Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4833/2021 15.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının vəkili X4, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, qanunla istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 nömrəli binanın 2 otaqlı, 35 kv.metrdən ibarət 118 nömrəli mənzilinə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla qanunla istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 nömrəli binanın 2 otaqlı, 35 kv.metrdən ibarət 118 nömrəli mənzilinə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, iddianın dəqiqləşdirilməsi qəbul olunmuşdur. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 nömrəli binanın 2 otaqlı, 35 kv.m-dən ibarət 118 nömrəli mənzili onun mərhum həyat yoldaşı X8 Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi idarəsində uzun müddət fasiləsiz işlədiyinə görə verilmişdir. Həyat yoldaşı vəfat edənə qədər onlarla həmin mənzildə yaşamışdır. Ondan sonra da iddiaçı və ailə üzvləri qeyd olunan mənzildə yaşamışlar və həmin mənzildə qeydiyyatdadırlar. İddiaçı qanuni istifadələrində olan mənzilin özəlləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmiş, ancaq həmin İdarədən ona imtina məktubu göndərilmişdir. İmtina isə mənzilə aid hüquqmüəyyənedici sənədin (order və ya sərəncamın) olmaması ilə əsaslandırılmışdır. Bundan sonra iddiaçı mənzili verən təşkilata müraciət etmişdir. X15 Gəmiçiliyi özünün balansında olan sözügedən mənzilin özəlləşdirilməsinə etiraz etmədiyini, lakin uzun müddət keçdiyi üçün mənzilə aid sənədlərin Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Təsərrüfatı Departamentinə verildiyini bildirmişdir. Bundan sonra iddiaçı Azərbaycan X15 Gəmiçiliyi tərəfindən mərhum həyat yoldaşı X8 verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 nömrəli binanın 2 otaqlı, 35 kv.m-dən ibarət 118 nömrəli mənzilinə aid Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentində saxlanılan orderin, sərəncamın və ya başqa hüquqtəsdiqedici sənədin surətinin ona verilməsi barədə sözügedən təşkilata bir neçə dəfə müracət etmiş, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti İ-47/1 saylı 05 noyabr 2020-ci il tarixli məktubla ərizəni təmin etməkdən imtina etmiş, imtinasını kirayə müqaviləsinin olmaması ilə əsaslandırmış və kirayə müqaviləsinin bağlanılması məqsədi ilə müraciəti aidiyyəti üzrə 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərmişdir. Həmin təşkilat isə kirayə müqaviləsinin bağlanması üçün hüquqmüəyyənedici sənədin (order) olmaması səbəbi ilə müraciəti təmin etməkdən imtina etmişdir. Məhkəmənin 23.06.2021-ci il tarixli qərardadı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini 23.07.2021-ci il tarixli 581 saylı məktubla məhkəməyə təqdim etmiş və qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2015-ci il tarixli 25s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının 20.01.2015-ci il tarixli, 65 saylı sərəncamına əsasən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 27.02.2015-ci il tarixli, 13 saylı sərəncamı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan mənzil fondu, o cümlədən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 145 ünvanında yerləşən yaşayış binası 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmiş və hazırda həmin Birliyin balansındadır. Qeyd edilən binanın 118 saylı mənzili mülkiyyət formasına görə dövlət mənzil fonduna aiddir. Mənzil qanunvericiliyinə (01.10.2019-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinə) əsasən yaşayış sahəsinin kirayə müqaviləsi mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənəd (order) əsasında bağlanılır. İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 145 saylı evin 118 saylı mənzilinin istifadəsinə verilməsinə dair order (əsli və ya notariat qaydada təsdiq olunmuş surəti) təqdim etmədiyindən yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə xahişini təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə etdilər və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki yaşadığı mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə əlverişli inzibati aktın qəbul edilməsi üçün iddiaçının hazırkı iddianı qaldırmağa dair subyektiv hüququ mövcuddur. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia həm də əsaslıdır. Belə ki, işdə olan 293544 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X11 ilə X1 arasında 10 oktyabr 1983-cü il tarixdə nikah bağlanmışdır. Azərbaycan X15 Gəmiçiliyi 29.07.2004-cü il tarixdə Mənzil Kommunal Təsərrüfat İdarəsinə 98 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, gəmiçiliyin rəhbərliyinin qərarı ilə Neftçilər prospekti, 145 nömrəli binanın 2 otaqlı 35 kv.metr 118 nömrəli mənzili X9 ayrılmışdır. Məktubda M.İbadovun mənzilə köçürülməsinin təmin edilməsi xahiş olunmuşdur. AZ-İ № 467110 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 17.02.2011-ci il tarixdə vəfat etmişdir. Gəmiçiliyin Sosial Məsələlər və Təsərrüfat Xidmətinin 08.06.2011-ci il tarixli məktubu ilə Gəmiçiliyin keçmiş işçisi X8 vəfatı ilə əlaqədar, Gəmiçilik onun ailəsinə Neftçilər prospekti ev 145, mənzil 118-də qeydiyyatsız yaşamağa razılıq vermiş və İddiaçı “Zaqfederasiya” adına gəmi təmiri zavodunun işçisi olduğu qeyd edilmiş, məktub Gəmiçiliyin Mənzil Kommunal Təsərrüfat xidmətinə ünvanlanmışdır. İddiaçı 13.01.2015-ci ildə yaşadığı mənzilin özəlləşdirilməsi barədə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə müraciət etmiş, iddiaçıya ünvanlanmış cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı uzun müddətdir ki, Gəmiçilikdə çalışır və Gəmiçilik rəhbərliyinin 29.07.2004 tarixli 98 saylı məktubuna əsasən Neftçilər prospekti 145, 118 nömrəli mənzildə ailəsi ilə birlikdə fasiləsiz yaşayır. Qeyd edilənləri nəzərə alaraq, "xxxx" QSC-nin balansında olan Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145, 118 nömrəli mənzilin iddiaçı tərəfindən özəlləşdirilməsinə etiraz edilmir. 02.02.2015-ci il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabineti 25s nömrəli Sərəncam qəbul edərək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan və həmin sərəncamın əlavəsində göstərilən daşınmaz dövlət əmlakı, o cümlədən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində yerləşən 145 saylı evi Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02.02.2015-ci il tarixli 25s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 20.02.2015-ci il tarixli, 65 saylı sərəncamı ilə 25s nömrəli sərəncama əlavə edilmiş siyahı üzrə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan daşınmaz əmlak Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmiş, Departamentə təhvil-təslim işləri ilə bağlı həmin sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılmışdır. Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 27 fevral 2015-ci il tarixli 13 nömrəli sərəncamından görünür ki: Bakı şəhər İcra Hakimiyyətinin 20.02.2015-ci il tarixli, 65 saylı sərəncamına əlavə edilmiş siyahı üzrə "xxxx" QSC-nin balansında olan daşınmaz dövlət əmlakı balansa qəbul edilmiş; Departamentin nəzdində yaradılmış məişət kommunal təyinatlı obyektlərin təhvil təslim komissiyasına 65 saylı sərəncamın əlavəsində göstərilən siyahı üzrə balansa verilmiş yaşayış binalarının və digər məişət-kommunal təyinatlı obyektlərin təhvil- təslim işləri ilə bağlı müvafiq təşkilati tədbirlərin həyata keçirilməsinin təmin edilməsi tapşırılmış; Azərbaycan Xəzər Dəniz X7 Cəmiyyətinin balansından qəbul edilən məişət kommunal təyinatlı obyektlər (yaşayış binaları, yataqxanalar) həmin sərəncamın 1 saylı Əlavəsində göstərilən siyahı üzrə 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmiş; Balansa qəbul edilən mənzil fondunun mövcud texniki normalara uyğun istismarının təşkil edilməsi və sakinlərə mənzil–kommunal xidmətlərin göstərilməsi məqsədilə 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nəzdində 3, 154, 157, 158,159 saylı mənzil-kommunal istismar sahələri yaradılmış; Həmin sərəncamın 2 saylı Əlavəsinə uyğun olaraq mənzil fondu (yaşayış binaları, yataqxanalar) istismar edilməsi üçün 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeliyindəki müvafiq mənzil-kommunal istismar sahələrinin xidmət dairəsinə verilmiş; Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 07.11.2001-ci il tarixli, 709 saylı sərəncamına əsasən, dövlət mənzil fonduna keçirilmiş keçmiş yartaqxanalardakı yaşayış sahələrinin özəlləşdirilməsinin orada faktiki yaşayan vətəndaşların adına yaşayış sahəsinə icarə (kirayə) müqaviləsinin bağlanılması Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq sərəncamı əsasında həyata keçirildiyindən, Departamentin mütəxəssisləri ilə birlikdə bu sərəncama müvafiq olaraq 3 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına verilmiş keçmiş yataqxanalarda mənzillərin özəlləşdirilməyə hazırlanması məqsədilə yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanılması və dəyişdirilməsi ilə bağlı sakinlərin müraciətlərini aidiyyəti üzrə təqdim etməklə icrasının təmin edilməsi 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə tapşırılmışdır. Beləliklə, istinad olunanlardan aydın olur ki, mübahisəli mənzil "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin balansında olmuş, 2004-cü ildə yaşaması üçün iddiaçının əri M.İbadova, onun vəfatından sonra 2011-ci ildə iddiaçıya ayrılmış, bina 2015-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Bundan sonra iddiaçı həmin siyahıda göstərilən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində yerləşən 145 nömrəli binanın 3-cü mərtəbəsində 35 kv.metr yaşayış sahəsi olan 118 nömrəli mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması üçün balanssaxlayıcı olan cavabdehə müraciət etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil–Kommunal Təsərrüfat Birliyinin 02.12.2020-ci il tarixli, 739 nömrəli məktubu ilə iddiaçı tərəfindən yaşayış sahəsinə kirayə müqaviləsi bağlanması üçün qanunla müəyyən edilmiş qaydada tələb olunan sənədlər (mənzildə yaşamağa əsas verən hüquqmüəyyənedici sənəd order, mənzilə hüququ olan şəxslər və yetkinlik yaşına çatmış ailə üzvlərinizin notariat qaydada təsdiq olunmuş razılıq ərizələri və mənzilin sxemi, 2 saylı forma arayış, şəxsiyyət vəsiqələrinin notariat qaydada təsdiq olunmuş surəti, qeydiyyatda olub çıxanlar haqqında arayış) təqdim edilmədiyi üçün xahişini təmin etməyin mümkün olmadığı bildirilməklə iddiaçıya imtina cavabı verilmişdir. Məhkəmə bu imtinanı qanuna uyğun saymır və qeyd edir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin 8 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 oktyabr 2009cu il tarixədək qüvvədə olan) 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən idarə mənzil fondunu nazirliklər, dövlət komitələri, baş idarələr və onların tabeliyindəki müəssisələr, idarələr, təşkilatlar idarə edirlər. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. İşdən görünür ki, mübahisəli mənzil iddiaçının əri M.İbadova verilərkən rəhbərliyin qərarı ilə ayrıldığı göstərilməklə aidiyyəti orqana müvafiq məktub ünvanlanmışdır. Məktubda istinad olunan qərarın təqdim edilməsi üçün məhkəmə tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə müvafiq sorğular ünvanlanmış, QSC-nin 12.04.2021-ci il tarixli, MC 02102-229 nömrəli məktubu ilə bildirilmişdir ki, ünvan 4 ünvanında yerləşən 118 nömrəli mənzilin X5 istifadəsinə verilməsi ilə bağlı sənədlərdən yalnız Azərbaycan X15 Gəmiçiliyinin 29.07.2004-cü il tarixli 98 nömrəli məktubu tapılmışdır. Qeyd olunan mənzilin X5 istifadəsinə verilməsinə dair qərarın qəbul edilməsinə əsas olmuş digər sənədlər aşkar edilməmişdir. Eyni zamanda QSC məhkəmənin sorğusuna cavab olaraq 05.08.2021-ci il tarixli CM02/02-1001 məktubda göstərmişdir ki: - ASCO-nun balansında olmuş mənzillər vətəndaşların istifadəsinə müvafiq order əsasında verilirdi. Belə ki, mənzil növbəsində duran və yaşayış sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslərin müraciətinə uyğun olaraq, ləğv edilərək hüquq və öhdəlikləri ASCO-ya ötürülmüş keçmiş Azərbaycan X15 Gəmiçiliyinin (ADXDG) rəhbərliyinin yazılı və ya şifahi tapşırığı, müvafiq komissiyanın protokolu əsasında ADXDG-nin aidiyyəti qurumu tərəfindən order verilirdi - Qeyri-yaşayış sahələri və ya mansard tipli sahələr vətəndaşların istifadəsinə ADXDG-nin müvafiq məktubları əsasında verilirdi; - Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 nömrəli binanın 118 nömrəli mənzili həmin dövrdə mansard tipli sahə olduğu üçün ADXDG-nin 29.07.2004-cü il tarixli 98 nömrəli məktubu ilə eyni tarixdə X6 istifadəsinə verilmişdir; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən ASCO-nun balansında olan mənzil-kommunal təsərrüfatı obyektləri Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilərkən təhvil olunan mənzil fondunun tərkibinə müvafiq binalara xidmət göstərən Mənzil istismar sahələrinin yerləşdiyi obyektlər də daxil olmuşdur. Belə ki, bəzi sənədlər müvafiq Mənzil istismar sahəsində (MİS) saxlanıldığı üçün MİS-in yerləşdiyi obyektlə birgə təhvil verilmiş, bəzi sənədlər isə ASCO-nun mərkəzi arxivində saxlanılmışdır. Beləliklə, müəyyən olunur ki, müvafiq İdarə iddiaçının ərinə və daha sonra ona mənzil ayrılmasını inkar etməmiş, rəsmiləşdirilmənin qanunvericiliyin tələblərinə uyğun aparılmamasını, yəni mənzilin ayrılması barədə qərar və buna müvafiq order verilməməsini yaşayış sahəsinin mansard tipli olması ilə izah etmişdir. Lakin yuxarıda istinad olunan normalardan görünür ki, qanunverici yaşayış sahəsinin ayrılması ilə bağlı müəyyən olunmuş prosedurda belə bir fərqləndirmə aprmamışdır. Məhkəmə hesab edir ki, şəxsin yaşayış sahəsinə köçməsinə əsas olan sənədin hansı formada olması, qərar, order və ya məktub formasında rəsmiləşdirilməsi onun deyil, həmin sənədi tərtib edən orqanın səlahiyyəti və təqsiridir və bu hal şəxsin hüquqlarına təsir edən hal kimi qiymətləndirilməməlidir. Belə ki, bu zaman diqqət yertirilməli məsələ müvafiq qurumun həmin mənzili ayırmasına dair səlahiyyətinin olması, şəxsin buna hüququnun çatmasıdır ki, iş üzrə bu hallar öz təsdiqini tapır. Digər tərəfdən yaşayış sahəsinin ayrılması haqqında qərar şəxs üçün müəyyən hüquqi nəticə yaratmaqla onun mənzillə təmin olunmasına, order isə həmin mənzilə köçməsinə əsas kimi çıxış edirsə, hazırkı halda M.İbadova mənzil ayrılmasına dair 29.07.2004-cü il tarixli məktub da onun üçün eyni hüquqi nəticə yaratmışdır. Belə olan halda aydın olur ki, istinad olunan məktub qanunvericiliklə nəzərdə tutulan qərarla eyni məzmuna malik olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının əri M.İbadova verilən məktub ona mənzil ayrılması barədə qərar və onun əsasında verilən orderlə eyni hüquqi qüvvəyə malik sənəd kimi qəbul edilməlidir. Azərbaycan SSR Mənzil Məcəlləsinin 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icraədarın ailə üzvləri hesab edilə bilərlər. Qeyd olunan Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla birlikdə yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 83-cü maddəsinə görə SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsinin icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinə görə icarədarın ailə üzvlərinin payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Eyni zamanda Qüvvədə olan Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi) - yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Mənzil Məcəlləsinin 81.2-ci maddəsinə əsasən kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. İşdən müəyyən olunur ki, iddiaçı M.İbadovun ailə üzvü kimi 2004-cü ildən etibarən həmin mənzildə onunla yaşamaqla birgə təsərrüfat aparmışdır. M.İbadovun vəfatından sonra balanssaxlayıcı təşkilat onun mənzildə qeydiyyatsız yaşamasına, daha sonra isə öz adına özəlləşdirməsinə razılıq vermişdir. Məhkəmə istinad olunan normaları işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisəli mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsini cavabdehdən tələb etmək hüququ mövcud olmuş, cavabdeh istinad olunan halları nəzərə almadan əsassız olaraq imtina cavabı vermişdir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından mübahisəli mənzilin mansard sahəsi olması müəyyən olunur. Azərbaycan SSR Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Həmin Məcəllənin 41-ci maddəsinə əsasən yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Vətəndaşlara yaşayış sahəsi mənzil sahəsi norması həddində (40-cı maddənin birinci hissəsi), lakin Azərbaycan SSR Nazirlər Sovetinin təyin etdiyi qaydada müəyyən olunan ölçüdən az olmayaraq verilir. Verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsində olmalıdır. Avariya halında olan və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün yararsız digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. Göründüyü kimi qanunverici verilməsinə yol verilməyən yaşayış sahələrini konkret olaraq müəyyən etmiş, mansardlar buraya daxil edilməmişdir. Həmçinin işdə olan X3 MMC-nin 18.10.2021-ci il tarixli 536 saylı mütəxəssis rəyindən görünür ki, Mənzil Məcəlləsinin 13, 14 və 15-ci maddələrinə, eləcə də «İnşaat Norma və Qaydaları»nın tələblərinə əsasən tədqiq olunan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən İddiaçı verilmiş və faktiki olaraq İddiaçı və ailə üzvlərinin qeydiyyat üzrə yaşadığı, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 ünvanında yerləşən 118 nömrəli mübahisəli tikili iki otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən, çoxmənzilli binanın üumi istifadədə olan sahələrinə birbaşa axil olmaq imkanını təmin edən strukturca ayrıca sahədən ibarət mənzil olmaql mənzil sahəsi olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bu hal iddiaçı ilə kirayə müqaviləsinin bağlanması üçün mane deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. ünvan 6 ünvanında yerləşən 118 nömrəli mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-4833/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4833/2021
15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver