Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4800/2023 17.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11 və X4) “qeydin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs X7, Üçüncü şəxs X3 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11 və X4) “qeydin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2687a saylı bağ sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Əliyev Aydın Babaş oğlunun adına dövlət reyestri qeydinin etibarsız hesab edilməsi, xx.xx.2022-ci il tarixli, **********12 reyestr nömrəli,********** qeydiyyat nömrəli və X3 adına **********12 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, “Ləəç” bağ massivində Maştağa Bələdiyyəsi tərəfindən ayrılmış 2687 A saylı bağ sahəsi iddiaçıya məxsusdur. Bu barədə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin 40/261 saylı, 16 oktyabr 2006-cı il tarixli “vətəndaş İddiaçı fərdi bağ evi tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncamı vardır. Həmin sərəncama əsasən Maştağa qəsəbəsi, “Ləəç” bağ massivi sahə 2687 A-da 1200 kv.metr torpaq sahəsi fərdi bağ evi tikintisi üçün İddiaçı ayrılmışdır. Həmin tarixdən başlayaraq torpaq sahəsi onun istifadəsində olmuşdur. Torpaq sahəsinin ətrafı hündür daş hasarla əhatə olunmuşdur. Torpaq sahəsində yaşayış evi yoxdur. İddiaçı orada müxtəlif ağaclar və bitkilər əkib yetişdirir. Təxminən bir neçə ay əvvəl X13 adlı şəxs həmin torpaq sahəsinə gələrək bildirmişdir ki, bu sahə əmisi Əliyev Aydın Babaş oğluna məxsusdur. Onun adına xx.xx.2022-ci il tarixli çıxarış mövcuddur. “Ləəç” bağ massivi sahəsində 2687 A nömrəli 1200 kv.metr torpaq sahəsi iddiaçıya məxsusdur və cavabdehə verilmiş sənədlər ləğv edilməlidir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2687a saylı bağ sahəsi vətəndaş tərəfindən təqdim edilən Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli,6/249 nömrəli qərarı ilə 81 nömrəli ВТК nəzdində olan 16 nömrəli order, vərəsəlik işinin açılması barədə xx.xx.2022-ci il tarixli, 1221 nömrəli məktubu və X3 bağ sahəsinin 1188 kv.m ölçüdə qeydiyyata alınmasna dair etirazı olmadığı barədə notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında Ləhiş bağ sahəsi 2687a saylı bağ sahəsi xx.xx.2022-ci il tarixdə Əliyev Aydın Babaş oğlunun adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra 0.1188 hektar torpaq sahəsi olan 2887a saylı bağ sahəsi 2V-1 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında xx.xx.2022-ci il tarixdə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. İddiaçı hesab edir ki, mübahisəli torpaq sahəsinin sənədləşdirilməsi zamanı dövlət orqanına saxta sənədlər təqdim edilmiş və Ləhiş bağ massivində yerləşən 2687а saylı bağ sahəsi Əliyev Aydın Babaş oğlunun, daha sonra X3 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, 2687a saylı bağ sahəsinə dair Əliyev Aydın Babaş oğlunun adına heç vaxt 16 nömrəli order olmamışdır. Həmin order saxtakarlıqla hazırlanmış və orderdə olan imza 81 nömrəli BTKnın sədri işləmiş X8 məxsus deyil. Bütün bu işlər X3 adından X13 adlı şəxs tərəfindən həyata keçirilmişdir. Sənədlərdən görünür ki, X13 tərəfindən qısa müddətdə sənədləşmə işləri aparılmışdır. Əliyev Aydın Babaş oğlu xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açılmış, xx.xx.2022-ci il tarixdə 2987a saylı bağ sahəsi Əliyev Aydın Babaş oğlunun adına dövlət reyestrində qeydiyyata alınmış, xx.xx.2022-ci il tarixdə qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnamə verilmiş və xx.xx.2022-ci il tarixdə X3 adına rəsmiləşdirilmişdir. Mübahisəli torpaq sahəsi, yəni Ləhiş bağ massivində yerləşən 2687a saylı bağ sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin 40/261 saylı, 16 oktyabr 2006-cı il tarixli “vətəndaş İddiaçı fərdi bağ evi tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncamı ilə fərdi bağ evi tikintisi üçün iddiaçıya ayrılmışdır. Ona görə də qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hazırkı iddia üzrə subyektiv hüququ vardır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-15344/2022 nömrəli qərardadı ilə X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-4800/2023 nömrəli qərardadı ilə X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın mümkün sayılmamsı barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X11 iddia tələbinin əsassız olduğunu və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin əsassız olduğunu və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən). Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli, **********48 nömrəli məktub ünvanlanmışdır. Məlumat üçün bildiririk ki, iddia tələbində qeyd olunan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2687a saylı bağ sahəsi daşınmaz əmlakın dövlət reyestrində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd - xx.xx.1999-cu il tarixli, 16 nömrəli order əsasında ilkin olaraq Əliyev Aydın Babaş oğlunun adına (********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli elektron çıxarış), sonradan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X3 adına (********** nömrəli, xx.xx.2022-ci il tarixli elektron çıxarış) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin bildiririk ki, sözügedən torpaq sahəsi hal-hazırda X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli elektron çıxarış tərtib olunmuşdur. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı nı n üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş olunur. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Məhkəmə hazırki iddia tələbi ilə ağaşıdakıları qeyd etməyi zəruri hesab edir. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və inzibati mübahisələrlə bağlı qaldırılan iddiaların mütləq qaydada onların məhkəmə icraatının mümkün olub-olmaması məsələsi araşdırma predmeti olmalı və bu kateqoriyadan olan iddiaların İPM-in 35.1-ci maddəsinin müddəalarına uyğun olub-olmamasına hüquqi qiymət verilməlidir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər ödənilmiş olmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə ərizədə göstərilənlərlə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2887 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,1188 hektar torpaq sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan, **********12 reyestr nömrəli, xx.xx.2022-ciı il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2687a nömrəli bağ sahəsi ünvanında yerləşən 0,1188 hektar torpaq sahəsini xüsusi mülkiyyət hüququ üzrə Əliyev Aydın Babaş oğlunun adına qeydiyyata alınmışdır. İş materiallarında olan, 12 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, Əliyev Aydın Babaş oğlunun vərəsəsi X4 miras əmlakdan tam hissədə irs almışdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2687a nömrəli bağ sahəsi ünvanında yerləşən 0,1188 hektar torpaq sahəsinindən ibarətdir. İş materiallarında olan, **********12 qeydiyyat nömrəli, xx.xx.2022-ciı il qeydiyyat tarixli X5 haqqında Daşınmza Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2687a nömrəli bağ sahəsi ünvanında yerləşən 0,1188 hektar torpaq sahəsini xüsusi mülkiyyət hüququ üzrə X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan, 12 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsindən görünür ki, satıcı X4 ilə alıcı X12 arasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2687a nömrəli bağ sahəsi ünvanında yerləşən 0,1188 hektar torpaq sahəsini alq-satqısına dair müqavilə bağlanılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-4800/2022 qərardadı ilə xx.xx.1989-cu il tarixli 16 nömrəli orderin əslinin təqdim edilməsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 10 gün müddətində təmin edilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2887 nömrəli bağ sahəsinə verilmişxx.xx.1989-cu il tarixli 16 nömrəli orderin əsli cavabdehin nümayəndəsi vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş orderdən görünür ki, 16 nömrəli xx.xx.1989-cu il tarixli order Əliyev Aydın Babaş oğluna Ləhiş bağ sahəsində yerləşən 2687a nömrəli 0,12 ha torpaq sahəsinə dair verilmişdir. Bununla bağlı məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya hər hansı hüququ yardım edilsə belə, onun ərizəsi (tələbi) yenə də mümkünlük şərtlərinin tələblərinə cavab vermir. Belə ki, mülkiyyət hüquqlarının qeydiyyata alınmasına əsas olmuş sənəd (order) mübahisələndirilməlidir. Mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından və iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2687a saylı bağ sahəsinin iddiaçıya məxsus olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədin (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) mövcudluğu müəyyən olunmamışdır. Beləliklə, iddiaçının mübahisəli bağ sahəsinə dair hər hansı hüququ da yaranmış olmur və ya belə hüququn olması ilə bağlı hər hansı sənəd (qətnamə və s.) məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının ümumiyyətlə mübahisəli bağ sahəsinə hüququ müəyyən edilmədiyindən, iddiaçının irəli sürdüyü hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı mübahisəli bağ sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsini xahiş etsə də, sözügedən bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas olan order qüvvədədir. Nə qədər ki, yuxarıda qeyd edilən order qüvvədədir, həmin inzibati aktın əsasında aparılmış qeydiyyat və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüquqlarına dair çıxarışlar mübahisələndirilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmədən əvvəl birbaşa məhkəmədə iddia qaldırmışdır. Hazırki iddia da öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə məhkəməyə müraciət etməmişdən əvvəl hüququ pozulmuş şəxs tərəfindən əvvəlcə inzibati orqana hazırki tələb ilə müraciət etməsi eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Lakin, iddiaçı qeyd edilən iddia tələbi ilə iddia qaldırmazdan əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etməsini təsdiq edən sübutları, eləcə də cavabdehin imtinasını məhkəməyə təqdim etməmişdir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Belə ki, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Qeyd olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığı halda iddia mümkün saymamaqla məhkəmə tərəfindən qərardad qəbul edilir. Hazırki iş üzrə müəyyən edilir ki cavabdeh inzibati orqana edilmiş müraciət və aldığı imtina məktubu iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, və cavabdeh tərəfindən iddiaçının hüquqların və qanunla qorunan maraqlarınızın pozulduğu aşkar edilməmişdir. Odur ki, cavabdeh orqan tərəfindən iddiaçının qanunla qorunan hər hansı hüquqların pozulduğu, iddiaçının məhkəmədə iddia qaldırdığı tələb ilə əvvəlcə cavabdeh inzibati orqana müraciətinin olmaması, müvafiq müraciət olsa belə mübahisəli yaşayış sahəsinə dair hər qanunvericilikdə nəzərdə tutulmuş hansı sənəd məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, hazırkı iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 8.1-8.4-cü bəndlərində qeyd edilir ki, 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddiaçıya izah edilsin ki, iddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-4800/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4800/2023
17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver