Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4842/2021 19.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Vəliyeva Ayla Fuad qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə (üçüncü şəxs Gəncə şəhəri üzrə İcra idarəsi) qarşı “şikayət ərizəsinə cavab verilmə vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə (üçüncü şəxs Gəncə şəhəri üzrə İcra idarəsi) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 24 fevral 2020-ci il tarixli şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, 24 fevral 2020-ci il tarixli şikayət ərizəsinə cavab verməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, yerli icra qurumu tərərəfındən məhkəmə qərarı icra edilməyib. Yerli icra qurumu məhkəmə qərarının icra edilməsi barədə müraciətlərimi cavablandırmayıb, həmçinin məhkəmə qərarının icra edilməsi üçün zəruri tədbirlər görülməsini təmin etməyib. Bununla əlaqədar olaraq cavabdeh təşkilata şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin cavabdeh təşkilat müraciətin cavablandırılmasını təmin etməyib. Cavabdeh təşkilatın müraciəti cavablandırmaqdan imtina etməsi «Vətəndaşların müraciətləri haqqında» qanunun, «Dövlət qulluğu haqqında» qanununun 18.0.5-ci, «Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat»ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli fərmanının 3-cü və ''Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cu il 24 noyabr tarixli 4 nömrəli fərmanının 7-ci bəndinin tələblərinə ziddir. Odur ki, cavabdeh təşkilatın yazılı müraciəti cavablandırmaqdan imtinası qanunsuz və əsassız hesab edilməli, aidiyyəti vəzifəli şəxslərin məsuliyyəti müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmiş və etirazda bildirilmişdir ki, ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə X2 adından nümayəndə qismində müraciət etmiş, hazırkı iddia da həmin şəxsin pozulduğu iddia olunan hüquqlarının müdafiəsi üçün onun adından qaldırıla bilərdi. Buna baxmayaraq iddia İddiaçı adından qaldırılmışdır. Göstərilənlərə əsasən iddia qeyri-mümküdür. Bundan əlavə müraciət müəllifinin eyni məzmunlu ərizəsi aidiyyəti icra qurumunun icraatında olan digər işlər üzrə etdiyi müraciətlərlə birgə baxılması üçün 19.03.2020-ci il tarixli, 04/11-2615 nömrəli məktubla Gəncə Regional Ədliyyə İdarəsinə göndərilmiş və sonuncu tərəfindən cavablandırılmışdır. Bu baxımdan da iddia əsassızdır Məhkəmənin iddiaçıya 10.03.2021-ci il tarixli hüquqi yardım haqqında məktub göndərərək prosessual qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş, məhkəmə iddiaçının iştirakı olmadan iddianın mümkünlüyü məsələsini araşdırmağı mümkün hesab etmişdir. Cavabdehin 22.04.2021-ci il tarixli məhkəməyə daxil olmuş məktubunda (etiraz) məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır İnzibati Prosessual Məcəllənin istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. İddia ərizəsinə əlavə edilmiş 24.02.2020-ci il tarixli tələbkar X2 nümayəndəsi İddiaçı tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanlanan Gəncə şəhəri üzrə İcra İdarəsinin qanunsuz hərəkətləri barədə şikayətdə göstərilmişdir ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli 2(043)- 613/2019 saylı məhkəmə əmrinə əsasən nümayəndəsi olduğu kreditor X2 borclu X4 qarşı pul tələbinə dair ərizəsi təmin edilərək borclu X1 900 (doqquz yüz) manat məbləğində pulun alınaraq kreditor X5 ödənilməsi qərara alınıb. Məhkəmənin qeyd edilən əmri qanuni qüvvəyə minib və icraya yönəldilib. Lakin məhkəmə əmrinin qanunla müəyyən edilmiş müddətdə icra edilməsi üçün zəruri icra tədbirlərinin görülməsi təmin edilməyib. Borclunun axtarılması barədə qərar qəbul edilməsi, borclunun ölkədən çıxmaq hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə təqdimatla müraciət edilməsi, borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi barədə tələbkar tərəfdə məlumat yoxdur. İş üzrə qəbul edilmiş məcburi tədbirlər barədə qərarlar tələbkar tərəfə göndərilməyib. Borclu uzun müddətdir “xxxx" ASC-də işləsə də, iş üzrə icra məmuru borclunun iş yerinin müəyyən edilməsi üçün aidiyyəti qurumlara sorğu verilməsini təmin etməyib. Göstərilənləri nəzərə alaraq İddiaçı Gəncə şəhəri üzrə İcra İdarəsinin qanunsuz hərəkətlərinin araşdırılmasını xahiş etmişdir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, şikayət ərizəsi bilavasitə icra işi üzrə tələbkar X2 hüquqlarının müdafiəsi ilə bağlı olmaqla inzibati orqana müraciət bilavasitə T.O.Qəhrəmanovun adından nümayəndə qismində müraciət etmiş İddiaçı tərəfindən verilmiş və hazırki iddia İddiaçı adından qaldırılmışdır. Hazırki iddiasında İddiaçı qeyd edilən şikayət ərizəsinin Ədliyyə Nazirliyi tərəfindən cavablandırılmamasının qanunsuzluğunu mübahisələndirir və eyni zamanda şikayət ərizəsinə cavab vermə öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını tələb edir. İddiaçı cavabdeh orqanın onun (İddiaçı) şikayətinə cavab verməməsini Konstitusiyanın 57 və “Vətəndaşların müraciətləri haqqında” Qanunun 10.1, 10.5 və 12.2ci maddələrinin tələblərinin pozulması ilə əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia ilə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının müraciət etmək hüququ adlanan 57-ci maddəsinin birinci hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. “Vətəndaşların müraciətləri haqqında” Qanuna əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir. Həmin Qanunun 1.1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 1.2-ci maddəsinə görə vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. Həmin Qanunun: -3.0.2-ci maddəsinə görə müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət; -3.0.3-cü maddəsinə əsasən təklif – qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciət; -3.0.4-cü maddəsinə görə ərizə – hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət; -3.0.5-ci maddəsinə əsasən şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət; Həmin Qanunun 6.2-ci maddəsinə görə yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir. Eyni Qanunun 6.3-cü maddəsinə əsasən yazılı müraciətdə aşağıdakılar göstərilir: -6.3.1. müraciətə baxan subyektin adı və ya onun vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi (vəzifəli şəxsin elektron ünvanına göndərilən müraciətlər istisna olmaqla); -6.3.2. müraciət edən fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), hüquqi şəxsin adı və hüquqi ünvanı; -6.3.3. müraciət nümayəndə vasitəsilə təqdim edildikdə, nümayəndənin adı, soyadı, atasının adı və ünvanı. Göründüyü kimi vətəndaşın dövlət orqanlarına müraciət etmək hüququ konstitusion hüquq olmaqla müraciətə qanunla müəyyən edilmiş qaydada baxılmasını tələb etmək hüququ vardır. Şəxs müraciət etmək hüququnu şəxsən və ya nümayəndə vasitəsilə həyata keçirə bilər. Qanunda yuxarıda qeyd edildiyi kimi vətəndaşın şəxsən müraciət etmək hüququnun göstərilməsi, eləcə də müraciətin forması olan ərizənin məhz hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı olması, şikayətin pozulmuş hüquq və azadlıqların bərpası və ya müdafiəsi ilə əlaqədar edilməsi onu ifadə edir ki, vətəndaş yalnız Konstitusiya və ya qanunla nəzərdə tutulmuş öz hüquq və azadlıqları ilə bağlı müraciət etmək hüququna sahibdir və bu hüququ istər şəxsən, istərsə də nümayəndəsi vasitəsilə realizə edə bilər. Həmçinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsində göstərilmişdir ki, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 37.1-ci maddəsinə görə fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və yaxud nümayəndə vasitəsilə təmsil oluna bilər. Eyni Qanunun 37.3-cü maddəsinə əsasən nümayəndənin səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilmiş etibarnamə ilə təsdiq olunur. Nümayəndə təmsil etdiyi şəxsin adından icraatla bağlı bütün prosessual hərəkətləri yerinə yetirmək hüququna malikdir. Qeyd edilən inzibati icraat qanunvericiliyindən çıxış etdikdə də müəyyən olunur ki, inzibati icraat bilavasitə hüquq sahibi olan subyektə münasibətdə həyata keçirilir. Bu subyekt ya hüquq və qanunla qorunan maraqlarının təmini üçün inzibati orqana müraciət edən şəxsdir və yaxud inzibati orqanın inzibati aktı və ya hərəkətləri (və ya hərəkətsizliyi) ilə bilavasitə hüquqlarına toxunulan şəxsdir. Hüquq subyekti inzibati icraatda şəxsən və yaxud nümayəndəsi vasitəsilə iştirak edə bilər. Lakin hər bir halda icraat məhz hüquq sahibinin adından və onun mənafeyi üçün aparılmış olur. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 48-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Prossesual qanunvericiliyin göstərilən tələbləri bilavasitə yuxarıda qeyd olunan hər iki qanun-istər “Vətəndaşların müraciətləri haqqında” Qanun, istərsə də “İnzibati icraat haqqında” Qanunun tələblərinin məntiqi davamı kimi çıxış edir. Belə ki, məhkəmə müdafiəsi hüququ konkret olaraq məhkəməyə qədər hüquqları təmin edilməmiş və ya pozulmuş şəxsin hüquqlarının müdafiəsini nəzərdə tutur və iddianın da məhz həmin şəxslərin adlarından, onların mənafeyi naminə qaldırılmasını tələb edir. Beləliklə, sadalananlara əsasən bu nəticəyə gəlinir ki, pozulmuş hüquqların bərpası və ya müdafiəsi ilə bağlı müraciət etmək hüququ- subyektiv hüquq bilavasitə şəxsə məxsus olduğundan şikayəti nümayəndəsi vasitəsilə vermiş olsa belə həmin şikayətə cavab verilmədiyi təqdirdə nümayəndənin deyil, bilavasitə hüquq sahibi olan şəxsin müraciətə cavab almaq hüququ pozulmuş olur. Hazırkı iş üzrə icra idarəsinin qanunsuz hərəkətləri barədə tələbkarın şikayət vermək hüququndan və cavabdeh inzibati orqanın həmin şikayətə cavab vermək vəzifəsindən ibarət olan inzibati hüquq münasibəti yaranmışdır ki, bu münasibət çərçivəsində iş üzrə müraciət etmək, həmin şikayətə cavab verməyi tələb etmək, cavab verilmədiyi təqdirdə isə müdafiə tədbirindən istifadə etmək kimi elementlərdən ibarət olan subyektiv hüquq məhz hüquqlarının müdafiəsi üçün nümayəndəsi İddiaçı vasitəsilə şikayət vermiş və ona cavab almadığı halda hüququ pozulmuş tələbkar-T.O.Qəhrəmanova məxsusdur. İş üzrə iddiaçı V.Ağazadə isə hüquq sahibi deyil, o yalnız inzibati orqana müraciətdə tələbkarı təmsil edən etibarnamə üzrə nümayəndədir. Başqa sözlə, o, yalnız öz hüquqlarının pozulduğu halda həmin hüquq pozuntularından qorunma tədbirləri görə, o cümlədən müvafiq iddia tələbi ilə öz adından məhkəmədə iddia qaldıra bilərdi. Lakin məlum olduğu kimi iş üzrə İddiaçı nümayəndəsi olduğu tələbkar X2 adından onun barəsində Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli 2(043)- 613/19 saylı məhkəmə əmrinin icra edilməməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, hazırkı məhkəmə icraatında iddianı öz adından qaldırmışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə iddianın ilk növbədə subyektiv hüquq baxımından mümkün olmaması nəticəsinə gəlir. Eyni zamanda, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tələbkar T.O.Qəhrəmanovla cavabdeh inzibati orqan arasında şikayət ərizəsinə cavab verilməməsi ilə bağlı inzibati mübahisə aradan qalxmışdır. Belə ki, cavabdeh tərəfindən etiraza əlavə olaraq təqdim edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 04.03.2020-ci il tarixdə Gəncə Regional Ədliyyə İdarəsinə məktub ünvanlayaraq vətəndaş Turqut Qəhrəmanovun nümayəndəsi İddiaçı Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatında olan məhkəmə qərarlarının icrası ilə bağlı Ədliyyə Nazirliyinə daxil olmuş müraciət baxılması üçün göndərilmiş, nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi xahiş olunmuşdur. Məktubun surəti məlumat üçün vətəndaş Turqut Qəhrəmanovun nümayəndəsi İddiaçı göndərilmişdir. Gəncə Regional Ədliyyə İdarəsinin vətəndaş Turqut Qəhrəmanovun nümayəndəsi İddiaçı ünvanladığı məktubda göstərilmişdir ki, məhkəmə qərarının icrası ilə bağlı Ədliyyə Nazirliyinə daxil olmuş mürtaciətinizə Gəncə Regional Ədliyyə İdarəsində baxılmışdır. Müraciətinizin araşdırılması ilə bağlı Gəncə şəhəri üzrə İcra İdarəsinə sorğu edilərək alınmış müvafiq sənədlərdən müəyyən edilmişdir ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-613/2019 saylı 11 yanvar 2019-cu il tarixli icra sənədi üzrə borclu X3 “xxxx” ASC-də işləməsi məlum olmuşdur. Bu səbəbdən 04 fevral 2020-ci il tarixdə borclunun əmək haqqısında tutma aparılaraq tələbkarın bank hesabına köçürülməsi məqsədilə “xxxx” ASC-yə müvafiq məktub göndərilmişdir. İcra sənədi nəzarətdədir və qanunvericiliyin tələblərinə uyğun olaraq icra tədbirləri davam etdirilir. Beləliklə, işin sadalanan hallarından görününür ki, hazırki halda vətəndaş T.Qəhrəmanovun adından nümayəndəsi tərəfindən verilmiş şikayət üzrə cavabdeh inzibati orqan tərəfindən müvafiq tədbirlər görülmüş, ərizə aidiyyəti üzrə Gəncə Regional Ədliyyə İdarəsinə göndərilmiş, həmin idarə tərəfindən şikayət ərizəsi cavablandırılmışdır. Başqa sözlə inzibati mübahisəyə əsas olan hal aradan qalxmışdır. İnzibati mübahisə olmadığı halda isə verilmiş iddia inzibati məhkəmə icraatında mahiyyəti üzrə baxılmağa qəbul edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə (üçüncü şəxs: Gəncə şəhəri üzrə İcra idarəsi) qarşı “şikayət ərizəsinə cavab verilmə vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi,540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4842/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4842/2021
19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver