Məhkəmə qərarları › İş №2-1(112)-4804/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4804/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4804/2021 08.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Binəqədi rayon Xidmət Nümayəndəliyinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Binəqədi rayon Xidmət Nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2009-cu ilin may ayından 01.01.2021-ci il tarixə qədər olan müddətdə (114 ay) ona ödənilən 85 manat pensiyanın əsası 154,58 manat götürülməklə arada yaranan fərgi 154.58-85.00=69.58 manatx114ay=7932.12 manat Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi tərəfinfən pensiya kartına yüklənməsi haqqında, 01.05.2009-cu il tarixdən bu günə kimi olan müddətdə indeksasiyaları yeni təyin olumuş məbləğdən indeksasiya olunması haqqında və bu indeksasiyaların nəticəsində yaranmış fərgi birdəfəlik ödənişlə cavabdeh tərəfindən pensiya kartına yüklənməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 2009-cu ilin may ayında pensiyaya çıxmışdır. O zaman Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyinin Binəqədi rayon Şöbəsi ona pensiya təyin edərkən əsas kimi 85 manat götürüb, halbuki bu məbləğ bir əsas kimi heç bir yerdə işləməyən, yəni iş stajı olmayanlara şamil olunurdu. Onun 30 il 11 ay əmək stajı var, o cümlədən 5 il əyani olaraq təhsil almışdır. Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyinin Binəqədi rayon Şöbəsi ona pensiya təyin edərkən təhsil aldığı müddəti nəzərə almayıb və əsas kimi 12 iyul 2019-cu ilin “Əmək pensiyaları haqqında” dəyişiklik edilməsi haqqında Qanunu göstərir. Bu dəyişiklik 2019-cu ildə qəbul olunub, o, isə pensiyaya 2009-cu ildə çıxmışdır, yəni dəyişiklərdən 10 il öncə. Və bildiyinə görə qanunun geri güvvəsi yoxdur. Təhsil müddətinin əmək stajına daxil edilməməsi müvafig dəyişikliklər qəbul olunandan sonra pensiyaya çıxan vətəndaşlara şamil oluna bilər, ona yox. Ona yazdıqları 07 fevral 2020-ci il tarixli, **********2 №-li məktubda bildirmişlər ki, yalnız Məşğulluq Mərkəzində qeydiyyatda olan işsizin, əyani təhsil aldığı müddət sığorta stajına daxil edilir. Ona pensiya təyin olunarkən əsas kimi 154.58 manat götürülməli idi və 2009-cu ildən bu günə kimi olan müddətdə pensiyalar bir neçə dəfə təkrar indeksasiya olunub. Pensiyasının indeksasiyası 85 manat üzərindən olunub, halbuki 154.58 manatdan olunmalı idi. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbi üzrə verdiyi izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən İddiaçı 01.01.2006-cı ilə kimi 25 il 11 ay 06 gün sığorta stajına əsasən ona 10.05.2009-cu il tarixində (62 yaşında) yaşa görə 75 manat əmək pensiyası təyin edilmişdir. 01.07.2011-ci il tarixdən əmək pensiyalarıın yenidən hesablanması (sığorta stajına görə) zamanı İddiaçı müraciəti olmadığı üçün onun təhsil aldığı illər nəzərə alınmadan pensiyası orta əmək haqqında əsasən hesablanmışdır. İddiaçı 03.02.2020-ci il tarixli müraciətinə əsasən onun əmək pensiyası 01.09.1965-23.06.1970-ci illərdə təhsil aldığı dövr nəzərə alınmaqla 30 il 8 ay 22 gün sığorta stajına uyğun olaraq 01.02.2017-ci il tarixindən (müraciət edilən tarixdən əvvəlki üç il) yenidən hesablanmış və 196,96 manata çatdırılmışdır. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilməsilə əlaqədar İddiaçı pensiyasının məbləği 01.01.2018-ci il tarixindən 208,19 manata, 01.01.2019-cu il tarixindən 214,43 manat, 01.01.2020-ci il tarixindən 249,85 manata, 01.01.2021-ci il tarixindən 278,33 manata çatdırılmış və keçmiş dövr məbləği hesablanaraq 07.04.2020-ci il tarixindən hər ay 16,60 manat əsas pensiya məbləğinin üzərinə əlavə edilməklə cəmi 294,93 manat pensiya ödənilir. İddiaçı yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - İddiaçı aid pensiya işinin materiallarından görünür ki, İddiaçı 10.05.2009-cu ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilən zaman İddiaçı 01.01.2006cı il tarixinədək olan iş stajının 25 il 11 ay 6 gün olması nəzərə alınmışdır. 10.12.2018-ci il tarixdə İddiaçı müraciəti əsasında pensiyası yenidən hesablanmış, pensiya məbləği 195.17 manat müəyyən edilmişdir. 30.01.2020-ci il tarixdə İddiaçı əyani təhsil müddətinin stajına daxil olması və əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, həmin müddət nəzərə alınaraq 01.01.2006-cı il tarixinədək olan iş stajının 30 il 8 ay 22 gün olması müəyyən edilərək əmək pensiyası yenidən hesablanmış və əvvəlki üç il üçündə ödənişlərin ödənilməli olması nəzərə alınmışdır. İddiaçı əmək pensiyası 2012-ci il üzrə 142,20 manat, 2013-cü il üzrə 157,83 manat, 2014-cü il üzrə 159,21 manat, 2015-ci il üzrə 160,09 manat, 2017-ci il üzrə 196,96 manat, 2018-ci il üzrə 208,19 manat, 2019-cu il üzrə 214,43 manat və 2020-ci il üzrə 249,85 manat pensiyası təşkil etmişdir. - Pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X5 İdarəsinin 09.02.2017-ci l tarixli, 88 /07/081-1013 nömrəli arayışından görünür ki, İddiaçı (SSN: **********711) 01.11.2006-cı il tarixdən 01.09.2012-ci il tarixədək 2 il 6 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 01.01.2017-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 849,26 manat pensiya kapitalı vardır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 07.02.2020-ci il tarixli, **********2 nömrəli məktubdan görünür ki, pensiyanın hesablanması barədə 03.02.2020-ci il tarixli ərizəsinə cavab olaraq nəzərinə çatdırılır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ona 2009-cu ildə 62 yaşında yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanuna edilmiş dəyişikliyə əsasən 01.07.2011-ci il tarixdən pensiyasının məbləği sığorta stajına əsasən yenidən hesablanmışdır. Nəticədə pensiyanın məbləği 85 manatdan artırılaraq 131,94 manat təşkil etmişdir. Hal-hazırda təqdim etdiyi əmək kitabçasına əsasən sığorta stajı bir daha yoxlanılmış və nəzərə alınmamış sığorta stajı aşkar edilməmişdir. Beləliklə onun yaşa görə əmək pensiyasının məbləği 01.01.2006cı il tarixədək olan 25 il 11 ay 6 gün sığorta stajına, 01.01.2006-cı il tarixdən sonra ödənilmiş 924,60 manat pensiya kapitalına əsasən hesablanmışdır və 31.12.2019-cu il tarixə 201,02 manat təşkil edir. Pensiyası qanunvericiliyin tələblərinə tam uyğun olaraq hesablanmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalı tərəfindən məhkəməyə ünvanlanmış **********3 №-li, 07.08.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən İddiaçı 01.01.2006-cı ilə kimi 25 il 11 ay 06 gün sığorta stajına əsasən ona 10.05.2009-cu il tarixində (62 yaşında) yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyası 01.09.1965-23.06.1970-ci illərdə təhsil aldığı dövr nəzərə alınmaqla 30 il 8 ay 22 gün sığorta stajına əsasən 10.05.2009-cu il tarixindən hesablansaydı onun əmək pensiyasının məbləği 10.05.2009-01.01.2010-cu illər üzrə 75,00 manat, 01.01.2010- 01.09.2010-cu illər üzrə 75,00 manat, 01.09.2010-01.01.2011-ci illər üzrə 85,00 manat, 01.01.2011-01.07.2011-ci illər üzrə 85,00 manat, 01.07.2011-01.01.2012-ci illər üzrə 144,49 manat, 01.01.2012-03.09.2012-ci illər üzrə 149,19 manat, 03.09.2012-01.01.2012c2 illər üzrə 155,73 manat, 01.01.2013-01.09.2013-cü illər üzrə 156,51 manat, 01.09.2013-01.01.2014-cü illər üzrə 171,51 manat, 01.01.2014-01.01.2015-ci illər üzrə 173,23 manat, 01.01.2015-01.01.2016-cı illər üzrə 174,26 manat, 01.01.2016-01.02.2016cı illər üzrə 177,23 manat, 01.02.2016-01.01.2017-ci illər üzrə 187,23 manat, 01.01.2017- 31.01.2017-ci illər üzrə 196,96 manat olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun ləğv edilmiş 27.2-ci maddəsinə əsasən 01.07.2011-ci il tarixindən əmək pensiyalarının yenidən hesablanması (sığorta stajına görə) zamanı İddiaçı müraciəti olmadığı üçün onun təhsil aldığı illər nəzərə alınmadan pensiyası orta əmək haqqına əsasən hesablanmışdır. İddiaçı 03.02.2020-ci il tarixli müraciətinə əsasən onun əmək pensiyası 01.09.1965-23.06.1970-ci illərdə təhsil aldığı dövr nəzərə alınmaqla 30 il 8 ay 22 gün sığorta stajına uyğun olaraq 01.02.2017-ci il tarixindən (müraciət edilən tarixdən əvvəlki üç il üçün) yenidən hesablanmış və 196,96 manata çatdırılmışdır. Həmin Qanunun 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilməsilə əlaqədar onun pensiyasının məbləği 01.01.2018-ci il tarixindən 208,19 manata, 01.01.2019-cu il tarixindən 214,43 manata, 01.01,2020-ci il tarixindən 249,85 manata, 01.01.2021-ci il tarixindən 278,33 manata çatdırılmış və keçmiş dövr məbləği hesablanaraq 07.04.2020-ci il tarixindən hər ay 16,60 manat əsas pensiya məbləğinin üzərinə əlavə edilməklə cəmi 294,93 manat pensiya ödənilir. Qeyd olunanlara əsasən bildirilir ki, İddiaçı yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 10.05.2009-cu ildən 01.01.2006-cı il tarixinədək olan iş stajının 25 il 11 ay 6 gün olması nəzərə alınmaqla yaşa görə 75,00 manat məbləğində əmək pensiyası təyin edilmişdir. 10.12.2018-ci il tarixdə İddiaçı müraciəti əsasında pensiyası yenidən hesablanmış, pensiya məbləği 195,17 manat müəyyən edilmişdir. 30.01.2020-ci il tarixdə İddiaçı əyani təhsil müddətinin stajına daxil olması və əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş və 01.01.2006-cı il tarixinədək olan iş stajının 30 il 8 ay 22 gün olması nəzərə alınaraq əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı əmək pensiyasının düzgün hesablanmamasını mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş: - 7-ci maddəsinə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - 4.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası baza hissəsindən; sığorta hissəsindən; yığım hissəsindən ibarətdir. - 10.1-ci maddəsinin tələbinə görə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PS +(PSK /T), burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanununun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsidir; PSK - sığorta olunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. - 10.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığorta olunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. - 10.4-cü maddəsinin tələblərinə görə yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; BH - yaşa görə əmək pensiyasının baza hissəsidir; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. - 01.01.2010-cu il tarixədək qüvvədə olmuş 27.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. - hazırda qüvvədə olan 29-cü maddəsinə əsasən əmək pensiyasının sığorta ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Əmək pensiyasının indeksləşdirilməsi bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş əmək pensiyasının ödənişinin maliyyə mənbələrinə uyğun olaraq müvafiq qaydada nəzərdə tutulmuş vəsaitlər dairəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Məhkəmə araşdırılması zamanı İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edildiyindən və ödənilmədiyindən, iddia tələbində göstərilənlərin hüquqi əsasları müəyyən edilmədiyindən iddia tələbi əsassız olmaqla cavabdeh inzibati orqan tərəfindən onun müraciətinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar