Məhkəmə qərarları › İş №2-1(112)-482/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-482/2023

30.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-482/2023 30.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və vəkili X6, Tağıyev Mirhüseyn Səməd oğlunun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Tağıyev Mirhüseyn Səməd oğlunun adına verilmiş 19 noyabr 1991-ci il tarixli 30/2287 nömrəli Qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Tağıyev Mirhüseyn Səməd oğlu, ona və oğlu X5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evdən çıxarılmağı barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin tələbdə bildirilir ki, yuxarıda göstərilmiş ünvandakı ev ona məxsusdur, o, həmin evin mülküyyətçisidir və bu, 19 noyabr 1991-ci il tarixli 30/2287 №-li qeydiyyat vəsiqəsi ilə təsdiqlənir. Onun dediyinə görə iddiaçı və oğlu həmin evi zəbt etmişdirlər. X8 iddiası ilə əlaqədar məhkəmə araşdırılması yekunlaşmamışdır. Artıq iki ildir ki, onun iddia ərizəsi ayrı-ayrı məhkəmə instansiyalarında baxılır. İddiaçı baxılan işin uzadılmasına nail olmuşdur. Qeyd olunanları, eləcə də qanunla ona məxsus olan yaşayış sahəsinin itirilməsindən və ailəsinin evsiz qalması təhlükəsindən ehtiyatlanaraq məcbur olub bu iddia ərizəsilə məhkəməyə müraciət edir. Qeydiyyat vəsiqəsi iddiaçı tərəfindən 1991-ci ildə, yəni 26 yanvar 1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" qanun qəbul olunduqdan əvvəl alınmışdır. Mirhüseyn Tağıyev tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, evə Qeydiyyat vəsiqəsini o, Oktyabr rayon X10 İcrayyə komitəsinin 11 oktyabr 1991-ci il tarixli qərarına əsasən almışdır. Lakin həmin qərar orada göstərilən vəzifəli şəxslər tərəfindən imzalanmamış, qərarı qəbul etmiş orqanın möhürü ilə təsdiqlənməmişdir. 19 noyabr 1991-ci il tarixli 30/2287 №-li Qeydiyyat vəsiqəsində möhür və imzalar olsa da, onu imzalayan məsul şəxslərin soyadları göstərilməmişdir. İddiaçı hesab edir ki, yuxarıda qeyd etdiyi sənədlər hüquqi cəhətdən düzgün tərtib olunmamışdır və bu sənədlər 1997-ci il tarixdən yaşadığı yaşayış sahəsindən çıxarılmağı üçün əsas ola bilməz. İddiaçı bildirmişdir ki, Mirhüseyn Tağıyevi o əvvəllər tanımamışdır, heç vaxt onu görməmişdir, onun evə aid sənədlərini ona heç kim göstərməyib. Diqqət çəkən hallardan biri də odur ki, Mirhüseyn Tağıyev tərəfindən təqdim olunmuş 11a saylı evin Qeydiyyat vəsiqəsindən görünür ki, özəlləşdirilən obyekt "samastroykadır" (sovetlər vaxtı "naxalstroy"da adlandırılırdı), başqa sözlə, qeyri-qanuni tikilidir. Sovetlər dönəmində həmin "samastroykalara", qanunsuz tikililərə order verilmirdi. Yuxarıda qeyd etdiyi "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" qanunun 8-ci maddəsinə görə məhz order həmin dövrdə özəlləşdirilmə üçün əsas sənəd idi. Bundan başqa, 22 saylı MKİS-in xx.xx.2021-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtovaya, ev 11a ünvanında Tağıyev Mirhüseyn Səməd oğlu adlı şəxs qeydiyyatda olmamış və kommunal ödənişləri etməmişdir. Ev özəlləşdirilərkən Mirhüseyn Tağıyev həmin ünvanda qeydiyyatda olmamışdır. Məhəllədə yaşayan köhnə qonşuların heç biri onu tanımır. Qeyd etdikləri onu göstərir ki, M.Tağıyev 30 il ərzində özünün hesab etdiyi evi ilə maraqlanmamış və onu bir dəfə də olsun ziyarət etməmişdir. Həmçinin nəzərə çatdırılır ki, onda olan evə aid bütün sənədlərdə yaşadığı ünvan ünvan 2 sənədlərində isə ünvan ünvan 3 ki, cavabdeh M.Tağıyev Bakı şəhəhəri Yasamal rayonu, 11-ci Xrebtovaya, 11a saylı evi qeyri-qanuni və saxta sənədlər əsasında özəlləşdirmişdir. Odur ki, məhkəmədən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Tağıyev Mirhüseyn Səməd oğlunun adına verilmiş 19 noyabr 1991-ci il tarixli 30/2287 №-li Qeydiyyat vəsiqəsinin etibarsız tanınması öhdəliyinin qoyulmasını xahiş etmişdir.

3. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh qismində göstərilən Tağıyev Mirhüseyn Səməd oğlunun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir.

4. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli məktubu ilə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair keçmiş Oktyabr Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 15/3 nömrəli xx.xx.1991-ci il tarixli qərarı təqdim edilmiş, həmin qərarın surətinə əsasən 11-ci Xrebtovıy küçəsi, 11a nömrəli evin 16,0 kv.m yaşayış sahəsi və 28,80 kv.m köməkçi sahəsinin Tağıyev Mirhüseyn Səməd oğlunun adına mülkiləşdirilməsinə icazə verilmişdir.

5. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, 11-ci Xrebtovı küçəsi, ev 11a, habelə ünvan 5 ünvanlarında yerləşən fərdi yaşayış evlərinə dair qovluqda olan müvafiq sənədlər təqdim edilmişdir.

6. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddia tələbinə etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Oktyabr Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 15/3 nömrəli, xx.xx.1991 -cı il tarixli qərarı ilə ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi 16 kv.m, köməkçi sahəsi 28,80 kv.m olan fərdi yaşayış evi Tağıyev Mirhüseyn Səməd oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Qeyd olunanlara əsasən cavabdeh orqan iddianın mümkün sayılmamasını xahiş etmişdir.

7. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il 2(004)- 4349/2019 nömrəli qətnaməsi ilə iddiaçı Tağıyev Mirhüseyn Səməd oğlunun cavabdehlər X5 və İddiaçı qarşı Bakı şəhəri, 11-ci Xrebtovi küçəsi, 11a saylı evdən çıxarılma tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli 2(103)-1095/2020 nömrəli qətnaməsi ilə iddiaçı Tağıyev Mirhüseyn Səməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4349/2019 saylı, 21 oktyabr 2019-cu il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(102)- 2655/2021 nömrəli qərarı ilə iddiaçı Tağıyev Mirhüseyn Səməd oğlunun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli 2(103)- 1095/2020 nömrəli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır.

8. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə “Bakı şəhəri Oktyabr Rayon X10 İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli qərarının ləğv olunması barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi əsl cavabdeh Bakı şəhəri Cavabdeh ilə əvəz edilmişdir.

9. Məhkəmənin iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbinin məzmununa uyğun izahat verdi. İddiaçı əlavə olaraq bildirdi ki, hazırkı iddianı Tağıyev Mirhüseyn Səməd oğlunun mülki qaydada onun mənzildən çıxarılması tələbi ilə əlaqədar qaldırıb.

10. Məhkəmənin iclasında iştirak edən Tağıyev Mirhüseyn Səməd oğlunun vəkili Vəkil bildirdi ki, İddiaçı cavabdeh Yasamal Rayon Hakimiyyətinə və Tağıyev Mirhüseyn Səməd oğluna qarşı “Oktyabr Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli qərarının ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda Tağıyev Mirhüseyn Səməd oğlu cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Hal-hazırda da məhkəmə mübahisəsi Bakı Apellyasiya Məhkəməsində davam etdirilir. Tağıyev Mirhüseyn Səməd oğlunun vəkili hesab edir ki, iddia ərizəsində göstərilən dəlilər əsassız olduğundan və iddaçının həmin iddia ilə çıxış etmək üçün subyektiv hüququ olmadığından iddia rədd olunmalıdır. Belə ki, məhkəmə gedişatında Bakı Apellyasiya Məhkəməsi tərəfindən “məhkəmə tikinti-texniki” espertizasının təyin olunması barədə qərardad qəbul olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 26 dekabr 2022-ci il tarixində, 10/6896 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəyin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, faktiki olaraq cavabdehin istifadəsində olan evin ölçülərinin, ayrı-ayrı planlı yerləşməsinin, sahəsinin və digər texniki parametrlərinin iddiaçı Tağıyev Mirhüseyn Səməd oğlunun adına tərtib olunmuş xx.xx.1991-ci il Texniki Pasportda uyğun olduğu müəyyən edilir. Hazırki iş üzrə qərardadda qeyd olunan Xrebtoviy küçəsi, 11A ünvanında yerləşən yaşayış evi ilə Xrebtoviy küçəsi, 11 ünvanında yerləşən evin eyni ünvana aid olub-olmamasını və ya ayrı-ayrı evlər olmasını İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq mütəxəssis rəyi alınmaqla müəyyən edilə bilər. Bununla əlaqədar olaraq 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 10 yanvar 2023cü il tarixli mütəxəssis rəyi verilmişdir. Mütəxəssis rəyində qeyd olunmuşdur ki, müraciətdə qeyd olunan Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtoviy küçəsi 11 və Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtoviy küçəsi 11A ünvanlarına texniki baxış keçirildi. xx.xx.1965ci ildə qeydiyyata alınmış 11-ci Xrebtoviy küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evi (2/4571 inventar nömrəli texniki passport, **********62-10301 reyestr nömrəsi ilə) X4 məxsusdur. 11-ci Xrebtoviy küçəsi ev 11A ünvanında yerləşən fərdi yaşayış evi (378787 inventar nömrəli texniki passport, **********98-10301 reyestr nömrəsi ilə) Tağıyev Mirhüseyn Səməd oğluna məxsusdur. İddiaçı Tağıyev Mirhüseyn Səməd oğlu 11 oktyabr 1991-ci il tarixli “Oktyabr Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsindən” qanunsuz tikili kimi qeydiyyata alınması haqqında qərar almışdır. Sözügedən tikili X4 məxsus A xarakterli tikilinin bir hissəsi və ona bitişik artırma sahədən ibarətdir. Cavabdehlər X7 və İddiaçı yaşadığı fərdi yaşayış evi 378787 inventar nömrəli texniki pasporta uyğundur. Burdan belə bir qənaətə gəlinir ki, sözügedən fərdi yaşayış evi ilə bağlı İddiaçı məxsus mülkiyyət hüququnu təsdiq edən sənəd olmadığından və mübahisəli olan fərdi yaşayış evlər yəni 11 və 11A başqa-başqa olduğundan İddiaçı “Oktyabr Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin” 11 oktyabr 1991-ci il tarixli qərarının ləğv edilməsi üçün subyektiv hüququ yoxdur. Konstitusiya Məhkəməsinin “İ.Şabanovanm şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Göründüyü kimi İddiaçı hazırki iddia üzrə tələb etmək üçün subyektiv hüququ yoxdur. İddiaçı Cavabdehnə və 3-cü şəxs olaraq Tağıyev Mirhüseyn Səməd oğluna qarşı “Oktyabr Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiasını mümkünsüz hesab edilməsini xahiş etmişdir.

II. İddianın mümkünlüyü

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

13. Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtoviy küçəsi 11 və ünvan 7 ünvanlardır. 11-ci Xrebtoviy küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evi (2/4571 inventar nömrəli texniki passport, **********62-10301 reyestr nömrəsi ilə) X3 adına xx.xx.1965-ci ildə ilkin qeydiyyatdan keçmiş və hazırda adınadır. 11-ci Xrebtoviy küçəsi ev 11A ünvanında yerləşən fərdi yaşayış evi (378787 inventar nömrəli texniki pasport, **********98-10301 reyestr nömrəsi ilə) Tağıyev Mirhüseyn Səməd oğluna məxsusdur. İddiaçı Tağıyev Mirhüseyn Səməd oğlunun hüquqları Oktyabr Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 11 oktyabr 1991-ci il tarixli qərarı əsasında qeydə alınmışdır.

14. İddiaçı yaşadığı evi (yəni Bakı şəhəri, Yasamal rayonu, 11-ci Xrebtoviy küçəsi 11) hələ 1997-ci ildə X1 aldığını iddia edir.

15. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

16. Digər tərəfdən, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.

17. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

18. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

19. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.

20. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamaqla yanaşı, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi ilə bağlı yol verilən müddətləri də ötürmüşdür.

21. Məhkəmə həmçinin qeyd edir ki, iddianın mümkünlük məsələsinə baxıldığından Tağıyev Mirhüseyn Səməd oğlunun inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi zərurəti yaranmır.

22. Odur ki, iddiaçının inzibati məhkəmə icraatı qaydasında bu tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.

23. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

24. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

Tağıyev Mirhüseyn Səməd oğlunun inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatət təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar