Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4810/2020 18.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Binəqədi rayon Xidmət Nümayəndəliyi) qarşı Bakı şəhəriBinəqədi rayon İcra hakimiyyəti və Bakı şəhər Yasamal rayon İcra hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla “şəhid statusunun bərpa olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra mətndə DSMF) Yasamal rayon şöbəsinə qarşı “şəhid statusunun bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1997-ci ildə əri X1 cəbhə bölgəsində şəhid olması ilə əlaqədar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.4-cü maddəsinə müvafiq olaraq ona verilmiş şəhid ailəsi statusunun 11 il sonra-2008-ci ildə dayandırılmasının qanunsuz hesab edilməsi və şəhid ailəsi statusunun bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdeh kimi göstərdiyi DSMF Yasamal rayon şöbəsinin əsl cavabdeh DSMF Binəqədi rayon şöbəsi (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Binəqədi rayon Xidmət Nümayəndəliyi) ilə əvəz edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı yenidən İPM-nin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1997-ci ildə əri X1 cəbhə bölgəsində şəhid olması ilə əlaqədar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.4-cü maddəsinə müvafiq olaraq ona 1997-ci ildə verilmiş şəhid ailəsi statusunun 10 il sonra- 2007-ci ildə dayandırılmasının qanunsuz hesab edilməsi və şəhid ailəsi statusunun bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması, təqsirkar vəzifəli şəxslərin əməllərinin korrupsiya kimi qiymətləndirilməklə barələrində cinayət işinin başlanılmasının təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən İPM-nin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək,Bakı şəhər Binəqədi rayon İcra hakimiyyəti və Bakı şəhər Yasamal rayon İcra hakimiyyətinin üçüncü şəxslər qismində işə cəlb olunmaqla əri X1 cəbhə böləsində şəhid olması ilə əlaqədar şəhid ailəsi kimi xx xxxxxx 2007-ci il tarixdən ona verilməli olan Prezident təqaüdünün həmin vaxtdan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, əri X4 1993-cü ildən idarə etdiyi avtomobil ilə cəbhənin Tər-Tər bölgəsində silah-sursat daşıyarkən düşmən tərəfindən atılan mərmilər nəticəsində ağır yaralanaraq, Gəncə Hərbi Hospitalında həlak olmuşdur. Bu barədə müvafiq təsdiqedici sənədlər vardır. Həmin sənədlərə əsasən ərinə qanuna müvafiq surətdə şəhid adı verilmiş və ona da 1997-ci ildən şəhid ailəsi statusu verilmişdir. 2007-ci ildən başlayaraq şəhid ailələrinə Prezident təqaüdü verilməyə başlamışdır. 9 ay həmin vaxt 100 manat olan təqaüdü almışdır. Sonralar həmin təqaüdün verilməsi dayandırılmış və onun ərinin mülki şəxs olduğundan şəhid sayılmadığı bildirilmişdir. Halbuki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.4-cü maddəsində göstərilmişdir ki, “Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş şəxslər şəhid hesab edilirlər. Ərinin ölümü haqqında tərtib olunan və iddia ərizəsinə əlavə etdiyi aktla da tam təsdiq olunur ki, həyat yoldaşına şəhid adı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.4-cü maddəsinə müvafiq olaraq düzgün verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair etirazındaiddiaçı tərəfindən hazırki tələblə bağlı iddia müddətinin ötürüldüyü göstərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, məhkəmədən iddianın mümkün hesab edilməməsini xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; İddiaçı məxsus xx.xx.2004-cü il tarixdə Bakı-Binəqədi RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, o, xx.xx.1938-ci ildə Bakı şəhərində doğulmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. AЗ seriyalı 015016 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X2 arasında 1963-cü ilin may ayının 14-cü günündə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada isə Hüseynova soyadı verilmişdir. İİ-ЖГ seriyalı 412970 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1993-cü ildə Gəncədə sinəsindən aldığı atəş yarasından vəfat etmişdir. Azərbaycan Respublikasının Qarabağ bölgəsində və başqa rayonlarında erməni hərbi birləşmələrinin təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşın həlak olması, yaxud səhhətinin başqa cür zədələnməsi haqqında xx.xx.1993-cü il tarixli “Akt”dan görünür ki, X4 xx.xx.1993-cü ildə saat 09:00 radələrində döyüş bölgəsinə hərbi sursat apararkən mərmi partlamış, sağ qolu, sinəsindən xəsarət almış, həmin xəsarət nəticəsində Gəncə hərbi qospitalına çatdırılmış və orada həlak olmuşdur. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli **********9 №li və xx.xx.2018-ci il tarixli **********1 saylı məktublarda müraciətçiyə bildirilmişdir ki, şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Sərhəd Xidmətinin Kadrlar İdarəsi, digər hərbi qulluqçulara qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) şöbəsinin, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Şəhidlik statusunun müəyyən edilməsi üçün aidiyyat orqanlara müraciət edilməsi tövsiyyə olunur. Bakı şəhəri Binəqədi rayonu İcra hakimiyyətinin xx.xx.2020-ci il tarixli 03/11-xxxx/1776 saylı məktubundan görünür ki, vətəndaş İddiaçı “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi üçün 2007-ci ilin 8 fevral tarixində Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etmişdir. Onun müraciətinə baxılmış və 2007-ci ilin 1 yanvar tarixindən 2007-ci ilin 1 oktyabr tarixinədək aylıq 100 manat məbləğində Prezident təqaüdü təyin edilərək ödənilmişdir. Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi üzrə sosial müavinət və təqaüd işlərinin inventarizasiyası zamanı İddiaçı adına açılmış 141152 saylı təqaüd işi üzrə mərhum həyat yoldaşının şəhidlik statusunu təsdiq edən sənədin olmadığı müəyyən edilmişdir. Qeyd edilən sənədin təqdim edilməsi üçün ona bildiriş göndərilmiş, lakin sənəd təqdim edilmədiyindən 2007-ci ilin 1 oktyabr tarixindən ona təyin edilmiş Prezident təqaüdünün ödənişi dayandırılmış və artıq ödənilmiş məbləğ İddiaçı tərəfindən dövlət büdcəsinə bərpa edilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra hakimiyyətinin xx.xx.2020-ci il tarixli 1952/d saylı məktubundan müəyyən edilir ki, 1993-cü ildə Tərtər bölgəsində həlak olmuş X1 şəhid olması və şəhidlik statusu ilə bağlı məlumat Yasamal rayon İcra hakimiyyətində aşkar edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanına əsasən hazırlanmışdır və şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin olunması və ödənilməsi mexanizmini müəyyən edir. Qaydaların 2-ci bəndində əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" şəhidin aşağıdakı ailə üzvlərinə təyin edilir: 2.1. arvadına (ərinə); 2.2.valideynlərinə; 2.3.18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına; 2.4. uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına; 2.5. qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə. Qaydaların 5-ci bəndinə əsasən"Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" müraciət edən şəxsin şəhidlə qohumluğunu təsdiq edən sənəd, şəhid ailələrinə verilən vəsiqə, təqaüd almaq hüququ olan digər ailə üzvləri barədə məlumat və ərizə əsasında təyin edilir. Qaydaların 5-ci bəndinə əsasən"Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəhid ailəsi üzvlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasında yaşayan şəhid ailəsi üzvlərinə isə yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri və ya “DOST” mərkəzləri tərəfindən təyin edilir və yalnız nağdsız qaydada ödənilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Qanunvericiliyin tələbindən də göründüyü kimi, mülki vətəndaşlara şəhid ailəsi statusunun verilib verilməməsi məsələsinin rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməsi nəzərdə tutulduğu halda, hazırki iş üzrə iddiaçının yaşadığı ərazi üzrə yerli icra hakimiyyəti orqanlarında (əvvəllər yaşadığı ərazi üzrə Bakı şəhər Yasamal rayon İcra hakimiyyəti və hazırda yaşadığı ərazi üzrə Bakı şəhər Binəqədi rayon İcra hakimiyyəti) bununla bağlı heç bir sənədlərin mövcud olmadığı müəyyən olunmuşdur. İddiaçı müraciətinə əsasən, Bakı şəhər Binəqədi rayon İcra hakimiyyəti tərəfindən ona 2007-ci ilin 1 yanvar tarixindən 2007-ci ilin 1 oktyabr tarixinədək aylıq 100 manat məbləğində Prezident təqaüdü təyin edilərək ödənilmiş, sonradan Binəqədi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi üzrə sosial müavinət və təqaüd işlərinin inventarizasiyası zamanı İddiaçı adına açılmış 141152 saylı təqaüd işi üzrə mərhum həyat yoldaşının şəhidlik statusunu təsdiq edən sənədin olmadığı müəyyən edilmiş, sonuncuya sənədin təqdim edilməsi üçün müvafiq bildiriş göndərilmiş, lakin sənəd təqdim edilmədiyindən 2007-ci ilin 1 oktyabr tarixindən ona təyin edilmiş Prezident təqaüdünün ödənişi dayandırılmış və artıq ödənilmiş məbləğ İddiaçı tərəfindən dövlət büdcəsinə bərpa edilmişdir. İşin araşdırılan hallarından da görünür ki,iddiaçı mərhum ərinin şəhid olması ilə bağlı nə inzibati orqana, nə də ki, məhkəməyə heç bir sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4810/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4810/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver