Məhkəmə qərarları › İş №2-1(112)-4821/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4821/2020

30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4821/2020 30.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə (Nəsimi xidmət nümayəndəliyi) qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi xidmət nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “xxxx” Sığorta Şirkətində (Nicat Sığorta Şirkəti), xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “İbrahim” çoxsahəli müstəqil kiçik müəssisəsində işlədiyi müddət sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1983-cü il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyəti vardır. Ümumilikdə 22 ildən çox sosial sığorta stajı vardır. Qeyd olunan sığorta stajı İddiaçı məxsus əmək kitabçasında öz əksini tapmışdır. Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-724/2018 saylı qətnaməsi ilə İddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyəti başçısının xx.xx.2020-ci il tarixli, 10 saylı sərəncamı ilə X7 fəaliyyət qabiliyyəti olmayan anası İddiaçı qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdə İddiaçı 1-ci qrup əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Cavabdehnə müraciət edilərək İddiaçı əlilliyə görə əmək pensiyanın təyin edilməsi xahiş edilmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Cavabdeh xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr üçün iş stajının düzgünlüyünü dəqiqləşdirmək olmadığını əsas gətirərək əlilliyə görə əmək pensiyasını təyin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Cavabdeh qeyd olunan əsaslarla müraciətdən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. İddiaçı xx.xx.1992ci il tarixdən xx.xx.2003-cü il tarixədək “xxxx" Sığorta Şirkətində (daha sonra Nicat Sığorta Şirkəti adlandırılmışdır), xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “İbrahim" çoxsahəli müstəqil kiçik müəssisəsində işləmişdir. Həmin dövrlərdə olan əmək stajı İddiaçı məxsus əmək kitabçasında qeyd olunmuşdur. Sığorta olunanın sığorta stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil eilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Lakin vətəndaşın fərdi hesabının yığım hissəsində heç bir pensiya kapitalı toplanmamışdır. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan AA seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən İddiaçı ünvanlanmış **********2 saylı xx.xx.2020-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə təqdim edilmiş sənədlərinizə pensiya təyin edən komissiya tərəfindən baxılmışdır. 1-ci dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan iş stajınız və pensiya kapitalınız olmadığı üçün ərizənizi təmin etmək mümkün olmamışdır (xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci ilədək olan dövr üçün iş stajınızın düzgünlüyünü dəqiqləşdirmək olmadığı üçün). İş Materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında çıxarışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli 10 saylı Sərəncamından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-724/2018 saylı Qətnaməsi ilə xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuş İddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Həmin Sərəncama əsasən X4 fəaliyyət qabiliyyəti olmayan anası xx.xx.1966-cı il təvəllüdlü İddiaçı qəyyum təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli 5/1254 saylı məktubdan görünür ki, məhkəmənin sorğusunda qeyd olunan “xxxx" daha sonra (Nicat Sığorta) Şirkətinin və “İbrahim” çoxsahəli müstəqil kiçik müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli sorğuya cavab məktubdan görünür ki, dövlət reyestrində “Nicat” sığorta şirkətinin xx.xx.1992-ci il tarixdə 11 qeydiyyat nömrəsi ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin şirkət xx.xx.1997-ci il tarixdə vergi uçotuna dayanmış, lakin 2004-cü ildən hazırki dövrədək inventarlaşdırmadan keçmək və yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Həmçinin, dövlət reyestrində “İbrahim” çoxsahəli müstəqil kiçik müəssisəsi adlı hüquqi şəxsin qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir. İş materiallarında olan iddiaçıya aid müavinət işində olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh müavinət, Prezident təqaüdü təyin edən komissiyanın xx.xx.2020-ci il tarilxi **********3 saylı qərarına əsasən İddiaçı «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 4.0.1.3-cü maddəsinə uyğun olaraq xx.xx.2020-ci il tarixdən aylıq 150 manat məbləğində (İ dərəcə əlilliyə görə) sosial müavinət təyin edilmişdir. İş materiallarında olan Əliyeva (Qasımzadə) Rəna Qorxmaz qızına məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş (tərcümə) surətindən görünür ki, o, xx.xx.1983-cü il tarixdə AzNİETİ “Azelektromaş” Birliyində ETİ və SKİ texniki-iqtisadi, patent-məlumat işləri və koordinasiya elmi-tədqiqat şöbəsinin texnikiiqtisadi tədqiqatlar və texniki-iqtisadi əsaslandırmalar qrupuna texnik qəbul edilmiş, xx.xx.1985-ci il tarixdə elmi-tədqiqat şöbəsinin texniki-iqtisadi tədqiqatlar və texniki-iqtisadi əsaslandırma qrupuna baş texnik vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci il tarixdə həmin şöbə üzrə patent tədqiqatları, ixtiralar və rasionallaşdırma qrupuna baş texnik vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci il tarixdə İnstitutun yeni strukturu təsdiqləndiyi üçün elektrik mühərrikləri, elektronika və mədəniyyət-məişət əşyaları təyinatlı elmi-tədqiqat şöbəsinin elektronika laboratoriyasına mühəndis-iqtisadçı vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı il tarixdə Azərbaycan SSR Kvotasının 37 maddəsinə əsasən öz istəyi ilə işdən azad edilmiş, xx.xx.1990-cı il tarixdə Azərbaycan Dövlət Statistika Komitəsində statistika, ticarət, xidmət və xarici-iqtisadi əlaqələr şöbəsinə iqtisadçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı il tarixdə Azərbaycan SSR Kvotasının 36 maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilmiş (başqa işə keçirilib), xx.xx.1990-cı il tarixdə İLTB “Azərbaycan Nəqliyyat-Yol tikintisi”ndə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsindən keçirildiyi üçün plan-iqtisadi şöbəsinə 1 d. iqtisadçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci il tarixdə Azərbaycan SSR Kvotasının 37 maddəsinə əsasən öz istəyi ilə işdən azad edilmiş, xx.xx.1992-ci il tarixdə “SSŞ” Sığorta şirkətində (AC&KO) İqtisadçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci il tarixdə “SSŞ” Sığorta şirkəti - “Nicat” adlandırılmış, xx.xx.2003-cü il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2003-cü il tarixdə «İbrahim» çoxsahəli kiçik müstəqil müəssisəsinə iqtisadçı vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası; 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur; 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 2 nömrəli əlavəsinin 1-ci bəndinə əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1966-cı il tarixdə doğulmuşdur. Ona xx.xx.2020-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-724/2018 saylı Qətnaməsi ilə İddiaçı fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx xxxxxx 2020-ci il tarixli 10 saylı Sərəncamı ilə X7 fəaliyyət qabiliyyəti olmayan anası xx.xx.1966-cı il təvəllüdlü İddiaçı qəyyum təyin edilmişdir. İddiaçı «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 4.0.1.3-cü maddəsinə uyğun olaraq xx.xx.2020-ci il tarixdən aylıq 150 manat məbləğində (İ dərəcə əlilliyə görə) sosial müavinət təyin edilmişdir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün müraciət edilsə də, xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci ilədək olan dövr üçün iş stajının düzgünlüyünü dəqiqləşdirmək mümkün olmadığı bildirilməklə imtina edilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.1983-cü ildən xx.xx.1992-ci ilədək olan iş stajı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İddiaçı xx.xx.1992-ci il tarixdə “SSŞ” Sığorta şirkətində (AC&KO) İqtisadçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1992-ci il tarixdə “SSŞ” Sığorta şirkəti “Nicat” adlandırılmış, xx.xx.2003-cü il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş, xx.xx.2003-cü il tarixdə «İbrahim» çoxsahəli kiçik müstəqil müəssisəsinə iqtisadçı vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Lakin məhkəmə tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş cavab məktubundan görünür ki, dövlət reyestrində “Nicat” sığorta şirkətinin xx.xx.1992-ci il tarixdə 11 qeydiyyat nömrəsi ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur, həmin şirkət xx.xx.1997-ci il tarixdə vergi uçotuna dayanmış, lakin 2004-cü ildən hazırki dövrədək inventarlaşdırmadan keçmək və yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir, dövlət reyestrində “İbrahim” çoxsahəli müstəqil kiçik müəssisəsi adlı hüquqi şəxsin isə qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir. Yalnız «İbrahim» çoxsahəli kiçik müstəqil müəssisəsində olan stajı öz təsdiqini tapmamışdır, həmin dövr isə 2 il 6 ay 28 gün təşkil edir. Beləliklə, iddiaçının sığorta stajı 19 il 7 aydan çox təşkil edir. İddiaçının isə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı hesablanmaqla 12 il 6 ay sığorta stajı tələb olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “xxxx” Sığorta Şirkətində (Nicat Sığorta Şirkəti) işlədiyi müddət sosial sığorta stajına daxil edilərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. İddiaçınin birinci dərəcə əlilliyin təyin edildiyi xx.xx.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyası hüququ yaranmışdır. Həmin tarixdə ona əlilliyə görə əmək pensiyası təyin edilməli idi. Lakin «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununa əsasən birinci dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Məhkəmə qeyd edir ki, qeyd olunan hal pensiya təyin edilməsinə mane ola bilməz, iddiaçıya təyin edilmiş və ödənilmiş müavinət məbləğinin pensiya hesablanarkən nəzərə alınması mümkündür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “xxxx” Sığorta Şirkətində (Nicat Sığorta Şirkəti) işlədiyi müddət sosial sığorta stajına daxil edilərək İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə (Nəsimi xidməti nümayənəliyi) həvalə edilsin. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar