Məhkəmə qərarları › İş №2-1(112)-4840/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4840/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4840/2024 12.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı, üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi “Sərəncamın qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" MTK) “Sərəncamın qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzər nümayəndəliyi aparatının xx.xx.1998-ci il tarixli, 03 saylı qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ünvanında yerləşən 0.12 ha (ümumi birgə) torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı, X1, X2 mülkiyyətində veürilmişdir. Torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərərfindən JN-27199D nömrəli xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 219 № li Sərəncamı ilə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin cənub-şərqində fərdi yaşayış evlərinin tikintisi üçün 44,0 ha torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Torpaq sahəsinə dair 12217 saylı İnşşat Pasportu tərtib edilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2013-cü il tarixli, 262 № li Sərəncamı ilə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 219 № li Sərəncamı və tərtib olunmuş 12217 saylı inşaat pasportu "xxxx" MTK-nın adına rəsmiləşdirilərək, ayrılmış torpaq sahəsinin ölçüləri 16,3781 ha müəyyən edilmişdir. Ayrılmış torpaq sahəsinə dair 13/164 № li ayrıc aktı tərtib edilmişdir. Seriya RX, ******* № li daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 15,2448 ha torpaq sahəsinə "xxxx" MTK-nın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 219 saylı sərəncamının və xx.xx.2013-cü il tarixli 262 saylı sərəncamının JN-27199D nömrəli xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə üzrə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, sahə 1279 ünvanında yerləşən 0.12 ha (ümumi birgə) torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, sahə 1279 ünvanında yerləşən 0.12 ha (ümumi birgə) torpaq sahəsinə dair İddiaçı, X1, X2 adlarına Sabunçu rayon İcra Hakimiyyətinin 03 nömrəli xx.xx.1998-ci il tarixli qərarı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərərfindən JN-27199D nömrəli xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Yuxarıda sözügedən daşınmaz əmlaka dair çıxarışın və texniki pasportun İddiaçı verilməsinə dair aidiyyatı üzrə cavabdeh AR ƏM DƏDRX-nə müraciət edilsə də elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bir hissəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyinə görə imtina verilmişdir. Bununla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edib. Məhkəmə iclasına cavabdeh AR ƏM DƏDRX tərəfindən təqdim edilən sənədlərə baxış keçirərkən mübahisəli torpaq sahəsinə dair Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli 219 saylı sərəncamına əsasən Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin cənub-şərqində fərdi yaşayış evlərinin tikintisi üçün 44 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Sonradan isə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 262 sərəncamına əsasən sözügedən torpaq sahəsi "xxxx" MTK-nın adına rəsmiləşdirilmişdir. Halbuki Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, sahə 1279 ünvanında yerləşən 0.12 ha (ümumi birgə) torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyətinin 17 mart 1998-ci il tarixli 03 saylı qərarına əsasən ona torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə verilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Üçüncü şəxsin məhkəməyə məlum olan ünvanına göndərilmiş məhkəmə bildirişləri məhkəməyə geri qayıtmışdır. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin qəbul etdiyi Sərəncamların ona aid hissədə etibarsız edilməsini xahiş edir ki, bu iddia müəyyən etmə və tanınma haqqında iddiadır (İPM, maddə 2.2.5). Sərəncamlar üçüncü şəxs barəsində əlverişli, iddiaçı barəsində alverişsiz inzibati aktdır. Çünki mübahisələndirilən sərəncamlarla iddiaçıya ayrılmış torpaq sahəsinin bir hissəsi üçüncü şəxs ayrılmışdır.iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının xx.xx.1998-ci il tarixli, 03 saylı qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ünvanında yerləşən 0.12 ha (ümumi birgə) torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı, X1, X2 mülkiyyətində verilmiş, torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərərfindən JN-27199D nömrəli xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, 219 № li Sərəncamı ilə və Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2013-cü il tarixli, 262 № li Sərəncamı ilə "xxxx" MTK-nın adına torpaq sahəsi rəsmiləşdirilərək, ayrılmış torpaq sahəsinin ölçüləri 16,3781 ha müəyyən edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 15,2448 ha torpaq sahəsinə "xxxx" MTK-nın mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı ona verilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərərfindən JN-27199D nömrəli xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə istinad edərək torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestində qeydə alınaraq çıxarışın verilməsi barədə Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, işə baxılarkən ona ayrılmış torpaq sahəsinin bir hissəsinin üçüncü şəxsə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Ona görə də, iddiaçı hazırkı iddianı irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, qeyd edildiyi kimi, iddiaçıya torpaq sahəsi xx.xx.1998-ci il tarixdə ayrılmış və xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. Qeyd edilən sənəd torpaq sahəsinə mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 4-cü maddəsinə görə, 2006cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0 və 8.0.5-ci maffəsinə görə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Lakin buna baxmayaraq cavabeh üçüncü şəxsə torpaq ayrılması barədə hazırda mübahisələndirilən Sərəncamları verərkən iddiaçıya ayrılmış torpaq sahəsinin bir hissəsini də üçüncü şəxs ayrılmış torpaq sahəsinin ayrıc aktına daxil etmişdir. Məhkəmə qeyd edir ki, həmin torpaq sahəsi iddiaçıya verildiyindən və mülkiyyət hüququna dair Şəhadətnamə tərtib edildiyindən cavabdeh həmin hissədə torpaq sahəsini iddiaçıdan geri almadan üçüncü şəxsə verilməsi zamanı sərəncam vermək səlahiyyəti olmamışdır. Ona görə də, cavabdehin hazırda mübahisələndirilən Sərəncamları iddiaçıya ayrılmış hissədə etibarsızdır. Torpaqların bir qismini üst-üstə düşməsi isə, Daşınmaz Əmlakın Dövlət Kadastr və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş elektron kadastr baza məlumatlarına istinadı özündə əks etdirən ortofoto görüntüsü ilə təsdiq edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: ... 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; ... Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 69.1. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 69.2. İnzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi həmin aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr bir-biri ilə əlaqədar deyildirsə) səbəb olmur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 219 saylı Sərəncamı və xx.xx.2013-cü il tarixli 262 saylı Sərəncamı JN-27199D nömrəli xx.xx.2005-ci il tarixli torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə üzrə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, sahə 1279 ünvanında yerləşən 0.12 ha (ümumi birgə) torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız hesab edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar