Məhkəmə qərarları › İş №2-1(112)-4834/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4834/2022

13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4834/2022 13.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X3 üçüncü şəxs qismində cəlb edilməklə “torpaq sahəsinin yeni planı və ölçüsünün verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uyğunsuzluğun aradan qaldırılması, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 125 nömrəli 0,06 ha ölçüdə olan bağ torpaq sahəsinin naturada yerləşmə mövqeyinə görə koordinatlar (döngə nöqtələrində uyğun olaraq) düzgün göstərilməklə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı, ********* qeydiyyat nömrəli, 30 dekabr 2007-ci il tarixli reyestrdən çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 125 nömrəli 0,06 ha ölçüdə olan bağ torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və sözügedən torpaq sahəsində koordinatları özündə əks etdirən AA 005986 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Həmin vaxtdan bu günə kimi qeyd edilən torpaq sahəsi onun faktiki istifadəsindədir, həmin torpaq sahəsi hasarlanmış şəkildədir. Eyni zamanda qeyd edilən torpaq sahəsində iddiaçı tərəfindən müxtəlif ağaclar əkilmiş və tikinti işləri görülmüşdür. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən xx.xx.2007-ci il tarixli, AA005986 nömrəli torpaq sahəsinin planı və ölçüsündə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimi göstərilmişdir. 1) X – 425797.83, Y – 4469395.87; 2) X – 425822.92, Y – 4469395.92; 3) X – 425822.96, Y – 4469371.84; 4) X – 425797.88; Y – 4469371.79. Lakin sonradan ona məlum olmuşdur ki, torpağın koordinatları düzgün göstərilməyib, Halbuki ona məxsus bağ torpaq sahəsinin koordinatları hasarlanmış ərazidə yerləşmiş torpaq sahəsinin döngə nöqtələrinə uyğun olaraq qeyd edilməli və bu barədə torpaq sahəsinin müvafiq planı və ölçüsü verilməli idi. Bu səbəbdən o, 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, bütün zəruri sənədləri təqdim etməklə mülkiyyətində olan Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 125 nömrəli 0,06 ha ölçüdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2007-ci il tarixli, AA005986 nömrəli bağ torpaq sahəsinin planı və ölçüsündə döngə nöqtələrinin koordinatlarının düzgün göstərilməsi və bu barədə müvafiq sənədlərin verilməsini xahiş etmişdir. Lakin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona xx.xx.2021-ci il tarixli, **********10 nömrəli məktubla imtina edilmişdir. İmtina məktubu rəsmi olaraq ona xx.xx.2021-ci il tarixində təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, İddiaçı Abşeron rayonu, Hövsan qəsəbəsi, 125 nömrəli bağ sahəsinin ünvanının dəyişdirilməsi və kadastr rəqəmlərinin düzgünlüyünün qeyd olunması ilə bağlı ********** nömrəli, xx.xx.2021-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, təqdim edilən plan-ölçüyə əsasən göstərilən torpaq sahəsi ilə sənəd üzrə sahədə ciddi uyğunsuzluq mövcuddur. Belə ki, torpaq sahəsinin sənəd üzrə olan koordinatları göstərilən torpaq sahəsindən 130 metr aralıda yerləşir. Həmçinin sözügedən torpaq sahəsinə digər fiziki şəxsin (X3) müraciəti olmuşdur. Məhkəmənin 30 avqust 2022-ci il tarixli qərardadı ilə, X3 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, uyğunsuzluğun aradan qaldırılması, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 125 nömrəli 0,06 ha ölçüdə olan bağ torpaq sahəsinin naturada yerləşmə mövqeyinə görə koordinatları (döngə nöqtələrinə uyğun olaraq) göstərilməklə torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Hövsan 125 nömrəli 0,06 ha bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur; **********11 reyestr nömrəli “Torpaq sahəsinin planıə və ölçüsü”ndə Abşeron rayonu, Hövsan 125 nömrəli bağ sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimi göstərilmişdir: 1) X – 425797.83, Y – 4469395.87; 2) X – 425822.92, Y – 4469395.92; 3) X – 425822.96, Y – 4469371.84; 4) X – 425797.88; Y – 4469371.79. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla təqdim olunmuş xx.xx.2007-ci il tarixli AN-İ ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, satıcı X4 tam mülkiyyət üzrə ona məxsus Abşeron rayon, Hövsan qəsəbəsində 125 №-li bağ sahəsində yerləşən 0,06 ha torpaq sahəsini alıcı İddiaçı satmışdır; 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Hövsan qəsəbəsində 125 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,06 hektar torpaq sahəsi Abşeron rayonu 2-ci dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2007-ci il tarixli 4Ə-5-673 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında xx.xx.2007ci il tarixdə İddiaçı adına qeydiyyat alınmışdır və xx.xx.2007-ci il tarixli, AA 005986 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Həmin məktuba JN-0069 KOD 00600036 Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətinin, eləcə də xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir; 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Hövsan 125 nömrəli bağ sahəsinə dair DT və XK-nin JN-0069 (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”si X2 adına xx.xx.2007-ci il tarixində **********11 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Torpaq sahəsinin arxiv sənədləri xx.xx.2010-cu il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə təhvil verilmişdir; 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla Suraxanı rayonu, Hövsan qəsəbəsi, **********83 reyestr nömrəli 123 saylı, **********53 reyestr nömrəli 124 saylı və **********08 reyestr nömrəli 126 saylı (bağ evi) bağ sahələrinə dair çıxarış və plan ölçülərin təsdiq edilmiş surətləri və ortofoto məhkəməyə təqdim edilmişdir. İşin faktiki hallarından görünür ki, Abşeron rayonu, Hövsan 125 nömrəli 0,06 ha bağ sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinin planı və ölçüsündə bağ sahəsinin döngə nöqtələrinin koordinatlarının dəqiqləşdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, təqdim edilən plan-ölçüyə əsasən göstərilən torpaq sahəsi ilə sənəd üzrə sahənin uyğunsuzluq təşkil etməsi əsas gətirilərək imtina edildiyindən hazırkı iddianı irəli sürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 65.5-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Məhkəmə araşdırması zamanı, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin onun xüsusi mülkiyyətində olan 125 nömrəli bağ sahəsi olub-olmaması və həmin bağ sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatlarının düzgünlüyünün yoxlanılması məqsədi ilə, iddia olunan torpaq sahəsi ilə həmsərhəd olan torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər və onların yerləşəmə vəziyyətinə dair xəritədən çıxarış (ortofoto) tələb edilmişdir. Həmin sənədlərdən müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə həmsərhəd olan torpaq sahələri **********53 reyestr nömrəsi qeydiyyatdan keçmiş 124 nömrəli bağ sahəsi və **********08 reyestr nömrəsi qeydiyyatdan keçmiş 126 nömrəli bağ sahələridir. Nömrə ardıcıllığı və yerləşmə vəziyyəti nəzərə alındıqda, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin onun xüsusi mülkiyyətində olan 125 nömrəli bağ sahəsi olması qənaətinə gəlmək mümkündür. Belə olan halda, məhkəmə hesab edir ki, həmin torpaq sahəsinin planı və ölçüsü yerləşdiyi yerinə uyğun olaraq tərtib edilməlidir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 125 nömrəli 0,06 ha bağ sahəsinin naturada yerləşmə mövqeyinə görə döngə nöqtələrinin koordinatları göstərilməklə torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 125 nömrəli 0,06 ha bağ sahəsinin naturada yerləşmə mövqeyinə görə döngə nöqtələrinin koordinatları göstərilməklə torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar