Məhkəmə qərarları › İş №2-1(112)-4801/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4801/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4801/2022 25.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X10) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X10) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evindən X4 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, ünvan 1 evi ona anasından miras olaraq qalmışdır. Həmin evin qeydiyyat vəsiqəsi xx.xx.1984-cü ildə onun adına rəsmiləşdirilmişdir. Hazırda həmin evdə o və həyat yoldaşı yaşayır. Üçüncü şəxs onun keçmiş gəlinidir. Üçüncü şəxs ilə oğlu X11 arasındakı nikah pozulmuşdur. Onlar ayrı yaşayırlar. Hazırda keçmiş gəlini olan üçüncü şəxs onun evində yaşamır. Üçüncü şəxs öz atasının evində yaşayır. Üçüncü şəxs ilə onun arasında heç bir qohumluq əlaqələri qalmamışdır. Lakin buna baxmayaraq, indiyə kimi onun mənzilində pasport qeydiyyatındadır. O, evinin bütün kommunal xərclərini ödəyir. Üçüncü şəxsin onun evində qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırır. O, üçüncü şəxsin qeyd olunan ünvanda qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə müraciət etsə də, onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasına cavabdehin nümayəndəsi və üçüncü şəxs gəlməmişlər. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhər X8 İcraiyyə Komitəsi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsi, 8 saylı evin ½ hissəsinə xüsusi mülkiyyət hüququ İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.1984-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin Sabunçu Rayon Polis ldarəsinə daxil olan ərizənizə tərəfimizdən baxılmışdır. Ərizənin icrası ilə əlaqədar olaraq bildiririk ki, yuxarıda göstərilən ünvanda (Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsi, ev 8) qeydiyyatda olan Mövlayeva (Rəfiyeva) Leyla Arif qızının qeydiyyatdan çıxarılması Sabunçu Rayon Polis İdarəsi Qeydiyyat məsələləri bölməsinin səlahiyyətləri daxilində deyildir. Qeyd olunan faktla əlaqədar olaraq Bakı İnzibati Məhkəməsinə müraciət etməyiniz məqsədəmüvafiq hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X10 (xx.xx.1988) ünvan 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Sabunçu RİH X9 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 225 nömrəli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi, ev 8 ünvanındakı evdə keçmiş gəlini X10 xx.xx.2021-ci il tarixli qonşuların aktına əsasən uzun müddətdir həmin ünvanda yaşamır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: X4 Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsi, 8 saylı evə dair istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məlumat idarənin arxivində aşkar edilməmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsi, 8 saylı evin ½ hissəsi İddiaçı, ½ hissəsi X1 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş fərdi uçot kartoçkasının təsdiq edilmiş surətindən görünür ki, X10 (həyat yoldaşı X11) mülkiyyətçinin ərizəsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsi, ev 8 ünvanına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-286/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 cavabdeh X7 qarşı “nikahın pozulması və uşağın atanın himayəsində saxlanılması” tələbinə dair iddiası təmin edilmiş, X11 ilə X10 arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Səadət sarayında bağlanmış 3084 saylı akt qeydi ilə nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü İddiaçı Elnur oğlunun atası X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 anaları X4 himayəsində saxlanılması, X3 X4 xeyrinə, xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər birinə görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir; 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsi, 8 saylı evin ½ hissəsi İddiaçı xüsusi mülkiyyətindədir. Üçüncü şəxs X10 iddiaçının oğlu X11 ilə rəsmi nikah münasibətlərində olmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən onlar arasında olan nikah pozulmuşdur. Hazırda üçüncü şəxs həmin mənzildə qeydiyyatdadır, lakin orada yaşamır. Mənzildə qeydiyyatda olan üçüncü şəxs yaşayış yerini dəyişməsinə baxmayaraq, mənzildən qeydiyyatdan çıxmamışdır. Üçüncü şəxs iddiaçıya məxsus mənzildə formal qeydiyyatdadır. Həmçinin üçüncü şəxsin mübahisələndirilən ünvana istifadə hüququ qeydiyyata alınmamışdır. Məhkəmə qeyd edir ki, üçüncü şəxs iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışdır və bu, iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsi, 8 saylı evin ½ hissəsi İddiaçı mülkiyyətindədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsi, 8 saylı evin İddiaçı mülkiyyətində olan ½ hissəsindən X4 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsi, 8 saylı evin İddiaçı mülkiyyətində olan ½ hissəsindən X4 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar