Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-480/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan ölçü sənədinin və çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2023-cü il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, 163 saylı bağ sahəsinin bir hissəsi ünvanında yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərmişdir ki, idarənin elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə sahədən kənarda yerləşdiyindən müraciətin təmin olunması mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Cavabdehin bu imtinasını qanunsuz hesab edən iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5 saylı Bakı “ASAN” Xidmət mərkəzinin notariat ofisinin xx.xx.2023-cü il tarixli, AN-İ ******* saylı, 4Ə-1725 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən satın aldığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 163 saylı bağ sahəsinin bir hissəsinə mülkiyyət hüququnu təsdiq edən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, 5 saylı Bakı "ASAN" Xidmət mərkəzinin notariat ofisinin xx.xx.2023-cü il tarixli, "AN-İ 1186802" saylı, "4Ə-1725” reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 163 saylı bağ sahəsinin satın aldığı hissəsinə faktiki vəziyyət üzrə torpaq sahəsinin plan ölçü sənədinin və mülkiyyət hüququnu təsdiq edən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 163 saylı bağ sahəsinin bir hissəsinə X3 adına xx.xx.2010-cu il tarixli, **********91 reyestr nömrəli, AA 025841 saylı “torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Bundan sonra yenə cavabdeh tərəfindən X3 adına xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli, MA 011387 seriyalı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da verilmişdir. Həmin torpaq sahəsini 5 saylı Bakı “ASAN” Xidmət mərkəzinin notariat ofisində alqı-satqı yolu ilə satın almışdır. Bu barədə tərəflər arasında, yəni onunla satıcı X9 arasında xx.xx.2023-cü il tarixdə göstərilən notariat ofisində AN-İ ******* saylı, 4Ə-1725 reyestr nömrəli alqı- satqı müqaviləsi də bağlanmışdır. Bu alqı-satqıdan sonra öz adına çıxarış almaq üçün müvafiq sənədlərlə aidiyyatı üzrə cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Cavabdeh xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim etdiyi iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, satıcı X11 və alıcı İddiaçı arasında bağlanan xx.xx.2023-cü il tarixli alqısatqı müqaviləsi İdarəyə daxil olmuşdur. Daha sonra elektron kadastr baza məlumatlarına əsasən İddiaçı tərəfindən alqı-satqı müqaviləsində qeyd olunan əmlaka dair X7 adına verilmiş planölçüdəki sahədən fərqli ərazi göstərmişdir. Belə ki, göstərilən faktiki torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə sahədən kənarda yerləşdiyi müəyyən edilmişdir. Həmçinin bildiririk ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)- 15184/2023 saylı sərəncamında cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi qeyd olunsa da, sərəncama qoşma edilən iddia ərizəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbi müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan xx.xx.2008-ci il tarixli AN-İ №0139327 nömrəli torpaq sahəsinin alqı-saqtı müqaviləsindən görünür ki, satıcı X2 AR Nazirlər Kabinetinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş **********80 reyestr №li, ********** qeydiyyat №li arayışa əsasən ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəs, 163 saylı bağ sahəsində yerləşən 0,240341 ha torpaq sahəsindən 0,02 ha torpaq sahəsini alıcı X1. xx.xx.2010-cu il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, həmin alqı-satqı müqaviləsinə əsasən 0.02 ha sahəsi olan ünvan nə Səfər Həsənovun mülkiyyət hüququ qeydə alınmış, xx.xx.2010-cu il tarixdə torpaq sahəsinin planı (cizgisi) verilmişdir. xx.xx.2010-cu il tarixli AN-İ №0217764 nömrəli torpaq sahəsinin alqı-saqtı müqaviləsindən görünür ki, X8 ümumi sahəsi 0.02 ha olan ünvan ndə yerləşən torpaq sahəsini alıcı X6 mülkiyyətinə verilmişdir. xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, sahəsi 0,02 ha olan ünvan nə X6 mülkiyyət hüququ qeydə alınmış, xx.xx.2010-cu il tarixdə torpaq sahəsinin planı (cizgisi) verilmişdir. İşdə olan satıcı X11 ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AN-İ №1186802 nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan ünvanında yerləşən ümumi sahəsi 0.02 ha olan torpaq sahəsi satıcı tərəfindən alıcıya satılmışdır. İddiaçı hazırda həmin alqı-satqı müqaviləsinə əsasən 0,02 ha sahəsi olan ünvan üzərində mülkiyyət hüququnun qeydə alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələri bu əsasa aid etmişdir. İşin yuxarıda istinad olunan hallarından görünür ki, iddiaçı bu əsası ünvan nin ona satılması barədə xx.xx.2023-cü il tarixli, AN-İ №1186802 nömrəli alqı-satqı müqaviləsini təqdim etmişdir. Lakin işdə olan daşınmaz əmlakın texniki vəziyyətinin əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 163 saylı torpaq sahəsi hüquqmüəyyənedici sənə üzrə sahəsi 200.0 kv.m, faktiki sahəsi isə 207.0 kv.m təşkil edir. Vətəndaşla əlaqə saxlanıldı, məlum oldu ki, vətəndaşa göstərilən S=0.02 ha torpaq sahəsi sənədli torpaq sahəsindən təxminən 45.0 m məsafədə yerləşir. Müqayisəli baş plan işə əlavə edildi. Vətəndaş sənədin icrasından imtina olunmasını xahiş etmişdir. Həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, göstərilən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə (reyesrdən çıxarışa əsasən) 200,0 kv.m olsa da, faktiki olaraq hasar daxili 207,0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən və iddia edilən sahə sənəd üzrə (plan ölçüyə əsasən) sahədən təxminən 45 metr məsafədə yerləşir. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixli, AN-İ №1186802 nömrəli alqı-satqı müqaviləsinə əsasən ünvan nə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etsə də, naturada ona satılmış həmin torpaq sahəsini deyil, digər torpaq sahəsini göstərmiş, bununla da alqı-satqı müqaviləsi əsasında aldığı daşınmaz əmlaka deyil, başqa bir daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Halbuki, xx.xx.2023-cü il tarixli, AN-İ №1186802 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçının mülkiyyət hüququ həmin müqavilədə göstərilən və koordinatları həmin daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi R.Salamovanın adına verilmiş xx.xx.2010-cu il tarixli torpaq sahəsinin planında (cizgisi) göstərilən, yəni: X Y
1. 414602.37 1. 4486661.57
2. 414609.97 2. 4486670.2
3. 414622.17 3. 4486657.66
4. 414614.56 4. ********.01 - koordinatlarında yerləşən daşınmaz əmlakatorpaq sahəsinə yaranmışdır. İddiaçı isə həmin koordinatlar daxilində yerləşən torpaq sahəsinin deyil, ondan təxminən 45.0 m məsafədə yerləşən və: X Y
1. 414657.9962 1. 4486684.618
2. 414665.2392 2. 4486689.28
3. 414668.7780 3. 4486689.77
4. 414670.8947 4. ********.33 - koordinatlarında yerləşən daşınmaz əmlaka- torpaq sahəsinə hüququnun qeydə alınmasını, həmin torpaq sahəsinə dair çıxarış və plan-ölçünün verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: - 1.0.1-ci maddəsinə görə Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; - 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: - 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. - 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; - 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri“nə əsasən: - Bənd 3. Plan və ölçü ciddi hesabat sənədidir, onun bir hərfdən ibarət seriyası və altı rəqəmdən ibarət nömrəsi olur. - Bənd 4. Plan və ölçüdə aşağıdakılar göstərilir: ... 4.14. torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr;... 4.15. torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; 4.16. şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri); 4.17. torpaq sahəsinin qonşu sərhədləri; 4.18. torpaq sahəsinin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq sahəsinin planı;... Məhkəmə göstərilən normaların tələbini nəzərə alaraq qeyd edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatı həmin əmlaka hüquqların əmələ gəlməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır və həmin aktla məhz hüquqmüəyyənedici əsasda göstərilən, koordinatları bəlli olan konkret əmlaka hüquqların qeydiyyatı həyata keçirilir. İşin hazırkı hallarından isə bəlli olur ki, iddiaçı xx.xx.2023-cü il tarixli, AN-İ №1186802 nömrəli alqı-satqı müqaviləsinə əsasən ona satılmış torpaq sahəsinə deyil, həmin sənəd əsasında digər torpaq sahəsinə (faktiki göstərdiyi sahəyə) hüququnun qeydə alınmasını xahiş edir, halbuki həmin müqaviləyə əsasən iddiaçının faktiki göstərdiyi torpaq sahəsinə hər hansı bir hüququ yaranmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda sadalananlardan məlum olduğu kimi, iddiaçı faktiki istifadəsinə olan torpaq sahəsinə hüquqlarının dövlət qeydiyyatı üçün həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birini təqdim etməmiş, onun təqdim etdiyi hüquqmüəyyən edici sənəd faktiki istifadəsində ola sahədən 45 metr məsafədə yerləşən fərqli koordinatlara malik torpaq sahəsinə olmuş, iddiaçı başqa şəxslər tərəfindən istifadə olunan həmin sahəyə isə hüququnun qeydə alınmasını tələb etməmişdir. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Belə ki, iddiaçı mübahisəli topaq sahəsinin ilkin ayrıma sənədlərinin sonradan tərtib edilmiş plan və ölçü sənədinə uyğun olub olmaması üçün cavabdehə müraciət edə, bu fakt aşkar edilərsə, sonradan tərtib edilmiş sənədlərin əvvəlki sənədlərə uyğunlaşdırılmasını tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova