Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4815/2020 15.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «aylıq zərərin ödənilməmiş hissəsinin cavabdehlərdən tutulması»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «aylıq zərərin ödənilməmiş hissəsinin cavabdehlərdən tutulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, 1991-ci ildə Bakı Şifer və X1 peşə xəstəliyinə görə İİ qrup əlil olmuşdur. Sonradan müəssisə "xxxx" ASC adlandırılmışdır. Əlil olanadək ikiqat işləməsi ilə əlaqədar onun orta aylıq əmək haqqı respublika üzrə orta aylıq əmək haqqından 2,4 dəfə artıq olmuşdur. Əmək qabiliyyətini 80% itirməklə əlaqədar müəssisədə ona 286 publ aylıq zərərin ödənilməsi məbləği təyin olunmuşdur. Rayon üzrə pensiya işləri ilə bağlı qurumu respublika üzrə maksimum pensiya səviyyəsində 120 rubl məbləğində pensiya təyin olunmuşdur. Azərbaycan Respublikasında milli valyuta – “manat” 1992-ci ildən dövriyəyə buraxılmışdır. Dövriyədən çıxarılan 1 rubl 1 dollardan dəyərli olmuşdur. 10 rubl 1 manata bərabər tutulmaqla əvvəlki dövrdə təqaüdə çıxanların hüquqları pozulmuşdur. Aylıq zərərin ödənilmə məbləği orta aylıq əmək haqqına görə hesablanır. Respublika üzrə orta aylıq əmək haqqı 2020-ci ilin noyabr ayında 712,30 manata çatdırılmışdır. Onun (iddiaçının) orta aylıq əmək haqqı respublika üzrə orta aylıq əmək haqqından 2,4 dəfə şox olduğundan, 1.709,52 manat (712,30 manat x 2,4) olmalıdır. Aylıq zərərin ödənilməsi məbləği və pensiyanın cəmi də bu məbləğdə olmalıdır. Aylıq zərərin ödənilmə məbləği əmək qabiliyyətini 80% itirməyi ilə əlaqədar 1.367,62 manat (712,30 manat x 80%) olmuşdur. 1992-ci ilin sentyabr ayının 1-dən 2012-ci ilin sonunadək ona ödənilən aylıq zərərin ödənilmə məbləği tədricən artırılaraq 48 manat çatdırılmışdır. 2012ci ilin dekabr ayının 31-dən indiyədək müəssisədən aylıq zərərin ödənilmə məbləği heç ödənilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Aylıq zərərin ödənilmə məbləğinin düzgün təyin edilməsi və hesablanmasına dair” 6 dekabr 2013-cü il tarixli 033313 nömrəli “Göstəriş”inə nə müəssisə rəhbəri, nə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, AR Nazirlər Kabineti əməl etməmişdir. Halbuki, göstərişə əməl olunmalı idi. Əmək Müfəttişliyi müəssisəni iki dəfə cərimələmişdir, Həmin cərimələr guya dövlət büdcəsinə köçürülmüşdür. Onun (iddiaçının) hüquqları isə, təmin olunmamışdır. 1992-ci ilin sentyabr ayının 1-dən indiyədək aylıq zərərin ödənilməmiş hissəsi 1.367,62 manat x 344 ay – 48 ay x 248 ay = 444, 981 manat AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən AR Konstitusiyasının 68-ci maddəsinə görə dövlət büdcəsindən ödənilməlidir. Məhkəmədən 1992-ci ilin sentyabr ayının 1-dən indiyədək aylıq zərərin ödənilməmiş hissəsinin 444.981 manat pul vəsaitinin cavabdehlər tərəfindən ödənilməsi barədə qərar çıxarılması xahiş olunur. İddia tələbi əsaslıdır, təmin olunması mümkündür. Yəni mümkünsüzlük barədə qərardad və onun hüququnun bərpa edilməməsi barədə qərar qərəzli sayılmalıdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasənm inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 27-ci maddəsinə əsasən aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi), cavabdeh, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin beşinci hissəsinə əsasən bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Məhkəmə qeyd edir ki, iddiaçının qaldırdığı istehsalatda baş vermiş bədbıxt hadisə ilə bağlı hər hansı ödənişin verilməsi məsələsi üzrə hazırkı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müvafiq səlahiyyətə malik deyil. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia həmin cavabdehə mümkün sayıla bilməz. Digər cavabdeh "xxxx" ASC-yə gəldikdə isə, məhkəmə qeyd edir ki, onunla iddiaçının arasındakı hazırkı və əvvəllər mövcud polmuş münasibətlər publik xarakterli olmadığından, həmin cavabdehə qarşı bu tələbə inzibati məhkəmə icraatı qaydasına baxıla bilməz. AR Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü və 9-cu bəndlərində vurğulanmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərəəsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4815/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4815/2020
15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver