Məhkəmə qərarları › İş №2-1(112)-4806/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4806/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4806/2025 22.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxsin vəkili X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sertifikasiya şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən X3 16 iyun 2021-ci il tarixində verilmiş plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün AH №040407 nömrəli sertifıkasiya şəhadətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 16 iyun 2021-ci il tarixində plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün AH №040407 nömrəli sertifıkasiya şəhadətnaməsi verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 18 yanvar 2024-cü il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, X4 plastik cərrahiyyə ixtisası üzrə sertifıkasiyadan keçmək üçün xx.xx.2021-ci il tarixində Səhiyyə Nazirliyinə müraciət etmiş və xx.xx.2021-ci il tarixində Sevinc Heydərova sertifıkasiyadan keçmiş ( 49 bal test suallarından və 20 bal klinik məsələlərdən) və ona AH seriyalı 040407 nömrəli sertifıkasiya şəhadətnaməsi verilmişdir. Eyni zamanda sertifikasiya şəhadətnaməsinin alınmasına əsas olan sənədlərində nüsxələri məktuba qoşma olaraq əlavə edilmişdir. Əlavə edilmiş sənədlərdən görünür ki, X4 ərizədə özünü həkim-nevroloq kimi göstərərək Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini cənab Rəhim Əliyevə ərizə ilə müraciət edərək plastik cərrahiyyə üzrə mənə xəstələrin müayinə və müalicəsində müraciətlərin çoxluğundan ixtisasımı “plastik cərrahiyyə” ixtisasına dəyişdirilməsində köməklik göstərilməsini xahiş etmişdir. Əlavə edilmiş sənədlərdən aydın olur ki, X4 2003- 2009-cu illərdə Azərbaycan Tibb Universitetinin “Müalicə işi İ” fakültəsini bitirmişdir. X4 ərizəsinə X6 Eğitim və Araşdırma Hastanesini tərəfindən xx.xx.2018-ci il tarixində verilən sənədə əsasən onun 6 aylıq müddət ərzində həmin xəstəxanada çalışdığı və bu müddət ərzində əməliyyatlarda iştirak etdiyi bildirilmişdir. Sənəd prof.dr.Mehmet Bozkurt tərəfindən imzalanmışdır. 17 may 2021-ci il tarixli “X9” xəstəxanası tərəfindən AR Səhiyyə Nazirliyinə ünvanlanmış məktubdan görünür ki, X4 fərdi olaraq plastik əməliyyatlar icra etməyə başlamışdır. Bu da onu göstərir ki, X4 qanunsuz olaraq sertifıkasiyadan keçmədən plastik cərrahiyyə əməliyyatlar həyata keçirmişdir. X1 Respublikası X12 ve Araştırma Hastanesi (Tədris və Araşdırma Xəstəxanasında) 6 ay kurs keçdiyini və əməliyyatlarda iştirak etdyinin bildirsə də, 14 saylı Vəkil Bürosunun həmin xəstəxanaya göndərdiyi sorğuya xx.xx.2024-cü il tarixində təkzib cavabı gəlmişdir. Belə ki, həmin xəstəxananın başhəkimi prof.dr.Ozan Beytemür tərəfindən göndərilmiş sorğunun cavabına əsasən əvvəllər həmin müəssisədə təhsil aldığı bildirilən şəxsin xəstəxana personalı qeydlərinə baxılmış, X4 haqqında heç bir qeyd tapılmamışdır. Beləliklə müəyyən edilmişdir ki, X4 tərəfindən Səhiyyə Nazirliyinə təqdim etdiyi sənədlər saxtadır. X4 tərəfindən xx.xx.2021-ci il tarixində İddiaçı üzərində “Hər iki gözün lateral dəri çapığının yerli keyitmə ilə ləğv edilməsi” plastik cərrahiyyə əməliyyatı keçirilmişdir. Həmin əməliyyat X4 tərəfindən qüsurlu icra edilmişdir. Bundan sonra iddiaçı tərəfindən X2 qarşı “sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbi ilə iddia qaldırmış və 30.000 AZN (otuz min) pulun cavabdeh X4 ilə “X7”MMC-dən müştərək qaydada tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, X4 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. İddiaçı Sevinc Heydərovanın cinayət məsuliyyətinə cəlb olunmasına dair şikayəti üzrə Nəsimi rayon prokurorluğunda araşdırma aparılmış, əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı həmçinin mülki qanunvericiliyə uyğun olaraq Sevinc Heydərovaya qarşı mülki iddia da qaldırmışdır. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-78/2024 nömrəli qətnaməsi ilə İddiaçı “sağlamlığına vurulmuş ziyana görə 30000 manat tələbinə” dair iddiası əsassız sayılaraq təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsnin xx.xx.2024-cü il tarixli 2(103)-5098/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. X12 və Araşdırma Hastanesinin xx.xx.2024-cü il tarixli məktubunda xəstəxananın personal qeydlərində Sevinc Heydərovanın adına rast gəlinməməsinə dair məlumatına əsasən Sevinc Heydərovanın təqdim etdiyi sənədin saxta olması iddiasına gəlincə, sadəcə onu demək kifayətdir ki, Sevinc Heydərovanın təqdim etdiyi sənəddə onun qeyd olunan xəstəxanan personalı- çalışanı və ya təhsil alanı olması barədə məlumat qeyd edilməmişdir. İddiaçı şikayəti və Respublika Baş Prokuroruğunun müraciəti əsasında Səhiyyə Nazirliyində araşdırma aparılmış və ona rəsmi cavab verilmişdir. Yəni qeyd olunan inzibati akt barədə İddiaçı 1 ildən artıq müddət əvvəl elan edilmişdi. İnzibati orqanın inzibati aktı ona göndərməsi vəzifəsi isə qanunda nəzərdə tutulmamışdır, çünki ona aidiyyəti belə yoxdur. Mübahisələndirmə haqqında iddialar üçün 30 gün müddət myəyyən edilmişdir İPM-nin 38.1-ci maddəsi). İddia onsuz da mümkünsüzdür, həm də iddia müddəti də buraxılmışdır. İddia müddətinin buraxılması isə MM-nin 375.2-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili yazılı etiraza uyğun izahat vermiş və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı cavabdeh tərəfindən X3 16 iyun 2021-ci il tarixində verilmiş plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün AH №040407 nömrəli sertifıkasiya şəhadətnaməsinin ləğv edilməsi tələbini irəli sürmüşdür. İddiaçının iddia ərizəsində istinad etdiyi qanunvericlik aktlarında, eləcə də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 08 iyun tarixli, 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nda tibb işçisinin sertifikasiyasının ləğv edilməsi prosesdur qaydalarında digər şəxsin müraciətinin əsas kimi götürülməsi müddəası öz əksini tapmamışdır. Eyni zamanda iddiaçı tərəfindən üçüncü şəxsə verilmiş şəhadətnamənin onun hüquqlarını hansı qaydada pozması barədə əsaslandığı dəlillər onun subyektiv hüququnun olmasını göstərən sübut kimi çıxış edə bilməz. Göründüyü kimi, iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olması qənaətinə gəlmək mümkün deyildir. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İPM-in 35.1-ci müddəasının mənasına görə, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Üçüncü şəxsə verilmiş şəhadətnamənin ləğv edilməsində iddiaçının hüquqi marağının olması nə iddia ərizəsində, nə də məhkəmə iclasında izahatında müəyyən edilməmişdir. Belə ki, iddiaçı hüquqi marağına uyğun olaraq üçüncü şəxsin onun hüquqlarını pozan hərəkətləri nəticəsində mülki məhkəmə icraatı qaydasında iddia qaldırmışdır. Hazırkı iddianın təmin edilməsi onun hüquqlarının bərpasında heç bir rol oynaya bilməz. Beləliklə, hazırkı iddia tələbi ilə iddiaçı hər hansı hüququnun pozulduğunu sübut edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sertifikasiya şəhadətnaməsinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar