Məhkəmə qərarları › İş №2-1(112)-4802/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4802/2023

08.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4802/2023 08.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi X18 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxslər X20 və X19) qarşı “sərəncamın etibarsızlığının tanınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsinə ayrılmış ünvan 1 ünvanında 2618, 2619 və 2968 nömrəli neftqaz quyularının mühafizə zonasında, 399025.62; 4467025.18 coğrafi koordinatlarda yerləşən 600 kv.m-dən ibarət sənaye təyinatlı torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi məqsədi ilə vətəndaş X13 ayrılması barədə Cavabdeh xx.xx.2000-ci il tarixli, 969 saylı sərəncamının etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X20 və X19 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin (keçmiş Bakı şəhəri X12 İcrayyə Komitəsi) 16 may 1962-ci il tarixli, 27/919 saylı qərarı ilə SOCARın “Azneft" İstehsalat Birliyinin (İB) “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin, ünvan 1 ünvanında, 399025.62; 4467025.18 coğrafi koordinatlarda yerləşən 600 kv.m-dən ibarət bir hissəsi Cavabdeh 02.11 2000-ci il tarixli, 969 saylı sərəncamı ilə qanunsuz olaraq fərdi yaşayış evinin tikilməsi məqsədilə vətəndaş X13 ayrılmışdır. Sonradan torpaq sahəsi xx.xx.2020-cı il tarixli müqavilə əsasında X6 bağışlanmışdır. Sözügedən torpaq sahəsi 2618, 2619 və 2968 ləğv edilmiş neft-qaz quyularının mühafizə zonalarında yerləşdiyindən üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Eləcə də cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın “Azneft” İB-nin “Bibiheybətneft” NQÇİ-nin fəaliyyətinə ciddi maneələr yaranmışdır. Sənaye təyinatlı olması və Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə NQÇİ-nin müddətsiz istifadəsinə ayrılması açıq şəkildə göstərir ki, Cavabdeh mübahisəli torpaq sahəsinə dair sərəncam verməyə səlahiyyəti olmamışdır. Bu səbəbdən də Cavabdeh xx.xx.2000-ci il tarixli, 969 saylı sərəncamı etibarsız hesab edilməlidir. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim edərək bildirmişdir ki, Cavabdehnə daxil olmuş X9, X14 və digərlərinin müraciətində onların evlərinə bitişik hasara ünvan 3 ünvana RİH-in memarı tərəfindən təsdiq olunmuş sxemə əsasən 200 kv.m. sahədə mühəndis texniki şərtləri nəzərə alınmadan tikintiyə icazə verildiyi bildirilmişdir. Orada yüksək mərtəbəli otel inşa edildiyi qeyd edilmişdir. Eyni zamanda aparılan tikintinin dərhal dayandırılması xahiş edilmişdir. Sözügedən müraciətlə bağlı tikinti işlərinin aparıldığı ünvana yerində baxış keçirilməsi, səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi və ərizəçiyə məlumat verilməsi məqsədilə xx.xx.2020-ci il tarixdə, 3/10-N-45/2-159/2 saylı məktubla Cavabdeh başçısının Badamdar qəsəbə nümayəndəsinə və Sevil Nəsirovaya məktub göndərilmişdir. Vətəndaşların kollektiv müraciətlərinə 23.09 2020-ci il tarixli, 1O-N-45/3-151, N-45/4-151/2 saylı məktubla məlumat üçün bildirilmişdir ki, aparılan tikinti işləri zamanı müəyyən problemlər yarandığından həmin fərdi yaşayış evinin tikintisinə dair tərtib edilən memarlıq planlaşdırma həlli ləğv edilmişdir. Sözügedən ünvanda hazırda heç bir tikinti işləri aparılmır. Ünvan Badamdar qəsəbə nümayəndəliyi tərəfindən nəzarətə götürülmüşdür. Həmin ünvanda yerləşən torpaq sahəsi DƏDRX-nin Seriya RX ******* saylı, 08.01 2019-cu il tarixli Çıxarışı əsasında vətəndaş X2 mülkiyyətindədir. Bir müddət əvvəl sözügedən torpaq sahəsində yararsız vəziyyətdə olan mövcud 2 mərtəbəli fərdi yaşayış evi sökülərək məlumatlandırma icraatı qaydasında yeni fərdi yaşayış evinin tikintisi məqsədilə Rayon İcra Hakimiyyətinə təqdim edilmiş memarlıq- planlaşdırma həlli razılıq məktubu əsasında məqsədəmüvafiq hesab edilmişdir. Aparılan tikinti işləri qonşular arasında ciddi mübahisəyə səbəb olduğundan Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən sözügedən ünvana yerində baxış keçirilmiş və görülən tikinti işləri dayandırılmışdır. Lakin iddiaçı X2 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Cavabdeh 28 iyul 2020-ci il tarixli, 3/10- 25 saylı məktubunun ləğv edilməsi və tikiliyə dair layihə sənədləri əsasında tikinti işlərinin davam etdirilməsi” tələbinə dair Bakı inzibati Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2-1 (112)- 1506/2021 saylı Qərarı qanuni qüvvəsini aldığından, qərarın icrası Cavabdehnə həvalə edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə Qərarının icrası ilə əlaqədar Rayon İcra Hakimiyyəti tərəfindən həmin tikintinin davam etdirilməsi məqsədilə yenidən təqdim olunmuş memarlıq-planlaşdırma həlli məqsədəmüvafiq hesab edilmişdir. Hazırda sözügedən ünvanda aparılan tikinti işləri başa çatdırılmışdır. Üçüncü şəxs N.Nəsirli iddiaya münasibətini məhkəməyə təqdim edərək bildirmişdir ki, üç qonşu 2015-ci ildən X5 qarşı Səbail Rayon Məhkəməsində, inzibati məhkəmədə məhkəmə işləri ilə bağlı müxtəlif təşkilatlara şikayət etmişlər. Onlar torpaq sahibləri və orada aparılan tikinti işlərinə rəhbərlik edən şəxslərə bildirmişlər ki, onların evləri ilə təzə 3 mərtəbəli tikintinin divarları arasında qanunla müəyyən olunmuş məsafə və həmin torpaq sahəsinin yuxarı hissəsində istismarı dayandırılmış (deyilənə görə) neft quyusunun ağzı saxlanılarsa, tikintinin aparılmasına etiraz etməzlər. Onlar tikintini aparan şəxslərə yuxarıda qeyd olunan qanun normalarının tələblərinə əsasən ara məsafəsi saxlanılmadan onların divarlarından öz divarları kimi istifadə edərək tikinti işlərinin aparılmasının qanunsuz olması, onlar tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissələrində tərəfindən hər hansı əlavə tikilinin yalnız notariat qaydada təsdiq olunmuş razılığı əsasında aparıla biləcəyini bildirsələr də, onların etirazlarına məhəl qoyulmadığını və tikintinin Şəhərsalma və Tikinti Məcəlləsinin X3ydalarının tələblərinə əməl olunmadan, o cümlədən torpaq sahəsində yerləşən istismarı dayandırılmış quyunun üstünün açıq saxlanmadığını görüb müxtəlif orqanlara, KİV-ə ərizə və teleqramlarla müraciət etmişlər. 2020-ci ilin avqust ayının 8-də 10-t-18-151 saylı Səbail rayon İH-nin başçısının qərarı ilə tikinti dayandırılmışdır. 2022-ci ilin avqust ayında isə tikinti yenidən başlamışdır. Onlar yenidən məhkəmələrə, mətbuata, nazirliklərə şikayət etmiş, SOCAR onlara cavab vermişdir. Məktubun ikinci abzasında qeyd edilmişdir ki, araşdırma nəticəsində ərizədə qeyd olunan tikintinin altında hər-hansı bir neft-qaz quyusu aşkarlanmasa da, tikinti işləri aparılan torpaq sahəsinin neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsində ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Torpağı 2000-ci ildə fərdi ev tikmək üçün verəndə həmin ərazidə heç bir neft quyusu yox idi, torpaqlarda boşluq idi. Onlar ailə olaraq, qonşuluqda yaşadıqları dövr ərzində heç bir təhlükə hiss etməmişlər. Həmçinin 2000-ci ildən keçən müddətdə iddiaçı onun ev tikdiyini bilməsə də (halbuki bu mümkün deyil, çünki, o ərazidə bir qarış da olsun boş torpaq sahəsi yoxdur, orada saysız hesabsız evlər tikilmişdir ki, 10 minlərlə əməkdaşı olan iddiaçının həmin tikililəri görməməsi ağılabatan deyil), onlar 2020-ci ildən İnci Feyzullayevanın həmin ərazidə apardığı tikinti İlə bağlı dəfələrlə iddiaçıya və digər təşkilatlara müraciətlər etmişlər. Beləliklə, təsdiq olunur ki, iddiaçı yuxarıda qeyd olunan ərazidə olan tikintilər barəsində ən azından onların şikayətləri daxil olduğu vaxt məlumatı olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəf təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə istinad olunanları nəzərə alaraq hazırkı iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia mümkünlük şərtlərinə cavab vermir. Belə ki, işdə olan Cavabdeh Başçısının 969 nömrəli, 02 noyabr 2000-ci il tarixli Sərəncamına əsasən fərdi ev tikintisi üçün Badamdar qəsəbəsində X8 ayrılmış 600 kv.metrlik torpaq sahəsi vətəndaş X10 adına sənədləşdirilməsi qərara alınmışdır. Cavabdeh Başçısının 970 nömrəli, 02 noyabr 2000-ci il tarixli Sərəncamına əsasən fərdi ev tikintisi üçün Badamdar qəsəbəsində X16 ayrılmış 600 kv.metrlik torpaq sahəsi vətəndaş X1 adına sənədləşdirilmişdir. İşdə olan 31 oktyabr 2006-cı il tarixli müqavilədən görünür ki, X4 xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan Bakı şəhəri, Badamdar qəsəbəsi 2-ci yaşayış massivi 6-cı döngə, ev 6-da yerləşən fərdi yaşayış evini qızı X15 bağışlamışdır. ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 398.1 kv.m. olan daşınmaz əmlak və ölçüsü 0,12 ha olan torpaq sahəsi X9 xüsusi mülkiyyətində olmuşdur. xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən hədiyyə verən X20 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 398.1 kv.m. olan daşınmaz əmlakı və ölçüsü 0,12 ha olan torpaq sahəsini hədiyyə alan qızı X11 bağışlamışdır. İşdə olan ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 398.1 kv.m. olan daşınmaz əmlak və ölçüsü 0,12 ha olan torpaq sahəsi X7 xüsusi mülkiyyətindədir. İddiaçı hazırda həmin çıxarışda göstərilən 0,12 ha torpaq sahəsinin 0.06 ha hissəsinin X10 adına sənədləşdirilməsi barədə Cavabdeh Başçısının 969 nömrəli, 02 noyabr 2000-ci il tarixli Sərəncamının etibarsız olduğunu iddia edir və həmin etibarsızlığının tanınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan qaydalara görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialar müəyyən etmə və ya tanınma haqqında iddialara aiddir. İPM-in 36.1-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə isə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Bu müddəalardan göründüyü kimi, İPM-də müəyyən etmə və ya tanınma haqqında iddianın üç növü: 1) hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması (İPM-in 36.1ci maddəsinin birinci yarımcümləsi); 2) inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi); 3) artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması (İPM-in 36.2-ci maddəsi) təsbit edilmişdir. Hazırkı iddia Cavabdeh xx.xx.2000-ci il tarixli, 969 saylı sərəncamının etibarsızlığının tanınması olmaqla müəyyən etmə və ya tanınma haqqında iddialara uyğundur. Məhkəmə qeyd edir ki, müəyyən etmə və ya tanınma haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4-cü maddəsi). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1) mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2) iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3) iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4) iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5) iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-in 2.2.5 və 35.1-ci maddələri). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Göründüyü kimi, qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın iki xüsusi mümkünlük şərtini: 1) iddiaçının kifayət qədər marağının olmasını; 2) inzibati aktın etibarsızlığının qısa müddətdə tanınmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq hər iki imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda bu növ iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia, hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün iddia deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. İddia ərizəsinin məzmunundan görünür ki, hazırda iddiaçı Cavabdeh xx.xx.2000-ci il tarixli, 969 saylı sərəncamını mübahisələndiriləndirir. Hazırkı iddianın, yəni inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə hər hansı müddət olması müəyyən edilməsə də, belə bir müddət qərar qəbul edilən zaman qüvvədə olan mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, hazırda mübahisə olunan qərar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl, xx.xx.2000-ci ildə qəbul edilmişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə Mülki Prosessual Məcəllənin 27-ci fəsli ilə tənzimlənirdi. Həmin normalar da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı. xx.xx.2012-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi. Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Qeyd olunmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Yəni iddiaçı İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanlarından, həm də həmin aktla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, bu aktlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. Beləliklə, məhkəmənin yuxarıda şərh olunanlara əsasən gəldiyi qənaətə görə, iddiaçının 12 il ərzində pozulduğunu irəli sürdüyü konkret hüquqi marağı ilə bağlı məhkəməyə müraciət etməməsi, onun bu marağının artıq itdiyinə, bunun nəticəsində isə iddianın qaldırılması üçün başlıca şərt kimi mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan müvafiq subyektiv hüquqa malik olmadığına dəlalət edir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-222/2023 saylı qərarı) İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayyət edilməklə iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar