Məhkəmə qərarları › İş №2-1(112)-4846/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4846/2020

13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4846/2020 13.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Binəqədi rayon Binəqədi bələdiyyəsinə qarşı “iddiaçının istifadəsində və sahibliyində olan torpaq sahəsinə dair bələdiyyənin 30.12.2005-ci il tarixli 455 saylı qərarının AR Dövlət Arxivinin Bakı filialına təhvil verilməsi vəzifəsinin yerinə yetirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Binəqədi rayon Binəqədi bələdiyyəsinə qarşı “iddiaçının istifadəsində və sahibliyində olan torpaq sahəsinə dair bələdiyyənin 30.12.2005-ci il tarixli 455 saylı qərarının AR Dövlət Arxivinin Bakı filialına təhvil verilməsi vəzifəsinin yerinə yetirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, “Binəqədi bələdiyyəsi tərəfindən iddiaçıya 30.12.2005-ci il tarixli 455 saylı qərarı ilə İİ qrup Qarabağ əlilliyini nəzərə alınaraq sahibkarlıq təyinatı üçün 4000 kv.m torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət arxivinin Bakı filialı arxivində sözügedən sərəncamın olmadığı bildirilir. Binəqədi rayon bələdiyyəsinə bu sərəncamın Dövlət Arxivinə verilməsi barədə ərizəsi bələdiyyə tərəfindən həll edilməmişdir. Sərəncamın Dövlət arxivinə verilməsi bələdiyyənin vəzifəsinə daxildir. Binəqədi rayon bələdiyyəsinin 30.12.2005-ci il tarixli 455 saylı sərəncamın dövlət Arxivinə verilməsi öhdəliyinin icra edilməsi üçün məhkəmə qaydasında həlinə zərurət yaranmışdır. Cavabdeh məhkəməyə vəsatət ilə müraciət edərək bildirmişdir ki, 30.12.2005-ci il tarixli 455 saylı sərəncam və onun qəbul edilməsi üçün əsas olmuş sənədlərDövlət Arxivinin Bakı filialında və bələdiyyənin qərarlar və protokol qeydiyyatı kitabında mövcud deyildir. Odur ki, həmin qərarın həqiqiliyinin müəyyən edilməsindən ötrü müvafiq məhkəmə ekspertizası təyin edilməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Lakin hazırda iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması, yəni cavabdehdə iddiaçının istifadəsində olan torpağa dair sənədlər olduğu halda sənədlərin arxivə təhvil verilməməsi barədə məlumatı məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Binəqədi rayon Binəqədi bələdiyyəsinə qarşı “iddiaçının istifadəsində və sahibliyində olan torpaq sahəsinə dair bələdiyyənin 30.12.2005-ci il tarixli 455 saylı qərarının AR Dövlət Arxivinin Bakı filialına təhvil verilməsi vəzifəsinin yerinə yetirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 35-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı cavabdeh Binəqədi rayon Binəqədi bələdiyyəsinə qarşı iddiaçının istifadəsində və sahibliyində olan torpaq sahəsinə dair bələdiyyənin 30.12.2005-ci il tarixli 455 saylı qərarının AR Dövlət Arxivinin Bakı filialına təhvil verilməsi vəzifəsinin yerinə yetirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar