Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4836/2023 03.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehna qarşı “sığorta ödənişinin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehna qarşı “sığorta ödənişinin təyin edilməsi” vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək işsizlikdən sığorta ödənişinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh əsassız olaraq sığorta ödənişinin təyin edilməsindən imtina edir.Halbuki onun barəsində işlədiyi dövrdə məcburi dövlət sosial sığorta haqqları ödənilmişdir. Cavabdeh isə mərkəzləşdirilmiş elektron informasiya sistemində məcburi dövlət sosial sığorta haqqlarının ödənilməməsinə istinad etsə də, nəzərə almamışdır ki, həmin sistem 2014-cü ilin ortalarında yaradılmışdır ki, 2014-cü ilə qədər olan məlumatların sistemdə öz əksini tapmaması normal haldır. Cavabdehin imtinası və (ya) etirazı: Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, mərkəzləşdirilmiş elektron informasiya sistemində sığorta hadisəsi baş verdiyi tarixdən əvvəlki 24 ay ərzində sığorta haqqlarının tam ödənmədiyi üçün sığorta ödənişinin təyin edilməsi mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məşğulluq haqqında arayışdan görünür ki, iddiaçı 21 yanvar 2022-ci il tarixdə işsiz kimi qeydiyyatdadır. Əmək kitabçasının surətindən görünür ki, 07 yanvar 2014-cü il tarixli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsini 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İmtina məktublarından görünür ki, sonuncu iş yeri üzrə sığorta haqqlarının ödənilməsinə dair məlumat aşkar edilməməsi səbəbindən sığorta ödənişinin təyin edilməsi həyata keçirilməmişdir. Məhkəmənin işəgötürənə ünvanladığı iddiaçı barəsində sığorta ödənişlərinin ödənilibödənilməməsi ilə qəbz və aidiyyəti digər sənədlərin təqdim edilməsinə dair sorğuya cavab məktubu və ona əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, cavabdehin sığorta haqqlarınn ödənilməsi barədə informasiya sistemində qeyd etdiyi dövrlər üzrə işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta ödənişləri həyata keçirilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “İşsizlikdən sığorta haqqında” Qanunun: 1.1. Bu Qanunun məqsədi Azərbaycan Respublikasının əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. 2.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə edilir: 2.0.1. işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması. 2.0.10. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaiti. 3.1. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən; 13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən; 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən. 13.2. Bu Qanunun 13.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir: 13.2.1. bu Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – bu Qanunun 14.1-ci maddəsində müəyyən olunmuş qaydada 13.2.2. bu Qanunun 13.1.1-ci və 13.1.2-ci maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – bu Qanunun 16cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində 14.2. Sığorta ödənişinin hesablanması üçün sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı onun sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə tapılır. Sığortaolunan əvvəlki 12 təqvim ayının bütün aylarını tam işləmədikdə (lakin sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az olmayan müddətə sığorta stajına malikdirsə), sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı məbləği onun əvvəlki 24 təqvim ayı ərzində faktiki tam işlədiyi aylarda hesablanmış əməkhaqqının cəmlənmiş məbləğinin faktiki tam işlədiyi ayların sayına bölünməsi yolu ilə hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın: 1.1. Bu Qayda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.9-cu maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 (bundan sonra – Agentlik) yerli qurumları tərəfindən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin hesablanması və ödənilməsi qaydasını müəyyən edir. 1.2. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. 3.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmaq hüququ olmayan şəxslərə sığorta ödənişi təyin edilmir. 4.3. Sığortaolunan əvvəlki 12 təqvim ayının bütün aylarını tam işləmədikdə (lakin sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az olmayan müddətə sığorta stajına malikdirsə), sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqının məbləği onun əvvəlki 24 təqvim ayı ərzində faktiki tam işlədiyi aylarda hesablanmış əməkhaqqının cəmlənmiş məbləğinin faktiki tam işlədiyi ayların sayına bölünməsi yolu ilə hesablanır. İşin faktiki hallarından da göründüyü kimi cavabdehin sığorta ödənişinin təyin edilməsindən imtina əsası sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 ay ərzində sığorta haqqlarının ödənilməməsi ilə bağlıdır. Lakin, məhkəmə hesab edir ki, cavabdeh sığorta haqqlarının ödənilməsi anlayışı ilə, sığorta haqqlarının ödənilməsinin elekton informasiya sistemində qeyd edilməsi anlayışlarını eyniləşdirməklə iddiaçının sığorta ödənişini almaq hüququna müdaxilə etmişdir. Belə ki, iddiaçı sığorta ödənişini almaq hüququna əmək müqaviləsinə xitam əsasına uyğun olmaqla malik şəxsdir və işəgötürən tərəfindən sığorta ödənişləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilmişdir. Həmin sığorta haqqları barədə məlumatın Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq elektron informasiya sistemində yerləşdirilməməsi isə məhkəmə hesab edir ki, iddiaçının təqsirindən asılı olmayan hal hesab edilməlidir. Adıçəkilən Əsasnamənin: 5.0. MEİS-in operatoru Nazirlikdir. MEİS-in operatorunun aşağıdakı funksiyaları vardır: 5.0.1. MEİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı işləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun formada aparmaq 5.0.4. normativ hüquqi aktlarla müəyyən edilən hüquqlarının həyata keçirilməsi, vəzifələrinin və ya funksiyalarının icrası zamanı əldə etdiyi məlumatları MEİS-ə daxil etmək; 5.0.5. MEİS-ə daxil edilmiş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görmək, məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, tamlığını, konfidensiallığını, habelə onların ehtiyat surətlərinin saxlanılmasını və qorunmasını təmin etmək, informasiya təhlükəsizliyini təmin etmək üçün digər tədbirlər görmək. Göründüyü kimi sistemin operatoru kimi məlumatın mərkəzləşdirilmiş elektron informasiya sistemində daxil etmək cavabdehin müvafiq funksiyalarını həyata keçirdiyi üst qurumun səlahiyyətləri daxilində olan məsələdir. Məhkəmə, həmçinin sığorta haqqları ödənilməsə belə həmin halın iddianın təmini istisna etməməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini də zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamənin 3.1.28-3-ci yarımbəndinə əsasən (həmin yarımbənd 21 mart 2020-ci il tarixli 971 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ləğv edilmişdir) dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən(sığortaedənlərdən), eləcə də sığortaolunanlardan Azərbaycan Respublikasının “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunları ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanmasına nəzarət etmək Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi sığorta haqqının tutulması və ödənilməsi işəgötürənin – sığortaedənin məsuliyyət sferasına aid məsələdir. Nəzərə alınmalıdır ki, mübahisəli dövrlər üzrə, yəni 2014-cü ildə qüvvədə olan normativ hüquqi aktın tələblərinə görə, necə ki sosial sığorta haqlarının ödənilməsi işəgötürən tərəfindən təmin olunmalı olduğu halda, həmçinin həmin sığorta haqlarını toplanmasına nəzarət etmək cavabdeh inzibati orqanın üst qurumu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməli idi. Göründüyü kimi ödənişin edilmədiyi halda belə həmin hal iddiaçının məsuliyyət sferasına aid deyildir ki, hazırkı iş materialları ilə isə ödənişlərin edildiyi, lakin elektron informasiya sistemində həmin məlumatların qeyd edilmədiyi aşkar edilmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1180/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında oxşar mövqedən çıxış edilərək qeyd olunmuşdur ki, işçidən sığorta haqqının tutulması məsələsində məsuliyyətli şəxs işəgötürəndir ki, məhz işəgötürən, işçi deyil, işçidən cavabdehə çatası sığorta haqqının məbləğini qanuna müvafiq olaraq müəyyən etməklə, həmin məbləği işçidən tutmaqla cavabdehə ödənilməsini həyata keçirir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, İddiaçı Nazım qızına işsizlikdən sığorta ödənişinin ödəndilməsi öhdəliyi Cavabdehna həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. - Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-4836/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4836/2023
03.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver