Məhkəmə qərarları › İş №2-1(112)-4826/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4826/2021

16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4826/2021 16.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil (Bakı şəhəri 13 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil, ünvan 1 ünvanda qeydiyyatdadır) İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı soyadın dəyişdirilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı “Cavadovdan” “Cava”ya dəyişdirilməsi, əvvəllər verilmiş şəhadətnamənin ləğv edilməsi və onun əvəzinə qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı soyadının “Cavadlı”dan “Cava”ya dəyişdirilməsi və bu barədə yeni şəhadətnamənin verilməsinin cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Uzun müddətdir ki, X2 yaşayır. xx.xx.2018-ci il tarixdə X2 nikah haqqında akt qeydi bağlamış və soyadını dəyişdirərək Cava olaraq qeyd etmişdir. Ona məxsus bütün sənədlərdə soyad Cava olaraq qeyd olunub. Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət edilərək, soyadının “Cavadovdan “Cava”ya dəyişdirilməsi xahiş edilmişdir. Lakin Nərimanov rayon Qeydiyyat Şöbəsi xx.xx.2018-ci il tarixdə X2 nikah haqqında akt qeydi bağlanarkən nikahdan sonrakı soyadının Cava qeyd edilməsi doğum haqqında akt qeydində soyadın dəyişdirilməsi üçün əsas olmadığı əsas gətirilərək müraciəti təmin etməkdən imtina etmişdir.Hesab edir ki, Nərimanov rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq bildirmişdir ki, soyad sonluqlarının dəyişdirilməsi “Azərbaycan Respublikası vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılınası haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 1993cü il 2 fevral tarixli 495 nömrəli qərarı və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 5-ci bəndinə əsasən, adın, ata adının və soyadın dəyişdirilməsi isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 27-ci fəsli və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"-na uyğun olaraq tənzimlənir. Qeyd edilən Qaydalara, əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Vətəndaşın soyadının doğum haqqında akt qeydində nikah şəhadətnaməsi və şəxsiyyət vəsiqəsinə uyğun “Cavadlı”-dan "Cava”-ya dəyişdirilməsi yuxarıda sadalanan normativ sənədlərdə nəzərdə tutulmadığından və bu dəyişikliyin hüquqi əsası olmadığından cavabdeh tərəfindən vətəndaşın ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Əlavə olaraq qeyd edilir ki, vətəndaş X7 xx.xx.2011-ci il tarixdə, 20 saylı adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydinə, əsasən, adını “Əlibaladan” “Əli”-yə, həmçinin eyni tarixdə soyad sonluğunu milliləşdirərək “Cavadov”-dan “Cavadlı”-ya dəyişdirmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, cavabdehin nümayəndəsini şifahi məhkəmə baxışı iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq, iş yükünün çox olması ilə əlaqədar işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, Vəkil iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilmədir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş 23 fevral 2021-ci il tarixli, 36 saylı imtina məktubundan görünür ki, iddiaçının doğum haqqında akt qeydində soyadının Cava qeyd edilməsi və bununla əlaqədar ona yeni doğum haqqında şəhadətnamə verilməsi barədə müraciətinə baxılaraq xx.xx.2018-ci il tarixdə X2 nikah haqqında akt qeydi bağlanarkən nikahdan sonrakı soyadının Cava qeyd edilməsinin doğum haqqında akt qeydində soyadın dəyişməsi üçün əsas olmadığı, ərizənizin icrası cavabdeh tərəfindən mümkün olmadığı üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Nikah haqqında Şəhadətnamənin azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4, PA 17815, Bloomsburg, Mənzil 203, Main küçəsi ünvanında qeydiyyatda olan, xx.xx.1984-cü il X4, Emporio Kansasda anadan olmuş X11 (yeni soyadı: Cava) ilə X4, PA 17815, Bloomsburg, Mənzil 203, Main Küçəsi 149 e ünvanında qeydiyyatda olan, xx.xx.1990 -cı il Azərbaycan, Bakıda anadan olmuş İddiaçıdlı (yeni soyadı: Cava) arasında xx.xx.2018-ci il X4, NY 11201, Brooklyn, Joralemon küçəsi 210, Şəhər Katibliyi Ofisində nikah aktı bağlanmışdır. Şəhər Katibliyi Ofisində 23 avqust 2018 - ci il tarixində təsdiqlənmişdir. Nikah bağlandıqdan sonra ərə Cava, arvada Cava soyadı verilmişdir.Şəhadətnamə 05 oktyabr 1961-ci il tarixli Haaqa Konvensiyasına uyğun olaraq Ümumi etirazlar məhkəməsinin protonotarı Barbara N.Silvetti tərəfindən imzalanaraq 28 avqust 2019-cu il tarixdə Pensilvaniya Birliyinin icraçı katibi Kathy Boocvar tərəfindən təsdiq edilmişdir. İşdə olan Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən 12 oktyabr 2011-ci il tarixdə verilmiş AZ-İİ № 764539 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 01 sentyabr 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 12 oktyabr 2011-ci il tarixdə 1679 nömrə ilə qeyd edilmişdir. Atası qrafasında X5, anası qrafasında X1 yazılmışdır. İşdə olan AA******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, soyad qrafasında Cava, ad qrafasında Əli, ata adı qrafasında Rəhim oğlu qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciətin təmin edilməsindən imtina edilməsinin hüquqi əsasları və imtina ilə bağlı inzibati icraat materiallarının təsdiq edilmiş surətləri sorğu əsasında Nərimanov rayon qeydiyyat Şöbəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkməyə ünvanlanan soyadın, adın və ata adının dəyişdirilməsi haqqında 12 oktyabr 2011-ci il tarixli, 0040 6 0020 saylı akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, 2 saylı İnzibati-İqtisadi Məhkəmənin 12 iyul 2011-ci il tarixli, 468/2011 saylı Qətnaməsi əsasında X3 adı “Əlibala”dan “Əli” adına dəyişdirilmişdir. Beləliklə işin hallarından görünür ki, 04 avqust 1990-cı il təvəllüdlü İddiaçı ona məxsus bütün sənədlərdə soyadının Cava olaraq qeyd olunduğuna istinad edərək, həmin səbəbdən soyadının “Cavadlı”dan “Cava” soyadına dəyişdirilməsi barədə Nərimanov rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq xx.xx.2018-ci il tarixdə X2 nikah haqqında akt qeydi bağlanarkən nikahdan sonrakı soyadının Cava qeyd edilməsinin doğum haqqında akt qeydində soyadın dəyişməsi üçün əsas olmadığına istinad olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Mülki Məcəllənin 26.1 və 26.4-cü maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına görə: 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istina olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Beləliklə məhkəmə, hazırki halda soyadın dəyişdirilməsi üçün qanunvericiliklə qadağa olmadığını, o cümlədən uzun müddətdir ki, X2 yaşayan iddiaçının bütün sənədlərində soyadının “Cava” qeyd olunduğu, nikah haqqında akt qeydində də soyadının “Cava” olaraq qeyd edildiyi və belə olan halda “Cavadlı” soyadının onun bir sıra hüquqlarının həyata keçirilməsində maneçilik törətdiyini nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, İddiaçı soyadının “Cavadlı”dan “Cava”ya dəyişdirilməsi və bu barədə yeni şəhadətnamənin verilməsi cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı soyadının “Cavadlı”dan “Cava”ya dəyişdirilməsi və bu barədə yeni şəhadətnamənin verilməsi cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar