Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4807/2021 16.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********066200 saylı, 04 fevral 2021-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa edilmə və işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və sərəncamda olduğu 09.01.2018-ci il tarixdən 26.04.2019-cu ilədək və 29.01.2020-ci il tarixdən 29.01.2021-ci il tarixədək olan dövr üçün iddiaçıya ödənilməyən əmək haqqının hesablanaraq ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1999-cu ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinə ödənişsiz əsaslarla qəbul olmuş, 2003-cü ildə bakalavr pilləsini, 2005-ci ildə isə “Mühasibat uçotu və audit” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Sonra 30 dekabr 2005-ci il tarixdən 30 dekabr 2008-ci il tarixədək həmin Universitetin “Mühasibat uçotu” kafedrasının aspirantı olmuş və 2011-ci ildə iqtisad elmləri üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12.02.2020-ci il tarixli qərarı ilə ona fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Əmək fəaliyyətinə 2004-cü ildən Azərbaycan Respublikası Auditorlar Palatasında başlamış və 5 iyun 2006-cı il tarixinədək müxtəlif vəzifələrdə (mütəxəssis, aparıcı mütəxəssis, sədrin köməkçisi) fəaliyyət göstərmişdir. Vergi orqanlarına işə qəbulla əlaqədar 2005-ci ildə test üsulu ilə keçirilmiş imtahanda müsbət nəticə göstərərək 05.06.2006-cı il tarixindən vergi orqanlarında xidmətə başlamış və 2018-ci ilin yanvar ayınadək müxtəlif vəzifələrdə (dövlət vergi müfəttişi, böyük dövlət vergi müfəttişi, bölmə rəisi, şöbə rəisinin müavini, idarə rəisinin müavini) xidmət göstərmişdir. Vergilər nazirinin “Dövlət vergi orqanlarında yuxarı menecer vəzifələrinin tutulması üçün kadr ehtiyatının siyahısının təsdiq edilməsi haqqında” əmriylə aidiyyəti kadr ehtiyatlarının siyahısına əlavə olunmuş və dəfələrlə təlimlərdə iştirak etmişdir. İddiaçı işlədiyi bütün dövrlərdə nümunəvi xidmət aparmış, vergi orqanlarının mənafeyini hər şeydən uca tutmuşdur. Həmçinin xidmət göstərdiyi müddətdə iki dəfə attestasiyadan keçirilmişdir. Lakin bütün bu yüksək göstərici və nailiyyətlərə baxmayaraq Dövlət Vergi Xidməti iddiaçıyla bağlanmış əmək müqaviləsinə xitam verməklə onun hüquqlarını kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.1-ci maddəsində işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən işəgötürən tərəfindən hansı şəxslərin işdə saxlanmasına üstünlük verildiyi göstərilmişdir. Həmin maddənin ikinci bəndində qeyd olunmuşdur ki, öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanların işdə saxlanılmada üstünlük hüququ vardır. İddiaçı ailəlidir və öhdəliyində iki azyaşlı övladı var (5 və 8 yaşlarında). Valideynlərinin hər ikisi təqaüdçüdür. Ailəsinin təminatını vergi orqanında şərəf və ləyaqətlə xidmət etməklə təmin etmiş və əlavə gəlir mənbəyi olmamışdır və hal-hazırda da yoxdur. İşin hallarından da göründüyü kimi cavabdeh bütün bu hallara önəm verməmişdir. Hətta iddiaçının əmək müqaviləsinə təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xitam verilsə də cavabdeh orqan mart ayında vergi orqanlarına işə qəbulla bağlı yeni müsabiqə keçirməyi nəzərdə tutmuşdur. Həmçinin digər bir pozuntu isə 09.01.2018-ci il tarixdən 12.12.2018-ci ilədək və 29.01.2020-ci il tarixdən 29.01.2021-ci il tarixədək sərəncamda saxlanmağı və həmin dövr üzrə ona heç bir maaş verilməməsi və ödəniş edilməməsidir. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə əsasən təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Sözügedən Əsasnamədə də göstərildiyi kimi onun sərəncamda olduğu müddətdə əmək haqqı saxlanılmalı idi. Cavabdeh iddiaçının işdən azad edilməyi barədə **********066200 saylı, 04 fevral 2021-ci il tarixli əmri qəbul edərkən əmək qanunvericiliyinin tələblərini çox kobud şəkildə pozmuşdur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********066200 saylı, 04 fevral 2021-ci il tarixli əmri ləğv edilməli, işə bərpa edilməli və işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı iddia tələbi iddia müddətləri ötürüldüyündən, həmçinin inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın digər mümkünlük tələblərinə uyğun olmadığından mümkün sayılmamalıdır. Belə ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Eyni zamanda həmin maddənin tələblərinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bununla yanaşı, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bildirilir ki, İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin Vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır. Vergilər Nazirliyinin 29.01.2020-ci il tarixli **********098100 nömrəli əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. Daha sonra Dövlət Vergi Xidmətinin 04.02.2021-ci il tarixli **********066200 nömrəli əmri ilə İddiaçı 29.01.2021-ci il tarixdən Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. Hazırkı iddia ərizəsi ilə iddiaçı 04.02.2021-ci il tarixli **********066200 nömrəli sərəncamdan çıxarılma barədə əmri mübahisələndirərək işə bərpa edilməsini xahiş etmişdir. Halbuki, qeyd olunan 04.02.2021-ci il tarixli əmrlə iddiaçı Dövlət Vergi Xidmətinin sərəncamından çıxarıldığından həmin əmrin ləğvi iddiaçının işə bərpa edilməsi ilə nəticələnə bilməz. Çünki iddiaçı ilə Dövlət Vergi Xidməti arasında əmək müqaviləsinə həmin əmrlə deyil, yuxarıda da qeyd olunanlardan göründüyü kimi 29.01.2020-ci il tarixli **********098100 nömrəli əmrlə xitam verilmişdir. Belə ki, 29.01.2020ci il tarixli **********098100 nömrəli əmrin icrası ilə əlaqədar olaraq bir il bundan əvvəl, yəni 06.02.2020-ci il tarixdə İddiaçı ilə təhvil-təslim işləri aparılmış və müvafiq akt əlavəsi ilə birlikdə iddiaçı tərəfindən imzalanmışdır. 06.02.2020-ci il tarixli təhvil-təslim aktının əlavəsinə əsasən sabiq əməkdaş İddiaçı tərəfindən xidməti vəsiqə təhvil verilmiş və iddiaçı onun işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar 29.01.2020-ci il tarixli **********098100 nömrəli əmrlə tanış edilmiş və əmrin bir nüsxəsi ona təqdim edilmişdir. Göründüyü kimi İddiaçı ilə 06.02.2020-ci il tarixdə təhvil-təslim işləri aparılmasına və məhz elə həmin tarixdə işdən azad edilməsi barədə əmrin ona təqdim edilməsinə baxmayaraq o, işə bərpa tələbi barədə iddia ərizəsi ilə məhkəməyə 04.03.2021-ci il tarixdə, yəni bir ildən daha artıq müddət keçdikdən sonra müraciət etmişdir. Nəticədə, iddiaçı onun işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə 29.01.2020-ci il tarixli **********098100 nömrəli əmrin mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən mübahisələndirilən 04.02.2021-ci il tarixli **********066200 nömrəli əmrə gəldikdə isə bildirilir ki, həmin əmr sadəcə formal olaraq iddiaçının Dövlət Vergi Xidmətinin sərəncamından (ehtiyatından) çıxarılmasını nəzərdə tutur və bu əmrin ləğv edilməsi iddiaçının işə bərpa edilməsi anlamına gəlmir. Başqa sözlə, həmin əmrin ləğv edilməsi iddiaçının tələbində qeyd olunan hüquqi nəticəyə gətirib çıxarmayacaqdır. Beləliklə, yuxarıda qeyd olunanlar İddiaçı iddiasının işə bərpa olunma hissəsində mümkün hesab edilməməsinə əsas verir. İddia ərizəsindən göründüyü kimi İddiaçı iddia ərizəsində işə bərpa tələbi ilə yanaşı 09.01.2018-ci il tarixdən 12.12.2018-ci il tarixədək və 29.01.2020-ci il tarixdən 29.01.2021-ci il tarixədək sərəncamda olduğu dövrlər üçün ödənilməmiş əmək haqqının hesablanaraq ödənilməsini tələb etmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Vergilər nazirinin 09.01.2018-ci il tarixli **********018500 nömrəli əmri ilə İddiaçı təşkilati-ştat tədbirləri ilə əlaqədar olaraq işdən azad edilərək sərəncama götürülmüş, Vergilər nazirinin 26.04.2019-cu il tarixli **********488500 nömrəli əmri ilə isə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Vergi auditi idarəsinin Ticarət sahəsi üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmişdir. Bildirilir ki, iddiaçı 26.04.2019-cu il tarixli **********488500 nömrəli əmrlə yenidən vergi orqanlarına işə qəbul olunarkən 09.01.2018-ci il tarixdən 12.12.2018-ci il tarixədək sərəncamda olduğu dövr üçün ona hər hansı bir əmək haqqının ödənilməli olması tələbi ilə işəgötürənə müraciət etməmişdir. Başqa sözlə, iddiaçı vergi orqanına qarşı belə bir tələbi olsaydı, 26.04.2019-cu il tarixli **********488500 nömrəli əmrlə işə bərpa olunan zaman işəgötürəninə müraciət etmiş olardı. Lakin göründüyü kimi iddiaçı belə bir pul tələbi ilə işəgötürənə qarşı təxminən 2 ildən artıq bir dövr keçdikdən sonra çıxış etmiş və açıqaşkar göründüyü kimi bu hissədə də iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddiaçının sərəncamda olduğu 29.01.2020-ci il tarixdən 29.01.2021-ci il tarixədək olan dövr üçün ödənilməmiş əmək haqqının hesablanaraq ödənilməsi barədə iddia tələbinə gəldikdə isə bildirilir ki, iddiaçı 29.01.2020ci il tarixli **********098100 nömrəli əmrlə nəinki vəzifədən azad olunmuş, bununla bərabər onunla bağlanmış əmək müqaviləsinə də xitam verilmişdir. Bu səbəbdən iddiaçı ilə həmin əmr qəbul edildikdən sonra son haqq-hesabın, eləcə də təhvil-təslim işlərinin aparılması həyata keçirilmişdir. Başqa sözlə, iddiaçı ilə vergi orqanı arasında həmin tarixdən etibarən bütün növ əmək və xidməti münasibətlərə xitam verilmişdir. Belə olan halda iddiaçının istinad etdiyi Əsasnamənin 38-ci maddəsində göstərilən əmək haqqı saxlanılmaqla sərəncamında saxlanılma müddəası iddiaçıya münasibətdə tətbiq edilə bilməzdi. Belə ki, həmin normanın tətbiqi yalnız əmək və xidməti münasibətlərin davam etdiyi şəxslərə münasibətdə mümkündür. Eləcə də, qüvvədə olan əmək qanunvericiliyində işçi ilə əmək müqaviləsinə xitam verildikdən və onunla son haqq-hesab aparıldıqdan sonra yenidən əmək haqqının ödənilməli olması ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. Göründüyü kimi iddiaçının işdən azad olunduğu vaxt 29.01.2020-ci il tarix, hüquqların müdafiəsi üçün müddət axımının başladığı vaxt onunla təhvil-təslim işlərinin aparıldığı gün, yəni 06.02.2020-ci il tarixi olmuş, lakin işə bərpa olunması tələbi ilə bir ildən artıq müddət keçdikdən sonra 04.03.2021-ci il tarixdə müraciət etmişdir. Beləliklə, iddiaçı 29.01.2020-ci il tarixli **********098100 nömrəli əmrə münasibətdə iddia müddətini 13 ay, 09.01.2018-ci il tarixli **********018500 nömrəli əmrə münasibətdə 09.01.2018-26.04.2019cu il tarixlərdə sərəncamda olduğu dövr üzrə yaranmış pul tələbinə münasibətdə isə 2 ilə yaxın qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətlərini ötürmüşdür. İddiaçının tələb hüququnun axımı müvafiq əmrlə tanış olduğu və son haqq-hesab sənədlərinin verildiyi gündən başlandığından o, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Başqa sözlə, iddiaçı qanunvericiliklə ona verilmiş prosessual hüququn həyata keçirilməsinə müəyyən olunmuş müddət bitdikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddiaçının 29.01.2020-29.01.2021-ci il tarixlərdə sərəncamda olduğu dövr üzrə əmək haqqının hesablanaraq ona ödənilməsi tələbi isə onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyinə görə ümumiyyətlə əssassızdır. Nəticədə, bütün yuxarıda qeyd olunanlar iddia tələbinin əsassız olduğunu və buna görə də iddianın mümkünsüz hesab edilməli olduğunu göstərir. Məlum olduğu kimi inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddiaçı iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad çıxarılması xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Bakı İnzibati Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərardadı ilə iddia tələbi “işə bərpa edilmə, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və sərəncamda olduğu dövr üçün iddiaçıya ödənilməyən əmək haqqının hesablanaraq ona ödənilməsi” hissələrində mümkün sayılmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********066200 saylı, 04 fevral 2021-ci il tarixli əmrinin ləğv edilməsi hissəsində aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus 12.04.2004-cü il tarixli, ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı Azərbaycan Respublikası Auditorlar Palatasında 12.04.2004-cü ildə auditin təşkili departamentinə mütəxəssis vəzifəsinə qəbul edilmiş, 06.06.2006-cı ildə tutduğu vəzifədən azad edilmişdir. 05.06.2006-cı ildə Bakı şəhəri Vergilər Departamentinin Bəyannamələr şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə bir il müddətinə stajçı təyin edilmiş, 05.06.2007-ci ildə staj müddəti bitdiyi üçün tutduğu vəzifəyə təyin edilmiş, 10.08.2017-ci ildə Vergilər Nazirliyi yanında Bakı şəhəri X11 Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini vəzifəsinə keçirilmişdir. 10.01.2018-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ”a” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. 16.04.2018-ci il tarixli əmrlə sərəncamda saxlanılma müddəti 10.04.2018-ci il tarixdən 10.07.2018-ci il tarixədək uzadılmışdır. 17.07.2018-ci il tarixli əmrlə sərəncamda saxlanılma müddəti 10.10.2018-ci il tarixədək uzadılmışdır. 08.10.2018-ci il tarixli əmrlə Vergilər Nazirliyinin sərəncamında saxlanılma müddəti 3 (üç) ay müddətinə uzadılmışdır. 12.12.2018-ci il tarixli əmrlə 21.11.2018-ci il tarixdən Vergilər Nazirliyinin sərəncamından çıxarılmışdır. 26.04.2019-cu ildə Vergilər Nazirliyi yanında Bakı şəhəri X11 Departamentinin səyyar vergi yoxlamaları idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. 07.08.2019-cu ildə Vergilər Nazirliyinin Bakı şəhəri X11 üzrə Baş İdarəsinin səyyar vergi yoxlamaları idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. 13.12.2019-cu ildə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. 29.01.2020-ci ildə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. 05.05.2020-ci il tarixli əmrlə 29.04.2020-ci ildən Vergilər Nazirliyinin sərəncamında saxlanılma müddəti 3 (üç) ay müddətinə uzadılmışdır. 30.07.2020-ci il tarixli əmrlə 29.07.2020-ci ildən Dövlət Vergi Xidmətinin sərəncamında saxlanılma müddəti 29.10.2020-ci il tarixədək uzadılmışdır. 04.11.2020-ci il tarixli əmrlə 29.10.2020-ci ildən Dövlət Vergi Xidmətinin sərəncamında saxlanılma müddəti 29.01.2021-ci il tarixədək uzadılmışdır. 04.02.2021-ci il tarixli əmrlə 29.01.2021-ci ildən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 31.03.2021-ci il tarixli, **********821000 nömrəli məktubuna əlavə edilmiş 09.01.2018-ci il tarixli **********018500 nömrəli işdən azad edilmə haqqında əmrdən çıxarışda qeyd edilmişdir ki, aparılacaq təşkilati-ştat tədbirləri ilə əlaqədar olaraq Vergilər Nazirliyi yanında Bakı şəhəri X11 Departamentinin adları aşağıda qeyd olunan əməkdaşlarının əmək müqavilələrinə 10 yanvar 2018-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək, tutduqları vəzifədən azad edilsinlər və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülsünlər: 7. İddiaçı: vergi xidməti müşaviri - Vergilər Nazirliyinin Vergilər Nazirliyi yanında Bakı şəhəri X11 Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktorunun müavini ilə bağlanmış əmək müqaviləsinə 10 yanvar 2018-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilsin və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülsün. 19. Vergilər Nazirliyi yanında Bakı şəhəri X11 Departamentinin baş direktoru, baş vergi xidməti müşaviri Səməd Vəliyevə tapşırılsın ki, adları yuxarıda qeyd olunanların bu əmrlə tanış olmasını, qanunvericiliklə müəyyən edilmiş müddətdə onlarla son haqqhesabın və təhvil-təslim işlərinin aparılmasını, eyni zamanda zərurət yarandığı təqdirdə boşalmış vəzifələrlə bağlı səlahiyyətlərin müvəqqəti icrasının digər əməkdaşlara həvalə olunmasını təmin etsin. Əsas: Vergilər nazirinin katiblik məsələləri üzrə müşaviri, baş vergi xidməti müşaviri Elnur Əliyevin 08.01.2018-ci il tarixli **********253000 nömrəli xidməti məruzəsi. İş materiallarına əlavə edilmiş 29.01.2020-ci il tarixli **********098100 nömrəli təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə haqqında əmrdən çıxarışda qeyd edilmişdir ki, aparılacaq təşkilati-ştat tədbirləri ilə əlaqədar olaraq Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin adları aşağıda qeyd olunan əməkdaşlarının əmək müqavilələrinə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduqları vəzifədən azad edilsinlər və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülsünlər: 14. İddiaçı: vergi xidməti müşaviri - Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi ilə bağlanmış əmək müqaviləsinə 29 yanvar 2020-ci il tarixdən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilsin və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülsün. 23. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi, baş vergi xidməti müşaviri Elçin Yusubova tapşırılsın ki, adları qeyd olunanların bu əmrlə tanış olmasını, qanunverciliklə müəyyən edilmiş müddətdə onlarla son haqq-hesabın və təhvil-təslim işlərinin aparılmasını təmin etsin. Əsas: Vergilər Nazirliyinin “Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərkib quruluşunda və ştat vahidlərinin bölgüsündə dəyişiklik edilməsi haqqında” 24.01.2020-ci il tarixli **********066100 nömrəli əmri. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vergilər nazirinin 24 iyun 2016-cı il tarixli **********946000 nömrəli əmri ilə təsdiq edilmiş 06.02.2020-ci il tarixli təhvil-təslim aktında göstərilmişdir: biz aşağıda imza edənlər, Baş idarənin rəis müavini, Baş VXM-i X8, Vergi auditi idarəsinin rəisi vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən, Baş VXM-i X9, Vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin rəisi, vergi xidməti müşaviri X5, Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsin rəisi, baş VXM-i X6 və Maliyyə, təminat və mühasibat uçotu şöbəsinin rəisi-baş mühasib, VXM-i X2 digər tərəfdən sabiq əməkdaş Vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi İddiaçı aktı və əlavəsini imzalamaqla təsdiq edirik ki, Vergilər nazirinin birinci müavininin "28” yanvar 2020-ci il tarixli **********098100 nömrəli əmrinin icrası ilə əlaqədar akta əlavə olunmuş siyahıda qeyd olunan sənədlər inventar, avadanlıq və ofis ləvazimatı bu aktda sabiq əməkdaş qismində qeyd olunan şəxsdən təhvil alınmışdır. Akt və aktın əlavəsi iki nüsxəcə tərtib olundu. Akt və aktın əlavəsinin bir nüsxəsi sabiq əməkdaşa təqdim edildi, digər nüsxəsi təhvil-təslim işlərinin aparıldığı strukturda saxlanıldı. İş materiallarına əlavə edilmiş 06.02.2020-ci il tarixli təhvil-təslim aktına əlavə siyahıdan görünür ki, Məlikli X3 Nazirliyinin Təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar işdən azad etmə və Vergilər Nazirliyinin sərəncamına götürülmə barədə 28.01.2020-ci il tarixli **********098100 nömrəli əmri ilə tanış olmuş və bir nüsxəsini almışdır. Həmin təhvil-təslim aktını İddiaçı imzalamışdır. İş materiallarına əlavə edilmiş 04.02.2021-ci il tarixli **********066200 nömrəli sərəncamdan çıxarılma haqqında əmrdən çıxarışda qeyd edilmişdir ki, 12. Vergilər Nazirliyinin **********098100 saylı 29 yanvar 2020-ci il tarixli əmri ilə Vergilər Nazirliyinin sərəncamına götürülmüş İddiaçı 29 yanvar 2021-ci il tarixdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılsın. 19. İnsan resursları baş idarəsinin rəisi vəzifəsini icra edən, baş İdarənin rəis müavini, vergi xidməti müşaviri Elməddin Süleymanova tapşırılsın ki, qanunvericiliklə müəyyən edilmiş müddətdə adları əmrdə qeyd olunanlara əmək kitabçasının təhvil verilməsini və ya təhvil götürülməsi barədə bildirişin göndərilməsini təmin etsin. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən İddiaçı ünvanlanmış 09.02.2021-ci il tarixli, **********250500 nömrəli məktubda göstərilmişdir ki, işlə təmin olunmağınız barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş 06.01.2021-ci il tarixli müraciətinizlə bağlı bildirilir ki, siz 29.01.2020-ci il tarixdə Vergilər nazirinin müvafiq əmri ilə “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 38-ci bəndinə uyğun olaraq təşkilati-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar tutduğunuz vəzifədən azad olunaraq 3 (üç) ay müddətinə Dövlət Vergi Xidmətinin sərəncamına götürülmüş, 29.01.2021-ci il tarixdən sərəncamdan çıxarılmısınız. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 6-cı bəndinin tələblərinə uyğun olaraq sizə məxsus olan əmək kitabçasını İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsindən götürməyiniz və ya poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməyiniz xahiş edilir. Beləliklə, işin sadalanan hallarından görünür ki, iddiaçı Bakı şəhəri Vergilər Departamentinin Bəyannamələr şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə 05.06.2007-ci ildə təyin edilmiş, sonradan müxtəlif vəzifələrə keçirilmiş, birinci dəfə 09.01.2018-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ”a” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən 10.01.2018-ci il tarixdən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. İddiaçının sərəncamda saxlama müddəti hər dəfə 3 ay müddətinə uzadılmış və 12.12.2018-ci il tarixli əmrlə 21.11.2018-ci ildə sərəncamdan çıxarılmışdır. Daha sonra iddiaçı 26.04.2019-cu ildə yenidən vergi xidmətində işə qəbul edilərək Vergilər Nazirliyi yanında Bakı şəhəri X11 Departamentinin səyyar vergi yoxlamaları idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş, sonuncu dəfə 13.12.2019-cu ildə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi vəzifəsinə keçirilmişdir. İddiaçı 29.01.2020-ci ildə “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə və 75-ci maddəsinin 3-cü hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərəncamına götürülmüşdür. İddiaçının ikinci dəfə sərəncamda saxlanılma müddəti hər dəfə 3 ay olmaqla 29.01.2021-ci il tarixədək uzadılmış və 04.02.2021-ci il tarixli əmrlə 29.01.2021-ci il tarixdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sərəncamından çıxarılmışdır. Hazırki tələbində iddiaçı sərəncamdan çıxarılma barədə cavabdehin **********066200 saylı, 04.02.2021-ci il tarixli əmrinin ləğv edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin 04.02.2021-ci il tarixli əmrini 04.03.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mübahisələndirməklə 30 günlük iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 38-ci maddəsinə görə Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilməli; -ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; -ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; -hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi adıçəkilən 13 iyun 2013-cü il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır”. İddiaçı hazırkı iddiasında 04.02.2021-ci il tarixli əmrin onun üçün yaratdığı hüquqi nəticəsinin işdən azad edilməsi olduğu, həmin əmrin ləğv edilməsi ilə isə yaranacaq hüquqi nəticənin onun bilavasitə işə bərpa ediləcəyi kimi əsaslandırsa da məhkəmə iş üzrə qəbul etdiyi 16.07.2021-ci il tarixli qərardadında da bununla bağlı qeyd etmişdir ki, iddiaçının hüquqi marağına uyğun olaraq işə bərpa yalnız onun barəsində işdən çıxma barədə əmrin ləğv edilməsi ilə mümkündür. İddiaçı məhz 29.01.2020-ci il tarixli **********098100 nömrəli əmrlə işdən azad edilmiş, onunla əmək müqaviləsinə, əmək hüquq münasibətlərinə həmin əmrlə xitam verilmişdir. Məhkəmə işin hallarını və yuxarıda qeyd edilən Plenum Qərarındakı mövqeyə istinadən hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən 04.02.2021-ci il tarixli əmr iddiaçı üçün hər bir halda hüquqi nəticə yaratmışdır. Lakin bu nəticə yuxarıda qeyd edildiyi kimi iddiaçının işdən azad edilməsi deyildir. Mübahisə predmeti olan əmrin nəticəsi ondan ibarətdir ki, iddiaçının sərəncamda olduğu müddət ərzində onun uyğun hesab ediləcəyi hər hansı vəzifəyə götürülmə barədə inzibati orqandan gözləntisi var idisə, sonradan inzibati orqan onu sərəncamdan çıxardığından iddiaçı üçün yalnız bu gözlənti imkanı aradan qalxmışdır. Başqa sözlə, hazırki iddia üzrə mübahisələndirilən 04.02.2021-ci il tarixli əmrlə inzibati orqan iddiaçı ilə bağlı hüquqi əlaqəni bilavasitə “geniş anlamda” kəsmişdir. Sərəncamdan çıxarılma barədə əmrin ləğv edilməsi iddiaçını yalnız əvvəlki hüquqi vəziyyətə, yəni sərəncamda qalma vəziyyətinə çıxara bilər ki, qeyd edilən inzibati aktın ləğv edilməsi məsələsi cavabdeh orqanın diskresion səlahiyyəti baxımından qiymətləndirmə tələb edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə görə diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Məhkəmə qeyd edir ki, inzibati orqanın diskresion səlahiyyəti inzibati akt formasında həyata keçirdiyi bütün hərəkətlərinə münasibətdə tətbiq olunur. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Başqa sözlə, inzibati orqan bu hərəkəti edə də bilər, etməyə də. Qeyd edilməlidir ki, sərəncamda saxlama səlahiyyəti inzibati orqanın diskresion səlahiyyəti olmaqla inzibati orqana öz mülahizəsinə görə qiymətləndirmə aparmaqla işdən azad etdiyi işçini qanunla müəyyən edilmiş müddət daxilində onda olan mümkün vəzifələrdən birinə yerləşdirmə imkanını nəzərdə tutur. Yəni bu müddət ərzində inzibati orqan iddiaçını konkret olaraq əmək funksiyalarının icrasına buraxmır, lakin eyni zamanda onun başqa bir vəzifəyə təyin edilmə imkanlarının olub-olmaması baxımından özlüyündə qiymətləndirmə aparır. Sərəncama götürülmə diskresion səlahiyyət olmaqla yanaşı sərəncamdan çıxarılma da diskresion səlahiyyət kimi qiymətləndirilməlidir. Bu mənada məhkəmə hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi və hazırkı iddianın predmetini təşkil edən 04.02.2021-ci il tarixli əmri inzibati orqanın diskresion səlahiyyət əsasında qəbul etdiyi inzibati aktdır. Aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. “İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən hər bir şəxsin inzibati orqandan diskresion səlahiyyətini düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati Prosesual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırkı iş üzrə inzibati məhkəmə icraatının predmetini inzibati orqanın diskresion səlahiyyət əsasında qəbul etdiyi inzibati akt təşkil etdiyindən məhkəmə üçün yoxlanılmalı olan məsələ ondan ibarətdir ki, cavabdeh inzibati orqan sərəncamdan çıxarılma barədə əmrinin qəbul edilməsi ilə bağlı özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdirmi? İşin hallarından görünür ki, iddiaçı 29.01.2020-ci il tarixli əmrlə təşkilati-ştat tədbirləri ilə əlaqədar işdən azad edilmiş və eyni vaxtda 3 ay müddətinə sərəncama götürülmüşdür. Həmin əmrin surəti iddiaçıya təqdim edilmiş və əmrə uyğun olaraq iddiaçı ilə 06.02.2020-ci il tarixdə təhvil-təslim işləri aparılmışdır. İddiaçının əmək kitabçasında onun sərəncama götürülməsi, sərəncamda qalma müddətinin uzadılması barədə müvafiq qeydlər edilmişdir. İddiaçının sərəncamda qalma müddəti Əsasnamənin 38-ci maddəsinin tələbinə uyğun olaraq 1 ilədək müddətə uzadılmış, yekunda iddiaçı 1 ilin tamamında 04.02.2021-ci il tarixli əmrlə 29.01.2021-ci il tarixdən sərəncamdan çıxarılmışdır. Bundan sonra cavabdeh orqan iddiaçıya 09.02.2021-ci il tarixli məktub ünvanlayaraq əmək kitabçasının götürülməsi və ya poçt vasitəsilə göndərilməsinə razılıq verilməsini xahiş etmişdir. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, işin faktiki halları nəzərə alındıqda hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. İnzibati orqanın diskresion səlahiyyətini aşması, diskresion səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət etməsi halları inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “**********066200 saylı, 04 fevral 2021-ci il tarixli əmrin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4807/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4807/2021
16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver