Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4820/2021 08.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əvvəlki üç ilə görə ödənişin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********1 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda iddiaçının ümumi iş stajının 25 ildən az (18 il 2 ay 22 gün) təşkil etməsini və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini bildirmişdir.
2. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, müracətdən əvvəlki 3 ilin, xx.xx.2018-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması
3. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, əmək kitabçasına, hərbi biletinə, diplomuna və xx.xx.2017-ci il tarixli 668 nömrəli arxiv arayışına əsasən onun xx.xx.2017-ci il tarixə 27 il 2 ay sosial sığorta stajı vardır. X4 Şəki filialı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 668 nömrəli arxiv arayışında qeyd olunan 1975, 1984, 1986-1989, 1992-1997-ci illər iş stajına daxil edilməmişdir ki, bu da qanunsuzdur. Onun 57 yaşı xx.xx.2017-ci il tarixdə tamam olmuşdur. xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
4. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında iddiaçıya ünvanladığı imtina məktubundakı əsaslara istinad edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rüstəmli etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi
7. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
8. Belə ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qüvvədə olan qanunvericilik güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 60 yaşın tamam olmasını şərt kimi müəyyən etmişdir.
9. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. 10.Məhkəmə qeyd edir ki, şəxsə (kişilər) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində və xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsində nəzərdə tutulurdu. 11.İşin hallarını hər iki qanunvericiliyə uyğun olaraq yoxladıqda aydın olur ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsi üzrə:
12. Qüvvədə olan ƏPQ-nin 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
13. ƏPQ-nin qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində göstərilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
14. Beləliklə, sadalanan normalardan görünür ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır.
15. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərə (AZE Seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin, НЗ ******* nömrəli hərbi biletin, 312484 nömrəli diplomun, ИТ-l №0254353 nömrəli əmək kitabçasının surətləri) əsasən iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuş, xx.xx.1975-xx.xx.1978-ci illərdə 55 nömrəli orta texniki peşə məktəbində “tokar” ixtisası üzrə təhsil almış, xx.xx.1979-xx.xx.1980-cı illərdə hərbi xidmətdə olmuşdur. O, xx.xx.1978-ci ildə 35 saylı sexdə tornaçı (tokar) işinə qəbul edilmiş, xx.xx.1978-ci ildə Sovet ordusu sıralarına çağırıldığı üçün işdən azad edilmişdir. xx.xx.1979-cü ildə Şəki kolxozlararası tikinti idarəsinə 3-cü dərəcəli tokar vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu ildə İnşaat materialları və Konstruksiyaları istehsal edən kombinata köçürülmüş, xx.xx.1079-cu ildə hərbi xidmətə çağrılması ilə bağlı işdən azad olunmuşdur. xx.xx.1981-ci il tarixdə İnşaat materialları və Konstruksiyaları istehsalı kombinatına 3-cü dərəcəli qaynaqçı qəbul edilmiş, xx.xx.1981-ci ildə 4-cü dərəcəli qaynaqçı keçirilmiş, xx.xx.1984-cü ildə işdən azad edilmişdir. İddiaçı xx.xx.2007-ci ildə X6 Törəmə Səhmdar Cəmiyyətində elektrik qaz qaynaqçısı işinə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə ərizəsinə əsasən işdən azad edilmişdir.
16. İşdə olan X3 Filialının xx.xx.2021-ci il tarixli 668 nömrəli və xx.xx.2021-ci il tarixli 71 nömrəli məktubundan görünür ki, iddiaçı Şəki rayonu Qoxmuq kənd 1 May kolxozunda 1975-ci ildə 30 gün, 1984-cü ildə 29 gün, 1986-cı ildə 155 gün, 1987-ci ildə 221 gün, 1988-ci ildə 307 gün, 1989-cu ildə 151 gün, 1992-ci ildə 115 gün, 1993-cü ildə 302 gün, 1994-cü ildə 300 gün, 1995-ci ildə 302 gün, 1996-cı ildə 313 gün, 1997-ci ildə isə 303 gün işləmişdir, kolxozda minimum norma 220 gün olmuşdur.
17. İşin sadalanan hallarına əsasən iddiaçının xx.xx.2006-cı il tarixə əmək kitabçası, hərbi bileti və diplomuna əsasən 7 il 11 ay 15 gün sığorta stajı olmuşdur.
18. İddiaçı 7 il kolxozda tam sığorta stajı toplamış, minimum normadan az işlədiyi müddətdə isə cəmi 2 il 2 ay staja malik olmuşdur (30×12÷220=1.6 ay; 29×12÷220=1.6 ay; 155×12÷220=8.5 ay; 151×12÷220=8.2 ay; 115×12÷220=6.3 ay).
19. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək cəmi 17 il 1 ay 15 gün ümumi sığorta stajı olmuşdur. Belə olan halda aydın olur ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunvericiliyin tətbiqi üçün ilkin şərti, 25 il ümumi sığorta stajının olması tələbini ödəmir, buna görə də ona həmin qanunvericiliyə əsasən pensiya təyin edilə bilməz (iddiaçı ilkin tələbi ödəmədiyindən ikinci tələbə qiymət verilmə zərurəti aradan qalxır). xx.xx.2017-ci il tarixədək qüvvədə olan ƏPQ-nin 9.1-ci maddəsi üzrə: 20.ƏPQ-nin 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 21.Göründüyü kimi, iddiaçıya ƏPQ-nin 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən pensiya təyin edilməsi üçün onun: 1) həmin tarixədək 57 yaşının tamam olması; 2) həmin tarixə azı 25 il sığorta stajına malik olması və bu stajın azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması tələb olunur. 22.İşdən görünür ki, iddiaçının 57 yaşı xx.xx.2017-ci ildə tamam olmuş, xx.xx.2017ci il tarixə onun 27 il 23 gün sosial sığorta stajı olmuşdur. Deməli, iddiaçı xx.xx.2017-ci il tarixə həm yaş, həm də ümumi sığorta stajı üçün tələb olunan şərtləri ödəmişdir. 23.Lakin işdən görünür ki, üçüncü şərt, yəni xüsusi sığorta stajı həmin tarixə ödənilmir. Belə ki, işdə olan “Şəki Sukanal” X5 Cəmiyətinin xx.xx.2021-ci il tarixli 01 saylı arayışından görünür ki, iddiaçı həqiqətən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 №-li Fərmanının 1.3-cü yarım bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarına əsasən təsdiq edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququ olan siyahıda nəzərdə tutulmuş peşə olan əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində xx.xx.2007-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tam iş günü işləmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.2017-ci il tarixə xüsusi sığorta stajı cəmi 9 il 11 ay 8 gün təşkil etmişdir. 24.İddiaçı iddia ərizəsində kolxozda 1987-1989 və 1992-1997-ci illərdə, həmçinin 1981-1984-cü illərdə İnşaat materialları və Konstruksiyaları istehsalı kombinatında elektrik qaynaqçısı və elektrik qaz qaynaqçısı işlədiyini bildirsə də, bu işlərin həmin dövrdə qüvvədə olan “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarında hansı koda uyğun gəlməsi müəyyən olunmur. Belə ki, həmin qərarla təsdiq edilmiş siyahıda 71 bənddə qaynaqçı peşəsi nəzərdə tutulmuş, həmin peşə üzrə fərqləndirici əlamət kimi aid olduğu sahə və bu sahədə elektrik qaz qaynaqçısı, əl ilə elektrik qaynaqçısı və ya sadəcə qaynaqçı olması dəqiq göstərilmişdir (məsələn, 2 nömrəli siyahı üzrə təkcə “Ümumi peşələr” bölməsində qaz qaynaqçıları; kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları; təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr tərkibli flyüsləri tətbiq etməklə və karbon qazı olan mühitlərdə qaynaqla işlərdə, həmçinin yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları fərqləndirilmişdir). Lakin iddiaçıya məxsus əmək kitabçasındakı qeydə əsasən onun 1981-1984-cü illərdə işlədiyi müəssisə barədə verilmiş sorğulara əsasən hər hansı məlumat əldə edilməmiş, həmin müəssisənin fəaliyyət göstərdiyi sahənin yuxarıda istinad olunan qərarda göstərilən hansı sahəyə uyğun gəlməsini, iddiaçının qaz qaynaqçısı, əl ilə qaynaq aparan elektrik qaynaqçısı olmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin iddiaçının kolxozda qaynaqçı işlədiyi dövrün də Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında göstərilən hansı sahəyə uyğun gəlməsi qeyri-müəyyəndir. 25.Məhkəmə qeyd edir ki, şəxsin zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu zaman şəxsin gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Belə ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Lakin hazırda iddiaçının əmək kitabçasında qaynaqçı işlədiyi göstərilən dövrün güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşəyə (sahəyə) uyğun olmasını müəyyən etmək mümkün olmadığından məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2017-ci il tarixədək qüvvədə olan qanunvericiliyin ona tətbiqi üçün tələb olunan üçüncü şərti, xüsusi sığorta satjı tələbini ödəmir. 26.Hazırda qüvvədə olan qanunvericiliyə gəldikdə, məhkəmə qərarının 8-ci bəndində göstərilən ƏPQ-nin 9.1-ci maddəsindən aydın olur ki, qüvvədə olan qanunvericiliyə əsasən şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlərin hamısı birlikdə olmalıdır:
1. 60 yaşın tamam olması;
2. azı 25 il sığorta stajına malik olması;
3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması;
4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İddiaçı ilk üç tələbi ödəsə də, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. 27.Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2021-ci il tarixli **********2 nömrəli məktubdan görünür ki, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 3878,00 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 13039,04 manat olmaqla cəmi pensiya kapitalı 16917,04 manat təşkil edir. Adıçəkilən şəxsin hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38200,00 manat məbləğində hesablanmışdır. 28.Belə olan halda, iddiaçı qüvvədə olan qanunvericiliklə ona güzəştli şərtlərlə pensiya təyini üçün tələb olunan bütün şərtləri ödəmədiyindən məhkəmə İPM-in 13-cü maddəsinə əsasən onun tələbinin dəqiqləşdirilməsini (pensiyanın 60 yaşdan təyin edilməsi) təklif etməyə zərurət görmür. 29.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin ona pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. 30.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 31.Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı :
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova