Məhkəmə qərarları › İş №2-1(112)-482/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-482/2021

18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-482/2021 18.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X7, üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X23) “torpaq sahəsinin hasarının perimetrik ölçülərinin və konfiqurasiyasının elektron kadastr bazasına düzəliş edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X23) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi 16 ünvanında yerləşən "İddiaçı" MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə X15 mülkiyyətində olan torpaq sahəsinin hasarlanmış hissəsinin perimetrik ölçülərinin və konfiqurasiyasının elektron kadastr bazasında düzəliş edilərək, mövcud vəziyyətə uyğun yerləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 izahatında bildirdi ki, "İddiaçı" MMC məişət avadanlıqlarının satışı fəaliyyəti ilə məşğul olur. Şirkətin fəaliyyəti genişləndikdən sonra 2007-ci ildə anbar tikilməsi və bu məqsəd üçün torpaq sahəsi almaq qərarına gəlir. Təklif olunan ərazilərdən biri də "xxxx" ASC-nin istifadəsindəki, Şamaxı şossesi 16 ünvanında yerləşən sahəsi 29939 kv.metr olan torpaq sahəsi olur. Həmin torpaq sahəsinin təqribən 0,34 ha sahəsi vətəndaş Cəbrayılov Rasim adlı şəxs tərəfindən zəbt olunmuşdur. "İddiaçı" MMC 2007-ci ildə "xxxx" ASC-nin 92% səhmlərini almaqla, ASC-nin səhmdarı sırasına daxil olur. 2007-ci ildə həmin torpaq sahəsi, o cümlədən Cəbrayılov Rasim adlı şəxsin istifadəsində olan 0,34 ha torpaq sahəsi "xxxx" ASC-nin adına özəlləşdirilmişdir. Zəbt olunan sahəni Rasim Cəbrayılovdan geri almaq mümkün olmamışdır. Sənədlərin qaydaya salınması üçün "İddiaçı" MMC rəhbərliyi tərəfindən qərara alınmışdır ki, zəbt olunmuş sahə Rasimin oğlu Orxan Cəbrayılovun adına alqı-satqı yolu ilə rəsmiləşdirilsin ki, gələcəkdə "İddiaçı" MMC özünə məxsus olan faktiki sahəyə mülkiyyət hüququna dair sənəd ala bilsin. X9 həmin torpaq sahəsi xx.xx.2008-ci il tarixli Torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən "İddiaçı" MMC-nin səhmdarı olduğu "xxxx" ASC tərəfindən satılmışdır. X1 torpaq sahəsi alqı-satqı müqaviləsi bağlananadək artıq hasarlanmış vəziyyətdə idi. "xxxx" ASC xx.xx.2009-cu il tarixdə ləğv edilmiş və Azərbaycan Respublikası kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. X12 həmin torpaq sahəsini Cavid Salahova satmışdır. RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi 16 ünvanında yerləşən 0,34 ha ölçülü torpaq sahəsi xx.xx.2014-cü il tarixdə X11 adına qeydiyyata alınmışdır. Torpağın yeni mülkiyyətçisi X16 əmlaka dair Dövlət reyestrindən çıxarış alarkən, reyestr xidmətindən ona bildirilmişdir ki, ona məxsus torpaq sahəsinin 580 kv.metr hissəsi qonşuya, yəni "İddiaçı" MMC-yə məxsus ərazidə, qonşunun torpaq sahəsinin 510 kv.metr hissəsi isə X13 məxsus torpaq sahəsində yerləşir. Bundan sonra Cavid Salahov əmlakı X4. RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən həmin torpaq sahəsi X15 mülkiyətindədir. MH seriyalı, ******* saylı çıxarış və həmin çıxarışa əsasən tərtib edilmiş texniki pasporta əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 16 ünvanında yerləşən, 1,9625 ha ölçülü torpaq sahəsində 8318,4 kv.metr ümumi, 971 kv.metr əsas, 7347,4 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ "İddiaçı" MMC-nin adına qeydiyyata alınmışdır. Sənədlərdən göründüyü kimi həmin ərazidə hər hansı bir artıq torpaq sahəsinin olması qeyd edilməmişdir. Tərəflər arasında olan mübahisə ilə əlaqədar "İddiaçı" MMC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli cavab məktubu ilə bildirilmişdir ki, mülkiyyətdə olan torpaq sahəsinin bir hissəsi (0,34 ha) digər fiziki şəxsə satılmasına baxmayaraq, hasarlanma düzgün aparılmamışdır. Torpaq sahəsi satılana qədər artıq hasar mövcud idi. Bu hal bir daha təsdiq edir ki, X15 mülkiyyətində olan 0,34 ha torpaq sahəsinin "İddiaçı" MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə hasarlanmış hissəsinin perimetrik ölçülərinin və konfiqurasiyasının elektron kadastr bazasına düzgün (mövcud vəziyyətə uyğun) yerləşdirilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 izahatında bildirdi ki, aparılmış araşdırma nəticəsində əlavə 2425.0 kv.m torpaq sahəsinin istifadə edildiyi, texniki pasportda qeyd olunan “E” tikilisinin söküldüyü və torpaq sahəsində tikintialtı sahəsi 3000.8 kv.m olan qeyri-yaşayış binasının əlavə olaraq inşa edildiyi müəyyən edilmişdir. Həmçinin elektron kadastr baza məlumatına əsasən təqdim edilmiş texniki pasportdaki perimetrik ölçülər və konfiqurasiya faktiki koordinatlarla uyğunsuzluq təşkil edir. Bununla yanaşı mülkiyyətdə olan torpaq sahəsinin bir hissəsi (0.34 ha) digər fiziki şəxsə satılmasına baxmayaraq, hasarlanma düzgün aparılmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya cavab məktubu ünvanlanmışdır. İmtina qanuni və əsaslıdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi, 16 ünvanda yerləşən 0.34 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X19 məxsusdur. X23 həmin torpaq sahəsini X10 Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən almışdır. Hazırda A.Cəfərova məxsus torpaq sahəsinin bir hissəsini iddiaçı zəbt etmiş və orada tikinti işləri aparmışdır. Bununla əlaqədar onların arasında məhkəmə mübahisəsi gedir. Həmin işdə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir, iddiaçı onların torpaq sahəsinin 610 kv.m hissəsini zəbt etmişdir. İddiaçı onların torpaq sahəsindən çıxmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən onların zəbt olunmuş torpaq sahəsindən iddiaçının çıxarılması və torpaq sahəsinin həmin hissəsində inşa edilmiş tikililərin sökülməsi qət edilmişdir. Həmin işə hazırda apelyasiya instansiyası tərəfindən baxılır və hazırki işə görə icraat dayandırılmışdır. Hazırki iddianı qaldırmaqla iddiaçı həmin işin baxılması müddətinin uzadılmasına çalışır. Bununla da onların mülkiyyət hüquqları pozulur. İddia əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli **********91 saylı məktubda qeyd edilir: Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi 16 ünvanında yerləşən əmlak kompleksin faktiki vəziyyətinin araşdırılması ilə bağlı ********** nömrəli xx.xx.2019-cu il tarixli poçt vasitəsi ilə daxil olmuş ərizənizə baxılmışdır. Ərizəyə əlavə olunmuş sənədlər surətdir. Müraciətinizlə əlaqədar olaraq aparılan araşdırma zamanı məlum olmuşdur ki, əlavə 2425.0 kv.m torpaq sahəsinin istifadə edildiyi, texniki pasportda qeyd olunan “E” tikilisinin söküldüyü və torpaq sahəsində tikintialtı sahəsi 3000.8 kv.m olan qeyri-yaşayış binasının əlavə olaraq inşa edildiyi müəyyən edilmişdir. Həmçinin bildiririk ki, elektron kadastr baza məlumatına əsasən təqdim edilmiş texniki pasportdaki perimetrik ölçülər və konfiqurasiya faktiki koordinatlarla uyğunsuzluq təşkil edir. Bununla yanaşı mülkiyyətdə olan torpaq sahəsinin bir hissəsi (0.34 ha) digər fiziki şəxsə satılmasına baxmayaraq, hasarlanma düzgün aparılmamışdır. İş materiallarında olan MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 16-da mülkiyyətində olan 1,9625 ha torpaq sahəsində 8318.4 kv.m ümumi, 971.0 kv.m əsas, 7347.4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə "İddiaçı" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 117 nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********14-12301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il. İş materiallarında olan ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi, 16 ünvanda yerləşən 0.34 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ (tam) X15 adına daşınmaz əmlakın dövlət reyesrtində 124 nömrəli reyestr kitabının 11720 nömrəli vərəqində xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır. Reyestr nömrəsi **********. İş materiallarında olan A№338602 nömrəli xx.xx.2019-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X15 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi, 16 ünvanda yerləşən 0.34 ha torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, «xxxx» ASC-nin əsas səhmdarı "İddiaçı" MMC xx.xx.2008-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi, 16 ünvanda mülkiyyətində olan 2.9939 hektar torpaq sahəsindən 0.34 hektar torpaq sahəsini xx.xx.2008-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X3, X12 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi, 16 ünvanda yerləşən 0.34 ha torpaq sahəsini xx.xx.2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5, X16 mülkiyyətində olan həmin torpaq sahəsini xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4. Həmin sənədlərdə olan Azərbayan Respublikasının Dövlət X18 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 000289 qeydiyyat nömrəli Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, "xxxx” açıq səhmdar cəmiyyəti həqiqətən Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı yolu 16 ünvanında yerləşən "xxxx” ASC-nin yerləşdiyi 29939 kv.m. olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Bu şəhadətnamə torpaq sahəsi üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilir. Həmin sənədlərdə olan Azərbayan Respublikasının Dövlət X18 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş 000908 qeydiyyat nömrəli Dövlət torpaqlarında, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin əmlakı, dövlət müəssisələrindən fiziki və hüquqi şəxslərə verilmiş əmlak, özəlləşdirmə nəticəsində yaradılan səhmdar cəmiyyətlərinin (müəssisələrin) özgəninkiləşdirilən əmlakı, özəlləşdirilmiş əmlak əsasında təsis edilən və sonradan təşkilati-hüquqi formasını dəyişən (ləğv edilən) hüquqi şəxslərin əmlakı üzərində hüquqların əldə edilməsini təsdiq edən Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti həqiqətən Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı yolu 16 ünvanında yerləşən 8352,8 kv.m. qeyri- yaşayış sahəsi üzərində hüquqları əldə etmişdir. Əmlakın tərkibi bu şəhadətnamənin ayrılmaz hissəsi olan əlavədə göstərilmişdir. Bu şəhadətnamə obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ünvanlanmış mütəxəssis rəyində (surəti) qeyd olunur: müraciət ilə əlaqədar torpaq sahəsinə yerində baxış keçirilib iddiaçının nümayəndəsinin iddia etdiyi və göstərdiyi torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Ölçmə işlərinin nəticəsi kameral şəraitdə “xxxx" MMC-nin arxiv və elektron bazasında dəqiqləşdirilmişdir. 1. İddiaçı X6 0,34 ha olan reyestr nömrəsi **********72 olan Çıxarış verilmişdir. X11 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində “İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikili inşa edilmişdir. 2. İddiaçının nümayəndəsi tərəfindən iddia edilən və göstərilən 0,1210 ha torpaq sahəsinin 610 kv.metri reyestr nömrəsi **********72 olan X2 mülkiyyətindədir və İddiaçı tərəfindən zəbt edilmişdir. O cümlədən X16 tərəfinən istifadə edilən faktiki torpaq sahəsinin 510 kv.metr hissəsi reyestr nömrəsi **********73 olan Çıxarışla “xxxx” ASC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ-İV hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır; 65-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir; 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir; 67-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra - Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır; 1.3-cü bəndinə əsasən Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) vasitəsilə həyata keçirir; 2.0-ci bəndinə əsasən Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; 2.0.3. daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir; 2.0.4. daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə müəssisələrin qiymətləndirilməsini təşkil edir; 3.0-cü bəndinə əsasən bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.4. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək; 3.0.23. daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; 3.0.24. tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək; 3.0.31. daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq. Məhkəmə tərəfindən müəyyən edildi ki, «xxxx» ASC-nin əsas səhmdarı "İddiaçı" MMC xx.xx.2008-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi, 16 ünvanda mülkiyyətində olan 2.9939 hektar torpaq sahəsindən 0.34 hektar torpaq sahəsini xx.xx.2008-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3, X12 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi, 16 ünvanda yerləşən 0.34 ha torpaq sahəsini xx.xx.2014-cü il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5, X16 mülkiyyətində olan həmin torpaq sahəsini xx.xx.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4. Həmin torpaq sahəsi hazırda üçüncü şəxs X15 mülkiyyətindədir. Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 16-da mülkiyyətində olan 1,9625 ha torpaq sahəsində 8318.4 kv.m ümumi, 971.0 kv.m əsas, 7347.4 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi tam mülkiyyət hüququ üzrə "İddiaçı" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin 610 kv.m hissəsi üçüncü şəxsin mülkiyyətindədir, lakin iddiaçının istifadəsindədir, eləcə də 510 kv.m hissəsi isə iddiaçının mülkiyyətindədir, lakin üçüncü şəxsin istifadəsindədir. Eyni zamanda cavabdeh tərəfindən yalnız X15 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi, 16 ünvanda yerləşən 0.34 ha torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti araşdırılarkən qeyd olunan hallar nəzərə alınmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında başlanılmış inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi, 16 ünvanda yerləşən iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin ölçülərinin düzgün müəyyən edilməsi barədə iddiaçının müraciəti üzrə cavabdeh tərəfindən inzibati icraat yenidən aparılmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 68, 69, 73, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesi, 16 ünvanda yerləşən İddiaçı MMCnin mülkiyyətində olan torpaq sahəsi ilə üçüncü şəxs X15 mülkiyyətində olan torpaq sahəsinin ölçülərinin düzgün müəyyən edilməsi barədə İddiaçı MMC-nin müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar