Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4806/2024 22.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “istifadə hüququnun dövlət reyestrində qeydə alınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeydiyyatda olmaqla yaşadığı və Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sərəncamına əsasən xx.xx.2022-ci il tarixli icarə müqaviləsi ilə iddiaçının adına rəsmiləşdirilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, məhəllə 5035, ev 2, 91 saylı mənzilə dair istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı ildən fasiləsiz olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, məhəllə 5035, ev 2, 91 saylı mənzildə ailə üzvləri ilə birlikdə yaşamaqla həmin mənzilə sahiblik edir və mənzildə qeydiyyatdadır. Göstərilən müddətdə qeyd olunan mənzilin təmiri və saxlanması, həmçinin kommunal xərclər iddiaçı tərəfindən həyata keçirilmişdir. Mənzil Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Binəqədi rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında olduğundan qonşularının notarial qaydada təsdiq olunmuş ərizələri və digər hüquqmüəyyənedici sənədlər əsasında həmin mənzilə dair Birliklə aralarında xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. İddiaçı mənzil üzərində istifadə hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası əsassızdır. Hüquq müəyyənedici sənədlərə əsasən mənzilə dair kommunal xidmətlərə dair müqavilələr bağlanmış və ödənişlər həyata keçirilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizələrlə cavabdehə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********46 nömrəli, xx.xx.2023-cü il tarixli, **********54 nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departmenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş 799/1 nömrəli sərəncam xx.xx.2022-ci il tarixlidir. Əlavə olaraq, İdarənin mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində mənzilə texniki baxış keçirilən zaman qeyd olunan mənzildə məcburi köçkün ailəsinin məskunlaşdığı müəyyən edilmişdir. Eyni zamanda, qeyd olunan mənzilin ümumi sahəsi hüquqmüəyyənedici sənəddə 68.0 kv.m qeyd olunsa da, faktiki 69.53 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, iddiaçı həmin mənzildə 1996-cı ildən yaşayır. Mənzildə heç bir məcburi köçkün yaşamır. Ola bilsin ki, cavabdehin əməkdaşları bunu səhv salmışlar. Binəqədi rayon Mənzil Kommunal-Təsərrüfat Birliyi iddiaçının həmin mənzilə istifadə hüququnun tanınmasına etiraz etmir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 799/1 saylı, xx.xx.2022-ci il tarixli sərəncamına əsasən ünvan 1 ünvanındakı 2 saylı evin 91-ci mənzilinin şəxsi hesab vərəqəsinin iddiaçının adına dəyişdirilməsi və mənzilin kirayəçisi olmaqla onunla həmin mənzilə dair kirayə müqaviləsi bağlanması qərara alınmışdır. Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə iddiaçı arasında bağlanmış “Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında” xx.xx.2022-ci il tarixli birtipli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5035 məhəllə ünvanında yerləşən 2 nömrəli evin 91 nömrəli mənzil müddətsiz istifadə üçün ailə üzvləri ilə birlikdə ididaçıya verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışa əsasən iddiaçı xx.xx.2022-ci il tarixdən ünvan 2 ünvanda qeydiyyatdadır. 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin 206 saylı, xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, məhəllə 5035, ev 2, 91 saylı mənzildə qeydiyyatdadır və 1996-cı ildən həmin mənzildə yaşayır. X3, X2, X1 tərəfindən tərtib edilərək imzalanmış 03 avqust 2022-ci il tarixli aktda göstərilmişdir ki, iddiaçı 1996-cı ildən bu günə kimi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, məhəllə 5035, ev 2, 91 saylı mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Hal-hazırda mənzildən istifadə edir, bütün təmizlik və tədbirlərdə fəal iştirak edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, məhəllə 5035, ev 2, 91 saylı mənzilə dair istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1). Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (146.1.). Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə (bundan sonra – Mənzil Məcəlləsi) sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir (48.1.). Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür (59.1.). Yaşayış sahəsinin sosial kirayə müqaviləsi müddətsiz (onun qüvvədə olma müddəti müəyyənləşdirilmədən) bağlanılır (59.2.). Sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir (60.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.1.). Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (19.1.). İşdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, məhəllə 5035, ev 2, 91 saylı mənzil dövlət mülkiyyətindədir. Həmin mənzillə bağlı iddiaçı ilə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi arasında kirayə müqaviləsi bağlanmışdır. İddiaçı həmin mənzildə yaşayır və bütün kommunal haqları ödəyir. Eyni zamanda həmin daşınmaz əmlak üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanı (Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi) iddiaçı ilə həmin mənzillə bağlı müddətsiz kirayə müqaviləsi bağlamaqla mənzildən iddiaçının istifadə etməsinə hər hansı etirazının olmaması barədə iradəsini ifadə etmişdir. Bu səbəbdən məhkəmə mənzil üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınmasına hər hansı maneə görmür. Cavabdeh iddia ərizəsinə etirazının dəlilləri kimi mənzildə məcburi köçkün ailəsinin məskunlaşdığına və mənzilin ümumi sahəsinin hüquqmüəyyənedici sənəddə 68.0 kv.m qeyd olunsa da, faktiki 69.53 kv.m təşkil etdiyinə əsaslanmışdır. Qeyd edilməlidir ki, 107 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışında iddiaçının 1996-cı ildən ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşadığı göstərilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında iddiaçının həmin mənzildə yaşadığını və mənzildə heç bir məcburi köçkün ailəsinin yaşamadığını bildirmişdir. Cavabdeh məhkəmə iclasında təmsil edilməmiş və bunların əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, mənzildə məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşması iddiaçının mənzilə istifadə hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Eyni zamanda iddiaçı cvaabdehdən mənzil üzərində mülkiyyət hüquqlarının deyil, istifadə hüquqlarının qeydə alınmasını xahiş etmişdir. Belə olan halda mənzilin faktiki sahəsinin hüquqmüəyyənedici sənəddə göstərilmiş sahəsi ilə fərqli olması iddiaçının tələbinin təmin edilməməsi üçün əsas deyildir. Məhkəmə, cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun normalarına əsasən iddiaçının həmin mənzil üzərində istifadə hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Məhkəmə onu da nəzərə alır ki, iddiaçı adına rəsmiləşdirilməsini tələb etdiyi mənzildə uzun illərdir ki yaşayır və həmin mənzilə dair əmlak hüquqlarının mövcud olması mənzilin balansında olan təşkilatın sərəncamı və onunla baglanmış kirayə müqaviləsi ilə də təsdiq olunur. Odur ki, iddiaçı hazırki iddia ilə bağlı tələbinin təmin olunmasından cavabdeh inzibati orqan qanunsuz və əsassız olaraq imtina etdiyi üçün iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, işin faktiki hallarına fərdi yanaşmaqla qeyd edilənlər iddiaçının həmin evlə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılığını (əlaqəni) ifadə edir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, məhəllə 5035, ev 2, 91 saylı mənzilə dair iddiaçının istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, məhəllə 5035, ev 2, 91 saylı mənzilə dair İddiaçı istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-4806/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4806/2024
22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver