Məhkəmə qərarları › İş №2-1(112)-4848/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4848/2021

27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4848/2021 27.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 134 ünvanında yerləşən, sahəsi 249 kv. metr olan fərdi yaşayış evinin yaşayış fondundan qeyri-yaşayış fonduna keçirilərək mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 134 ünvanda yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 143 saylı, 11.07.2020-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 134 ünvanda yerləşən, sahəsi 249 kv. metr olan fərdi yaşayış evinin mövcud istifadə vəziyyətində təyinatının dəyişdirilməsinə icazə verilmişdir. Nərimanov rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Mənzilməişət məsələləri üzrə İdarələrarası Komissiyasının 11 saylı, 13.07.2020-ci il tarixli Qəbul aktına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 134 ünvanda yerləşən fərdi yaşayış evinin, ümumi sahəsi 249 kv. metr ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçirilməsini məqsədə uyğun hesab edilmişdir. Həmin qeyri-yaşayış sahəsinin Eskiz Layihəsi tərtib olunaraq, Nərimanov rayon İcra Hakimiyyətinə məlumatlandırılma icraatı qaydasında məlumatlandırılmışdır. Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 134 ünvanda yerləşən, sahəsi 249 kv. metr olan fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi onun, yəni X3 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın və texiki pasportun verilməsini xahiş etmişdir. Lakin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müraciətdən imtina etmişdir. Hesab edir ki, Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin göstərilən əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair **********17 №li 27.04.2021-ci il tarixli münasibəti (etiraz) məhkəməyə daxil olmuşdır. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi etirazında göstərmişdir ki, İddiaçı müvafiq yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınması ilə bağlı idarəyə müraciəti 05.01.2021-ci il tarixdə daxil olmuşdur. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, sözügedən yaşayış evinin yaşayış fondundan qeyri-yaşayış fonduna keçirilməsinə dair vahid formaya uyğun istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismarına icazə sənədi) İdarəyə təqdim edilməmiş, eskiz layihə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmamışdır. Eskiz layihəyə layihəçinin layihələndirmə fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən xüsusi razılıq (lisenziya) əlavə edilməmişdir. Bundan əlavə İdarəsinin mütəxəssisləri tərəfindən aparılan yerli baxış zamanı layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq aşkar edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsində qeyd edilir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi yerli icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir, buna baxmayaraq yerli icra hakimiyyəti orqanının qərarı İdarəyə təqdim edilməmişdir. Bununla yanaşı həmin Məcəllənin 21.9-cu maddəsində bildirilir ki, yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması yerli icra hakimiyyəti orqanı tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana, yəni idarəyə göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqlədiyi və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini nəzərdə tutduğu üçün əsasdır. Fərdi yaşayış evinin yaşayış fondundan qeyri-yaşayış fonduna keçrilməsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün-tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Həmçinin təqdim ediləcək sənədlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11.09.2014 tarixli, 302 saylı qərarı ilə tələb olunan “Tikinti obyektinin istismarına icazənin vahid forması" və Azərbaycan Respublikası Prezidentinin 17.11.2014-cü il tarixli, 349 saylı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları” na uyğun tərtib olunmalıdır. Cavabdeh qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəlkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.1975-cı ildə Lənkəran şəhərində doğulmuş İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı ******* №li çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi ev 134 ünvanında, istifadədə olan 0.01423 ha torpaq sahəsində yerləşən 237,8 kv. metr ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 474 nömrəli reyestr kitabının 44473 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına Bakı şəhəri Nərimanov rayonu, X4 küçəsi, ev 134 ünvanında yerləşən fərdi yaşayış evinə dair 11.03.2019-cu il tarixdə 04/1590 inventar nömrəli ( reyestr nömrəsi **********41-10302) texniki pasport tərtib olunmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Y.Çəmənzəminli 134 ünvanında yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinin Eskiz Laiyhəsinin surətindən müəyyən olunur ki, qeyriyaşayış sahəsinin layihəsi “xxxx” MMC tərəfindən tərtib olunmuşdur. İş materiallarında olan 089270 №-li Lisenziyanın surətindən müəyyən olunur ki, “xxxx LTD”-yə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğularının layihələndirilməsini həyata keçirməyə icazə verilmişdir. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Mnzilməişət məsələləri üzrə İdarələrarası Komissiyasının 13.07.2020-ci il tarixli 11 №-li Qəbul aktının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Mənzil-məişət məsələləri üzrə İdarələrarası Komissiya aşağıdakı heyətdə: Komissiyanın sədri: Nərimanov RİH başçısının müavini İlqar Mirzəyev, komissiyanın üzvləri: RİH başçısı Aparatının rayon təsərrüfat şöbəsinin baş məsləhətçisi Azər Gülməmmədov, RİH başçısı Hüquq şöbəsinin məsləhətçisi Ülviyyə Əlizadə və Nərimanov rayon Mənzil-Kommunal Tsərrüfat Birliyinin baş mühəndisi Azər Rzayev komissiyaya daxil olmuş sənədlər əsasında məsələyə baxmışdır. X5 Həbibli RİH-ə müraciət edərək, Y.V.Çəmənzəminli küçəsi 134 nömrəli fərdi yaşayış evinin yaşayış sahəsinin təyinatının dəişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir.Müəyyən edilmişdir ki, Y.V.Çəmənzəminli küçəsi 134 nömrəli fərdi yaşayış evi 14.03.2019-cu il tarixli, ******* nömrəli çıxarışa əsasən vətəndaş İddiaçı məxsusdur. Komissiya üzvləri tərəfindən ünvanda aparılan baxış zamanı aşkar edilmişdir ki, sözügedən mənzilin mövcud vəziyyətdə təqdim olunmuş eskiz layihəsinə uyğun olaraq faktiki ümumi sahəsi 249,0 kv. metr təşkil edir. Bakı şəhər Nərimanov RİH nəzdində fəaliyyət göstərən Mənzil-məişət məsələləri üzrə İdarələrarası Komissiya yuxarıdakıları nəzərə alaraq qərara almışdır: Komissiya vətəndaşın xahişini, təqdim edilmiş sənədləri və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20 və 21-ci maddələrini nəzərə alaraq, vətəndaş İddiaçı məxsus Y.V.Çəmənzəminli küçəsi 134 nömrəli fərdi yaşayış evinin ümumi sahəsi 249,0 kv. metr ölçülər daxilində qeyri-yaşayış sahəsinə keçrilməsini məqsədəuyğun hesab edir. Akt komissiyanın sədri İlqar Mirzəyev, komissiyanın üzvləri Azər Gülməmmədov, Ülviyyə Əlizadə və Azər Rzayev tərəfindən imzalanmışdır. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 14.07.2020-ci il tarixli 14 №-li Sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X5 Həbibli ərizə ilə Nərimanov rayon İcra Hakimiyyətinə müraciət edərək, şəxsi mülkiyyət hüququ ilə ona məxsus olan, Y.V.Çəmənzəminli küçəsi 134 saylı fərdi yaşayış evinin təyinatının dəyişdirilməsinə icazə verilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən və yerində baxış zamanı müəyyən edilmişdir ki, Y.V.Çəmənzəminli küçəsi 134 saylı ünvanda yerləşən, ümumi sahəsi 237,8 kv. metr fərdi yaşayış evi 14.03.2019-cu l tarixli, ******* №-li çıxarışa əsasən vətəndaş İddiaçı xüsusi mülkiyyətindədir və uzun müddət öncə evdə aparılmış yenidənquma işləri nəticəsində küçə tərəfindən giriş qapısı olan 249,0 kv. metr qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Yuxarıda qeyd olunanları, təqdim olunmuş sənədləri və sözügedən fərdi yaşayış evindən qeyri-yaşayış sahəsi kimi istifadə üçün bütün texniki, sanitariya və yanğından mühafizə normalarına uyğun şəraitin mövcud olduğunu nəzərə alaraq qərara almışdır; 1. Y.V.Çəmənzəminli küçəsi 134 saylı ünvanda yerləşən, sahəsi 249,0 kv. metr olan fərdi yaşayış evinin mövcud istifadə vəziyyətində təyinatının dəyişdirilməsinə icazə verilsin; 2. Göstərilən fərdi yaşayış evindən qeyri-yaşayış sahəsi kimi istifadə zamanı mövcud qanunvericiliyin tələblərinə, müvafiq norma, qaydalara riayət olunması vətəndaş İddiaçı tapşırılsın; 3. Y.V.Çəmənzəminli küçəsi 134 saylı ünvanda yerləşən fərdi yaşayış evinin mövcud istifadə vəziyyətində qeyriyaşayış sahəsi kimi müvafiq qaydada rəsmiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyinə verilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi İddiaçı tövsiyyə olunsun; 4. Sərəncamın surətləri aidiyyəti ünvanlara göndərilməsi Sənədlərlə və vətənaşların müraciətləri ilə iş şöbələrinə həvalə edilsin. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və şəhərsalma Baş İdarəsinin İddiaçı ünvanladığı 08.12.2020-ci il tarixli 03/07-2597 nömrəli məktubunda qeyd olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 134 ünvanında İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsinin istismarına icazə verilməsinə dair müraciətedənin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində qeydiyyata alınmış 27.11.2020-ci il tarixli H-65 nömrəli müraciətilə təqdim edilmiş sənədlər araşdırılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu məqsədlə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı hazırkı tələblə bağlı 18.02.2021-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi ev 134 ünvanda yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********01 №li 18.02.2021-ci il tarixli cavab məktubunda müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, fərdi yaşayış evinin yaşayış fondundan qeyri yaşayış fonduna keçirilməsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün-tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim edilməlidir. Həmçinin təqdim ediləcək sənədlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli 272 nömrəli Fərmanının 1.2.-ci bəndinə əsasən həmin Məcəllənin 21.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 134 ünvanında yerləşən 249 kv. metrdən ibarət daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidr. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 134 ünvanında yerləşən 249 kv. metrdən ibarət daşınmaz əmlakın qeyri-yaşayış sahəsi kimi İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar