Məhkəmə qərarları › İş №2-1(112)-4818/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4818/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4818/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, X7 qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “növbədənkənar səyyar vergi yoxlaması barədə qərarın ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı "xxxx" MMC cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “cavabdeh tərəfindən səyyar vergi yoxlamasının keçirilməsinin qanunsuz hesab edilməsi və növbədənkənar səyyar vergi yoxlaması barədə qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzrəinə qoyulması qəbul edilməsi” tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" MMC barəsində cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********678100 saylı qərarına əsasən 742.749,63 manat məbləğində vergi məbləğləri hesablanmışdır. Sözügedən qərar iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinə müraciət edilərək həmin qərar mübahisələndirilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 08 iyul 2022-ci il tarixli 2-1(112)-1186/2022 saylı qərara əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmiş və həmin qərar öz qanuni qüvvəsini almışdır. Daha sonra qərar öz qanuni qüvvəsini aldıqdan sonra müəssisənin şəxsi hesab vərəqəsində yuxarıda qeyd edilən borc məbləğləri faiz məbləğləri birlikdə silinmiş və müəssisənin hər hansı bir borcu qalmamışdır. Həmçinin müəssisənin daha əvvəl mövcud olan borcu üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində başladılmış cinayət işinə xitam verilmişdir. Bu barədə vergi orqanı tərəfindən onlara rəsmi qaydada məktub ünvanlanmış və məktubda xx.xx.2023-cü il tarixdə ********* saylı cinayət işinə xitam verildiyi bildirilmişdir. Lakin daha sonra alınmış məlumata əsasən bildirilmişdir ki, müəssisədə yenidən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Bu barədə vergi orqanına müraciət edilmiş və vergi orqanı tərəfindən ünvanlanmış cavab məktubunda səyyar vergi yoxlamasının təyin edildiyi qeyd edilmişdir. Bu barədə məlumat rəsmi qaydada yazılı olaraq təqdim edilməsinə baxmayaraq, bu barədə hər hansı qərar təqdim edilməmişdir. Hesab edir ki, vergi orqanı tərəfindən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.

3. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi etirazını onunla əsaslandırmışdır ki, cavabdehə təqdim edilmiş iddia ərizəsindən göründüyü kimi iddiaçı tərəfindən İnzibati Prosessual Məcəlləsinin 35.1, 46.2.1 və 46.2.4-cü maddələrinin tələblərinə düzgün əməl olunmamışdır. İddia ərizəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia olduğu qeyd olunmuşdur. Müvafiq maddənin tələbinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Lakin iddiaçı ərizəsində hansı qərarın ləğv olunmasını qeyd etməmişdir. Ümumiyyətlə, iddia ərizəsinə etiraz hazırlanan tarixə cavabdeh tərəfindən iddiaçıya səyyar vergi yoxlaması təyin edilməmişdir. Odur ki, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin iddiaçıya ünvanladığı məktubunda bildirilmişdir ki, “direktoru olduğunuz İddiaçı MMC-də Azərbaycan Respublikası CM-nin 213.3-cü maddəsinə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, Azərbaycan Respublikası Baş Prokurorluğun xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar ləğv edilmiş və iş yenidən icraata qəbul edilmişdir. Eyni zamanda, cəmiyyətdə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə olunmaqla, yaranmış vergi öhdəliklərinin və vergi borclarının dəqiqləşdirilməsi məqsədilə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul olunaraq, yoxlamanın keçirilməsi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilmişdir.”

5. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddiaçıya və digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

8. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.

10. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

11. İddia ərizəsindən görünür ki, iddiaçı növbədənkənar səyyar vergi yoxlaması barədə qərarın ləğv edilməsini tələb edir.

12. “İnzibati icraat haqqında” Qanun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;

13. Vergi Məcəlləsinə əsasən: 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: - 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 24.1. Vergi orqanları: - 24.1.5-1. vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir.

14. Məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə mübahisə yoxdur, belə ki, cavabdeh qurum - Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi yaranmış vergi öhdəliklərinin və vergi borclarının dəqiqləşdirilməsi məqsədilə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul olunaraq, yoxlamanın keçirilməsinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsini iddiaçıya bildirsə də, bununla bağlı hər hansı inzibati araşdırmanın aparıldığı, həmin araşdırmanın nəticəsi olaraq səyyar vergi yoxlamasının keçirilməsinə dair qərar qəbul edildiyi müəyyən edilmir. Digər tərəfdən, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin etirazından da görünür ki, iddiaçıya səyyar vergi yoxlaması təyin edilməmişdir.

15. Səyyar vergi yoxlamasının təyin edilməsinə əsaslar olduqda, həmin əsaslara dair məlumatlar (risklər) AVİS-də müvafiq ekrana daxil edildikdən sonra xidməti məlumat forması hazırlanmalıdır. Xidməti məlumatda səyyar vergi yoxlamasının keçirilməsi üçün əsaslar ətraflı şəkildə qeyd olunmalıdır. Növbədənkənar səyyar vergi yoxlaması zamanı bildiriş təqdim edilmir və yoxlamaya “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında Qərar” imzalandığı tarixdən sonrakı gündən etibarən başlanmalıdır. Növbədənkənar səyyar vergi yoxlaması olduqda yoxlama başlandığı gündən 5 gün ərzində vergi ödəyicisinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında Tələbnamə” göndərilməlidir.

16. Beləliklə işin hallarından aydın olur ki, cavabdeh Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edildiyi barədə iddiaçıya məlumat vermiş, lakin həmin yoxlamanın aparılması məqsədilə hər hansı hərəkət həyata keçirilməmişdir (məsələn, yoxlamanın həyata keçirilməsi üçün əsaslar barədə məlumat, qərar qəbul edilərək yoxlamanın başlanması, sənədlərin təqdim edilməsi haqqında tələbnamənin verilməsi, nəticələrin qiymətləndirilməsi və rəsmiləşdirilməsi). İddiaçı da bu halı təsdiq edərək iddia ərizəsində qeyd edir ki, məlumatın rəsmi qaydada yazılı olaraq təqdim edilməsinə baxmayaraq, bu barədə hər hansı qərar təqdim edilməmişdir. Buna baxmayaraq iddiaçı hazırda ona bəlli olmayan inzibati aktı mübahisələndirir.

17. X8 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X6rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X5rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X2rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).

18. Belə ki, cavabdeh tərəfindən sözügedən məsələ ilə bağlı “İnzibati icraat haqqında” Qanunun müddəaları çərçivəsində inzibati icraat aparılmamış, inzibati akt qəbul edilməmiş, iddiaçıya qarşı mübahisə edilən səyyar vergi yoxlamasının həyata keçirilməsinə dair hər hansı hərəkətlər edilməmişdir.

19. Hazırkı mərhələdə məhkəmə müəyyən edir ki, iş üzrə “real” mübahisə mövcud deyil, mövcud “mübahisə”nin nəticəsi fərdi hüquq və vəzifələrin müəyyən edilməsi baxımından həlledici deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

21. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar