Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4809/2022 29.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1982-1995-ci illərdə Balakən rayonunun “Katex” (“Orjenikidze”) adına kolxozda işlədiyi dövrün sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci ildən (54 yaş 6 ay) ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 izahatında bildirdi ki, iddiaçı xx.xx.1963-cü ildə Balakən rayonunun Püştətala kəndində doğulmuşdur, hazırda Balakən rayonun Katex kəndində yaşayır. İddiaçı 1982-1995-ci illərdə Balakən rayonunun “Katex” (“Orjenikidze”) adına kolxozunda işləmişdir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin iddiaçının kolxozda işlədiyi illər adına tərtib edilmiş əmək kitabçasında qeyd edilməmişdir. İddiaçı cavabdeh orqana Balakən rayon Dövlət Arxivindən verilmiş 16 iyun 2021-ci il tarixli, 84 saylı arayışı təqdim etmişdir. Lakin iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli məktubla kolxozda işlədiyi illər barədə əmək kitabçasının olmaması əsas gətirilməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İddiaçının əmək stajı tələb olunan müddət 25 ildən az hesablanmışdır. İddiaçının ata soyadı Qalayçiyevadır. Ailə üzvləri, yaxın qohumları və qonşuları iddiaçını həmişə Patimat kimi çağırmışlar. Buna görə də arxiv arayışında iddiaçının soyadı həm Qalayçiyeva, həm Qoqolova, adı isə Patimat kimi qeyd olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 izahatında bildirdi ki, iddiaçı 29 iyun 2021-ci ildə çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, iddiaçının 1982-1995-ci illərdə İsmayıllı rayonu “Katex” (Orjonikidze) kolxozunda işlədiyi müddət əmək kitabçasında yazılmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı öz tələbinin əsası kimi kolxozdakı əmək fəaliyyətinə dair arxiv arayışını təqdim etmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən sığorta stajı 18 il 10 ay olmaqla tələb olunan müddətdən, yəni 25 ildən azdır. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 5.960,79 manat, xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək 4.015,32 manat olmaqla ümumilikdə 9.976,11 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28.800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Balakən rayon Dövlət Arxivinin 18 fevral 2022-ci il tarixli məktubunda Katex kəndi “Katex/Orjonikidze” adına kolxozun şəxsi hesab kitablarında minimum adam günü (saatı) barədə məlumat qeyd edilmədiyi bildirilmişdir. Həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçası və arxiv arayışında adı “Fatma” deyil, “Patimat” kimi qeyd olunmuşdur. Göstərilən hal iddiaçı tərəfindən təqdim olunan sənədlərin ona məxsus olmasına şübhə yaradır. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanununun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsində də nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Balakən rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci ildə verilmiş 501 nömrəli arayışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X10 və X3 nikahı haqqında xx.xx.1987-ci ildə 06 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Balakən rayon Katex kənd İcra nümayəndəliyi. Nikah bağlandıqdan sonra ərə Qoqolov, arvada Qoqolova soyadı verilmişdir. İş materiallarında olan Balakən rayonu Katex kənd soveti tərəfindən xx.xx.1988-ci ildə verilmiş Xİİİ-JQ seriyalı 272999 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X11 xx.xx.1988-ci ildə Balakən rayonu Katex kəndində anadan olmuşdur, atası X10, anası İddiaçıdır. İş materiallarında olan Balakən rayonu Katex kənd soveti tərəfindən xx.xx.1988-ci ildə verilmiş Xİİİ-JQ seriyalı 273000 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.1988-ci ildə Balakən rayonu Katex kəndində anadan olmuşdur, atası X10, anası İddiaçıdır. İş materiallarında olan Balakən rayonu Katex kənd soveti tərəfindən xx.xx.1989-cu ildə verilmiş Xİİİ-JQ seriyalı 465111 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X17 xx.xx.1989-cu ildə Balakən rayonu Katex kəndində anadan olmuşdur, atası X10, anası İddiaçıdır. İş materiallarında olan Balakən rayonu Katex kənd soveti tərəfindən xx.xx.1991-ci ildə verilmiş XV-JQ seriyalı 461454 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X13 xx.xx.1991-ci ildə Balakən rayonu Katex kəndində anadan olmuşdur, atası X10, anası İddiaçıdır. İş materiallarında olan Katex kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1999-cu ildə verilmiş İ-AZ seriyalı 075666 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X14 xx.xx.1999-cu ildə Balakən rayonu Katex kəndində anadan olmuşdur, atası X10, anası İddiaçıdır. İş materiallarında olan Balakən rayonu VVADQ şöbəsi tərəfindən xx.xx.2002-ci ildə verilmiş AZ-İ seriyalı 266456 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X12 xx.xx.2002-ci ildə Balakən rayonu Katex kəndində anadan olmuşdur, atası X10, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 16 saylı regional ərazi filialından daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyiniz 117527 saylı əmək kitabçanızın surətinə əsasən sığorta stajınız 18 il 10 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 5960,79 manat, xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək 4015,32 manat olmaqla ümumilikdə 9976,11 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə X1 Sisteminin Pensiya altsisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Sözügedən Qaydaların 3.2.2-ci yarımbəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Müraciətiniz ilə əlaqədar olaraq bildiririk ki, təqdim etdiyiniz Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən rayon İcra Hakimiyyəti Balakən rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 84 saylı arxiv arayışında qeyd olunmuş dövrlərdəki əmək fəaliyyətiniz əmək kitabçasında öz əksini tapmadığından sözügedən dövr sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlarla bağlı Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əmək fəaliyyətiniz barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarını 16 saylı regional ərazi filialının Balakən rayon Qəbul Şöbəsinə təqdim etdikdən sonra Sizin yaşa görə əmək pensiyası hüququnuza yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(019)- 501/2022 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, hüquqmüəyyənedici sənəd hesab edilən Balakən rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 84 nömrəli arxiv arayışının İddiaçı məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Balakən Rayon Təhsil Şöbəsi Katex 2 saylı kənd tam orta məktəbinin xx.xx.2022-ci il tarixli, 09 saylı arayışından görünür ki, İddiaçı həqiqətən 09 sentyabr 1997-ci il tarixdə 18 nömrəli əmrlə Katex 2 saylı kənd tam orta məktəbinə xidmətçi işinə qəbul edilmiş, 05 yanvar 2012-ci il tarixədək fasiləsiz işləmişdir. 05 yanvar 2012-ci il tarixdə 02 nömrəli əmrlə işdən azad edilmişdir. 14 may 2015-ci il tarixdə 15 nömrəli əmrlə Katex 2 saylı kənd tam orta məktəbinə işə qəbul edilmişdir. 14 may 2015-ci il tarixdən fasiləsiz olaraq məktəbdə işləyir. Hal-hazırda məktəbdə xidmətçi işləyir. İş materiallarında olan Azərbaycan SSR X27 Təhsili Komitəsi tərəfindən xx.xx.1981ci il tarixdə verilmiş (qeyd 43) B seriyalı 804758 nömrəli Diplomun surətindən (əslinə baxış keçirildi) görünür ki, X7 xx.xx.1978-ci ildə Balakən rayonu 140 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1981-ci ildə tütün ustası peşəsi üzrə tam kursu bitirmişdir. İş materiallarında olan iddiaçı X4 məxsus 117527 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1997-ci ildə Katex kənd 2 saylı tam orta məktəbinə xidmətçi təyin edilmiş, xx.xx.2012-ci ildə işdən azad edilmiş, xx.xx.2015-ci ildə Katex kənd 2 saylı tam orta məktəbinə 1 oklad xidmətçi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 84 nömrəli və xx.xx.2022-ci il tarixli 17 saylı arayışından görünür ki, Balakən rayonu Katex kəndi “Katex” /“Orjenikidze”/ adına kolxozun şəxsi hesab kitablarına əsasən Qalayçiyeva /Qoqolova/ Patimat Abdulla qızının işlədiyi zaman əmək haqqısı və günləri (saatları) aşağıdakı kimi qeyd edilmişdir: İl-1982, vəzifəsi - kolxozçu, işlənmiş a/gün ---, işlənmiş a/saat 326, hesablanmış pul - 200,14; İl-1984, vəzifəsi- kolxozçu, işlənmiş a/gün ---, işlənmiş a/saat --- ; hesablanmış pul - 3,23; İl-1987, vəzifəsi- kolxozçu, işlənmiş a/gün ---, işlənmiş a/saat 1581, hesablanmış pul - 350,47; İl-1988, vəzifəsi- kolxozçu, işlənmiş a/gün ---, işlənmiş a/saat 980, hesablanmış pul - 113,92; İl-1989, vəzifəsi- kolxozçu, işlənmiş a/gün 14, işlənmiş a/saat 980, hesablanmış pul - 300,00; İl-1990, vəzifəsi- kolxozçu, işlənmiş a/gün - --, işlənmiş a/saat 1260, hesablanmış pul ----; İl-1991, vəzifəsi- kolxozçu, işlənmiş a/gün 28, işlənmiş a/saat 210, hesablanmış pul - 1280,00; İl-1992, vəzifəsi- kolxozçu, işlənmiş a/gün ---, işlənmiş a/saat 1260, hesablanmış pul - 85182,00; İl-1993, vəzifəsi- kolxozçu, işlənmiş a/gün ---, işlənmiş a/saat 1862, hesablanmış pul - 171791,51; İl-1994, vəzifəsikolxozçu, işlənmiş a/gün ---, işlənmiş a/saat 1889, hesablanmış pul - 82522,05; İl-1995, vəzifəsi- kolxozçu, işlənmiş a/gün ---, işlənmiş a/saat 245, hesablanmış pul - 72000,00. Qeyd: 1982, 1984-cü illərdə familiyası Qalayçiyeva, 1987-1995-ci illərdə Qoqolova yazılıb. 1982, 1987, 1988-ci illərdə atasının adı Abdulla, 1984-cü ildə Ab., 1987-1995-ci illərdə A. kimi qeyd edilib. Əsas: Fond №88, Siyahı №2, saxlama vahidi №603, 627, 679, 707, 714, 731, 749, 763, 791, 803, 826, Səhifə № 96, 85, 143, 145, 128, 80, 115, 127, 129, 128, 114. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiya). 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İddiaçının xx.xx.1963-cü il tarixdə doğulduğu və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin tələblərinə əsasən altı uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etməsi nəzərə alındıqda, onun 54 yaş 6 ayın tamam olduğu vaxtdan - xx.xx.2017-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilədək Balakən rayonu 140 nömrəli orta texniki peşə məktəbində təhsil almış, xx.xx.1997-ci ildə Katex kənd 2 saylı tam orta məktəbinə xidmətçi təyin edilmiş, xx.xx.2012-ci ildə işdən azad edilmiş, xx.xx.2015-ci ildə Katex kənd 2 saylı tam orta məktəbinə xidmətçi vəzifəsinə təyin edilmiş və hal-hazıradək orada işləyir. Əmək kitabçası üzrə əmək stajı 16 il 8 ay 24 gün (xx.xx.2017-ci ildək), təhsil müddəti 2 il 10 ay 20 gün, cəmi 19 il 07 ay 14 gün təşkil edir. Eyni zamanda iddiaçı Balakən rayonu Katex kəndi “Katex” /“Orjenikidze”/ adına kolxozda 7 ildən çox işləmişdir (1982, 1984-1995-ci illər). Göründüyü kimi, iddiaçı ümumilikdə 25 ildən çox ümumi staja malikdir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası və arxiv arayışı ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında və arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan müddətlər iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olundu ki, iddiaçı hazırda pensiyaçı deyil və yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının tələb olunan sığorta stajı az olduğu üçün iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Halbuki iddiaçıya məxsus əmək kitabçasından və arxiv arayışından görünür ki, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. Bundan başqa, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda və iddia tələbinə etiraz ərizəsində qeyd olunur ki, iddiaçının fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 5960,79 manat, xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək 4015,32 manat təşkil edir. Göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı vardır. Lakin iddiaçının 2006-cı il yanvarın 1-dək olan sığorta stajı hesablanarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinin tələblərinə zidd olaraq qeyd olunan hal nəzərə alınmamışdır. Göründüyü kimi, iddiaçının pensiya hüququ yaranmışdır və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2017-ci il tarixdən (54 yaş 6 ay) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4809/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4809/2022
29.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver