091-20 saylı əmrin bğv edilməsini, onun əvvəlki vəzifəsinə xidmətə qəbul olunmasını, məcburi iş buraxmağına görə bütün dövr üçün ödəniş edilməsinə dair qərar çıxarılmasını; barəsində aparılmış araşdırmaya dair bütün sənədlərin təsdiq olunmuş surətlərini, o cümlədən 15 oktyabr 2020-ci il tarixli Ə/84 Ş/h-091-20 saylı əmrin surətləri Yasamal RPİ-dən və Bakı Baş Polis İdarəsindən tələb olunaraq onların ətrafında araşdırma aparılmasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı iddianın dəyişdirilməsinə dair ərizəsi qismən “İddiaçı cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinə qarşı (3-cü şəxs Yasamal Rayon Polis İdarəsi) iddiaçının daxili işlər orqanından xidmət etməkdən xaric olunmasına dair Bakı şəhər Baş Polis İdarəsinin 14 oktyabr 2020-ci il tarixli Ə 441-039-20 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə xidmətə bərpa olunması, məcburi iş buraxmağa görə bütün dövr üçün əmək haqqının ödəniş edilməsinə dair qərar qəbul edilməsi” hissəsində icraata qəbul edilmiş, İddiaçı iddianın dəyişdirilməsinə dair ərizəsi qalan hissədə icraata qəbul edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, AR DİN-nin Yasamal rayon polis idarəsinin 26 mart 2019-cu il tarixli Ə 25 ş/h saylı əmrinə əsasən Yasamal rayon polis idarəsini polis nəfəri kimi xidmətə qəbul olunmuşdur. Həmin vaxtadan Yasamal rayon ərazisində xidmət aparmağa başlamışdır. 13 avqust 2020-ci il tarixdə o, manqa komandiri X5, polis serjantı X1, axırıncının idarə etdiyi xidməti Fiat markalı Az ** AP *** dövlət nömrə nişanlı maşınla xidmət apararkən, təxmini saat 16:30 radələrində bir qara rəngli Volsfaqen markalı avtomaşını idarə edən sürücü avtomaşının qabaq faraları ilə bizə işarə etdi və avtomaşını saxlamağı xahiş etdi. Həmin avtomaşını idarə edən sürücü öz avtomaşınını saxlayıb onlara yaxınlaşdı. Cahandar və manqa komandiri A1ı avtomaşından düşdülər. İddiaçı avtomaşında qaldı. Cahandar və Alı həmin şəxsə özlərini təqdim etdilər. Həmin şəxsin təxminən 30-35 yaşı olardı,bədəni kök, saçı qırxılmış vəziyyətdə idi. Həmin şəxslər Cahndara və Alıya müraciət edərək evini mühafizə elətdirmək niyyətini onlara çatdırdı. Bundan sonra Cahandar, habelə manqa komandiri X5 bildirdilər ki, DİN-nin Mühafizə polisinə müraciət etmək lazımdır. O yaşadığı evin Yasamal rayonu, Əsəd Əhmədov küç, Albalı Uşaq baxçasının yanında olmasını bildirdi. Bundan sonra həmin şəxs onlara müraciət edərək qeyd etdi ki, siz çox əziyyət çekirsiniz, karantin vaxtında çox yorulursunuz. Daha sonra həmin şəxs məndə polis övladı olmuşam, yaxınlarımız polis əməkdaşlarıdır deyərək əlini cibinə salıb Cahandara demklə bizə nahar etmək üçün öz istəyi ilə pul vermək istədi. Cahandar həmin şəxsə iki dəfə etiraz edib bizə nahar üçün pul verməsini qəbul etməyəcəyini bildirdi. Həmin şəxs təkidlə bizə nahar etmək üçün 30 manat pul vəsaitini Cahandarm ovucuna basdı və dərhal oranı tərk itdi. Onlar xidmətlərinə davam edərək, həmin şəxsin verdiyi pulun 10 manatı xərcləyib dönər aldılar. Xidmətlərini davam edib 38 saylı Tam orta məktəbin yanından keçərkən onlara uşaqlar yaxınlaşıb həmin məktəbin futbol oynayan meydançada 3 nəfər narkotik vasitə qəbul etmələrini bildirdilər. Onlar həmin yerə yaxmlaşanda narkotik vasitə qəbul edən şəxslər qaçmağa başladılar. Həmin yaxaladıqları iki nəfər şəxsləri xidməti avtomaşının yanına gətirib polis şöbəsinə çatdırıb təhvil vermək istədilər. Lakin xidməti avtomaşının yanma çatanda gördü ki, xidməti avtomaşın üç avtomaşın ilə onun idarə etdiyi avtomaşının hərəkətini məhdudlaşdırıblar. Eyni zamanda orada 7 nəfər mülki paltar olan şəxslərin olmasını gördü. Hhəmin 7 nəfərdən mülki geyimdə olan biri vəsiqə göstərmədən, onun polis polkovnikleytenantı olmasmı bildirdi. Mülki paltarda olan şəxslər yaxalanılan şəxslər barəsində onlar tərəfindən əməliyyat təşkil olunub və bu şəxlər Bakı Baş Polis İdarəsinə getməlidirlər. Onlar etiraz edib bildirdilər ki, onlar yaxaladıqları şəxsləri ərazi üzrə polis şöbəsinə aparmalıdırlar. Bunun ardınca qeyd etdilər ki, xüsusi gösətriş var, idarə rəhbbərliyinin bundan xəbəri olması kimi cavablandırdılar. Bebliklə də iddiaçını, manqa komandiri- İmanov Alını, polis kiçik serjantı Cahandan, yaxaladıqları hər iki şəxsi Bakı Baş Polis idarəsinə gətirildi. Onlar Bakı Baş polis idarəsinin CAİ-nin rəisinin xidməti otağına gətirildilər. CAİ-nin rəisi onlardan tələb etdi ki, ciblərində nə varsa çıxarıb masanın üstünə qoysunlar. İddiaçının cibində 100(yüz) manatlıq əskinazı, 70 qəpik pul vəsaitini masanın üstünə qoydu. Bundan sonra CAİ-nin rəisi yanında digər mülki paltarda, özünün ad, soyadını və rütbəsini, tututduğu vəzifəsini bildirmədən balaca işıqsaçan qurğu ilə onun cibindən çıxan 100 manat pul əskinazların üzərinə işıqlandırma aparıb üzərində rüşvət sözü yazılmasını 100 manatlıq əskinazın üzərində gördü. Bundan sonra o, həmin pul vəsaitinin yuxarıda qeyd etdiyi qaydada və məzmunda danışıqlardan sonra nahar etmək adı ilə öz arzusu və təkidi ilə onlara adı, soyadı məlum olmayan şəxs tərəfindən 5 dəqiqə ərzində danışıb çıxıb getmiş şəxs tərəfindən verilməsini bildirdi.. Həmin şəxs könüllü yardım qaydasında nahar etmək üçün təkidlə pul verməsi hər hansı qanun pozuntusu yaratmır. İşlədiyi 3 il 07 gün ərzində hər-hansı intizam tənbehi olmamışdır. Əksinə xidməti nümunəvi qaydada etməklə 2 dəfə pul mükafatı ilə təltif olunmuşdur. Buna görə barəsində çıxarılmış əmr əsassız və qanunsuzdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Yasamal Rayon Polis İdarəsinin hazırkı iş üzrə üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddia tələbinin “Bakı şəhər Baş Polis İdarəsinin 14 oktyabr 2020-ci il tarixli Ə 441-039-20 nömrəli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə xidmətə bərpa olunması, məcburi iş buraxmağa görə bütün dövr üçün əmək haqqının ödəniş edilməsinə dair qərar qəbul edilməsi” kimi oxunması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir.
2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxslər məhkəmə prosesində nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtopatrulda xidmət aparan əməkdaşlar inzibati ərazidə malların müəyyən edilməmiş yerlərdə satışının təşkilinin qarşısının alınmasına yönəlmiş Yasamal RPİ rəisinin xx.xx.2020-ci il tarixli, Ə239-091-20 nömrəli əmrinin icrasının təmin edilməsinə cəlb olunmalarına baxmayaraq ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, o cümlədən tətbiq olunan xüsusi karantin rejimi qaydalarına riayət olunması, küçə ticarətinə, avara və dilənçiliklə məşğul olan şəxslərə, antisanitariya və digər bu kimi inzibati xətalara qarşı mübarizə aparmaq əvəzinə fəaliyyətlərini daxili işlər orqanları əməkdaşlarının adına və polisin işgüzar nüfuzuna ləkə gətirən hərəkətlərə yol verilməsi üzərində qurmuşlar. Belə ki, xx.xx.2020-ci il tarixdə, saat 20.00 radələrində Bakı Şəhər BPİ-nin aidiyyəti xidmət əməkdaşları tərəfindən Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi ərazisində keçirilən tədbirlər zamanı qeyd olunan avtopatrulda xidmət aparan polis nəfərləri Cahandar Mustafazadə və İddiaçı heç bir zərurət olmadan maddi vəziyyətinə görə imkanlı təsəvvürü yaradan “Volkswagen” markalı avtomaşının sürücüsünə yaxınlaşaraq polisin nüfuzunu aşağılayan və şəxsi maraqları məzmununda söhbətlər aparıb məqsədlərinə nail olduqdan sonra oradan getmələri müşahidə olunmuşdur. Bakı Şəhər BPİ-nin xx.xx.2020-ci il tarixli Ə441-039-20 nömrəli əmri ilə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini məqsədi ilə keçirilən tədbirlərin gücləndirilməsi ilə bağlı xidmətə cəlb olunmalarına baxmayaraq xx.xx.2020-ci il tarixdə heç bir zərurət olmadan “Volkswagen” markalı avtomaşının sürücüsünə yaxınlaşaraq onunla polisin nüfuzunu aşağılayan və şəxsi maraqları məzmununda söhbətlər aparıb məqsədlərinə nail olduqlarına, bununla da daxili işlər orqanları əməkdaşlarının adına və polisin işgüzar nüfuzuna ləkə gətirən hərəkətlərə yol verdiklərinə görə Yasamal Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfərləri, polis serjantı X1 və polis kiçik serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşlar. Göstərilənlər baxımından, İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric olunmasına dair Bakı Şəhər BPİ-nin xx.xx.2020-ci il tarixli, Ə441-039-20 nömrəli əmrinin qanuni hesab edilərək qüvvədə saxlanılması, əvvəlki vəzifəsinə xidmətə bərpa olunması, məcburi olaraq buraxdığı xidmət dövrü üçün əmək haqqının ödənilməsinin mümkünsüz sayılması barədə qərar qəbul edilməsini xahiş edirlər.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- İddiaçı məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti. - iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surəti. - Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2021-ci il tarixli məktubu və ona əlavə edilmiş AZE 15322595 nömrəli şəxsiyyət vəiqəsinin surəti. - Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2021-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər. - Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2021-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin 14 oktyabr 2020-ci il tarixli Ə 441-039-20 nömrəli əmrini ona aid hissədə mübahisələndirir. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi mübahisələndirilən əmrin və digər sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin 14 oktyabr 2020-ci il tarixli Ə 441-039-20 Əmrin 1-ci bəndinə əsasən "Polis haqqında" Qanunun, DİN-in 2001-212, 2005-130 və 2009-330 nömrəli əmrlərinin tələblərini pozaraq inzibati ərazidə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini məqsədi ilə keçirilən tədbirlərin gücləndirilməsi ilə bağlı xidmətə cəlb olunmalarına baxmayaraq xx.xx.2020-ci il tarixdə "Volkswagen" markalı avtomaşının sürücüsünə heç bir zərurət olmadan yaxınlaşaraq onunla polisin nüfuzunu aşağılayan və şəxsi maraqları məzmununda söhbətlər aparıb məqsədlərinə nail olduqlarına, bununla da Daxili İşlər orqanları əməkdaşlarının adına və polisin işgüzar nüfuzuna ləkə gətirən hərəkətlərə yol verdiklərinə görə Yasamal RPİ PPXB-nin polis nəfərləri, polis serjantı X1 və polis kiçik serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric olunmuşdurlar. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan qəbul etdiyi inzibati aktı iddiaçının daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etməsi ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Post-Patrul naryadlarının yerləşdirilməsi üzrə cədvəlin təsdiq edilmiş surətindən, həmçinin iddiaçının və digər əməkdaşların izahatlarından İddiaçı xx.xx.2020-ci il tarixdə xidmətdə olması, xidmətdə olduğu zaman Daxili İşlər orqanları əməkdaşlarının adına və polisin işgüzar nüfuzuna ləkə gətirən hərəkətlərə yol verməsi öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə, cavabdeh inzibati orqanın iddiaçının hərəkətlərinə görə onun barəsində «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinə əsasən xidmətdən xaric edilmə barəsində əmrini əsaslı hesab edir. Belə ki, «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 114-cü maddəsinə əsasən xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət, töhmət, şiddətli töhmət, xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq, tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə, xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. Həmin Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Həmin Əsasnamənin 141-ci bəndinə əsasən daxili işlər orqanları əməkdaşlarının xidmətdən xaric edilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada həyata keçirilir. DİN-in xx.xx.2005-ci il tarixli 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Həmin Kodeksin 2-ci bəndinə əsasən anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. Həmin Kodeksin 3-cü bəndinə əsasən dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. Həmin Kodeksin 10-cu bəndinə əsasən Azərbaycan Respublikası daxili işlər orqanlarında mövcud olan vətənpərvərlik, yoldaşlıq və qarşılıqlı yardım, cəsurluq və təmənnasızlıq, alicənablılıq və fədakarlıq, xidməti borca sədaqət və peşəkarlıq, xeyirxahlıq və veteranlara hörmət ənənələrini qorumalı və inkişaf etdirməlidir. Həmin Kodeksin 20-ci bəndinə əsasən xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdə ictimai müzakirələrdə iştirak etməməli, xidməti fəaliyyəti və vəzifələri barədə, eləcə də məxfi (dövlət sirri) və konfidensial məlumatları paylaşmamalı, xidməti vəsiqəsinin, iş otağının, silahının, nəqliyyatın, xüsusi vasitələrin, avadanlığın, xüsusi geyim formasının, onun atributlarının və özünün fotoşəkillərini (xüsusi geyim formasında və mülki geyimdə) yerləşdirməməli, digər əməkdaşları bu cür hərəkətlərə təhrik etməməlidir. Həmin Kodeksin 22-ci bəndinə əsasən davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 108-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidməti intizam – əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Beləliklə, məhkəmənin qənaətinə görə, cavabdehin mübahisələndirilən 14 oktyabr 2020-ci il tarixli Ə 441-039-20 nömrəli əmri “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq İddiaçı DİO əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə xidmətdən xaric edilməsi qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından, hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə,habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı Şəhər Baş Polis İdarəsinə qarşı Bakı şəhər Baş Polis İdarəsinin 14 oktyabr 2020-ci il tarixli Ə 441-039-20 nömrəli əmrinin iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə xidmətə bərpa olunması, məcburi iş buraxmağa görə bütün dövr üçün əmək haqqının ödəniş edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev