Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4814/2020 03.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.Heybətov küçəsi, 26a), Cavabdeh X2 (Bakı şəhəri, 8-ci mikrorayon, Azadlıq prospekti, ev 196, mənzil 171) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “təminat xərcliyinin yenidən hesablanması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəzifə maaşından kəsilmiş 3(üç) manat və xidməti illərinə görə kəsilmiş 5,9% təminat xərcliyinin xx.xx.2019-cu il tarixdən yenidən hesablanaraq qaytarılması vəzifəsini cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ilin iyul ayında Polis haqqında və Azərbaycan Respublikasısının digər qanunlarına tam uyğun olaraq X1 təqaüdə buraxılmışdır. SSRİ DİN-nin Akademiyasını bitirmişdir. DİN-nin strukturunda təhqiqat müstəqil prosessual təchizat kimi yaradılandan sonra xidmət etdiyi Lerik raton Polis şöbəsində Təhqiqat Qrupunun baş təhqiqatçısı vəzifəsində çalışmışdır. Polis mayoru rütbəsində olmaqla həmin son xidməti vəzifəsindən də təqaüdə buraxılmışdır. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir, müharibə veteranıdır. Güzəştli illər də daxil olmaqla ümumi iş stajı 42 ildən artıq olmuşdur. Ona görə də həmin zaman qüvvədə olan qanunvericiliyə əsasən təminat xərcliyinin 100% məbləğdə təqaüd ona ömürlük təyin olunmuşdur. Buna baxmayaraq 01 sentyabr 2019-cu il tarixdən pensiyasından vəzifə maaşından 3 (üç) manat və müvafiq artımdan da təxminən 5,9% kəsirlə pensiya hesablanmışdır. Ona görə də DSMF-nun xüsusi şərtlərlə təyinatı idarəsinə yazılı ərizə ilə müraciət etmişdir. Lakin cavab orqandan müsbət rəy almamışdır. Bundan sonra, yəni xx.xx.2018-ci il tarixdə Prezidentin 142 saylı Fərmanı ilə qanuna dəyişiklik edilərək 20 ildən yuxarı (güzəştli illər də daxil olmaqla) hər xidməti ilə müvafiq təminat xərcliyin 2 faizi hesablanması nəzərdə tutulmuşdur. Sonuncu qanuna əsasən də pensiyadan (təqaüdündən) artım hissələrindən (01 Sentyabr 2019-cu il) təxminən 5.6 faiz kəsilmişdir. Həmçinin Lerik RPŞ-nin Təhqiqat Qrupunun Baş Təhqiqatçısının vəzifə maaşı 426 manat hesablandığı halda onun vəzifə maaşı 423 manat hesablanmaqla 3 manat kəsrlə hesablamışlar. Ona görə hesab edir ki, hüquqları pozulmuşdur. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 1-ci Maddəsinin 1-ci hissəsinədə təsbit edilmişdir ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətdən artıq xidmət edən hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Bundan əlavə, “Əmək pensiya haqqında” Qanun 9.8. masddəsində təsbit edilmişdir ki, bu Qanunun 9-cu maddələrində göstərilən işlərdə güzəştli şətlərdə pensiya hüququ verən tam əmək stajı olan şəxlərlərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyə edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. Göründüyü kimi, qanunverici “ Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunla şəxsin müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olmasını müəyən etmiş, “Əmək pensiyaları haqqında” Qanunla isə bu şəxslərə pensiyaların əvvəllər qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada təyin edilməsini nəzərdə tutmuşdur. Xidməti illərə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçuların pensiyasının fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16- cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüquqlarının, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik prinsipinin və onun mühüm elementi olan vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Həmçinin Konstitusiyanın 149-cu maddəsində təsbit edilmişdir ki, vəziyyəti ağırlaşdıran hər hansı bir qanunun geriyə qüvvəsi yoxdur. Qeyd edir ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “ Əmək pensiyası haqqında” Qanunların bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Pleniumunun 27 mart 2014-cü il tarixli Qərarında bu məsələ obyektiv və hərtərəfli izah edilmişdir. İddiaçı qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə dair etirazda qeyd etmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Xüsusi olaraq qeyd edirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Qeyd edirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur”. Bildirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4 maddəsinə əsasən - “hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bildirirlər ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən “məlumat vərəqi”nə əsasən xx.xx.2010-cu il tarixdən əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 01-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 01-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının 2.5-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda, strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1- ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (01 iyul 2017-ci il tarixədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulmuş qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Məhkəmə araşdırması zamanı cavabdehdən sorğu əsasında İddiaçı pensiya işinin təsdiq edilmiş surətinin məhkəməyə göndərilməsi tələb edilmişdir. Sorğuya cavab olaraq iddiaçıya məxsus “Pensiyaçısının uçot vərəqi”nin surətini göndərmişdir. İş materiallarından görünür ki, Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı barəsində 5345 nömrəli Məlumat Vərəqi doldurularaq cavabdeh orqana göndərilmişdir. X3 əsasən iddiaçının xidməti təqvim illəri ilə 42 il 01 ay 21 gün təşkil etmişdir. İş materiallarına əlavə olunmuş cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalan”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən idarəyə göndərilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 18 avqust 2010-cu il tarixli 5345 nömrəli məlumat vərəqəsinə əsasən ona 8 sentyabr 2010-cu il tarixində İdarə tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1 -ci maddəsinə uyğun olaraq 42 il 1 ay 21 gün xidmət müddətinə uyğun olaraq yaşa görə (öz arzusu ilə tərxis olunmaqla) təminat xərcliyinin 100 %-i miqdarında əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının sonrakı artımlar nəzərə alınmaqla ona 1 mart 2018-ci il tarixinədək təminat xərcliyi (899,18) 100 %-i miqdarında pensiya qanunvericiliyə uyğun hesablanaraq ödənilmişdir. 1 mart 2018-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin 6 mart 2018-ci il tarixli 3761 nömrəli Sərəncamına əsasən əmək pensiyası 958,58 manata artırılmaqla ona ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyini orqan tərəfindən İdarəyə daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 423,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə, 286,50 manat, məharət dərəcəsinə vəzifə maaşının 35 taızı miqdarında əlavə, 148,05 manat, yüksəkliyə görə vəzifə, rütbə maaşlarının, xidmət illərinə və məharət dərəcəsinə görə əlavələrin 10 faizi miqdarında əlavəsi 100,76 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1172,31 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasfnm 2.5-ci bəndinə əsasən əmək pensiyanız təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1 -ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (22 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (22x2) təminat xərcliyinin 44 faizi, natamam ildəki iş stajı aylarının sayına (1 ay) mütənasib olaraq təminat xərcliyinin 0,16 faizi. İddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 94,16 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyinin (899,18 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyinin (1172,31 manat) arasındakı fərq məbləğinin (273,13 manat) 94,16 faizi-257,18 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (899,18 manat) üzərinə əlavə olunmaqla 1156,36 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Cavabdeh tərəfindən təqdim olunan pensiya işinin materiallarının surəti məhkəməyə təqdim edilmiş və müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Əmək pensiyasının yenidən hesablanması haqqında 08 sentyabr 2010-cu il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdə yaşa görə təyin edilmiş əmək pensiyası məbləği ömürlük tarixə kimi artırılaraq 625,27 manata çatdırılmışdır. Pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin pensiyanın yenidən hesablanması barədə P/İ 022793 saylı xx.xx.2011-ci il tarixli vərəqindən görünür ki, 1 sentyabr 2010-cu il tarixindən sonuncu xidmət etdiyini orqan tərəfindən İdarəyə daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşının 185,00 manat, rütbə maaşının 130,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə, 157,50 manat, məharət dərəcəsinə vəzifə maaşının 35 taızı miqdarında əlavə, 64,75 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyi 665,98 manat təşkil etmişdir. Beləliklə işdə olan sənədlərdən, həmçinin tərəflərin məhkəmə iclasında verdikləri izahatları əsasında müəyyən edildi ki, xx xxxxxxx 1958-ci il təvəllüdlü iddiaçıya pensiya hüquqununun yarandığı 24 iyul 2010-cu il tarixdə ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Buna görə də həmin tarixdən ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1 -ci maddəsinə uyğun olaraq 42 il 1 ay 21 gün xidmət müddətinə uyğun olaraq yaşa görə (öz arzusu ilə tərxis olunmaqla) təminat xərcliyinin 100 %-i miqdarında əmək pensiyası təyin edilmişdir. İddiaçıya aid uçot vərəqi və ona əlavə edilmiş sənədlərdən görünür ki, sonuncu dəfə tərtib edilmiş 01 sentyabr 2019-cu il tarixli təminat xərcliyində rütbə maaşı, ərzaq təminatı və xidmət illərinə görə əlavə nəzərə alınmaqla pensiyası yenidən hesablanmışdır. Yəni iddiaçının pensiyası hesablanarkən sonuncu dəfə 2019-cu ilin sentyabr ayında tərtib edilmiş təminat xərcliyində rütbə maaşı, ərzaq təminatı və xidmət illərinə görə əlavə nəzərə alınmışdır. İddiaçı vəzifə maaşından kəsilmiş 3(üç) manat və xidməti illərinə görə kəsilmiş 5,9% təminat xərcliyinin xx.xx.2019-cu il tarixdən yenidən hesablanaraq qaytarılması vəzifəsini cavabdeh inzibati orqanın üzərinə qoyulmasını tələb etməkdədir. İddiaçı tələbinin əsası olaraq “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının vəzifə maaşından xidməti illərinə görə 5,9% təminat xərcliyinin kəsilməsi kimi qiymətləndirilməsi “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 26.3-cü maddəsinin tələbinə uyğun olaraq, yəni 2017-ci ilin iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləğinin 2017-ci ilin iyul ayının 1-i tarixinə azaldılmaqla ödənilməsi barədə olan müddəasının tələbləri tətbiq edilməklə cavabdeh inzibati orqan tərəfindən düzgün hesablanmışdır. Məhkəmə iddia tələbinin iddiaçının vəzifə maaşından 3(üç) manat məbləğində məvacibin kəsildiyinə dair münasibət bildirərək qeyd edir ki, iddiaçı istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia həmin hissədə də əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı işin halları ilə və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, iddiaçının əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 94,16 faiz təşkil etmişdir. 01 mart 2018-ci il tarixinədək olan təminat xərcliyinin (899,18 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyinin (1172,31 manat) arasındakı fərq məbləğinin (273,13 manat) 94,16 faizi-257,18 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (899,18 manat) üzərinə əlavə olunmaqla 1156,36 manat məbləğində pensiya hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) dedikdə-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndində qeyd edilir ki, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndində qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı)-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. İddiaçı barəsində təminat xərcliyi (pul təminatı) ilə bağlı tərtib edilmiş məlumatda rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan, cavabdeh tərəfindən iddiaçının pensiyası hərbi qulluqçu kimi pensiya hüququ yarandığı dövr qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq hesablandığından, pensiyanın yenidən hesablanması üçün əsaslar olmadığından, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4814/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4814/2020
03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver