Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4819/2024 14.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mehriban Qarayeva Cəfər qızının sədrliyi X4 katibliyilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X11 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilməklə "çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi" tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarı və X5 və İstismarı Birliyinin 8 nömrəli orderi əsasında X6 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın və **********741 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi, İddiaçı adına Bakı şəhər, Ləhiş bağlar sahəsi 216 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə hüquqmüəyyənedici sənədin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu göndərilərək 3-cü şəxsin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması üçün əsas olmuş sənədlərin mübahisələndirilməsi təklif edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı X2 cavabdeh X9, X7, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər ƏMDX yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 43 saylı Notariat ofisinə qarşı “əqdin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, torpaq sahəsinin naturada təhvil verilməsi” tələbinə dair iddia qaldırmışdır. Yekun məhkəmə qərarı olaraq AR Ali Məhkəməsinin 2(102)-4745/2022 saylı, xx.xx.2022 tarixli qərarı ilə X6 adına verilmiş Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli, 3/75 nömrəli qərarının və ona əsasən verilmiş X5 və İstismarı Birliyinin 8 nömrəli orderinin, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 30 dekabr 2014-cü il tarixli A532131 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi, X6 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın və **********741 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi hissələrində Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən xitam verilmişdir. AR Ali Məhkəməsi qərarını əsaslandırarkən (50-ci bənd), qeyd etmişdir ki, inzibati orqanların qeyd olunan hərəkətləri ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Odur ki, torpaq sahəsinin cavabdehə ayrılması və reyestrdəki qeydiyyat inzibati aktlar əsasında aparıldığından, iddianın 1-4-cü tələblərinin faktiki əsasını bu aktların qanunsuzluğu təşkil etdiyindən, iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana (orqanlara) qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktları mübahisələndirməlidir. Məhkəmə araşdırmaları zamanı keçirilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının 12 mart 2021-ci il tarixli rəyinə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin X5 və X10 bağlar sahəsindəki 216 nömrəli kooperativin X6 adına olan 8 nömrəli orderin mətnində bağın nömrəsini göstərən “874” rəqəmlərindən sonuncu “4” rəqəminin yerində əvvəlcə “5“ rəqəmi olub, sonradan üzərində əlavə cizgilər artırmaqla indiki rəqəm icra edilmişdir. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin mütəxəssis rəyinə və həmin rəy əsasında keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 09 fevral 2022-ci il tarixli rəyinə əsasən 874a saylı bağ sahəsi mişar daşından olan hasar daxilində olmaqla ümumi sahəsinin 1297 kv.m. təşkil etdiyi müəyyən edilir. Bağ sahəsində tikilinin olmadığı və həmin bağ sahəsinin kadastr planı əsasında X6 adına qeydiyyatdan keçdiyi müəyyən edilir. Sözügedən ərazidə hasarlanma işləri keçmiş X5 və İstismarı Birliyi tərəfindən yardımçı vasitə kimi istifadə etdiyi bağların bölgüsünə dair sxematik plana və keçid yollarına uyğun aparılmadığından, 874 saylı bağın dəqiq yerləşməsinin aydınlaşdırılması mümkün olmamışdır. Faktiki olaraq iddiaçının iddia etdiyi sahənin qeydiyyatdan keçmiş 874a saylı bağın ərazisi ilə üst-üstə düşməsi müəyyən edilir. Beləliklə müəyyən edilir ki, X6 adına reyestrdə aparılmış qeyd saxta sənədlər əsasında aparılmış, yəni hüquqların dövlət qeydiyyatını aparan orqanın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən vəzifələrini düzgün icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Məhkəmənin qərardadı ilə X11 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlb etmə). Cavabdehin yazılı etirazında bildirilmişdir ki, ********** qeydiyyat nömrəli çıxarışın və **********741 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsinə dair İddiaçı 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “874” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə idarəyə müraciət etmiş, müraciət qanunamüvafiq qaydada araşdırılaraq xx.xx.2023-cü il tarixli, **********27 saylı məktub ünvanlanmışdır. Məlumat üçün bildirilir ki, qeyd olunan reyestr nömrəli torpaq sahəsi ilkin olaraq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə X6 adına 216 saylı BTK tərəfindən verilmiş 8 saylı order və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş **********5605 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında qeydiyyata alınmış, 11 mart 2015-ci il tarixdə 4Ə-83 reyestr nömrəli notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında X8 adına özgəninkiləşdirilmiş və hazırda sonuncunun mülkiyyətindədir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər mərhum X2 adına verilmişdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iddia tələbinin “Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarı və X5 və İstismarı Birliyinin 8 nömrəli orderi əsasında X6 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın və **********741 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi”-nə aid hissələrdə mümkün sayılmaması, qalan hissələrdə isə təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı, cavabdehin nümayəndəsi və 3-cü şəxs təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçının, cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-C0312- 2/2023 **********23 nömrəli və xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-C0312/02-8/2023 **********27 nömrəli məktubları ilə yazılı etirazda göstərilən qeyd edilmişdir. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti X1 İnkişafı və X14 bağlar sahəsindəki 216 saylı kooperativ tərəfindən X3 verilmiş 03 saylı orderə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 27 iyun 2005-ci il tarixli PR: 195 BTBsaylı qərarına əsasən ona Ləhiş bağlar sahəsində 216 saylı BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 874 saylı bağ ayırıb. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş xx.xx.2023-cü il tarixli 976 nömrəli məktubu ilə bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi İddiaçıdur və onun ərizəsi əsasında tərəflərindən V-60/2023 saylı vərəsəlik işi açılmışdır. İcraatlarında olan vərəsəlik işi ilə əlaqədar olaraq Bakı şəhəri, Ləhiş bağlar sahəsi 216 ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair hüquq müəyyənedici sənədin çıxarış verilməsi xahiş edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Hazırkı iş üzrə iddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarı və X5 və İstismarı Birliyinin 8 nömrəli orderi əsasında X6 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın və **********741 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi, iddiaçının adına Bakı şəhər, Ləhiş bağlar sahəsi 216 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə hüquqmüəyyənedici sənədin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.” Məhkəmə işin hallarını və Plenum Qərarındakı mövqeyi nəzərə alaraq hesab edir ki, iddiaçının hüquqi marağı sözügedən daşınmaz əmlakla bağlı ilkin hüquqmüəyyənedici sənədlərin ləğvi ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, iddiaçı 3-cü şəxs X6 adına Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarı və X5 və İstismarı Birliyinin 8 nömrəli orderi əsasında verilmiş ********** qeydiyyat nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsini mübahisələndirsə də, həmin çıxarışın kökündə dayanan sənədlər mübahisələndirilmədən çıxarışın ləğv edilməsi iddia edilə bilməz. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı müəyyən edilmir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Qeyd olunan normanın tələbinə əsasən iddia o zaman mümkün sayılır ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqanın qərarı, hərəkəti və ya hərəkətsizliyi nəticəsində pozulsun və iddiaçı cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən həmin hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutları iddia verilərkən təqdim etsin. Hazırkı iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin birbaşa iddiaçının hüquq və qanunla qorunan maraqlarını pozan inzibati akt qəbul etdiyi və hərəkətə (və ya hərəkətsizliyə) yol verdiyi müəyyən olunmadığından iddia ona münasibətdə mümkün sayıla bilməz. Birinci tələb mümkün sayılmadığından ondan irəli gələn tələb də prosessual qənaət prinsipinə uygun mümkün sayılmamalıdır. Beləliklə, hazırkı iddia inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan mümkünlük şərtinə cavab vermir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4819/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4819/2024
14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver