Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4836/2021 25.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə (üçüncü şəxs X3) qarşı ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi, ev 3, mənzil 20-dən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş pasport qeydiyyat və miqrasiya idarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə X5 ilə sonuncunun mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın alqısatqısı müqaviləsini bağlayıb. Bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışa əsasən Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzil artıq onun xüsusi mülkiyyətindədir. Müqavilənin tələblərinə əsasən mənzildə qeydiyyatda olan X5 və digər şəxslər xx.xx.2021-ci il tarixinədək sözügedən mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdülər. Lakin mənzil onun mülkiyyətimə keçməmişdən öncə mənzildə qeydiyyatda olan X3 faktiki olaraq mənzildə yaşamasa da, hələ də qeydiyyatı qalmaqda davam edir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edərək X2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, ünvan 3-dən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən göndərilmiş 10 fevral 2021-ci il tarixli məktuba əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş pasport qeydiyyat və miqrasiya idarəsi müraciətinin icrasından imtina etmişdir.
3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş pasport və miqrasiya idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş imtinada bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq, müraciətdə qeyd edilən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədəuyğundur.
4. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiada yol verilmiş formal xəta aradan qaldırılaraq əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş pasport və miqrasiya idarəsi əsl cavabdeh Binəqədi rayon polis idarəsi ilə əvəz olunmuşdur.
5. Binəqədi rayon polis idarəsinin xx.xx.2021-ci il tarixli məktubunda iddiaçının müraciətindən imtina edilərək (bundan sonra - cavabdehin imtinası) bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin tələbinə əsasən, X2 ünvan 4 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında mümkündür.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, üçüncü şəxs həmin evdə yaşamır, hazırda mənzildəki qeydiyyatı formal xarakter daşıyır. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir.
7. Cavabdeh Binəqədi rayon polis idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, iclasda iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
9. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
10. Məhkəmənin hazırki iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində cəlb olunmuşlar.
11. DİN-in BPMQİ-nin MAPS şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli arayışa əsasən və CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən, X3 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
12. X5 ilə İddiaçı arasında ünvan 1-ə dair xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmışdır (notariat qaydasında təsdiq olunmuş surəti əlavə olunur). Həmin müqavilənin bağlanması zamanı Qazaxıstan Respublikası, Qərbiünvan 5 ünvanında qeydiyyatda olan X3 notariusa mənzilin satılmasına etiraz etmədiyinə dair ərizə təqdim etmişdir (notariat qaydasında təsdiq olunmuş surəti əlavə olunur).
13. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir, daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüquqları xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (notariat qaydasında təsdiq olunmuş surəti əlavə olunur).
14. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, X2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs., Cəfər Xəndan küçəsi ev 3, 20 saylı mənzilinə dair istifadə hüququnun qeydə alınması ilə bağlı məlumat idarənin arxivində aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, qeyd edilən mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
15. Məhkəmə tərəfindən üçüncü şəxsə ünvanlanan məhkəmə aktı və bildirişlər geri qayıtmış, məhkəmə iclasında üçüncü şəxs iştirak etməmişdir.
16. Cəfər Xəndan 142 saylı MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən, ünvan 1 –də X3 yaşamır.
IV. Məhkəmənin mövqeyi
17. Üçüncü şəxslər həmin ünvanda faktiki olaraq yaşamırlar, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
18. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
21. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....
22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
23. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
24. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X2 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulmalı, cavabdehin imtinası qanunsuz hesab edilməlidir.
25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. X2 ünvan 6 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulsun. Cavabdehin imtinası qanunsuz hesab edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva