Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4846/2022 27.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində "xxxx" QSC cəlb edilməklə) «mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Bakı ŞİH-ə, Bakı şəhəri Binəqədi RİH-ə və "xxxx" QSC-nə qarşı «yaşayış evinin istismara qəbul aktının verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 16 aprel 2010-cu il tarixdə "xxxx" QSC tərəfindən 96 nömrəli xidməti order əsasında ünvan 1 ünvanında yerləşən 12 kv.m sahəsi olan mənzil verilmişdir. İddiaçı həmin tarixdən etibarən 4 nəfər ailə üzvləri ilə birgə sözügedən mənzildə yaşayır. Həmin mənzil onların yeganə yaşayış yeridir. İddiaçı qanunvericliyin tələblərinə əsasən həmin mənzili özəlləşdirmək istəyir. O, bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin qurumdan aldığı 13 oktyabr 2021-ci il tarixli **********47 saylı cavab məktubunda qeyd olunur ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının və Şəhərsalma Tikinti Məcəlləsimin qüvvəyə minənədək 2013-cü ilin yanvarın 1-dək inşa olunmuş tikililərə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.9.1.1-ci maddəsinə əsasən icarədə və ya istifadədə olan torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmş layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. Bundan sonra iddiaçı "xxxx" ASC-yə müraciət etmişdir. Həmin qurumdan daxil olmuş 13 sentyabr 2021-ci il tarixli 126/19 nömrəli məktubda bildirilir ki, "xxxx" QSC-nin rəhbərliyi tərəfindən vaxtilə ona ayrılmış mənzil müvafiq rayon inzibati idarəçiliyinə verilmişdir. Həmin mənzilin mövcud qaydalara uyğun aidiyyəti orqanlar tərəfindən onun adına sənədləşdirilməsinə "xxxx" QSC rəhbərliyi və Azərbaycan Dəmir Yollarının X3 Komitəsi etiraz etmir. Bu cavabdan sonra iddiaçı Binəqədi RİH-ə müraciət edərək mənzilin rəsmiləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Binəqədi RİH-dən daxil olmuş 6 dekabr 2021-ci il tarixli cavab məktubunda qeyd olunur ki, sözügedən mənzil Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 113 saylı Mənzil Kommunal İstismar Sahəsinin balansındadır, aidiyyatı üzrə Mənzil- Komunal Təsərrüfatı Departamentinə müraciət edilməsi tövsiyyə olunur. Bundan sonar, iddiaçı Bakı Şəhəri Mənzil-Komunal Təsərrüfatı Departamentinə müraciət etmişdir. Həmin qurumdan alınmış 8 dekabr 2021-ci il tarixli cavab məktubunda qeyd olunur ki, ünvan 2 ünvanda yerləşən yataqxana binası Mənzil-Komunal Təsərrüfatı Departamentinin deyil "xxxx" QSC-nin balansında olduğundan, o (iddiaçı) qaldırdğı məsələ ilə bağlı aidiyyatı üzrə müraciət edə bilər. Göründüyü kimi, cavabdehlər onun yaşadığı binanın kimin balansında olduğunu guya müəyyənləşdirə bilmirlər, nəticə etibarilə iddiaçıya həmin mənzilin özəlləşdirilməsinə hüquqi əngəl yaradaraq hüquqlarını kobud şəkildə pozurlar. Ona görə də iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Yuxarıda da qeyd edildiyi kimi, 16 aprel 2010-cu il tarixdə "xxxx" QSC tərəfindən ona ünvan 1 ünvanında yerləşən 12 kv.m sahəsi olan mənzilin ayrılmasını və həmin mənzilin onun istifadəsində olmasını 16 aprel 2010-cu il tarixli 96 nömrəli xidməti order də təsdiqləyir və iddiaçı həmin tarixdən etibarən 4 nəfər ailə üzvləri ilə birgə həmin mənzildə yaşayır. Başqa sözlə, sözügedən həmin mənzil üzərində onun və ailə üzvlərinin 2010-ci ildən etibarən istifadə hüquqları yaranıb. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmçinin, 2013-cü ilin yanvarın 1-dək inşa olunmuş tikililər özəlləşdirilərkən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.9.1.1-ci maddəsinə əsasən, icarədə və ya istifadədə olan torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmş layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, onun istifadəsində olan mənzilin özəlləşdirilməsi üçün icra hakimiyyəti orqanlarından daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair akt və yaşayış evinin istismara qəbul aktını tələb etmək hüququdur. İddiaçı olaraq həmin mənzili özəlləşdirmək istəyərkən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti ondan dövlət qeydiyyatı üçün əsas ola biləcək hüquqmüəyyənedici sənədlər tələb edir, cababdehlər isə daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair akt və yaşayış evinin istismara qəbul aktını təqdim etmək istəmirlər, yaşadığı binanın hələ kimin balansında olduğunu guya aydınlaşdıra bilmirlər. İstinad olunan qanun normalarına görə cavabdehlərin ona istifadəsində olan daşınmaz əmlakın özəlləşdirilməsi üçün lazım olan sənədləri təqdim etməkdən imtina etməsi qanun pozuntusudur və bu pozuntu da məhkəmə qaydasında aradan qaldırılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.3-cü maddəsinə, «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən hərəkətsizlikdən məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikasinin Qanununun 1-ci maddəsinə, İPM-in 1.2, 8.1.1, 34.1, 45, 46-cı maddələrinə əsaslanaraq, iddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən 12 kv.m sahəsi olan mənzilin özgəninkiləşdirihnəsinə dair aktın və yaşayış evinin istismara qəbul aktının verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi inzibati məhkəmə icraatına cavabdeh qismində cəlb olunmuş, iddia tələbi dəyişdirilərək «ünvan 3 ünvanında yerləşən 12 kv.m sahəsi olan mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi» kimi qəbul edilmiş, Bakı ŞİH-in, Bakı şəhəri Binəqədi RİH-in cavabdeh kimi işdə prosessual iştirakına xitam verilmiş və "xxxx" QSC cavabdeh qismində prosessual iştirakına xitam verilməklə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edlmiş və bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər gəlmiş, üçüncü şəxs (nümayəndəsi) gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X4 iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. O, bildirdi ki, ünvan 3 ünvanında yerləşən 12 kv.m sahəsi olan mənzil iddiaçıya xidməti orderlə ayrılmışdlr. Həmin mənzilin iddiaçının adına özəlləşdirilməsinə "xxxx" QSC etiraz etmir. İddiaçı məsələ ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın əsassız olduğunu bildirdi və təmin olunmamasını məıhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 6-cı maddəsinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Memarlıq, tarixi və mədəni abidə sayılan binalardakı mənzillər özəlləşdirildikdən sonra həmin binaların arxitektura görkəmini pozmaq, binanın mədəni, tarixi dəyərinə xələl gətirmək qadağan edilir. Həmin binalar satılarkən onları almaqda dövlət üstün hüquqa malikdir. İş materiallarında olan Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin məhkəməyə müvafiq sorğuya cavab olaraq ünvanlanmış 30 mart 2022-ci il tarixli məktubunda bildirilir ki, ünvan 4 ünvanında yerləşən yataqxana binası "xxxx" QSC-nin İnfrastruktur Departamentinin 2 nömrəli müəssisəsinin balansındadır. İş materiallarından görünür ki, "xxxx" QSC tərəfindən İddiaçı adına ünvan 5 ünvanındakı evə dair xidməti order verilmişdir. İş materiallarında olan "xxxx"QSC-nin hazırkı İddiaçınü ünvanlanmış 13 sentyabr 2021-ci il tarixli məktubunda bildirilir ki, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, ev 92 ünvanından yaşayış sahəsi 12 kv.m olan bir otaqlı mənzil dəmiryolçu ailəsi olduğunuza görə və mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Sizə verilmiş və hal-hazırda ailə üzvlərinizlə pasport qeydiyyatında olmaqla orada yaşayırsınız. Azərbaycan Dəmir Yolu rəhbərliyi tərəfindən vaxtı ilə Sizə verilmiş mənzil müvafiq rayon inzibati idarəçiliyinə verilmişdir. Uzun müddətdir ki, Sizə verilmiş həmin mənzilin mövcud qaydalara uyğun aidiyyatı orqanlar tərəfindən adınıza sənədləşdirilməsinə "xxxx" QSC rəhbərliyi və Azərbaycan Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi etiraz etmir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 12 kv.m sahəsi olan mənzil xidməti order əsasında İddiaçı ayrılmışdır. İddiaçı mınzilin qanuni istifadəçisi kimi ona mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin qurum məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda həmin qurumun imtinasını mübahisələndirir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.11) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, iddiaçının istifadəsinə verilmiş və hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən 12 kv.m sahəsi olan mənzil ona xidməti order əsasında verildiyindən, həmin yaşayış sahəsi xidməti mənzil statusuna malikdir. Bu qəbildən olan mənzillərin özəlləşdirilməsinə isə qanunvericiliklə yol verilmir və iddiaçının söüzgedən mənzilə mülkiyyət hüququ yaranmır Bundan əlavə, müvafiq yataqxana binası dövlət mülkiyyətində olduundan, oradakı mənzillər Bakı ŞİH Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verildikdən sonra özəlləşdirilə bilər. Halbuki balansa verilməmişdir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunvericiliyin, o cümlədən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1.1-ci maddəsinin tələblərinə zidd qiymətləndirilmir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində "xxxx" QSC cəlb edilməklə) «mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində "xxxx" QSC cəlb edilməklə) «mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4846/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4846/2022
27.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver