Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4839/2021 30.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinə qarşı “ölüm haqqında akt qeydinin ləğvi və Əhalinin Dövlət Reyestrində düzəliş edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 18.11.1975-ci il tarixli 38 nömrəli ölüm haqqında akt qeydinin ləğvi və Əhalinin Dövlət Reyestrində barəsində olan məlumatlara ölüm haqqında akt qeydinin ləğvi ilə bağlı düzəliş edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür və 2020-ci ilin fevral ayına qədər əlilliyə görə pensiya alırdı. Qeyd etdiyi tarixdən pensiyanın ödənilməsi dayandırıldığından bunun səbəbini araşdırmaq üçün DSMF-nin Nərimanov rayon şöbəsinə yaxınlaşıb. Oradan ona bildiriblər ki, barəsində ölüm aktı mövcuddur. Əhalinin dövlət reyestrində ölü olaraq göstərildiyi üçün pensiyanın ödənilməsi dayandırılmışdır. Bununla bağlı 26.02.2021-ci il tarixdə qeydiyyat yeri üzrə Nərimanov rayon qeydiyyat şöbəsinə Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən barəsində tərtib edilmiş ölüm haqqında akt qeydinin ləğv edilməsi və reyestrə düzəliş edilməsi üçün müraciət edib. Nərimanov rayon qeydiyyat şöbəsi Saatlı rayon qeydiyyat şöbəsi ilə əlaqə saxlamış və məlum olmuşdur ki, Nərimanov rayon qeydiyyat şöbəsi 02.03.2021-ci il tarixdə ona imtina məktubu vermiş, ilkin akt qeydlərinin ləğvi qeydiyyat şöbəsi tərəfindən mümkün olmadığından məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.
3. Məhkənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
4. Cavabdeh məhkəmə hazırlıq icraatı üzrə iclasın keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş 30.03.2021-ci il tarixli məktubda bildirilmişdir ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı barəsində Əhalinin Dövlət Reyestrində ölüm haqqında akt qeydi mövcuddur, lakin akt qeydi Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edildiyindən həmin akt qeydinin məhkəməyə göndərilməsi mümkün deyildir. İşinin çoxluğu ilə əlaqədar işə şöbənin iştirakı olmadan baxılması xahiş edilmişdir.
II. İddianın növü
5. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
6. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
7. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
8. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi 16.02.2021-ci il tarixli cavabında bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-cı ıl tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 23-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmə qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İlkin akt qeydinin ləğv edilməsi mümkün olmadığından ölüm haqqında akt qeydinin ləğv edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
9. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. İddia öhdəliyin icrasına dair iddiadır.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
11. xx.xx.1959-cu il təvəllüdlü Saatlı rayonu, Krasnoselsk kəndində anadan olmuş İddiaçı 12.03.2012-ci il tarixdə AZE№0******* şəxsiyyət vəsiqəsi verilmişdir.
12. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1959-cu ildə Saatlı rayonu, Krasnoselsk kəndində anadan olmuşdur.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı ölüm haqqında akt qeydinin surətindən görünür ki, xx.xx.1959-cu il tarixdə Saatlı rayonu, Krasnoselksi kəndində anadan olmuş İddiaçı 25.06.1959-cu il tarixində 3 aylığında ürək çatışmazlığından vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydi 18.11.1975-ci il tarixdə aparılmışdır.
14. İddiaçı Azərbaycan Neft və Kimya institutununda 1984-1988-ci illərdə təhsil almış və ona PB№039108 nömrəli diplom verilmişdir.
15. İddiaçı 1973-cü ildən hərbi uçotda olmuş, 1978-1980-ci illərdə hərbi xidmət keçmiş və ona hərbi bilet verilmişdir.
16. "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 1956-1989-cu məhəllə, ev 26, mənzil 565-də qeydiyyatdadır.
IV. Məhkəmənin mövqeyi
17. Hazırki iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, vətəndaşlıq vəziyyəti aktlarında düzəliş edilməsi ilə bağlıdır.
18. İddia mümkündür.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
20. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 1-ci bəndinə əsasən: - 1. vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. -10. vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. -11. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona edilmiş dəyişikliklər haqqında vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, qeydiyyat şöbələrinin arxivinə, konsulluq idarələrinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinə, şəxsin hərbi qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə və daxili işlər orqanlarının müvafiq qurumlarına məlumat verilir. -12. qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər.
21. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında” Əsasnaməsinnin 8.2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri tərəfindən - vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı barədə məlumatlar - xüsusi elektron informasiya sistemi vasitəsilə Dövlət reyestrinin tamlığını təmin etmək üçün hər gün real vaxt rejimində göndərilməli və onun aktuallığı təmin edilməlidir.
22. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən sübutlar vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ölüm haqqında akt qeydinin ləğvi üçün əsasdır. Düzəlişin edilməsi üçün kifayət qədər əsaslar var. İddiaçının daimi yaşayış yeri Nərimanov rayonun ərazində olduğundan iddiaya cavab verməli olan şəxs Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsidir. Odur ki, Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 18.11.1975-ci il tarixli 38 nömrəli ölüm haqqında akt qeydinin ləğvi və bununla bağlı və bununla bağlı Əhalinin Dövlət Reyestrinə məlumatın göndərilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.
23. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 18.11.1975-ci il tarixli 38 nömrəli ölüm haqqında akt qeydinin ləğvi və bununla bağlı Əhalinin Dövlət Reyestrinə məlumatın göndərilməsi öhdəliyi Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva