Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4835/2021 05.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 edilən 2 girişli,13 mərtəbəli yaşayış binasında yerləşən, ümumi sahəsi 75 kvadrat metr olan 2 otaqlı 64 saylı mənzilə onun mülkiyyət hüququnun dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mərhum X2 24 dekabr 2003-cü il tarixdə "xxxx" MMC tərəfindən ünvan 2 edilən 2 girişli, 13 mərtəbəli yaşayış binasından X7 adlı şəxsə məxsus olmuş 75 kv. m. ümumi sahəsi olan 64 saylı mənzili əldə etmişdir. Bununla bağlı həmin tarixdə "xxxx" MMC ilə X10 arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin mənzilə görə əvvəlki sahibinin tikinti şirkətinə heç bir borcunun olmaması barədə maliyyə arayışı verilmişdir. X2 15.06.2008-ci il tarixdə qara ciyərin serriozu diaqnozu ilə öldükdən sonra həmin mənzilin faktiki istifadəsi ona keçmiş, həmin il müəyyən təmir işləri aparıldıqdan sonra özü ora köçmüş və rəsmi qeydiyyatda ünvan 1 ünvanında olsa da, hazıradək ünvan 2 edilən 2 girişli, 13 mərtəbəli yaşayış binasının 64 saylı mənzilində yaşayır. 2008-ci ilin sentyabr ayından faktiki sahibliyində və istifadəsində olan haqqında bəhs etdiyi mənzilə aid bütün xərc və rüsumlar - su, işıq və qaz pulları, telefon və internet aylıqları, həmçinin bütün kommunal xidmətlərə görə nəzərdə tutulmuş aylıq haqlar tərəfindən mütəmadi olaraq ödənilmişdir. Belə ki, 2009-cu ilin yanvar ayında onunla "xxxx" MMC arasında “Xidmətin göstərilməsinin təşkili haqqında” müqavilə imzalanmışdır. Adı çəkilən müqaviləyə əsasən MMC tərəfindən gösərilən su və kanalizasiya xidmətləri, liftin təmiri və enerjidən istifadə, girişlərin işıqlandırılması, məişət tullantılarının daşınması və bu kimi kommunal əhəmiyyətli xidmətlərə görə çəkilən xərclər üçün sakin kimi tərəfindən müəyyən məbləğdə aylıq pulun ödənilməsi öhdəliyi götürülmüşdür. Həmin vaxtdan bu günə kimi qeyd edilən öhdəlik tərəfindən tam şəkildə yerinə yetirilir. Eyni zamanda "xxxx" ASC ilə aralarında bağlanmış 01.04.2010-cu il tarixli, 10234418 nömrəli müqavilə əsasında adı çəkilən mənzil üçün onun adına **********640 nömrəli abonent kodu açılmış, eyni tarixli, ********* nömrəli “su sayğacının qəbulu“ barədə tərtib olunmuş akt əsasında mənzil su sayğacı ilə təmin edilmişdir. "xxxx" ASC ilə aralarında bağlanmış müqavilə əsasında mənzil üçün onun adına **********20064 nömrəli abunə kodu açılmış və akt əsasında mənzil Al70965510M262039 nömrəli işıq sayğacı ilə təmin olunmuşdur. "xxxx" ASC ilə aralarında bağlanmış 21.05.2013-cü il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında yaşadığı mənzil üçün onun adına **********00642 saylı abonent kodu ilə **********280970 nömrəli smart kart açılmış, eyni tarixli, 840251 nömrəli “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” tərtib olunmuş akt əsasında mənzil qaz sayğacı ilə təmin edilmişdir. Bunlardan əlavə, yaşadığı mənzil onun adına olan telefon nömrəsi və internet xətti ilə də təchiz olunmuşdur. Qeyd edilənlərlə yanaşı həmin mənzilə dair mülkiyyət hüququnun bütün komponentlərini - əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını təsdiqləyən artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi də mövcuddur. Belə ki, mərhum qardaşının yeganə varisi olmağına baxmayaraq "xxxx" MMC tərəfindən haqqında danışılan mənzilə dair onunla yenidən müqavilə bağlanmasından ötrü əngəllər törədildiyindən MMC-yə qarşı “vərəsəlik hüquqlarının tanınması və 24.12.2003-cü il tarixli mərhum qardaşı ilə bağlanan ilkin müqavilənin yeganə varis kimi onun adına keçirilməsi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Sözü gedən məhkəmənin 14.02.2012-ci il tarixli, 2(004)-270/12 saylı qətnaməsi ilə iddiası qismən edilərək, ünvan 2 edilən 2 girişli, 13 mərtəbəli yaşayış binasının 64 saylı mənzilinə olan paya (miras paya) onun vərəsəlik hüquqları tanınmışdır. Yalnız bundan sonra qətnamənin icrası qaydasında "xxxx" MMC ilə aralarında 20 fevral 2013-ci il tarixdə “mənzilin alqı-satqısı haqqında” müqavilə bağlanmış və həmin mənzilə görə tikinti şirkətinə heç bir borcunun olmaması - yəni mənzilin pulunun tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Göstərilənləri nəzərə alaraq mülkiyyət hüququnun DƏDRX-də qeydiyyata alınması və ona çıxarışın verilməsindən ötrü tərəfindən qanunla müəyyən olunmuş qaydada DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi müraciət olunmuşdur. Adı çəkilən idarənin 28.12.2020-ci il tarixli, **********85 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, aparılan araşdırma zamanı yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığı müəyyən edildiyindən ünvan 2 edilən 2 girişli, 13 mərtəbəli yaşayış binasının 64 saylı mənzilinə dair çıxarışın verilməsi xahişi barədə ərizənin icrası mümkün olmamışdır. Məktubda, həmçinin, ərizəyə əlavə edilən Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 14.02.2012-ci il tarixli, 2(004)-270/12 saylı qətnaməsi haqqında 1 saylı Bakı Ərazi idarəsində məlumatın aşkar edilməməsi, qeyd olunan iş üzrə İdarənin tərəf olmaması və qətnamə ilə İdarənin üzərinə hər hansı öhdəliyin qoyulmaması barədə məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 29 mart 2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddia ilə bağlı 27 aprel 2021-ci il tarixli **********15 saylı etirazında göstərmişdir ki, aparılan araşdırma zamanı yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığı müəyyən edilmişdir. Bununla bağlı iddiaçıya idarə tərəfindən **********85 qeydiyyat nömrəli 28.12.2020-ci il tarixli məktub ünvanlanmışdır. İddiaçı ərizəsinə əlavə etdiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-270/12 saylı, 14.02.2012-ci il tarixli qətnaməsi barədə idarədə hər hansı məlumat aşkar edilməmişdir. Qeyd olunan iş üzrə İdarə tərəf olmamış və idarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1 -ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.24. bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri- yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 05.10.2021-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlmədiyi barədə məhkəmə heçbir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı X5 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddia tələbinin əsassız olduğundan təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; AZE seriyalı ******** №-li şəxiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1956-cı ildə Bakı şəhərində doğulmuş X9 ünvan 4 ünvanında qeydiyyatdadır. "xxxx" Elmi Tədqiqat və İstehsalat şirkəti şirkəti tərəfindən inşa olunan yaşayış evinin İV blokunun Xİ mərtəbəsində sahəsi 75 kv. m. olan mənzilin yeni sahibi X6 verilmiş 24.12.2003-cü il tarixli 75 №-li arayışın surətindən müəyyən olunur ki, X4 şirkətə mənzil üçün borcu yoxdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 fevral 2012-ci il tarixli 2(004)-270/12 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçı X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 185, 2 girişli 13 mərtəbəli binanın 64 saylı mənzilin üzərində X5 vərəsəlik hüquqlarının tanınması və 24.12.2003-cü il tarixli ilkin müqavilənin X5 adına keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 14 fevral 2012-ci il tarixli 2(004)-270/12 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Muxtarov küçəsi 185, 2 girişli, 13 mərtəbəli binanın 64 saylı mənzilə olan paya (miras paya) X5 vərəsəlik hüquqlarının tanınması, digər hissələrdə isə iddia tələbinin rədd edilməsi qət edimişdir. "xxxx" şirkəti (İcraçı) ilə X9 (sifarişçi) arasında bağlanmış 20 fevral 2013-cü il tarixli İlkin müqavilənin surətindən müəyyən olunur ki, “İcraçı” ünvan 5 ünvanda 14 mərtəbəli 2 bloklu yaşayış binasının 11 mərtəbəsində yerləşən, ümumi sahəsi 75 kv. m. olan 2 otaqlı mənzilin tikintisini müqavilədə göstərilən işlərin yerinə yetirilməsi və başa çatdırılmasını ödəsinə götürmüş, “Sifarişçi” isə alqı-satqı müqaviləsinin qiyməti 16.200 ABŞ dolları olmaqla ödənilməmiş məbləğin qalan hissəsini ödəməyi öhdəsinə götürür. Müqaviləyə əlavə olunmuş 20 fevral 2013-cü il tarixli “Sifarişçi”nin öhdəliyi vərəqəsindən müəyyən olunur ki, X1 16.200 ABŞ dolları (on altı min iki yüz) borcu ödəniş cədvəli üzrə ödəməyi vəd etmişdir. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh orqana müraciət edərək, mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********85 №li 28.12.2020-ci il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, aparılan araşdırma zamanı yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığı müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, ərizəyə əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-270/12 saylı, 14.02.2012-ci il tarixli qətnaməsi barədə hər hansı məlumat aşkar edilməmişdir. Qeyd olunan iş üzrə İdarə tərəf olmamış və İdarənin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən aşağıda qeyd olunan: Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 11.06.2021-ci il tarixli **********19 saylı məktubunda qeyd olunmuşdur ki, "xxxx" MMC tərəfindən ünvan 6 ünvanda inşa edilmiş 2 girişli 13 mərtəbəli yaşayış binasındakı mənzillərin qeydiyyatdan keçməsi ilə bağlı İdarənin arxivində məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 07.06.2021-ci il tarixli XO-01-09-2021-03299 saylı cavab məktubunda qeyd olunmuşdur ki, sözügedən ünvanda inşa edilən yaşayış binasına dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş 28 iyul 2021-ci il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd olunmuşdur ki, X5 ərizəsinə əsasən ünvan 7 ünvanında baxış keçirilmiş, faktiki vəziyyətə uyğun plan akta əlavə olunmuşdur. Mənzilin daxilində rekonstruksiya işləri aparılmışdır. Baxış keçirilən zaman mənzildə usta işləmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı iddia ərizəsində özünə məxsus olan ünvan 6 ünvanda inşa edilmiş 2 girişli 13 mərtəbəli yaşayış binasında yerləşən 64 saylı mənzilə dair mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmasını tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin qanunun tələblərinə uyğun qəbul edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31 avqust 2009-cu il tarixli, 47 saylı əmri ilə təsdiq edilmiş 2 saylı Əlavədə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışların verilməsi ilə əlaqədar tələb olunan sənədlərin siyahısı müəyyən edilmişdir. Həmin Qaydaların 43-cü bəndinə görə, dövlət torpaqlarında fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün ərizə; torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və.s); obyektin inşaat pasportu, obyektin layihə sənədləri, obyektin istismara qəbul aktı, obyektin texniki pasportu; dövlət rüsumunun ödənilməsi barədə qəbz tələb edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 dekabr 2008-ci il tarixli, 272 saylı qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi barədə” Qaydalarının 3.6.1-ci bəndinə əsasən, tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Agentliyin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissə-hissə (tikintinin növbələri kimi) qəbul edilə bilər; 3.6.3-cü bəndinə əsasən, bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Göründüyü kimi, tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq istismara qəbul edilməli və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı zamanı obyektin istismara qəbul aktı qeydiyyat orqanına təqdim edilməlidir. Hazırki halda, iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün iddia qaldırdığı yaşayış sahəsinin yerləşdiyi binanın qanunvericiliyin tələbinə uyğun olaraq istismara qəbul edilməsinə dair işin materiallarına hər hansı sənəd əlavə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. - 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Məhkəmə hesab edir ki, istismara qəbul edilməyən yaşayış binasında yerləşən yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından cavabdehin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11, 23-cü maddələrinin tələblərinə uyğun olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi) daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4835/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4835/2021
05.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver