Məhkəmə qərarları › İş №2-1(112)-4834/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4834/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4834/2021 05.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “xxxx” ASC Yasamal rayon Sukanal İdarəsinə qarşı aktın ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC Yasamal rayon Sukanal İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal Rayon Sukanalı idarəsinin işçilərinin onun iştirakı olmadan tərtib etdikləri 10 iyul 2019-cu il tarixli, MXD- 11079 nömrəli inventar aktını və 16 iyul 2019-cu il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı və 4 oktyabr 2019-cu il tarixində tərtib olunmuş üzləşmə aktını ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 4 oktyabr 2019-cu il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal rayon Su Kanalı idarəsinin əməkdaşları 10 iyul 2019-cu il tarixində onun kafedə olmadığı müddətdə kafeyə gələrək suyun kafedə istifadəsi ilə bağlı baxış keçirib suyun kafeyə haradan gəlməsini və necə gəlməsini araşdırmadan işlətdiyi suyu kafedə sayğacdan kənar qoşulma xətti kimi qeyd edərək qanunsuz hərəkət edərək MXD-11079 saylı inventar aktı tərtib etmişlər və sonradan 4 oktyabr 2019-cu ildə yenə də onun iştirakı olmadan üzləşmə aktı tərtib etmişlər. Üzləşmə aktında guya onun iştirakını və onunla birgə tərəflər arasında qarşılıqlı hesablaşmaların araşdırılmasını müəyyən etdiklərini göstərmişlər. Lakin inventar və üzləşmə aktında açıq-aşkar abonent tərəfindən heç bir imzaların olmadığı göstərilir. Üstəlik qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatı da düzgün hesablanmamışdır. İnventar aktında birləşmə diametri 15 mm göstərilmiş, lakin hesablama 20 mm-dən hesablanmışdır. "Qeyri-qanuni xətdən istifadə" onun kafeyə bitişik evinin birləşmə diametri 15 mm olan sayğacından su çəninə vurduğu sudan həmin su çənindən çıxan kəmər 20 mm-likdir. Yasamal Rayon Su Kanalı idarəsinin işçiləri özlərinə sərf edən kimi, yəni yarımçıq video görüntü qeydə almışlar, sayğacın son göstəricisi 366 olduğu halda hesablamanı da 12 aya vuraraq 4003.05 manat cərimə yazmışlar. Bu barədə 16 noyabr 2019-cu il tarixdə Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə ərizə ilə müraciət etmişdir. 5 fevral 2020-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal rayon Su Kanalı idarəsinə rəsmi qaydada pretenziya məktubu ilə müraciət etmiş, dəfələrlə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal rayon Su Kanalı idarəsinə gedib gəlsə də hələ bu vaxta qədər pretenziya məktubunun cavabını ala bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan: - “xxxx” ASC Yasamal rayon Sukanal İdarəsinin 070308 №-li, 04.10.2019-cu il tarixli üzləşmə aktından görünür ki, Yasamal rayon Sukanal İdarəsinin rəisi Ramin Sadıqov, Baş mühasib Teymur Əliyev və müştəri xidmətləri şöbəsinin rəisi Rəşad Həsənov bir tərəfdən abonent İddiaçı (imza atılmamışdır) tərəfindən akt tərtib edilərək sudan istifadə və kanalizasiya xidmətinə görə cəmi 4003,05 manat borc hesablanmışdır. - “xxxx” ASC Yasamal rayon Sukanal İdarəsinin MXD 11079 №-li, 10.07.2019-cu il tarixli inventar aktından görünür ki, MXS-nin rəhbəri Ömər İsmayılov, mühəndis Qismət Nəzərov və Azad Babayev, rəis Rəşad Həsənov tərəflərindən ünvana baxış keçirilmiş, məlum olmuşdur ki, ünvan 1əşən İddiaçı məxsus KAFE 999 obyektdə su sayğacından kənar d-20 mm-lik qeyri-qanuni xətdən istifadə olunur. İddiaçı tərəfindən hal-hazırda qeyd olunan aktları inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilir. “İnzibtai icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 №-li Qərarında qeyd olunmuşdur ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qəymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxs üçün müəyyən hüquqi nəticələr yaratsın. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 13-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbini işin mahiyyətinə aid olma baxımından təfsir etdikdə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13 və 48.1-ci maddələri) söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsində nəzərdə tutulmuş mənada mübahisələndirmə haqqında iddiadan gedir. İddianın məqsədi mübahisələndirilən aktın ləğv olunmasıdır. Lakin 10.07.2019-cu il tarixli və 04.10.2019-cu il tarixli aktlar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci və İPM-in 32.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati məhkəmələr qarşısında mübahisələndirilə bilən inzibati akt sayılmır. Başqa sözlə, sözügedən aktda “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin (inzibati aktın mövcudluğu üçün) şərtləndirdiyi inzibati orqan tərəfindən kənara (xaricə) münasibətdə bilavasitə nəticələr yaratmaqla “nizamasalma (həll etmə) ünsürü yoxdur. Bundan əlavə hazırki mübahisə üzrə inzibati məhkəmə icraatı qaydasında tələb irəli sürülmüş cavabdeh inzibati orqan olmamaqla tərəflər arasında yaranan mübahisə sudan istifadə ilə bağlı müqavilədən irəli gələn mülki mübahisədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlar yuxarıda qeyd olunan qanunvericilikdə nəzərdə tutulmuş mənada inzibati məhkəmələr qarşısında mübahisələndirilə bilən inzibati akt saymadığından, hazırki tərəflər arasındakı münasibətlər ümumi (publik) hüquq sahəsində yaranan münasibətlər olmadığından, işin bu cür halında mövcud mübahisə işdə iştirak edən şəxslərin subyektiv tərkiblərinə (inzibati orqan olmamalarına) və mübahisənin mahiyyətinə görə inzibati məhkəmə icraatına aid deyildir. Ona görə də iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin iddiaçıya mübahisənin mülki məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququna malik olmasını izah edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar