Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4835/2022 25.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2018-ci ildən hesablanaraq güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişlərinin hesablanaraq ödənilməsi barədə lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1985-ci il tarixində SSRİ Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroy Soyuzmetrospecstroy İdarəsinə 3-cü dərəcə ilə daşyonan peşəsinə qəbul edilmişdir (Əmr № 279, xx.xx.1985-ci il), xx.xx.1988ci il tarixindən ona 4-cü dərəcə verilmişdir (Əmr № 134-k, xx.xx.1988-ci il), xx.xx.1992-ci il tarixindən Bakı filialına keçirilmişdir (Əmr № 91-k, xx.xx.1992-ci il), xx.xx.1992-ci il tarixindən Bakı filialına 4-cü dərəcə ilə daşyonan peşəsinə qəbul edilmişdir (Əmr № 7-k, xx.xx.1992-ci il, xx.xx.1993-cü il tarixindən 5-ci dərəcə verilmişdir (Əmr № 59/A-k, xx.xx.1993-cü il), xx.xx.2014-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr № 11, xx.xx.2014-cü il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1.1-ci bəndinin 1.2.1-ci yarımbəndinin “a” maddəsinə əsasən onun işlədiyi peşə güzəştli şərtlərlə pensiyaya çıxmağına əsas verir və güzəştli şərtlərlə əmək stajı 28 il 07 ay 04 gün (iyirmi səkkiz il, yeddi ay, dörd gün) təşkil edir. Qeyd edilən bu məlumatlar Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 03 mart 2021-ci il tarixli A/55 nömrəli arxiv arayışı ilə təsdiqini tapır. İddiaçı yaranmış güzəştli şərtlərlə pensiya hüququnun təmin edilməsi ilə bağlı 4 mart 2021-ci il tarixli ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir və bu müraciətinə imtina məktubu gəlmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya kapitalı əmək pensiya təminatına imkan vermir, belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 42200,00 manat hesablandığı halda fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19232,22 manat təşkil edir. Bildirilmişdir ki, qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Lakin cavabdehin bu imtinası qeyri-hüquqidir. Belə ki, işəgötürən tərəfindən verilmiş 03 mart 2021-ci il tarixli A/55 nömrəli arxiv arayışının istinad etdiyi qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 1.1-ci bəndinin 1.2.1-ci yarımbəndinin “a” maddəsinə, lakin iddiaçı xx.xx.2006cı il tarixinədək artıq, 25 il, 2 ay ümumi stajı vardır (hərbi xidmətdə olduğu müddət 2 il, 1 ay, 24 gün nəzərə alaraq), həmən ümumi stajdan 20 il 5 ay 20 gün iddiaçının güzəştli iş stajı vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar -55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa gğrə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda, 2) xx.xx.2006-cı il tarixədək azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə, 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Qeyd edilən normanın məzmunundan göründüyü kimi qanunla tələb olunan dördüncü şərt ödənilmir. Belə ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olam pensiya kapitalının aşağı həddi qanunverciliyə uyğun olaraq 42200.00 manat hesablandığı halda, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19232.22 manat təşkil edir. Qeyd olunanlarla yanaşı, iddiaçının şəxsiyyət vəsiqəsində qeyd olunan soyad, ad, ata adı ilə (İddiaçı) ilə əmək kitabçasında qeyd olunan soyad, ad, ata adında (X5) fərqlər mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında tanınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 6-cı bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın, yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: - birincisi, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); - ikincisi, həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; - üçüncüsü, məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.1-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Müvafiq əmək kitabçası pensiya hüququnu reallaşdırmaq üçün əsas olduğu üçün İddiaçı şəxsə məxsus olması faktı məhkəmə qaydasında tanınmalıdır. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddələrinin tələblərini rəhbər tutaraq İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş İ-ЗЖ 456518 nömrəli, xx.xx.1961-ci il tarixli doğum şəhadətnaməsinin surətinə əsasən İddiaçı xx.xx.1961-ci tarixdə Ermənistan, Basarkeçər rayonu, Erm SSR ərazisində anadan olmuş, atası X2, anası X3r. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1980-ci il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ПТ-İ ******* nömrəli, xx.xx.1982-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1982-ci ildə Zodskiy mədəni Yeraltı əmək şəraitində 3 saylı sahəyə 3-cü dərəcəli odunçu işinə qəbul edilmiş, xx.xx.1982-ci ildə Yeraltı əmək şəraitində ŞDN sahəsinə üçüncü dərəcəli yol fəhləsi keçirilmiş, xx.xx.1985-ci ildə Erm SSR ƏQM 36-cı maddəsinin 4-cü bəndinə müvafiq olaraq işdən azad edilmişdir. xx.xx.1985-ci ildə SSRİ Nəqliyyat Tikintisi Nazirliyi “Baş metro tunel tikinti” Metro xüsusi tikinti İttifaqı İdarəsi 2-ci dərəcəli qranitçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci ildə daşyonan qranitçi peşəsinin 3-cü dərəcəsi verilmiş, xx.xx.1988-ci ildə daşyonan peşəsinin 4-cü dərəcəsi verilmiş, xx.xx.1992-ci ildə “Metro xüsusi tikinti ittifaqı” idarəsinin Bakı filialına keçirilmiş, xx.xx.2014-cu ildə işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" QSC-nin xx.xx.2021-cı il tarixli, A/55 nömrəli arxiv arayışında göstərilmişdir ki, verilir, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən xx.xx.1985-ci il tarixində SSSR-i Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroy Soyuzmetrospecstroy İdarəsinə 3-cü dərəcə ilə dasyonan peşəsinə qəbul edilmişdir (Əmr № 279, xx.xx.1985-ci il). xx.xx.1988-ci il tarixindən 4-cü dərəcə verilmişdir (Əmr № 134-k, xx.xx.1988-ci il); xx.xx.1992-ci il tarixindən Bakı filialına keçirilmişdir (Əmr № 91-k, xx.xx.1992-ci il); xx.xx.1992-ci il tarixindən Bakı filialına 4-cü dərəcə ilə daşyonan peşəsinə qəbul edilmişdir (Əmr № 7-k, xx.xx.1992-ci il); xx.xx.1993-cü il tarixindən 5-ci dərəcə verilmişdir (Əmr № 59/A-k, xx.xx.1993-cü il); xx.xx.2014-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr № 11, xx.xx.2014-cü il). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 №-li Qərarına əsasən «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 1.1-ci bəndinin 1.2.1-ci yarımbəndinin “a” maddəsinə əsasən İddiaçı işlədiyi peşə güzəştli şərtlərlə təqaüdə çıxmağına əsas verir və onun güzəştli şərtlərlə əmək stajı 28 il 07 ay 04 gün (iyirmi səkkiz il, yeddi ay, dörd gün) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 641 №-li Fərmanına əsasən Soyuzmetrospecstroy İdarəsi "xxxx" Dövlət Şirkətinin xüsusi bəzək işləri İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 851 saylı Sərəncamına əsasən Xüsusi Tamamlama İşlər İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və "xxxx" SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 40N-10/3-100 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1985-ci il tarixində SSSR-i Nəqliyyat Tikintisi Nazirliyinin Qlavtonnelmetrostroy Soyuzmetrospecstroy İdarəsinə 3-cü dərəcə ilə daşyonan peşəsinə qəbul edilmiş (Əmr № 279, xx.xx.1985-ci il), xx.xx.1988-ci il tarixindən 4-cü dərəcə verilmiş (Əmr № 134-k, xx.xx.1988-ci il), xx.xx.1992-ci il tarixindən Bakı filialına keçirilmişdir (Əmr № 91-k, xx.xx.1992-ci il). xx.xx.1992-ci il tarixindən Bakı filialına 4-cü dərəcə ilə daşyonan peşəsinə qəbul edilmiş (Əmr № 7-k, xx.xx.1992-ci il), xx.xx.1993-cü il tarixindən 5-ci dərəcə verilmişdir (Əmr № 59/A-k, xx.xx.1993-cü il). xx.xx.2014-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr № 11, xx.xx.2014-cü il). İddiaçı işlədiyi daşyonan peşəsi güzəştli şərtlərlə təqaüdə çıxmağına əsas verir, onun güzəştli şərtlərlə əmək stajı 28 il 07 ay 04 gün (iyirmi səkkiz il yeddi ay dörd gün) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1.Dağ-mədən işləri maddəsinin 1.2.1-ci Açıqda dağ-mədən işləri və yer səthində işlər bəndinin a) fəhlələr (daşyonanlar) yarımbəndi ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı Qərarın 10100000 1.Dağ-mədən işləri maddəsinin 20101000 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bəndinin 2010100a—12690 (daşyonanlar) koduna aiddir. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 91/H №-li Fərmanına əsasən Soyuzmetrospecstroy İdarəsi "xxxx" Dövlət Şirkətinin Xüsusi bəzək işləri İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 851 saylı Sərəncamına əsasən Xüsusi Tamamlama İşlər İdarəsi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və "xxxx" SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X4 Dövlət Qeydiyyatı İdarəsinin Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında müvafiq bildirişə əsasən "xxxx" SC-nin Xüsusi Tamamlama İşlər İdarəsi ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası X4in dövlət reyestrindən çıxarılmışdır. Hazırda "xxxx" QSC-nin Tikinti Departamentinin Xüsusi Tamamlama İşlər üzrə dəstə adı altında fəaliyyət göstərir. "xxxx" QSC-nin struktur bölmələri tərəfindən eyni funksiyanı icra edən və optimallaşdırılması zəruri hesab olunan peşə və vəzifələrin təhlilinin həyata keçirilməsi zamanı Cəmiyyət üzrə ayrı-ayrı struktur vahidlərinin tərkibində eyni vəzifə və funksiyaların həyata keçirilməsi müəyyən edilmiş və onların ahəngdar işinin təşkil edilməsi məqsədilə bəzi dəyişikliklər edilmişdir. Belə ki, Xüsusi Tamamlama İşlər üzrə dəstənin ştat cədvəlində də daşyonan və üzlükçü peşələri birləşdirilərək üzlükçü peşəsi adlandırılmışdır. Üzlükçü peşəsinin əsas vəzifə və funksiyaları divar və döşəməyə mərmərdən, qranitdən və daş lövhələrdən üzlük daşlarının qoyulması, üzlük daşlarının yonulması, üzlüklərin çəkilməsi üçün divar səthinin hazırlanması, üzlüklərin vaxtlı vaxtında cilalanması, verilmiş dizayna uyğun təbii və süni üzlük materiallarının düzgün seçilməsi və s. işlərdən ibarətdir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir, əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri barədə tərtib olunmuş protokollar və qiymətləndirmə cədvəllərində göstərilən amillərə görə (toz, səs-küy) əmək haqqına tarif maaşının 4% (dörd) məbləğində əlavə ödəniş edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının xx.xx.2021-ci il tarixli müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2021ci il tarixli, **********5 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 42200,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19232,22 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan yetərli pensiya kapitalının olmadığını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2018-ci il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçı yuxarıda qeyd olunan hərbi bilet və əmək kitabçasına əsasən xx.xx.1980-xx.xx.1982-ci il tarixədək hərbi xidmət dövrü 02 il 01 ay 16 gün, əmək fəaliyyəti dövrü xx.xx.1982-xx.xx.1985-ci il tarixinədək 02 il 06 ay 17 gün, xx.xx.1985xx.xx.2006-cı ilədək 20 il 05 ay 20 gün olmaqla, ümumilikdə 25 il 01 ay 23 gün təşkil edir. Başqa sözlə, iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajı mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 20101000 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər 2010100a a) fəhlələr 2010100a—12690 daşyonanlar zərərli peşə kimi nəzərdə tutulmuşdur. İddiaçının əmək kitabçası qeydləri, eləcə də iş yerindən verilmiş arayışa əsasən xx.xx.1985-xx.xx.2006-cı il tarixinədək işlədiyi daşyonan peşəsi 1.Dağ-mədən işləri maddəsinin 20101000 1) Açıqda dağ-mədən işləri və yer səthində işlər bəndinin 2010100a—12690 (daşyonanlar) peşəsinə uyğundur. İddiaçının xx.xx.2006-cı il tarixıdək tələb olunan güzəştli iş stajı 20 il 05 ay 20 gün təşkil edir. Cavabdehin pensiya kapitalı ilə bağlı dəlili iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş və hazırkı tələbin hüquqi əsasını təşkil edən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun şərti olmadığından məhkəmə kapital ilə bağlı dəlilə qiymət verməyi zəruri hesab etmir. Bundan əlavə, məhkəmə cavabdehin iddiaya etirazında qeyd etdiyi iddiaçının şəxsiyyət vəsiqəsində ata adının “Şahvələd” qeyd edildiyi halda əmək kitabçasında ata adının “Şoyvələd” qeyd edilməsi, bununla da qeyd edilən əmək kitabçasının iddiaçıya məxsus olması faktının məhkəmə qaydasında tanınmasının tələb olunduğu, bu əsasdan da hazırkı iddianın təmin edilməli olmamasına dair mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının əmək kitabçasında İddiaçı Şöyvələd qeyd edilsə də ona aid digər sənədlərində doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, hərbi biletində adı İddiaçı olaraq göstərilmişdir. Belə olan halda təqdim edilən ПТ-İ ******* nömrəli əmək kitabçasının məhz iddiaçıya - İddiaçı aid olduğu müəyyən olunur, təqdim olunan əmək kitabçasının iddiaçıya məxsus olma faktının əlavə olaraq mülki məhkəmə icraatında məxsus olma faktının müəyyən olunmasına zərurət yoxdur. Beləliklə, iddiaçı xx.xx.2006-cı il tarixədək tələb olunan 12 il 06 aydan çox güzəştli iş stajını toplamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4835/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4835/2022
25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver