Məhkəmə qərarları › İş №2-1(112)-4815/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4815/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4815/2023 14.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ölüm haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “ölüm haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 mart 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı qardaşı X1 ölümü haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh Bakı şəhəri Cavabdehnə müraciət etmiş, lakin cavabdeh iddiaçının qardaşı X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığını əsas gətirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı-X1 ölümü haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X3 xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuşdur. 2016-cı ildə qardaşı əmək fəaliyyəti ilə əlaqədar Rusiya Federasiyası, Dağıstan Respublikasına getmişdir. Həmin tarixdən ölüm gününədək, yəni xx.xx.2021-ci il tarixədək orada əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2021-ci il tarixdə qardaşı- A.N.Mikayılov iş yerində baş vermiş yanğın nəticəsində aldığı xəsarətlərdən ölmüşdür. Onun nəşi Azərbaycan Respublikasına gətirilərək, Biləcəri qəbiristanlığında dəfn edilmişdir və hal-hazırda məzarı həmin qəbiristanlıqdadır. Qardaşının dəfnindən bir müddət sonra, onun ölüm şəhadətnaməsinin alınması üçün Cavabdehnə müraciət etməklə, Rusiya Federasiyası Dağıstan Respublikası İstintaq İdarəsinin və Dağıstan Respublikası Səhiyyə Nazirliyi R.P.Əskərxanov adına Xasavyurt Mərkəzi şəhər Xəstəxanasının verdiyi ölümü təsdiq edən sənədləri təqdim etmişdir. Həmin sənədlər tərcümə etdirilərək notarial qaydada təsdiq olunmuşdur. Lakin cavabdeh orqan ölüm haqqında şəhadətnaməni verməkdən imtina etmişdir. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək işin həllini məhkəmənin mülahizəsinə buraxmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Rusiya Federasiyası İstintaq Komitəsi Dağıstan Respublikası üzrə İstintaq İdarəsi Xasavyurt rayonlararası istintaq şöbəsinin xx.xx.2021-ci il tarixli 767/27-21 №-li məktubunun tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Rusiya İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə İstintaq İdarəsinin Xasavyurt rayonlararası istintaq şöbəsinin icraatında, RF CM 238 maddəsi 3 hissəsi ilə nəzərdə tutulmuş cinayət əlamətləri üzrə xx.xx.2021-ci ildə başlanmış **********1000100 saylı cinayət işi vardır. xx.xx.2021-ci ildə xx.xx.1971-ci il təvəllüdlü, Azərbaycan Respublikasında doğulmuş X1 meyitinə baxış keçirilərək, ölümün zorakılıq nəticəsində baş verməsini təsdiq edən heç bir əlamət aşkarlanmamışdır. Hazırda Mikayılov A.N.o. meyiti barəsində bütün zəruri tədqiqatlar aparılmışdır, bununla əlaqədar olaraq meyiti dəfn etmək üçün qohumlarına təhvil verməyi zəruri hesab edir; Dağıstan Respublikası Səhiyyə Nazirliyi R.P.Askerxanov ad.Xasavyurt şəhər Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 48 №-li arayışın tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 1971-ci il təvəllüdlü Mikayılov Anar xx.xx.2021-ci ildə saat 04:35 dəqiqədə alovla ağır termiki İİ-İİİ dərəcəli yanıq, təxminən 100 %. 2 dərəcəli şok diaqnozu ilə daxil olmuş və xx.xx.2021-ci ildə saat 20:10 dəqiqədə ölüm konstatasiya olmuşdur. Ölümün səbəbi: Travmatik şok. T79.4 Ölümdən sonrakı diaqnoz: 1a Travmatik şok t-79.4 B. Bədənin bir neçə nahiyəsinin termik yanıqları üçüncü dərəcəni göstərməklə T-29.3 C. Yaşayış üçün binada və ya qurğuda nəzarət edilməyən atəşin (yanğının) təsiri C 001. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 195. Ölümün dövlət qeydiyyatına alınması qaydası 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. 195.2. Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”: 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 1.12. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. Doğumun, ölümün və atalığın müəyyən edilməsinin elektron qeydiyyatı zamanı elektron şəhadətnamə informasiya sistemində generasiya olunur və Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə müraciət edən şəxsin elektron kabinetində yerləşdirilməsi üçün “MyGov” X2 ötürülür. 1.14. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. 8.4. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. 8.5-1. Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və konsulluq idarəsində qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır. 8.6. Ölüm, ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. 8.14. Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Qanunvericiliyin qeyd olunan normalarından göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Ölümün dövlət qeydiyyatına alınması üçün ölüm faktını təsdiq edən sənədlər (ölüm haqqında tibbi şəhadətnamə, tibb müəssisəsinin məlumatı) və ya şəxsin ölüm faktının müəyyən edilməsi, yaxud ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi tələb olunur. İddiaçı hazırda Azərbaycan Respublikasının vətəndaşı olan qardaşı X1 xaricdə (Rusiya Federasiyasında) ölməsini təsdiq edən tibbi sənədə istinad edərək qeydiyyat şöbəsi tərəfindən ölümün qeydiyyatının aparılmasını və bu barədə şəhadətnəmin verilməsi tələbini irəli sürmüşdür. Cavabdeh ölüm haqqında şəhadətnamənin təqdim edilməməsini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsi 195.2-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-1-ci bəndinin tələblərinə əsasən, Azərbaycan Respublikası vətəndaşının xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və konsulluq idarəsində qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır. Qeyd edilən müddəaların dispoziya şərtləri hazırkı iş üzrə tamamilə ödənilmişdir. Belə ki, ölümünün qeydiyyatının aparılması tələbi irəli sürülən şəxs Azərbaycan Respublikasının vətəndaşı olmaqla, xarici ölkədə ölmüş, ölümü həmin ölkədə dövlət qeydiyyatına alınmamış (cavabdeh bu halı təkzib etməmişdir) və bu ölkədə ölüm faktını təsdiq edən tibbi sənədlər (Dağıstan Respublikası Səhiyyə Nazirliyi R.P.Askerxanov ad.Xasavyurt şəhər Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 48 №-li arayış) mövcuddur. Məhkəmə hesab edir ki, X1 ölümünü təsdiq edən tibbi sənəd mövcud olduğundan ölüm haqqında şəhadətnamənin verilməsi cavabdeh tərəfindən təmin edilməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, cavabdeh inzibati orqanın iddiaçının “ölüm haqqında şəhadətnamənin verilməsi” barədə müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin еdilməli, X1 ölümü haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü X1 ölümü haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar