Məhkəmə qərarları › İş №2-1(112)-4803/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4803/2021

03.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4803/2021 03.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndələri X2 və X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək 01.05.2019-cu il tarixində cavabdeh X9 bağlanmış əmək müqaviləsinə və bildirişinə xitam verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, 01.05.2019-cu il tarixində müddətsiz əmək müqaviləsi üzrə cavabdeh tərəfindən əmək müqaviləsi üzrə “Rəngsaz” peşəsi üzrə usta vəzifəsinə işə qəbul edilib, əmək müqaviləsi xxxxxxx000300 nömrə ilə qeydə alınmışdır. Əmək müqaviləsi 01.05.2019-cu il tarixində bağlanmışdır. Həmin şəxslə təxminən 3 ay işlədikdən sonra aralarında narazılıq olmuşdur. Cavabdeh razılaşdırılmış əmək haqqını tam ödəməmişdir, bunda sonra məcbur qalaraq gündəlik işlərə gedib. Rəsmi işə düzəlmək üçün müraciət edərkən bəlli olmuşdur ki, əmək müqaviləsi bildirişi ləğv edilməmişdir. Bundan sonra işəgötürən ilə əlaqə saxlamaq məqsədi ilə ona məlum olan mobil nömrə ilə dəfələrlə əlaqə saxlasa da, heç bir nəticə əldə edə bilməyib. Aylıq maaşımı almaq üçün cavabdeh ilə əlaqə qurmaq istəsə də, yenə də faydası olmamışdır. Hazırda əmək hüququ pozulmuşdur, yeni bir iş yeri axtarmaq məcburiyyətində qalsa da, yeni iş tapdıqdan sonra yeni iş yerinin rəhbərliyi onunla əmək müqaviləsi bağlamaq istəsə də, sistemdə aktiv iş yeri olduğundan müqavilənin bağlanmasına imtina edilmişdir. Yeni əmək müqaviləsinin bağlanması üçün aktiv əmək müqaviləsi ləğv edilməlidir. Yaranmış vəziyyətlə bağlı Əmək müfəttişliyi xidmətinin 4 saylı region üzrə X11nə müraciət edib və cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilmiş, nəticədə Əmək müfəttişliyi Xidmətinin 4 saylı region üzrə X11 tərəfindən ona pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Əvvəlcə, Səbail rayon Məhkəməsinə əmək müqaviləsinin ləğv edilməsi üçün müraciət etmiş olsa da, iddiası geri qaytarılmışdır. Qeri qaytarılmasına səbəb isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən işin məhkəmədə baxılmalı olmaması olmuşdur. Buna görə də məcbur qalaraq hazırki iddia tələbi ilə məhkəməyə müraiciət edir.

3. Məhkəmə iclasında iddia tələbini müdafiə edən iddiaçı iddia tələbini əmək müqaviləsi bildirişinə xitam verilməsi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması (İddiaçı və X9 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi) kimi dəyişdirmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddiaya etiraz edərək bildirdi, İddiaçı ilə işəgötürən X9 arasında xitam verilməmiş əmək müqaviləsi mövcuddur. Belə olan halda iddiaçı ilk növbədə sözügedən əmək müqaviləsinin xitamı və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət etməli, işəgötürən tərəfindən qeyd olunan vəzifələr yerinə yetirilmədiyi halda fərdi əmək mübahisəsinin həll edilməsi və həmin vəzifələrin işəgötürənə həvalə edilməsi ilə əlaqədar aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrə müraciət etməlidir. “Əmək müqaviləsi bildirişi” altsistemində axtarış zamanı İddiaçı ilə X9 arasında bağlanılmış və elektron informasiya sisteminə daxil edilmiş, qüvvədə olan, xitam verilməmiş əmək müqaviləsi mövcud olduğu məlum olmuşdur. Həmin müqavilə işəgötürən ilə işçi arasında müvafiq qaydada xitam verilməli və bundan sonra əmək müqaviləsinə xitam verilməsi barədə elektron sistemdə işəgötürən tərəfindən müvafiq qeydlər aparılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 06 iyun tarixli 183 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri isitisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməlidir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Göründüyü kimi Xidmətin hərəkət və ya hərəkətsizliyi nəticəsində İddiaçı hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamış, iddia ərizəsində göstərilən tələblər Xidmətin səlahiyyətlərinə aid deyildir və belə bir vəzifə Xidmətin üzərinə qoyula bilməz. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi əmək müqaviləsi bildirişinə xitam verilməsi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsinin cavabdeh tərəfindən icrasının texniki olaraq mümkün olduğunu, məhkəmə baxışı zamanı isə bunun əksini bildirdi.

6. X9 ilə İddiaçı arasında vaxtamuzd əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi 06.05.2019-cu il tarixdə sistemə daxil edilmişdir (məşğulluq təsnifatı üzrə: rəngsaz, tikinti; əmək müqaviləsi üzrə: usta).

7. Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-532/2021 nömrəlli iş üzrə 07.01.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X6 qarşı “əmək müqaviləsinin ləğv edilməsi barədə” iddia tələbi üzrə iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərara əsasən məhkəmə müəyyən etmişdir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət" portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. İddiaçı iddia ərizəsinə cavabdeh X6 tələbi ilə bağlı müraciət etməsi və ona imtina edilməsi barədə hər hansı sübut əlavə etməmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəmə tərəfindən vergi ödəyiciləri barədə məlumatların əldə edilməsinə dair verilmiş sorğudan müəyyən edilir ki, hazırda X9 vergi ödəyicisi kimi qeydiyyatda deyildir. Məhkəmə həmçinin nəzərinizə çatdırır ki, işlədiyiniz müəssisə fəaliyyət göstərmirsə və təsisçi yoxdursa onda Siz cavabdeh kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətini göstərməklə, X9 tərəfindən əmək müqaviləsinin elektron informasiya sisteminə daxil edilmiş ona aid “əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin” etibarsız hesab edilməsi tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilərsiz. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (işəgötürənlər) tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.”

8. “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəmə tərəfindən vergi ödəyiciləri barədə məlumatların əldə edilməsinə dair verilmiş sorğudan müəyyən edilir ki, hazırda X9 (VÖEN **********) vergi ödəyicisi kimi qeydiyyatdadır. Məhkəmənin 05.03.2021-ci il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində cəlb edilmiş, qeydiyyatda olduğu AZ1023, ünvan 1 ünvanı üzrə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti 4 saylı region üzrə X11 tərəfindən iddiaçıya verilən 09.10.2019-cu il tarixli məktubda bildirilir ki, müfəttişlik tərəfindən fiziki şəxs X3 (VÖEN: **********) ünvanına 20.08.2019-cu il tarixli 1515 nömrəli və 10.09.2019-cu il tarixli Ə-1666 nömrəli məktublar göndərilməsinə baxmayaraq bu günə qədər çağırışa gəlməmişdir. Yazdığı izahatlardan məlum olmuşdur ki, fiziki şəxs X1 Fazil Əlisahib oğlu və X10 ilə əmək müqaviləsi EİS-nə daxil edilmədən onları işlərin görülməsinə cəlb etmişdir. Bu səbəbdən fiziki şəxs X6 İXM-nin 192.1-ci maddəsinə uyğun olaraq 24.09.2019-cu il tarixli MN N-0411008 nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.

10. Cavabdeh tərəfindən iddiaçıya verilən 09.02.2021-ci il tarixli məktubda bildirilir ki, müraciətdə qeyd olunan məsələyə münasibət bildirilməsi və qanunverilicikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədlərin təqdim edilməsi ilə bağlı fiziki şəxs X3 (ünvan 2 ünvanına rəsmi məktub göndərilmiş, lakin bugünədək məktuba cavab verilməmişdir. Bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X11 Xidmətinin səlahiyyətləri xaricindədir.

II. İddianın növü

11. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

III. Məhkəmənin mövqeyi

12. Məhkəmə tərəfindən bir sıra normativ hüquqi aktlar təhlil edilmişdir.

13. Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2010-cu il tarixli 1056 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010 - 2012-ci illər üçün Dövlət Proqramı"ndan (Elektron Azərbaycan): ...Müasir mərhələdə Azərbaycanın davamlı və dayanıqlı inkişafı siyasətinin prioritet istiqamətlərindən elan olunan informasiya-kommunikasiya texnologiyaları (İKT) sosialiqtisadi sistemin bütün sahələrinə və insanların gündəlik fəaliyyətinə sürətlə nüfuz edərək, ictimai-iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Son illərdə ölkədə informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi İKT-nin geniş tətbiq edilməsi istiqamətində sistemli fəaliyyət aparılır. Bu baxımdan, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli, 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003 - 2012-ci illər)", bu Strategiyanın icrasının ilkin mərhələsini nəzərdə tutan Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 21 oktyabr tarixli 1055 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005 - 2008-ci illər üçün Dövlət Proqramı" (Elektron Azərbaycan)" və həyata keçirilən genişmiqyaslı işlər qeyd edilə bilər. Hal-hazırda respublikada İKT sektorunun inkişaf tempi bu sahədə ümumdünya göstəricilərini təxminən üç dəfə qabaqlayır. X16 tərəfindən 2008 - 2009-cu illər üçün hazırlanmış "İnformasiya texnologiyalarının qlobal inkişafı haqqında hesabat"da Azərbaycan 134 ölkə sırasında 60-cı yeri tutmaqla, bir çox nüfuzlu ölkələri qabaqlamışdır və MDB-nin iştirakçısı olan dövlətlər arasında lider olmuşdur. 2005 - 2008-ci illər üçün "Elektron Azərbaycan" Dövlət Proqramında nəzərdə tutulan tədbirlər informasiya cəmiyyətinə keçidi təmin etmək üçün ilkin mərhələdə görüləcək işləri əhatə etmişdir. Proqram üzrə görülmüş işlər sayəsində respublikanın rabitə və informasiya texnologiyaları bazarında azad rəqabət mühitinin yaradılması, sahəyə investisiyaların cəlb edilməsi və özəl sektorun inkişaf etdirilməsi üzrə mühüm addımlar atılmışdır. Sahənin normativ hüquqi bazası inkişaf etdirilmiş, telekommunikasiya infrastrukturu müasirləşdirilmiş, ən yeni texnologiyaların tətbiqi genişləndirilmiş, əhaliyə, müəssisə və təşkilatlara göstərilən rabitə xidmətlərinin kəmiyyəti və keyfiyyəti yüksəldilmişdir. Respublika əhalisinin İKT-dən istifadə səviyyəsinin artırılması, sahə üçün yüksəkixtisaslı kadrların hazırlanması və digər istiqamətlərdə müəyyən işlər görülmüşdür. Bütün bunlar Milli Strategiyanın növbəti mərhələsinin icrası üçün əsaslı zəmin yaratmışdır... ... Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilmiş və bu sahədə mühüm tədbirlər görülmüşdür. “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, eləcə də informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi sahəsində hüquqi baza formalaşmışdır. Modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi zəruridir. Mövcud vəziyyətin təhlili aşağıdakı nəticələrə gəlməyə əsas verir: - İKT-nin dayanıqlı inkişafı üçün təşkilati, normativ hüquqi, texniki və texnoloji baza əsasən yaradılmışdır; - son illərdə görülən irihəcmli işlərə baxmayaraq, sahənin bəzi inkişaf göstəriciləri hələlik ümumdünya, o cümlədən Avropa üzrə orta səviyyədən aşağıdır (hər 100 nəfərə düşən əsas telefon aparatların sayı və s.); - dövlət orqanlarının informasiya resursları və sistemlərinin vahid prinsip və standartlar əsasında yaradılması və inteqrasiyasına diqqət artırılmalıdır; - e-imza infrastrukturunun yaradılmasına və dövlət orqanlarında elektron sənəd dövriyyəsinin tətbiqi, həmçinin dövlət orqanları tərəfindən elektron xidmətlərin göstərilməsinin təşkili mühüm əhəmiyyət kəsb edir; - respublikada İKT-dən, xüsusən də internetdən istifadənin genişlənməsi artan tələbatı təmin etmək üçün daha yüksək göstəricilərə və keyfiyyətə malik infrastrukturun və xidmətlərin göstərilməsini şərtləndirir.

3. DÖVLƏT PROQRAMİNİN MƏQSƏDİ Dövlət Proqramının məqsədi Milli Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi, respublikanın informasiya cəmiyyətinə keçidinin təmin edilməsi, İKT-nin inkişafını və geniş tətbiqini təmin etmək yolu ilə informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması və inkişaf etdirilməsi üçün zəminin formalaşdırılması, dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması və qərarların qəbulu prosesində vətəndaşların və sosial institutların iştirakı imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya məhsulu və xidmətlərinə olan tələbatının dolğun ödənilməsidir. Dövlət Proqramında qoyulmuş məqsədlərə çatmaq üçün aşağıdakı məsələlərin həlli nəzərdə tutulur: - respublikada müasir informasiya və kommunikasiya infrastrukturunun inkişaf etdirilməsi, fiziki və hüquqi şəxslərin dövlət orqanlarının fəaliyyəti haqqında məlumatlara, həmçinin dövlət, ictimai və sahə informasiya resurslarına çıxışının genişləndirilməsi, informasiya və kommunikasiya xidmətlərinin genişləndirilməsi və onların keyfiyyətinin artırılması; - dövlət idarəçiliyinin bütün səviyyələrində İKT həllərinin tətbiqi, dövlət informasiya sistemləri və resurslarının formalaşdırılması və inkişaf etdirilməsi; - vahid texnoloji standartlar əsasında dövlət informasiya resursları və sistemlərinin inteqrasiyasının təmin edilməsi, dövlət orqanları arasında etibarlı və təhlükəsiz informasiya mübadiləsinin həyata keçirilməsi üçün vahid konfidensial multiservis şəbəkəsinin inkişaf etdirilməsi, təşkilati-texniki, texnoloji tədbirlərin həyata keçirilməsi və müvafiq mühitin formalaşdırılması; - dövlət orqanlarının göstərdiyi xidmətlərin operativliyinin və keyfiyyətinin, habelə dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması üçün "Ehökumət" həllərinin geniş tətbiqi, "bir pəncərə" prinsipi əsasında elektron xidmətlərin təşkili;

6. GÖZLƏNİLƏN NƏTİCƏLƏR Dövlət Proqramının həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir: - İKT-nin geniş tətbiqi sayəsində respublikada informasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması; - fiziki və hüquqi şəxslərin İKT-dən istifadəyə aktiv cəlb olunması, kompüterlərin və internetin yayılma səviyyəsinin artması, respublika daxilində "rəqəmsal geriliyin" azaldılması; - fiziki və hüquqi şəxslərə keyfiyyətli və qənaətbəxş telekommunikasiya və poçt xidmətlərinin təqdim olunması; - e-imzanın və e-sənəd dövriyyəsinin tətbiqi, dövlət orqanları arasında informasiya mübadiləsi ilə bağlı xərclərin azalması, dövlət idarəetməsində operativliyin və səmərəliliyin artması; - "E-hökumət" həllərinin tətbiqi, səmərəli, şəffaf və nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması, əhalinin geniş təbəqələrinin idarəetmə prosesində iştirakı, dövlət orqanlarından informasiyanın elektron formada əldə edilməsinin genişləndirilməsi, vətəndaşların dövlət orqanları ilə əlaqəsinin daha səmərəli təşkili;

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli № 191 Qərarına əsasən, “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı" təsdiq edilmişdir. “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”na əsasən: 1.2. Bu Qaydalar mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən fəaliyyətin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və informasiya sistemləri vasitəsilə digər dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə elektron xidmətlər göstərilməsi ilə bağlı məsələləri tənzimləyir. 2.1.1. elektron xidmətlər - mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq digər dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə, tərəflər arasında bilavasitə təmas olmadan göstərilən xidmətlər; 2.1.3. elektron xidmət təminatçısı (bundan sonra - təminatçı) - elektron xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanı və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxs; 5.1. Elektron xidmətlərdən istifadə zamanı istifadəçilərin aşağıdakı hüquqları vardır: 5.1.1. elektron xidmətləri müvafiq inzibati reqlamentə uyğun qaydada və vaxtında almaq; 5.1.2. elektron xidmətlərdən istifadə etmək üçün dolğun, aktual və düzgün məlumat əldə etmək; 5.1.3. elektron xidmətlərdən eyni şərtlərlə və bərabərhüquqlu istifadə etmək;

7.1.3. elektron xidmətin göstərilməsinin gedişatı barədə istifadəçiyə məlumat almaq imkanının yaradılması və nəticənin ona təqdim edilməsi; 7.2. Elektron xidmətlərin göstərilməsi zamanı təminatçı istifadəçidən inzibati reqlamentdə nəzərdə tutulmayan sənədlərin, həmçinin digər dövlət qurumlarının informasiya ehtiyatlarında mövcud olan sənədlərin və məlumatların təqdim edilməsini, o cümlədən, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, digər dövlət qurumlarına əlavə müraciət etməsini, hər hansı razılaşdırma aparılmasını tələb etməməlidir. 7.3. Təminatçı istifadəçi tərəfindən elektron formada göndərilmiş sənədlərin və məlumatların adi qaydada emal edilməsini, saxlanılmasını və mövcud kargüzarlıq qaydalarına müvafiq olaraq baxılmasını təmin etməlidir. 17 oktyabr 2012-ci il tarixli 235 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı” yeni redaksiyada təsdiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi (9.13-cü bənd) və Əmək müqaviləsi bildirişləri barədə məlumatın işçilərə verilməsi (9.14-cü bənd) növdə elektron xidmətlər müəyyən edilmişdir.

15. Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən: İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydaların 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-İVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 fevral tarixli 100 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydalarını, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat formasını, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydaları müəyyən edir. Həmin qaydaların 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. 2.2. Elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin aşağıdakı formaları yerləşdirilir: 2.2.1. əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda -1 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 2 nömrəli əlavəyə uyğun); [5] 2.2.2. əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (işəgötürən dövlət orqanı və ya hüquqi şəxs olduqda - 3 nömrəli əlavəyə uyğun, işəgötürən fiziki şəxs olduqda - 4 nömrəli əlavəyə uyğun); 2.2.3. əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi (5 nömrəli əlavəyə uyğun).

3.4. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.

7.1. İşçinin onunla bağlı qeydiyyata alınmış müvafiq əmək müqaviləsi bildirişinin (bildirişlərinin) məlumatlarını real vaxt rejimində əldə etmək imkanları elektron informasiya sistemi vasitəsilə təmin olunur. Hər bir işçi onunla bağlı müvafiq əmək müqaviləsi bildirişinin məlumatlarını “Elektron hökumət” portalının mövcud autentifikasiya vasitələrindən istifadə etməklə “Əmək müqaviləsi bildirişlərinin məlumatlarının işçilər tərəfindən əldə edilməsi” xidmətini seçərək, özü barədə müvafiq məlumatı əldə edə bilər.

17. Məhkəmə qeyd edir ki, qeyd edilən qaydalar məhz işəgötürən tərəfindən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsini tənzimləyir. Lakin qeyd edilən hal həmin məlumatların işçinin təşəbbüsü və tələbi ilə elektron informasiya sisteminə daxil edilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, əmək müqaviləsi hər iki tərəfin razılığı ilə bağlanır, tərəflərdən hər birinin ayrılıqda təşəbbüsü ilə xitam verilə bilər. Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam verilməsi halları Əmək Məcəlləsinin 69-cu maddəsi, işəgötürənin təşəbbüsü ilə xitam verilməsi halları Əmək Məcəlləsinin 70-ci maddəsi ilə tənzimlənir. Eləcə də Əmək Məcəlləsi tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarını (74-cü maddə) və əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsini tənzimləyir (75-ci maddə). Belə olan halda, ancaq işəgötürənin təşəbbüsü və iradəsi ilə əmək müqaviləsinə ləğv edilməsinə dair məlumatın elektron informasiya sisteminə daxil edilməsi imkanının olduğunun bildirilməsi tərəflərin bərabərlik hüququnun, nəticədə işçinin əmək hüququnun pozulması ilə nəticələnə bilər.

18. Azərbaycan Respublikasının Konstitusiyasından: 25-ci maddə: İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 35-ci maddə: İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

19. Məhkəmə cavabdehin İddiaçı ilə işəgötürən X9 arasında xitam verilməmiş əmək müqaviləsinin mövcudluğu ilə bağlı dəlili ilə razılaşmır. EİS-də mövcud olan qeyd hazırda formal xarakter daşıyır. Məhkəmə hesab edir ki, əmək müqaviləsinin ləğv edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsinə dair ərizə ilə də iddiaçı arzuladığı nəticəni əldə edə bilməyəcək. Belə ki, cavabdeh qurum həmin məlumatın EİS-ə məhz işəgötürən tərəfindən daxil edilməli olunduğunu bildirir. Digər tərəfdən əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilə bildiyindən həmin faktın məhkəmə qaydasında müəyyən olunmasını məhkəmə mümkün hesab etmir. Elektron informasiya sisteminə yalnız işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin daxil edilməli olmasına dair cavabdehin yanaşması işçinin işəgötürənə münasibətdə bərabərlik hüququnun və sərbəst iş yeri seçmək hüququnun pozulması ilə nəticələnə bilər. Cavabdeh quruma işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildiyi halı agahdır (işçinin bu niyyəti aşkar müəyyən olunur), işçiyə (iddiaçıya) göndərdiyi bildirişlərdə işəgötürənin onun çağırışlarına reaksiya vermədiyini bildirir, bununla belə, işçiyə əmək müqaviləsinin ləğv edilməsi tələbilə mülki qaydada məhkəməyə müraciət etməli olduğunu bildirməklə işəgötürənlə müqayisədə onu əlverişsiz vəziyyətə qoyur. EİS-ə işəgötürən tərəfindən əmək müqaviləsi bildirişinin daxil edilməsini istisna edən müxtəlif halların mövcudluğu istisna deyil, məsələn, işəgötürənin ölümü və ya hazırki işdə olduğu kimi olduğu yerin müəyyən edilə bilməməsi. Eyni zamanda işçi ilə işəgötürən arasında əmək müqaviləsinin məhkəmə qaydasında ləğv edilməsi tələbinə münasibətdə də məhkəmə qeyd edir ki, bu, konkret situasiyada yenə də iddiaçını cavabdehdən asılı vəziyyətə salmaqla arzuladığı nəticəni əldə etməyə imkan verməyəcək. Belə ki, məhkəmə müdafiəsi hüququ xəyali və nəzəri deyil, praktik və səmələri şəkildə təmin edilməli, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında müvafiq proporsionallıq olmalıdır. İddiaçı işəgötürənin olduğu yeri müəyyən edə bilsəydi, heç hazırki iddiaya da lüzum qalmazdı. EİS-də yalnız bir iş yeri əsas iş yeri kimi göstərilə bilər. Həmin əmək müqaviləsinin ləğv edilməsinə dair bildiriş elektron altsistemində daxil edilmədən işçinin digər işəgötürənlə əsas iş yeri üzrə əmək müqaviləsi bağlaması istisna olunur. Odur ki, qeyd edilən müddətdə iddiaçının əsas iş yeri kimi işlədiyi yeri müəyyən edə bilməməsi onun sərbəst surətdə iş yeri seçmək hüququnu məhdudlaşdıra bilər.

20. X17 Məhkəməsi qərarlarında qeyd edir ki: Milli orqanların səmərəlilik və qənaət tələblərini nəzərə alması legitimdir (Yussila Finlandiyaya qarşı, [BP], §§ 41-43, 47-48); Mövcud vasitə sözügedən vaxtda nəzəri və praktiki cəhətdən səmərəli, yəni əlçatımlı olmalı, ərizəçinin şikayətləri ilə bağlı onun hüquqi müdafiəsini təmin etmək və uğur qazanması üçün ağlabatan perspektivlər yaratmaq iqtidarında olmalıdır (Akdivar və başqaları Türkiyəyə qarşı 16 sentyabr 1996-cı il tarixli qərar; Selmouni Fransaya qarşı, ərizə №25803/94, 28 iyul 1999-cu il tarixli qərar).

21. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və olan fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.

22. Həmin Fərmanın 3.1.1-ci maddəsinə əsasən, öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin vəzifəsidir.

23. Qeyd edilən normativ hüquqi aktların təhlili bu nəticəyə gəlməyə əsas verir ki, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir, qarşıya qoyulan məqsəd modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının göstərdiyi xidmətlərin operativliyinin və keyfiyyətinin, habelə dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılmasıdır. Bu sahədə dövlət siyasətini həyata keçirən və əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsinə riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək Xidmətin vəzifəsidir. Cavabdeh qurumun imtinası isə qeyd edilən tələblərə cavab vermir. Əksinə, konkret halda cavabdeh quruma aydın olan məsələ üzrə (əmək müqaviləsinə xitam verilməsi) iddiaçının üzərinə əlavə yük qoyulur. Bu isə qeyd edilən normativ aktlarla qarşıya qoyulmuş məqsədlərə mütənasib deyil, nəticədə isə vətəndaşın konstitusion bərabərlik və əmək hüquqlarının pozulması ilə nəticələnə bilər.

24. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

25. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

26. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan hal aşkar edilmir (bax 25-29-cu və 33-cü bəndlər).

27. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

28. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı və X9 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi barədə məlumatın elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin üzərinə qoyulsun. Cavabdehin imtinası qanunsuz hesab edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar