Məhkəmə qərarları › İş №2-1(112)-4819/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4819/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4819/2021 03.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və planölçünün verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 21A saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 01.02.2021-ci il tarixli, **********52 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və göstərmişdir ki, bağ sahəsinin sənədləşməsi ilə bağlı iddiaçının adına dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Həmçinin iddiaçının adı idarənin arxiv siyahısında aşkar olunmamış və təqdim olunmuş bölgüdə göstərilən sahə təsərüffat sahəsi kimi göstərilmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı 04.03.2021-ci il tarixdə iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən, sahəsi 500 kv. metr olan 21A saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 19.11.1996-cı il tarixdən Bakı səhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 21A saylı bağ sahəsi ona verilərək, həmin sahələrdə abadlıq işləri görülməsi barədə Cənub Rayon Dəniz Neft Donanma İdarəsi Həmkarlar İttifaqı Komitəsinin müdriyyətinin birgə iclasının 12 nömrəli protokoluna əsasən iddiaçının adına çıxarış verilmişdir. 2006-cı ilə kimi torpaq sahəsi almaq üçün işçilərin sayının artması nəzərə alınaraq “təsərrüfat sahəsi üçün ayrılmış torpaq sahələrinin işçiləri arasında paylanması qərara alınmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında imtina məktubunda göstərdiyi dəlillərə istinad edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı və nümayəndəsi iddianı müdafiə etdilər və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki ona ayrılmış torpaq sahəsinə hüququnun qeydə alınması ilə bağlı İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. Daşınmaz əmlak Bakı şəhərində yerləşir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan Cənub Rayon Dəniz Neft Donanma İdarəsi Həmkarlar İttifaqı Komitəsinin müdriyyətlə birgə iclasının 19.11.1996-cı il tarixli 12 nömrəli protokolundan çıxarışdan görünür ki, baş mühasibin müavini X1 bir pay bağ sahəsi verilməsi barədə ərizə ilə müraciət etmiş, 1987-ci ildən «Мауак» bağçılıq sahəsində torpaqların istifadəsinə, paylanmasına baxmayaraq 15-ə qədər sahə istifadəsiz qaldığından, onlara üzvİük haqları verilmədiyindən X2 ərizəsi nəzərə alınaraq 21A saylı bağ sahəsinin ona verilməsi qərara alınmışdır. Bundan sonra iddiaçıya bağçılıq yoldaşlıq üzvünün kitabçası verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eyni normalar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununda da nəzərdə tutulmuşdur. Belə ki, həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... İşdən görünür ki, iddiaçı həm üzvlük kitabçasını, həm də üzvlərin iclas protokolundan çıxarışı təqdim etsə də, cavabdeh əsassız olaraq ona verilmiş bağ sahəsinə dair hüquqlarını qeydə almaqdan imtina etmiş, iddiaçının adının idarənin arxiv siyahısında aşkar olunmamasına istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, işdə olan və cavabdeh tərəfindən təqdim edilmiş siyahılardan görünür ki, həmin siyahılar 24.09.1985-ci il tarixdə və 22.03.1986-cı il tarixdə tərtib olunmuşdur. İddiaçının 19.11.1996-cı il tarixdə bağçılıq yoldaşlıq təsərrüfatına üzv qəbul edildiyi nəzərə alındıqda onun adının həmin siyahılarda olmaması təbiidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 04.08.2021-ci il tarixli məktubuna əlavə edilmiş arayışdan görünür ki, XDND-nın CRDNDlnin işçiləri üçün ayrılmış bağ sahəsinin siyahısı 1 (vərəq) 01.10.2009-cu il tarixli aktla SOCAR-ın Yaşayış sahələri üzrə iş şöbəsinə təhvil verilmişdir. Həmin siyahının 27-ci sırasında - “X4 - 21 a -500 m2” qeyd olunmuşdur. Eyni zamanda SOCAR-ın 20.09.2021-ci il tarixli məhkəmə sorğusuna cavab məktubuna əlavə edilmiş siyahıdan görünür ki, CRDNDİ-nin işçiləri üçün ayrılmış 2.12 hektar bağ sahəsinin işçiləri arasında 01.10.2008-ci il tarixinə bölünməsi cədvəlində iddiaçının adı 27-ci sırada nəzərdə tutulmuş, sahəsi 500 kv.m. olan 21 a saylı bağ sahəsinin ona verildiyi göstərilmişdir (bəzi sənədlərdə iddiaçının adı “Şkufət, bəzi sənədlərdə isə “Şükufət” kimi göstərilsə də, həm protokoldan çıxarış, həm iddiaçıya məxus əmək kitabçasının surəti, həm də siyahını nəzərdən keçirdikdə aydın olur ki, bu fərq yazı səhvi nəticəsində yaranmışdır). Belə olan halda aydın olur ki, iddiaçının təqdim etdiyi üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış “Mayak” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olmuşdur. Cavabdehin imtinasının digər bir dəlili iddiaçıya ayrılmış torpaq sahəsinin təqdim olunmuş bölgüdə təsərrüfat sahəsi kimi göstərilməsi olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçıya verilən torpaq sahəsinin ilkin olaraq təsərrüfat sahəsi kimi müəyyən edilməsi, həmin ərazinin sonradan bağçılıq yoldaşlıq üzvlərinin razılığı ilə yenidən bölünürək onun üzvünə verilməsi üçün mane deyil, bir halda ki, müvafiq bölgü məhz bağçılıq yoldaşlıq tərəfindən müəyyən edilir. Digər tərəfdən, iddiaçı qanunvericiliklə zəruri olan hüquqmüəyyənedici sənədləri təqdim etdiyindən belə bir formal əsas onun hüquqlarının qeydə alınmasından imtina üçün əsas kimi qiymətləndirilə bilməz. Çünki «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas yalnız aşağıdakılar ola bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən, sahəsi 500 kv. metr olan 21A saylı bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar