Məhkəmə qərarları › İş №2-1(112)-4823/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4823/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4823/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, X6 qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək, iddiaçıların Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin inzibati binasına pasport qeydiyyatına alınmaları öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar hal-hazırda Bakı, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatsız yaşayırlar. Səbəb odur ki, yaşadığı ünvanın müvafiq sənədləri olmadığına görə qeydiyyata düşə bilmirlər. İddiaçı1, İddiaçı2, İddiaçı3 ünvan 2 ünvanında qeydiyyatda olmuşlar. Daha sonra 2023-cü ilin mart ayında məlumatı olub ki, Gülcanın köhnə ünvanından qeydiyyatdan çıxarıblar. Qaradağ Rayon Polis Şöbəsinə iddiaçını və övladlarını qeydiyyata almaq üçün yazdığı ərizəyə onlardan ona xx.xx.2023-cü il tarixli 3- 13-48/2İ-11297/2/2023 nömrəli cavab məktubunda imtina etdiyi bildirilib. Özünün 67 yaşı var, “Dostluq MMC”də çalışaraq yol kənarlarını süpürüb özünün iynə və dərmanlarını alır. Eyni zamanda təqaüdçüdür. Amma qeydiyyatdan çıxarıldığı üçün bank kartları deaktiv edilib və heç bir məvacibini ala bilmir. Dolanışığı çətindir. Birinci evliliyindən olan övladı İddiaçı2 əsəb xəstəsidir. Şəxsiyyət vəsiqəsi deaktiv edildiyinə görə tibbi xidmətlərdən istifadə edə bilmir. 2 övladı var. Digər evlilikdən olan övladı İddiaçı3 da iki övladı var və həmin uşaqlara baxır. Qızını da Qaradağ Rayon Polis Şöbəsindən qeydiyyatdan çıxarılıb.

3. İddiaçı1 müraciətinə cavab olaraq Qaradağ rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndinin tələblərinə əsasən, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud qanunvericiliklə nəzərdə tutulan başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi təqdim edildikdən sonra vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması məsələsinə baxıla bilər. Qanunvericiliyin tələblərinə əsasən, Sizin ailə üzvlərinizlə birlikdə qeydiyyatsız yaşadığınız Bakı şəhəri,Qaradağ rayonu, ünvan 1 ünvanında yerləşən eviniz olduğu üçün Qaradağ rayon Polis idarəsinin ünvanı üzrə qeydiyyata alınmağınız məqsədə müvafiq hesab edilməmişdir. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz.”

4. Cavabdeh Qaradağ rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.

5. AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 yaşayış yeri ünvan 7 ünvanıdır.

6. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 yaşayış yeri ünvan 8 ünvanıdır.

7. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 yaşayış yeri ünvan 8 ünvanıdır.

8. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər iddiaçılar və cavabdeh məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

11. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar.

13. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

14. İddia ərizəsindən görünür ki, iddiaçılar onların Polis İdarəsinin inzibati binasına qeydiyyata alınmalarını tələb edir.

15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.

16. Məhkəmə araşdırılması ilə müəyyən edildi ki, iddiaçılar İddiaçı2 və İddiaçı3 hazırda ünvan 8 ünvanında, İddiaçı1 isə Bakı şəhəri, Lökbatan qəsəbəsi, S.Orucov 1 ünvanında qeydiyyatdadırlar.

17. İddiaçıların qeydiyyata alınma tələbini nəzərə alan məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə mübahisə yoxdur, belə ki, iddiaçıların qeydiyyat ünvanları mövcuddur və şəxsiyyət vəsiqələri aktivdir. Eyni zamanda iddiaçılar tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarıldıqları və vəsiqələrinin deaktiv edildiyi iddia edilsə də, həmin hal öz təsdiqini tapmamışdır.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir: ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər...

19. Yəni Konstitusiya Məhkəməsinin qərarında da ifadə edilən hüquqi mövqeyə görə şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi məqsədilə qeydiyyatı zəruridir. Cavabdeh orqan iddiaçıları faktiki yaşadığı yer üzrə (hüquqmüəyyənedici sənədləri olmadığından) qeydiyyata almaqdan imtina etdiyi təqdirdə inzibati binaya qeydiyyata alınmalarını təmin etməlidir. Belə ki, şəxsiyyət vəsiqəsi deaktiv statusda olduğu təqdirdə qeyd edilən vəzifələrin icra edilməsi imkanı mümkünsüz olur.

20. Məhkəmə tərəfindən iddiaçıların yaşayış yeri üzrə ünvandan qeydiyatdan çıxarılmaları halı müəyyən olunmur, əksinə əsassız olaraq mövcud qeydiyyat ünvanları olmasına baxmayaraq, polisin inzibati binasında qeydiyyata alınmaları tələb edilir.

21. X7 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X5rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X4rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X1rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).

22. Hazırkı mərhələdə məhkəmə müəyyən edir ki, iş üzrə “real” mübahisə mövcud deyil, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halı müəyyən olunmur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbinə baxılması zərurəti yaranmır, iddia mümkün sayılmamalıdır.

23. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

24. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar